Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:45

Lalə Şövkət Fransanın «Fəxri legion» ordenlərinin qaytarılmasını istəyir


Lalə Şövkət Hacıyeva
Lalə Şövkət Hacıyeva

Azərbaycan Liberal partiyasının (ALP) lideri Lalə Şövkət Hacıyeva Fransa Senatının «erməni soyqırımı»nı inkara görə cəza qanununu təsdiq etməsinə etiraz bəyanatı yayıb.

ALP sədri həmin qanunu tarixi saxtalaşdırma, ifadə azadlığına, Fransaya olan etimada zərbə sayır.

O, Azərbaycan rəhbərliyindən Fransa-Azərbaycan münasibətlərinə yenidən baxmağı tələb edir, həm də Fransanın «Fəxri legion» ordenilə təltif olunmuş Azərbaycanın dövlət başçısına, xanımına, digər azərbaycanlılara eritaz olaraq bu ordendən imtina etməyə çağırır.

Lalə Şövkət Azərbaycan rəhbərliyini də Parisin bu addımına adekvat reaksiya verməməkdə ittiham edir: «Bu qanunun təkcə Türkiyənin yox, həm də Azərbaycanın problemidir. 2009-cu ildə Azərbaycanın tələbilə Türkiyə Ermənistanla sərhədləri açmadı, amma Fransaya münasibətdə rəsmi Bakı ortaya kəskin mövqe qoymur. Azərbaycan iqtidarı «bir millət-iki dövlət» deyiminin şüar yox, gerçək siyasi xətt olmasını sübut etməlidir» - deyə sənəddə bildirilir.

Azərbaycanın Xarici İşlər Nazirliyi də Fransa Senatının qəbul etdiyi qanunu pisləyib. Bəzi yüksək rütbəli rəsmilər Fransanın bundan sonra Qarabağ məsələsinin həlli üçün aparılan danışıqlara həmsədrlik etməsinin də çətin olacağınıd eyirlər.

***

Türkiyə Fransa Senatında erməni soyqırımı iddialarını inkara görə cəza nəzərdə tutan qanunu “faşist və ayrıseçkilik qanunu” adlandırıb.

Türkiyə Baş naziri Recep Tayyip Erdogan deyib ki, bu qanunu onlar yox sayırlar və tanımırlar. Erdogan indiki məqamda səbirlə baş verənləri izlədiklərini və buna uyğun olaraq sərt cavab tədbirləri görəcəklərini vurğulayıb.Erdogan Fransa alimləri və ictimaiyyətini də belə faşizm yanaşmaya səssiz qalmamağa çağırıb.

Fransanın Xarici İşlər naziri Alain Juppe bir diplomat olaraq parlamentin verdiyi qərarı dəstəkləmədiyini deyib. Ancaq Türkiyəni soyuqqanlı olmağa çağırıb və əməkdaşlığı davam etdirməkdə maraqlı olduqlarını deyib.

Ermənistan rəhbərliyi Fransaya bu qərarından ötrü təşəkkür edib və bunun tarixi gün olduğunu vurğulayıblar.

Azərbaycan da Fransa Senatında qəbul edilən qanunu pisləyib. Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, «Fransa Senatının demokratiya, insan hüquqları, söz və ifadə azadlığı prinsipləri ilə ziddiyyət təşkil edən birtərəfli addımları bu ölkənin bəzi regional proseslərdə iştirakına ciddi xələl gətirə bilər»

Bəyanatda bildirilir ki, Ermənistanın təcavüzü nəticəsində 1 milyona yaxın azərbaycanlının hüquqlarının pozulmasına və Azərbaycanın 20 faiz torpaqlarının işğalına göz yuman Fransa parlamentarilərinin bu qərarı onun obyektivliyini şübhə altına alır. Nazirlik Fransanı tarixə qərəzsiz nəzər salmağa və bu cür məsələləri siyasi oyuna çevirməməyə çağırır.

Azərbaycan parlamentinin bir sıra deputatları Fransa ilə diplomatik münasibətləri gözdən keçirməyi, Fransanı Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən ATƏT-in Mİnsk qrupundan çıxarmağı və bu ölkəyə qarşı boykot siyasəti yürütməyə çağırıb.

Fransa Senatında yanvarın 23-də qəbul edilən qanuna görə, erməni soyqırımı iddialarını inkar edənləri 1 il həbs və 45 min avro cərimə gözləyir. Qanun prezident Nicolas Sarkozy tərəfindən imzalanandan sonra qüvvəyə minəcək.
XS
SM
MD
LG