Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:24

Jalə İsmayıl "Tramvay" (Hekayə)


Payız doğumlu dosta

Qız

“…Yenə ordadı… Bu adam niyə məni incidir? Axı onu necə başa salım ki, bu, mümkün deyil… Xəlvətcə ona baxdığımı bilsə… Bilsə, ürəklənib yaxınlaşar, mən də onu başa salaram… Məni tanıyan kimi qaçacaq, bilirəm… Bəs onda niyə gedib məsələni bitirmirəm? Yox, sabah mütləq özüm yaxınlaşıb hər şeyi başa salacam… Meyvəsatan da bezib indi əlindən… Bir yerdə nə qədər durmaq olar? Kaş sabah gəlməyə, ayaqlarım bir-birinə dolaşır onu görəndə… Yox, ona heç vaxt heç nə deyə bilməyəcəm… Hava qaralıb. Yağış yağsa, islanacaq… Kaş yağış yağana qədər çıxıb gedəydi…”

Oğlan

“…Day gedim. Yenə görə bilmədim… Görən, bilsə ki, burdayam, çıxar eyvana? Niyə çıxsın axı? Nəyinə lazımam? Bəyənsəydi, neçə ayda bircə dəfə üzümə baxardı. Elə bil heç görmür məni… Mən də… Yaxınlaşım nə deyim axı… Qəsəng qızdı. İndi yəqin o qədər istəyəni var ki… Yaxşısı budu, gedim… Yox, gərək bu gün görəm. O gün qızlar da güldü mənə. Day getmirəm atelyenin qabağına… Kök qadın da çıxıb baxdı… Gərək tamam yığışdıram ora getməyi. Sonra ailəsi bilər, yaxşı düşməz… Hələ məni tanısalar, lap başqaxacı olaram ona… Bəlkə bir az da gözləyim? Sabah da bazardı. Yəqin evdən çıxmayacaq… Mən də mərkəzə dəyməliyəm sabah, çoxdandı getmirəm… Yağış yağacaq, deyəsən. Onda heç çıxmaz eyvana… Yağış yağana qədər çıxsaydı, görüb gedərdim…”

Meyvəsatan

“…Yenə gəlib. Ürəyim ağrıyır bunu görəndə… Yaxşı oğlandı. Abırlı adamı o dəqiqə tanıyıram. Həm də yaxşı əl qabiliyyəti var… Buna bax, yenə çürük nar gətirib mənə başıbatmış…min dəfə deyirəm, ə, vicdansız, mikrorayon olanda nolar, buranın camaatı yaxşı meyvə yemək istəmir? Salamat şey gətir ki, mən də sata bilim də… Rəfləri soruşan olanda deyirəm, bax, bu oğlan düzəldib. Ona da müştəri çıxır. Min bərəkət. Bircə bunun bu qız məsələsi olmasaydı, lap yaxşı olardı. Çox əziyyət çəkir. İşdən-gücdən də olur yazıq uşaq. Qızı da tanımıram ki… Həm də çox qaraqabaqdı… Qorxuram, düz başa düşməz. Yoxsa yaxınlaşıb dayıyana bir-iki söz deyərdim. Deyərdim ki… Nə deyim e… Aradüzəldənlik çıxır… Allah bilən məsləhətdi…”

Kök qadın

“…Həə, qəşəng naxışdı. Sağ olsun, əl qabiliyyətinə söz ola bilməz… Bunları da ütüləyim, sabaha qalmasın. Gərək müdirə deyəm, qızın maaşını artırsın. İndi fağır olanda nolar, səsini çıxarmayanı saymayasan gərək? Allah taleyini versin. Çox yaxşı qızdı. Bir ürəkli oğlan çıxıb alsaydı yazığı, heç dərdim olmazdı. Tez-tez bir oğlan görürəm atelyenin qabağında… O gün də qızlarla baxıb gülüşmüşük… Qorxdum, gəlib dalaşar bizlə… Amma utandı yaman, tez çıxıb getdi… Abırlı uşaqdı… Andır elə… Axmaq parçadı bu da, qırışı da açılmır… Qız da xəlvət-xəlvət baxır ona, di gəl, özünü o yerə qoymur. Yazıq uşaq…”

