Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:46

Bəhram Bağırzadə: "Səhnədə meymunluq etməklə ciddi yumor sənəti yaranmaz"


Cavid Zeynallı və Bəhram Bağırzadə
Cavid Zeynallı və Bəhram Bağırzadə

"İndiki tamaşaçı məktəbdən üç alan tamaşaçıdır. Bizdən də tələb edir ki, üç ballıq materiallar verin, səhnələr hazırlayın".

...Mənim uşaqlığım Şıx çimərliyində keçib... İstirahətə gələn adamlar evlərinə gedən kimi butulkaları yığırdıq... Günə 100 butulka...

...Mənimlə fəhlə işləyən uşaqlardan çoxu indi vəzifədədirlər, tanınmış adamlardılar. Hətta içində milyonçular da var...


Cavid Zeynallının "Şənbə qonağı" Bəhram Bağırzadədir - Şən və Hazırcavablar Klubunda 20-ci əsrin ən yaxşı komandası adını qazanmış "Bakılı oğlanlar"dan biri, bəlkə də ən tanınmışı.


- Bəhram bəy, deyəsən, işləriniz çoxdur. Görüşümüz uzun çək-çevirdən sonra baş tutdu. Dəvətimizi qəbul etdiyiniz üçün təşəkkür edirəm...

- Siz sağ olun ki, lazımlı adam bilib məni dəvət edibsiniz.

- Sizi lazımlı adamlar siyahısında görmürlər?

- (Qaşlarını düyünləyib uzun-uzadı düşünür) ...

- Yoxsa unudulduğunuzu hiss edirsiniz?

- Yox-yox, əstəğfürullah. Ola bilər, kiminsə yadından çıxım, unudulum. Əsas odur ki, Allahın nəzərindən uzaq olmayaq, bizi yadından çıxarmasın. Çox şükür, Allah məni heç vaxt unutmayıb, pis şeylərlə üz-üzə qoymayıb. Bura qızdırmalı-qızdırmalı gəlmişəm. Dünən hərarətim 38, srağagün 39,5 idi və sevinirəm, Allah bu xəstəliyi mənə kəffarə kimi göndərib. Görünür hansısa günahlarım var ki, Allah bu günahı xəstəliklə yuyur. Məhəmməd Peyğəmbərin səhabələrindən biri gec-gec xəstələnəndə çox pis hala düşürmüş ki, yəqin Allahın yadından çıxmışam, mənə xəstəlik göndərmir.

- Mətbuatla münasibətləriniz necədir?

- Həmişə yaxşı olub. Mətbuata çox böyük hörmətim var. Özüm də “1news.az”-ın əməkdaşıyam. Artıq on gündür, bu saytda mənim bloqum açılıb və oxucular mənimlə ünsiyyət saxlaya bilirlər. Eyni zamanda müəllif yazıları, müsahibələrlə çıxış edirəm.

- Fərz edək, adını eşitmədiyiniz bir qəzetin gənc jurnalisti sizə zəng vurub müsahibə götürmək istədiyini dedi. Söhbət vaxtı məlum oldu ki, ümumiyyətlə sizi tanımır. Sadəcə, redaktorun tapşırığını yerinə yetirmək məcburiyyətindədir. Reaksiyanız necə olar?

- Bir dəfə məndən soruşmuşdular ki, həyatda ən qorxduğun şey nədir, demişdim, yarımçıqlıq. Məni dəvət edən adam bu 20 il ərzində məni tanımırsa... Düzdür e, mən Azad Mirzəcanzadə, Maestro Niyazi, Üzeyir Hacıbəyov deyiləm ki, hamı məni tanısın. Sıravi vətəndaş, sıravi KVN-çiyəm. Özünə hörmət edən, jurnalistikanı özünə peşə seçən adam bu işi mükəmməl bilməlidir. İnternetdə mənim haqqımda minlərlə məqalə var. Dediyin həmin jurnalist oxuyub hazırlaşa bilər də! Bu gün bizim cəmiyyətimizin problemlərindən biri də adamların öz yerində olmamasıdır. Kadr siyasəti düzgün qurulmayıb. Elmlər doktoru sürücülük edir, dünənki çoban körpü tikir və s.

- Bir az uşaqlığınızdan danışaq. Bilirəm ki, Şıx çimərliyində butulka yığıb təhvil veribsiniz...

