Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 06:27

MSK Putinin varidatını açıqladı


Vladimir Putin
Vladimir Putin

Rusiya Mərkəzi Seçki Komissiyası prezidentliyə namizəd, baş nazir Vladimir Putinin varidatı barədə məlumat açıqlayıb.

“Media forum” saytı Rusiya mətbuatına istinadla xəbər verir ki, rəsmi məlumatda Putinin 10 bankdakı hesablarında 5 milyon 722 min rubl (təxminən 143 min manat) pulu olduğu göstərilir.

Putinin son dörd ildə əməkhaqqından, banklardakı əmanətlərindən və səhmlərindən (hərbi təqaüdü də nəzərə alınmaqla) ümumilikdə 17 milyon 700 min rubl (təqribən 441 min manat) qazandığı bildirilir.

Rəsmi məlumatda o da qeyd edilir ki, Putinin Sankt-Peterburqda ümumi sahəsi 77,7 kvadratmetr olan mənzili, Moskva vilayətində 1500 kvadratmetr torpaq sahəsi var.

Putin “Bank Sankt-Peterburq” ACS-də 230 səhmin sahibidir.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Putinin həyat yoldaşı Lyudmila Putinanın hesablarında 8,8 milyon rubldan çox (təxminən 220 min manat) pul var.

Sənədlərə əsasən, Rusiyanın hökumət başçısının üç avtomobili var: 1960-cı ilin istehsalı olan “QAZ M21”, 1965-ci ilin istehsalı olan “QAZ 213” və bir ədəd “Niva”.

2012-ci il martın 4-də Rusiyada prezident seçkisi keçiriləcək. Vladimir Putinin namizədliyi dekabrın 20-də qeydə alınıb. Onu rəhbəri olduğu Vahid Rusiya Partiyası noyabrın 27-də Moskvada keçirilən qurultayında prezidentliyə namizəd irəli sürüb.

59 yaşlı Vladimir Putin uzun illər dövlət təhlükəsizlik orqanlarında çalışıb. 1990-cı illərin ortalarından hakimiyyət pillələrində irəliləməyə başlayıb. 1999-cu il dekabrın 31-də prezident Boris Yeltsin istefa verib və növbədənkənar seçkiyə qədər prezident vəzifəsinin icrası Vladimir Putinə tapşırılıb.

2000-ci il martın 26-da prezident seçilib. 2004-cü il seçkisində bu postu əlində saxlayıb.

2008-ci ilin may ayından Rusiyanın baş naziridir.
XS
SM
MD
LG