O

Adamı adamlıqdan çıxaran payız axşamı idi. Dayanacaqda vaxt öldürürdü. Bu bazar da işə çağırmışdılar. Evə qayıdım deyəndə, zəng elədi. İndi onu gözləyirdi. Bir az da hirslənmişdi özünə – qonşunun balaca qızına artıq yeddinci dəfəydi söz verməyinə baxmayaraq, İnternetdən pişiklərə qulluqla bağlı material götürməmişdi. Çox huşsuz idi. Amma bu gözlədiyi adamın elədiyi heç nəyi unuda bilmirdi.

Vaxt öldürə-öldürə fikirləşirdi ki, silməlidi onu həyatından. Həm də təcili. Ona görə yox ki, o, həmişə onu gözlədirdi. Ona görə ki, o, heç vaxt lazım olan vaxt lazım olan yerdə olmurdu. O bilirdi ki, bunlar bir çomağın iki başıdır. Amma yenə də onları fərqli görürdü. Ona görə fərqli görürdü ki, kefi belə istəyirdi. Qısası, əhvalsız idi. Nə, o, gəlib çıxırdı, nə də avtobus. Gözləməyəcəkdi onu. İtirməyə elə burdan başlayacaqdı.

Dayanacaqda durmuşdu və həyatında sərin payız havasından gözəl heç nə yox idi. Birdən ağlına gəldi ki, payız keçəndən sonra həyatında gözəl heç nə qalmayacaq. Darıxdı. Sol tərəfə baxdı. Binanın tinindən bir qız çıxıb ona tərəf döndü. Hündür, qarabəniz, arıq qızdı, uzun, çox uzun saçları vardı. O, indi də xoşbəxtlik barədə düşünməyə başladı. Nədənsə ona elə gəldi ki, hündür, qarabəniz, arıq və çox uzun saçlı olsaydı, taleyi başqa cür olardı, ən azı xoşbəxt olardı. Amma bütün bunlara sahib bu gözəl qız heç də xoşbəxt görünmürdü. Çox fikirli idi, çox qayğılı. Hətta bədbəxt dəydi gözünə. Həmin anda da hündür, qarabəniz, arıq və çox uzun saçlı olmadığına şükür elədi. Üzünü sağa çevirdi. Bir oğlan gəlirdi. Əlləri cibində. Hündür, qarabəniz, arıq və fikirli. Payızın düz ortasında, bu boyda küçədə iki adam ola, ikisi də dərdli ola – lap ürəyi sıxıldı. Bu yerdən uzaqlaşmaq üçün avtobusun gəlməsini daha çox istədi. Tərs kimi, qarşıdakı binanın divarına çəkilmiş şəkillər də onu darıxdırmağa başladı. Abstrakt adlanan şeyi heç vaxt sevməmişdi. Guya belə daha maraqlı olur?

Darıxma dərəcəsi artırdı. Geri çevriləndə gördü ki, arxadakı binanın zoğalı qapısından içəri keçmək üçün indicə gördüyü oğlan uzunsaç qıza yol verməkdədir. Yenə qarşı divardakı şəkillərə baxmağa başladı. Avtobus gələnə qədər bu abstrakt rəsmi anlamaq lazım idi. Axmaq xasiyyəti var. Həyatında fraqmental da olsa dolaşıq heç nə saxlamaq istəmirdi. İstənilən dolaşıqlıq onu darıxdırırdı. Amma divardakı şəkil abstraktlığı da keçmişdi. Qarşısında iki ağ dairə olan yaşıl, qalın xətləri tramvay başına oxşatdı. Üstündə qırmızı işıqları da vardı üç-dörd dənə. Ağır-ağır tərpənirdi sanki. Azacıq dönüb ona tərəf gəlirdi. Bayaqdan sayırdı. Düz otuz dənə taksi keçmişdi burdan sağa-sola. Heç birinə minmək istəməmişdi. Amma bu tramvaya minmək istədi. Gec gələn avtobusa: “Əlvida!” – deyib, bu tramvaya minmək çox gözəl olardı. Aparardı onu uzaqlara, həmişə payız olan yerə. Tramvayda heç kim yox idi. O, yalnız onunçün idi! O, yalnız onu aparacaqdı!

