Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:35

Rövnəq Abdullayev: «Qazımızı Avropaya öz boru kəmərimizlə ötürəcəyik»


Rövnəq Abdullayev
Rövnəq Abdullayev
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevin ANS-ə müsahibəsi:

- Azərbaycanla Türkiyə arasında yeni bir tarixi sənədə imza atıldı. Azərbaycan qazının Avropaya nəqli üçün «Trans-Anadolu qaz kəməri» layihəsi üzrə konsorsium yaradıldı. «Trans-Anadolu qaz boru xətti» layihəsi ideyası hansı zərurətdən yarandı?

- Bilirsiniz ki, Azərbaycan «Şahdəniz» layihəsini artıq həyata keçirməyə başlayıb. «Şahdəniz-2» layihəsi çərçivəsində Azərbaycandan ildə 16 milyard kubmetr qaz Türkiyəyə nəql olunacaq. Bunun 6 milyard kubmetri qardaş ölkənin istifadəsinə veriləcək, 10 milyard kubmetrlik hissəsi isə Avropaya ixrac ediləcək...

Həmin 10 milyard kubmetr qazı Avropaya Türkiyənin infrastrukturundan istifadə etməklə də çatdırmaq olardı. Amma Türkiyənin ötürücü-paylayıcı sistemi ilə bu 10 milyard kubmetri daşımaq müəyyən qədər çətinlik yarada bilərdi. Odur ki, dövlət başçısı İlham Əliyev Türkiyə-Gürcüstan sərhədindən Avropa sərhədinə qədər tranzit qaz kəməri tikilməsi haqda qərar verdi...

Artıq biz memorandum imzalamışıq, qazın 80 %-i SOCAR-a, 20 %-i isə Türkiyəyə məxsusdur. Türkiyə tərəfindən iki şirkət seçildi - BOTAŞ və TPAO. Amma kəmər tikintisi, konsorsiumun yaradılması və bu işlərin davam etdirilməsi BOTAŞ-ın rəhbərliyi altında həyata keçiriləcək. Artıq konsorsium yaradılıb, burada lider ARDNŞ-dir.

- Azərbaycan qazının Avropaya çıxarılması üçün üç təklif var - ITGI, TAP və «Nabucco». Bu təkliflər əsasında ilin sonuna qədər qərar verilməli idi. Belə çıxır ki, «Trans-Anadolu qaz kəməri» üzərində durdunuz? Bu kəmərin üstünlüyü nə olacaq? Azərbaycanın burada qazancı nə olacaq?

Sazişi Azərbaycanın Sənaye və Energetika naziri Natiq Əliyev və Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Taner Yıldız imzalayıb
Sazişi Azərbaycanın Sənaye və Energetika naziri Natiq Əliyev və Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Taner Yıldız imzalayıb
- Birincisi, Azərbaycan qazı problemsiz Avropa sərhədlərinə çıxarılacaq. Biz artıq qazımızı sisternlərlə deyil, Bakıdan Gürcüstan sərhədinədək öz kəmərimiz ilə ötürürük. Artıq Gürcüstandan sonra - Türkiyə sərhədindən də qazımızı Avropaya öz kəmərimizlə ötürmək imkanımız olacaq. Bu, strateji əhəmiyyətli bir amildir.

İkincisi, bu kəmərə investisiya qoyulacaq. Gələcəkdə gəlir gətirəcək. Kəməri BOTAŞ tiksəydi, gəlirləri o, götürəcəkdi. Biz tikdiyimiz üçün gəlirləri özümüz götürəcəyik... Onlar bilirsiniz ki, öz təkliflərini veriblər. Qazımız sərhəddə olandan sonra ITGI-nin (Türkiyə-Yunanıstan-İtaliya), TAP-ın (Trans-Adriatik) və «Nabucco»nun qiymətlərinə baxacağıq. Hansı bizə daha əlverişlidir, o yolla da davam edəcəyik.

- Belə çıxır «Nabucco» hələlik gündəmdə durur?

- Bəli, «Nabucco» da, başqa layihələr də gündəmdədir. Biz onların bütün təkliflərinə baxırıq.

- Gələcəkdə bu kəmərə hansı dövlətlər qoşula bilər?

- Hələlik öz qazımızın hayındayıq. Öz qazımızı bazara çatdıraq, sonra bu haqda fikirləşərik. İndi bu haqda düşünmürük.

Xəzər dənizində platforma
Xəzər dənizində platforma
- Bu kəməri doldurmaq üçün Azərbaycan qazı kifayət edəcəkmi?

- 16 milyard kubmetrlik boru kəməri tikirik. Bizim 16 milyard kubmetr «Şahdəniz» qazımız var. Artıq bu, «Şahdəniz» qazına hesablanmış kəmər olacaq.

- Türkiyə ilə Azərbaycan arasında qiymət məsələsini açıqlamaq istəmirsinizmi?

- Bunu demək olmaz. Bu, Türkiyə ilə bizim aramızda sirdir. Türkiyə parlamenti belə bu sirri açmır. Bu, kommersiya sirridir. Deyə bilərəm ki, bu, bizə sərfəlidir.

- Dünyadan buna necə reaksiya gözləyirsiniz? Çünki Avropa bizdən «Nabucco»nu gözləyirdi.

- Bir reaksiya gözləmirik. Cənab prezident Azərbaycanın gələcəyini düşünür. Azərbaycanın davamlı inkişafı üçün öz kəmərinin olması və qazının problemsiz bazara çıxarılması 50-60 ilə hesablanmış strategiyadır. Prezident Azərbaycanın davamlı gələcəyi üçün böyük bir işin təməlini qoydu.
XS
SM
MD
LG