Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:52

Ailəsi Turac Zeynalovun qəbrinin açılmasını istəyir...


Əshabəli Mustafayev və Gülnar Zeynalova
Əshabəli Mustafayev və Gülnar Zeynalova
2011-ci ilin avqustunda Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyində öldüyü bildirilən Turac Zeynalovun vəkilinin müraciətinə rəsmi cavab verilib.

Bu barədə vəkil Əshabəli Mustafayev yanvarın 14-də Turac Zeynalovun ailə üzvləri ilə birlikdə keçirdiyi mətbuat konfransında məlumat verib.

Vəkil deyir ki, Naxçıvan MTN-nin istintaq şöbəsinin baş müstəntiqi Pərviz İsmayılovun imzası ilə verilən cavab məktubunda onu maraqlandıran sualların heç birinə aydınlıq gətirilməyib:

«Yazılıb ki, «Turac Zeynalovun istintaq təcridxanasında vəfat etməsi barədə dedikləriniz sizin şəxsi təxəyyüllünüzün məhsuludur. İlk baxışdan sizin həmin məsələlərə qərəzli yanaşmanız görünür. Belə ki, müdafiəçi kimi internetdə şou yaratmağınız buna əyani sübutdur». Bütün cavab belə sözlərlə davam edir».

Ə.Mustafayev Ombudsmandan da qaneedici cavab almadıqlarını deyir:

«Ombudsman hadisə baş verəndən sonra demişdi ki, işi öz nəzarətinə alacaq. Amma bu qurumdan mənə verilən cavab MTN-nin əvvəllər bizə verdiyi cavablardan elə də fərqlənmir».

Vəkilin muxtar respublika prokurorluğuna etdiyi müraciətə isə indiyə qədər cavab verilməyib.

AİLƏ QƏBRİN AÇILMASINA RAZIDIR

Turac Zeynalovun ailə üzvləri də deyir ki, hələ ekspertiza rəyini ala bilməyiblər.

Turac Zeynalovun həyat yoldaşı Gülnar Zeynalovanın bildirməsinə görə, onlara yalnız ölüm kağızı verilib.

Şuriyyə Zeynalov
Şuriyyə Zeynalov
Turac Zeynalovun atası Şuriyyə Zeynalov isə deyir ki, həqiqətin üzə çıxması üçün oğlunun qəbrinin açılmasına razıdır. Amma bir şərtlə ki, ekspertizanı Bakıdan olan mütəxəssislər aparsın:

«Biz bu hadisələrdən sonra naxçıvandakılara inanmırıq».

Turac Zeynalov dövlətə xəyanətdə ittiham olunub və öldüyündən bu işin ona aid hissəsinə xitam verilib.

ƏMƏK KİTABÇASINDA DÜZƏLİŞ

Vəkil Əshabəli Mustafayev deyir ki, Turac Zeynalovla birlikdə eyni ittihamla həbs olunanlardan 1-i 6 il azadlıqdan məhrum edilib. 3 nəfər isə sərbəst buraxılıb. Onların hamısı Naxçıvan aeroportunda sürücü işləyib.

Müdafiə tərəfinin deməsinə görə, Turac Zeynalovun əmək kitabçasına da düzəliş edilib. Əvvəl kitabçada onun dövlət sirrini yaydığı üçün işdən çıxarıldığı yazılıb. Ölümündən sonra isə işdən çıxarılmaya səbəb kimi onun əmək öhdəliklərini kobud şəkildə pozduğu (Əmək Məcəlləsinin 70 maddəsinin 4-cü bəndi) qeyd edilib.

Turac Zeynalovun əmək kitabçasına da düzəliş edilib
Turac Zeynalovun əmək kitabçasına da düzəliş edilib
Mərhumun atası deyir ki, əmək kitabçasına belə düzəliş edilibsə, rəsmi qaydada Turac Zeynalovun üzərindən «dövlətə xəyanət» ittihamı götürülməli və o, bəraət almalıdır.

«TURAC ZEYNALOV SAĞLAM İDİ»

Həyat yoldaşı isə deyir ki, Turac Zeynalov MTN-ə aparılmazdan bir müddət əvvəl iş yerində tibbi müayinədən keçib. Onda hər hansı ciddi xəstəlik aşkar olunmayıb.

Naxçıvan MTN-i isə Turac Zeynalovun dəri xərçəngindən əziyyət çəkdiyini, bədənində müxtəlif şişlər olduğunu və buna görə öldüyünü bildirirdi.

«Biz yenidən ekspertiza istəyirik ki, hər şey üzə çıxsın», - deyə Gülnar Zeynalova bildirir.

Turac Zeynalov Naxçıvan aeroportunda sürücü işləyib. Bu ilin avqustunda ona qarşı Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə iş açılıb. O dövlətə xəyanətdə, İrana casusluq etməkdə ittiham olunub. 3 gün MTN təcridxanasında saxladıqdan sonra ailəsinə meyitini veriblər.
XS
SM
MD
LG