- Bəli, belə şeylər olub və düşünürəm, normaldır. Hamının uşaqlıq

Cavid Zeynallı
Cavid Zeynallı
illəri bir cür yadda qalır. Bu yaxınlarda Murad Dadaşovdan soruşmuşdular ki, deyirlər, “Malena” filmində Malena yox, Monika Belucci sizin xoşunuza gəlib. Murad demişdi yox, mən məhz Malenanı sevmişəm. Bakıda doğulan, yaşayan hər bir kişinin uşaqlıqda bir Malenası olur. Mənim uşaqlığım Şıx çimərliyində keçib. Biz şəhərin mərkəzindən ora velosipedlə gedirdik. İstirahətə gələn adamlar evlərinə gedən kimi butulkaları yığırdıq. Əgər şəhərdə həmin butulkaları 20 qəpiyə təhvil vermək olurdusa, biz 18 qəpikdən elə yerindəcə satıb, 2 qəpik də həmin adama qazanc yeri saxlayırdıq. (gülür). Yalan olmasın, günə 100 dənə butulka yığırdıq, bu da 18 manat deməkdi. 18 manat çox böyük pul idi. O vaxt Şıx çimərliyində “Dostluq” kafesi vardı, qarşısında şəhərə gedən 79 nömrəli avtobus dayanırdı. Adam başına üç manat atışıb, həmin kafedə qəşəng lülə kabab, toyuq qızartması yeyirdik. Yeddinci-səkkizinci sinifdə oxusaq da, içki içmirdik, evdə bizə belə tərbiyə verməmişdilər ki, o yaşda içkiyə qurşanaq. Toqqamızın altını bərkidəndən sonra velosipedlə şəhərə qayıdırdıq. Belə şeyləri danışanda sevinirəm.

- Atanız polis polkovniki, ananız müəllimə olub. Bu da imkan verir ki, ailənizin maddi təminatı...

- Başa düşdüm nə demək istəyirsiniz. Evdə həmişə pulumuz olub. Atam şükür Allaha, rüşvət almayıb, oğurluq etməyib. Sıravi Sovet ailəsi kimi maaşa baxmışıq. Amma o vaxt milis polkovniki yaxşı maaş alırdı. Mən butulka yığıb özünə ayaqqabı, şalvar alan uşaqlara heç vaxt pis baxmamışam və baxa da bilmərəm. Amma bizimki başqa cür idi. Ətrafımdakı uşaqların hamısı polkovnik, mayor, kapitan uşaqları idi. Amma sonrakı vaxtlarda belə şeylər adamları başa düşmək, hər təbəqədən olan insanları qiymətləndirmək baxımından mənə də, bir yerdə böyüdüyümüz
uşaqlara da kömək oldu. Birinci kursda oxuyanda “Azərnəşr” də fəhlə işləyirdim. Sonra poçtda bağlama yeşikləri düzəltmişəm, 500 kiloluq kağız rulonlar daşımışam. Mənimlə fəhlə işləyən uşaqlardan çoxu indi vəzifədədirlər, tanınmış adamlardılar. Hətta içində milyonçular da var. Adlarını çəkmək istəmirəm, bəlkə özləri razı deyillər ki, vaxtilə fəhlə işlədiklərini, günortalar qatıqla bulka yediklərini kimsə bilsin. İndi danışıb o illəri yada salanda bəzən kövrəlirik. 114 rubl maaş alırdıq. O vaxt doğrudan ağır vaxtlar idi. SSRİ təzə dağılmışdı, 20 yanvar hadisəsi olmuşdu. Amma biz avara uşaqlar kimi çayxanalarda domino-nərd oynamırdıq, fəhləlik edib pul qazanırdıq. Hər dəfə “Yuxu” filminə baxanda sevinirəm ki, o cins şalvarı, köynəyi o vaxt fəhləliyin pulu ilə almışam. Hacı Zeynalabdin Tağıyev pul seyfində balta saxlayıb bu yerə haradan gəldiyini tez-tez özünə xatırlatdığı kimi, mən də ildə 5-6 dəfə “Yuxu” filminə baxıram ki, gəncliyimdə necə əziyyətlə, alın təri ilə çörəkpulu qazanmışam. İndi qazandığım qəpiyin də qədrini bilirəm, evdə uşaqlarıma da deyirəm ki, israfçılığı Allah sevmir, günah kimi buyurur.

- Bir vaxtlar mətbuat yazdı ki, Bəhram Bağırzadənin özəl biznesi var. Siz də cavab vermişdiniz ki, yalnız sənətimlə dolanıram. İndən sonra bizneslə məşğul olmaq niyyətiniz varmı?