…Mənasız versiya idi. İlan da ola bilərdi bu qalın, yaşıl xətlər. Bəlkə də naməlum rəssamın gözündə dünya elə beləydi – iki ağ gözü vardı, içi də bomboş… Şəkil onun xasiyyətindən də axmaq olduğu üçün onu açmamağa qərar verdi. Rahatlandı bu qərardan. Geri çevrildi. Bayaqdan içəri keçmək istəyən oğlanla qız kandarda donub qalmışdılar. Təəccüb və diqqətlə bir-birlərinə baxırdılar. Bir dəqiqə öncə qayğılı-qayğılı küçəni ölçən iki adam unutmuşdular küçəni də, dünyanı da.

Qəribə mənzərə idi. Bu axmaq dünyanı beləcə unutmağın mümkünlüyü qəribə idi. Hələ bir də payız ola! Payızın içində olub onu necə unutmaq olar? Gözün dil açması idi onun gördüyü. Nəfəslər kəsilmişdi, sözlər dodaqlarda donmuşdu. Onlar sanki bir-birlərinə nəsə demək istəyirdilər. Hiss edirdi bunu. Amma boğazları qurumuşdu. Ya da söz tapa bilmirdilər.

Əslində sözə ehtiyac da yox idi. Onların bir-birlərini sevdiyi zoğalı qapıya belə məlum olmuşdu. O da əmin idi. O görmüşdü axı sevən adamın gözlərini. Onları təsvir eləmək elə çətindi ki…

Onlar xoşbəxt idi. Çox uzun saçları deyil, bu arıq oğlanın sevgi dolu gözləri qızı xoşbəxt eləmişdi. İnsanı mütləq başqa bir insan xoşbəxt edir. Həm də xoşbəxt olanlar xoşbəxt edə bilirlər. İçində işıq olanlar. Ona gün kimi aydın idi – onlar ömrü boyu, bax, indi olduğu kimi xoşbəxt olacaqdılar. Onlar bir-birlərini tapmışdılar bu gün. Çoxdan axtardığını tapan kimi. İlk sevgi məktubunu köhnə kitabın arasından tapan kimi. Kor adamın qəfildən gözlərini açıb gün işığını tapan kimi. Özünü tapan kimi başqasını tapmaq çox gözəldi… O kövrəlmişdi…

Onlara baxırdı və inanmaq istəyirdi ki, hər şey onun fikirləşdiyi kimi olub. Məhz belə. Bəlkə də onların başqa macərası vardı. Oğlan qızın ayağını tapdalayıb üzr istəməyibmiş dünən, məsəlçün. Amma o istəyirdi ki, hər şey elə onun təsəvvür elədiyi kimi olsun. Tərsliyi tutmuşdu. Bu gün heç olmasa nəsə onun istəyən kimi olmalıydı ya yox?! Hətta istədi ki, yaxınlaşıb mərc gələ onlarla. Onlara deyə ki, mən bilirəm, siz dünən neyləmisiz. Elə bilirsiz deməzdi? Deyərdi. Çox darıxmağın arxasınca belə coşğu gəlirdi ona. Amma imkan tapmadı. Onlar bir-birlərinə baxa-baxa içəri keçdilər. Hətta qarşıdakı ağgözlü, qırmızı işıqlı yaşıl tramvayı onlara göstərib bir xoşbəxtlik səyahəti də təklif edə bilmədi. Heyif…

…Sonra zoğalı qapı ilə üz-üzə qaldılar. Bir-birlərinə gülümsədilər. Gördüklərindən onlara da pay düşmüşdü – bomboş payız küçəsinin acığına onlar da xoşbəxt idilər. Nə olsun ki, o, heç vaxt gəlib çıxmayacaq tramvayı gözləyirdi. Nə olsun ki, qapının üstünə “Karlar cəmiyyətinin mədəniyyət mərkəzi” yazılmışdı…
XS
SM
MD
LG