Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:47

Anar Niftəliyev: «Polis işi araşdırmaq istəmir»


«Polis bölmələri işi bir-birinin üstünə atırlar. Nərimanov rayon polis İdarəsinin 18-ci bölməsi deyir işə 17-ci bölmə baxmalıdır, 17-dəsə deyirlər ki, 18 baxmalıdır. Belə başa düşürəm ki, polis işi araşdırmaq istəmir. Artıq onlara göstəriş verilib».
«ASİ» qəzetinin redaktoru Anar Niftəliyev belə deyir. Dekabrın 6-da naməlum şəxs redaktorun və qəzetin təsisçisi Nurəddin Xocaya zəng vuraraq özünü və uşaqlarını təhdid etmişdi. Polisə müraciət edən Anar Niftəliyevə həmin zəngin taksofondan edildiyi deyilmişdi. Amma az sonra Nərimanov rayon Polis İdarəsinin 18-ci bölməsindən bildirilmişdi ki, taksofon başqa ərazidə yerləşdiyi üçün işi 17-ci bölməyə göndərirlər:
«Bu gün zəng vurdum 17-ci bölməyə. Ordan deyirlər ki, iş onlara hələ daxil olmayıb. Amma sonra da arxayın edirlər ki, narahat olmayın, yaxın 10 günə gələcək. Təssəvvür edirsizmi? On günə...»
Amma bu hamısı deyil. Redaktora daha sonra deyiblər ki, işi 18-ci polis bölməsi də araşdırmalıymış:
«Onların sözlərinə görə, taksofon başqa ərazidə yerləşsə də, hadisəni araşdırmaq polisin borcu idi. Ona görə 18-ci bölmənin əməkdaşları ərazidəki kameraları götürüb baxa bilərmiş. Nə deyim? Artıq ötür-ötür oyunu başlayıb. Yəqin ki, işi açmaq niyyətləri yoxdur».
Anar Niftəliyev baş verənlərlə bağlı daxili işlər naziri Ramil Usubova müraciət edib.
DİN-nin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə AzadlıqRadiosuna deyir ki, vətəndaş polisə müraciət edibsə, mütləq araşdırılıb onlara cavab veriləcək:
«Anar Niftəliyevin dediyindən xəbərsizəm. Amma onu bilirəm ki, işə Nərimanov rayon polis bölmələrindən biri mütləq baxacaq. İşə kimin baxmasını özləri müəyyənləşdirib, araşdırıb, müvafiq cavab verəcəklər».
«ASİ» qəzetinin kollektivi əvvəllər «Xural» qəzetində işləyirdi. Amma qəzetin əmlakı müsadirə olunduqdan və baş redaktoru Əvəz Zeynallı rüşvətdə ittiham olunaraq həbs edildikdən sonra qəzet yeni adda çıxmağa məcbur oldu.
Dekabrın 8-də Bakı Apellyasiya Məhkəməsində «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının şikayətinə baxılıb.
Şikayət Nəsimi Rayon Məhkəməsinin qərarından verilmişdi.
Dekabrın 1-də Nəsimi Rayon Məhkəməsində Əvəz Zeynallının ev dustaqlığına buraxılması ilə bağlı müraciətini təmin etməyib.
XS
SM
MD
LG