- Mənim biznesim yoxdur, olmayıb. Müasir dillə desək, nə obyektim, nə dükan-bazarım, nə də restoranım var. Allah mənə ağıl verib, öz sənətimlə dolanıram. Dönərxana, çayxana açmağı, xaricdən maşın gətirib satmağı bacarsaydım, bəlkə məşğul olardım. Sadəcə, belə işləri bacarmıram. Kişi öhdəsindən gəldiyi işindən zövq alıb evinə ailəsinə çörək apara bilirsə, bu böyük xoşbəxtlikdir.

- Azərbaycan satira və yumor səhnəsinin vəziyyəti necədir? Sizi qane edir?

- Beş ballıq qiymət cədvəli ilə 3 bal vermək olar. Əvvəllər vəziyyət yaxşı idi. O yerə çatmaq üçün birinci növbədə təhsilin səviyyəsini
qaldırmaq lazımdır. Təhsilin vəziyyəti yaxşı deyil, bizim də problemlərimiz burdan qaynaqlanır. İnsan savadlı olanda onun yumor hissi də güclü olur. İfadəmə görə üzr istəyirəm, səhnəyə çıxıb meymunluq etməklə ciddi yumor sənəti yaratmaq olmaz. Bunun üçün kitab oxumaq lazımdır. Təhsilin səviyyəsi nə qədər ki belə qalacaq, deməli, çətinliklərimiz, problemlərimiz də olacaq. Bizdən fərqli olaraq Sovet təhsil sistemi çox güclü idi. Mən bir nəfər də azərbaycanlı tanımıram ki, Sovet məktəbini bitirib, xaricdə iş tapmasın.

- “Parni iz Baku” yumor sahəsindəki bu intellektual boşluğu doldura bilmir?

- Bilirsiniz, bizim də başqa problemimiz var: intellektual yumorla səhnəyə çıxsaq, bizi başa düşən tamaşaçı çox az olacaq. Məsələ yenə gəlib təhsilin üstündə dayanır. İndiki tamaşaçı məktəbdən üç alan tamaşaçıdır. Bizdən də tələb edir ki, üç ballıq materiallar verin, səhnələr hazırlayın. Məni Moskvaya dəvət edəndə sevinirəm. Orda insanlar intellektual yumoru həzm edə bilirlər.

- İntellektual ssenarini yazmağı bacaran ssenaristlərimiz varmı?

- Var, özü də çoxdur. Sadəcə, bu adamlar başqa-başqa peşələrdə çalışırlar. Bəziləri də ümumiyyətlə, iş tapmırlar. Bizim ssenaristlərə Rusiyadan dəvətlər gəlir, razılaşmırlar. Bilirsiniz niyə? Qürurları, vicdanları yol vermir ki, başqa ölkəyə qulluq etsinlər. Rusiyada belə ssenaristlər 20-30 min avro maaş alırlar. Biz vaxtilə həmin müəlliflərə qalib gəlmişik.

- Sizin teatr yüksək çinli məmurları parodiya edib. Hətta bu parodiyaların kəskin və qatı olan vaxtları da olub. Sizə reaksiyalar necə olub?

- Kəskin etirazlar, narazılıq olmayıb. Teatr fəaliyyət göstərirsə, deməli, təzyiqdən-filandan da söhbət gedə bilməz.

- Sonuncu dəfə hansı teatr tamaşasına baxıbsınız?

- Tamaşa yox... deyim sizə... (fikirləşir) Sentyabr ayında Yaşar Nurinin 65 illik yubileyində olmuşam. Amma tamaşa... yox, desəm, bu yaxınlarda hansısa tamaşaya baxmışam, yalan olar. Təəssüf ki, bizdə elə bir tamaşa hazırlamırlar, oturub əvvəldən axıra qədər maraqla baxasan. Son beş ildə ən çox xoşuma gələn Azər Paşa Nemətovun quruluş verdiyi “Hamlet” tamaşası olub. Əvvəllər uşaqları Kukla teatrına tez-tez aparırdım. Gənc Tamaşaçılar Teatrının tamaşalarını izləməyə çalışıram.

- Teatr islahatlarından sonra Gənc Tamaşaçılar Teatrında narazılıqlar yarandı. Daha çox baş rejissorun işindən şikayətlər var. Belə qalmaqallar sənətə xas xüsusiyyətlərdir, yoxsa problemin kökünü başqa şeylərdə axtarmaq lazımdır?

- Vallah, mən belə şeylərdən bir az uzağam. Başqa bir tərəfdən də
bu məsələlərə münasibət bildirməyə mənim səlahiyyətim çatmır. Ona görə ki, mən nə Teatr Xadimləri İttifaqının üzvüyəm, nə Gənc Tamaşaçılar Teatrının rəhbəriyəm, nə də o teatrın aktyoruyam. Bu daxili problemdir və özləri həll etsələr yaxşı olar. Sadəcə, hər bir islahatın arxasında mənəviyyat durmalıdır. Teatr rəhbəri elə bir sistem yaratmalıdır ki, aktyorlar yaxşı yaşasınlar. Yaşlı nəslin aktyoruna rol verilmirsə... Vallah, dünyanın heç bir yerində belə şey yoxdur. Bu analoqu olmayan bir hadisədir.

- Yerli serialları izləyirsiniz?

- Xeyr! Nə özüm izləyirəm, nə də evdəkiləri qoyuram baxmağa. Bir saat vaxtı seriala sərf etmək olmaz! Bu vaxtda uşaq faydalı şeylərə yiyələnər. Məsələn, Quran oxuya, dünyəvi elmləri mənimsəyə bilər. Bu seriallar evdar qadınlar üçün istehsal olunur ki, boş vaxtlarını keçirsinlər, darıxmasınlar. Müharibə şəraitində olan, işsizlik, maaş azlığlı kimi problemləri olan bir ölkənin vətəndaşı oturub saatlarla meyxanaya, seriala, muğam festivalına baxar?

- Mütaliə ilə aranız necədir? Kimləri oxuyursunuz?

- Bədii ədəbiyyatı ancaq yayda oxuya bilirəm. Avqust ayı boşluq olur. Son oxuduğum müəlliflər Paulo Koelyo və Markesdir. Son vaxtlar Anarın əsərlərinə qayıtmaq, bir də oxumaq ehtiyacı yaranıb məndə. Dünən “Dantenin yubileyi” povestini oxudum. Kəbirlinskinin arvadının böyüklüyü məni kövrəltdi. SSRİ
dağılandan sonra Azərbaycan kişilərinin çoxu Kəbirlinskinin vəziyyətinə düşdü. Əsəri oxuyandan sonra oturub dua edirdim ki, Allah Azərbaycan kişilərinə Kəbirlinskinin arvadı kimi namus-qeyrətli, müdrik qadın göndərsin. Mən Anarı çox istəyirəm və hesab edirəm ki, Anar böyük yazıçıdır. Onun dəyərini, yerini bizimkilər sonralar başa düşəcəklər.

- Sizdən 10 ən çox sevdiyiniz əsər adı soruşsalar hansı kitabların adını çəkərsiniz. Yaxud oxumağı tövsiyə edərsiniz?

- Quranı hər bir insan oxumalıdır. Yerdə qalan bütün kitablar sonra gəlir. İstəyirsən, Tolstoyu oxu, istəyirsən Axundovu... Bunlar hər bir adamın şəxsi işidir. Kimsə Leonardo da Vinçini, Rembrandtı sevə bilər. Mənin rəssamım Mikayıl Abdullayev və Sakit Məmmədovdur. Mən Salvador Dalinin də, Pikassonun da böyüklüyünü qiymətləndirirəm. Vaqif Mustafazadə və Rafiq Babayevdən aldığım zövqü Çaykovskidən, Qerşvindən ala bilmirəm.

- Son illər çəkilən filmləri izləyirsiniz?

- Yox! Əvvəla, vaxtım yoxdur, ikincisi də premyeralara dəvət etmirlər. “Sahə” filmi haqqında yaxşı sözlər eşitmişəm. Təəssüf ki, baxa bilməmişəm.

- Dedilər, keçən il Milli Kitab mükafatına Bakı haqqında fotoalbomla qatılıbsınız. Bu da mükafatın şərtlərinə ziddi idi. Bu söhbət düzdürmü?

- Xeyr! Mənə təklif olunmuşdu, amma imtina etdim. Çünki o kitab mənim deyildi. Sadəcə nəşr etmişdim.

- Gənc yazarlardan kimləri tanıyırsınız?

- Rəna Yüzbaşı, Varis... Natiq Rəsulzadə gənc deyil, amma yaxşı yazıçıdır. Bu yazıçıların uğurları məni sevindirir. Mən xoşbəxt insanam ki, başqalarının uğuruna sevinə bilirəm. Bir gəlinbacı yaxşı palto geyinəndə buna sevinirəm, aktyor əməkdar artist adı alanda fərəhlənirəm. Allaha dua edirəm ki, hamının işləri yaxşı getsin, uğur qazansın. Qoy mənim xalqım dünyanın ən varlı xalqı olsun, mən kasıb olsam da olar, Allah haqqı!

Cavid ZEYNALLI
XS
SM
MD
LG