Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:40

Əkrəm Əylisli: "Biz Azərbaycanı uçurtmaq yox, qurmaq istəyirik"


"Pen klub" proqramı, 17 noyabr, 2011
Gözlə

No media source currently available

0:00 0:48:30 0:00
Direct-ə keçid

"Ziyalı necə olmalıdır" mövzusunda müzakirəyə Əkrəm Əylisli, Fəxri Uğurlu və Zamin Hacı qatılıblar.

- Hətta Saxarovun Akademiyadan çıxarılma məsələsi qoyulanda deyiblər ki, heç bir ölkədə belə bir presedent yoxdur. Kapitsa deyib ki, var, faşist Almaniyası dövründə Eynşteyni Akademiyadan qovmuşdular. Deməli biz artıq gəlib o səviyyəyə çatmışıq ki, bizdə baş verən prosesləri faşist Almaniyasında baş verən proseslərlə müqayisə edirlər...

Bu fikri Azadlıq Radiosunun "Pen klub" verilişində yazıçı Fəxri Uğurlu səsləndirib. "Ziyalı necə olmalıdır?" mövzusunda müzakirəyə Ziyalılar Forumunun iştirakçısı, yazıçı Əkrəm Əylisli (telefonla) və jurnalist Zamin Hacı da qatılıblar.

Fəxri Uğurlu:

- Ziyalılar Forumunun iki iclasında olmuşam, orda açılan müzakirələri yaxından müşahidə etmək imkanım olub. Orda çox normal bir atmosfer, çox dəyərli ziyalılar var idi. Mövzular da çox maraqlı idi. Bunların gündəmə gətirilməsi kiməsə təhlükəli, xatalı görünür. Bu, mənim üçün də qaranlıqdır. Ancaq bir tendensiyanı mən açıq şəkildə hiss edirəm və bunu bəri başdan demək istəyirəm. Bu işlərdə ziyalıların vurulmasında, nüfuzdan salınmasında ardıcıl fəaliyyət göstərən, bunda maraqlı olan, lap belə deyək ki, hakimiyyətlə ziyalıları düşmən etməkdə xüsusi marağı olan qüvvələr var. Bu günlərdə eks-prezidentlərin statusları haqqında qanun qəbul olundu. Bu qanunun əleyhinə danışanları biz gördük mətbuatda da, televiziya ekranlarında da. Bu işləri təşkil edənlər kimdir? Bu sualların bir çoxu müşahidələrimiz əsasında bizə aydındır. Yəni Azərbaycanda milli barışığa doğru atılan kiçicik bir addımın da baş tutmamasında maraqlı olan xüsusi qüvvələr var. Bu qüvvələrin hakimiyyətə, hakimiyyətin ən yuxarı dairələrinə çox ciddi təsir etmək imkanları var. Mənim müşahidə etdiklərim hələlik budur.

İlqar Rəsul:

- Zamin Hacı, hər halda kimin nə deməsindən asılı olmayaraq iki qütb ki var, forum iştirakçıları və onlara sərgilənən münasibətin arxasında dayanan imzalar, bunlar Azərbaycanın elm adamları, ali məktəb, akademiya üzvləri və sair ziyalılarıdır. Bu qütblərdə duranların hər ikisini ziyalı adlandıra bilirsiniz? Adlandırırsınızsa, kimə haqq qazandırırsınız öz hərəkətlərində?

Zamin Hacı:

- Bu məsələ qızışanda kimsə bir teletamaşadakı sitatı yada salmışdı. Elçiliyə
Zamin Hacı
Zamin Hacı
hazırlaşan bazarkom Nadir deyir ki, onların hər akademikinin qarşısına beş akademik çıxararıq. Yəni bu gün Azərbaycanda hakimiyyətdə olan qüvvələrin böyük əksəriyyətinin təfəkkürü elə o bazarkom Nadir səviyyəsindədir. Bir akademik, bir professor hardasa nəsə deyirsə, onun qarşısına biz beşini çıxararıq ki, onun əleyhinə danışsınlar. Bu cür yanaşmalar var. Ümumilikdə götürəndə, şəxsən mən də bir-iki dəfə o foruma jurnalist kimi dəvət olunmuşam, ancaq heç vaxt getməmişəm. Çünki, ümumiyyətlə, kiminsə özünü ziyalı adlandırmasını bəlkə də etik qəbul etmirəm. Adam işlə məşğul olar. Tutaq ki, mən Fəxri Uğurlunu bir yazıçı kimi tanıyıram, onun sözü mənim üçün yazıçı olaraq cəmiyyətdə tutduğu yer baxımından önəmlidir. Yaxud Rafiq Əliyevi alim kimi tanıyıram. Ancaq buna üstəlik də bir ziyalı adı qoşmaq, bu, əsasən keçmiş sovet ölkələrində dəbdə olan bir şey idi. O ki qaldı kim haqlıdır, bu məsələdə, təbii ki, ölkədə avtoritar, repressiv bir sistem var, və o sistem onun əleyhinə danışan istənilən adamı məhv etmək əzmindədir. Biz indi ziyalıların timsalında bunu görürük və bu bir qədər geniş müzakirələrə səbəb olub. Özü də bu cür hərəkətlər fərdi şəkildə, özü də ziyalı kateqoriyasına aid olmayan insanlara qarşı da baş verir. Təklikdə də bir çox adamları belə boğur, məhv edirlər. Bu, özünə qarşı çıxanları əzən bir sistemdir.

İlqar Rəsul:

- Əkrəm müəllim, siz o forumu təmsil edən adamsınız, orda iştirak edirsiniz. Bu hücum (əgər hücumdursa) sizin dayandığınız müstəviyə, olduğunuz istiqamətə edilir. Bu gün də Neft Akademiyasının yeddi kafedra müdiri Rafiq Əliyevlə bağlı müraciət ediblər. Onun işdən çıxarılmasına haqq qazandırır, müdafiə edənləri qınayırlar. Nə baş verir, üzərinizə gələnlər sizin təsəvvürünüzdə kimlərdir?

Əkrəm Əylisli:

- Əslinə qalanda, mən hələ də anlaya bilmirəm ki, Ziyalılar Forumunun fəaliyyətini bu dərəcədə siyasiləşdirmək kimə və nə üçün lazımdır. Ancaq bunu çox asanca həyata keçirə bildilər. Özü də təkcə siyasiləşdirmədilər. Həm də amansız və insafsızcasına saxtalaşdırdılar. Məsələni mahiyyətindən uzaqlaşdırdılar, çeynəyib çürütdülər. Ancaq Ziyalılar Forumu qarşısına heç bir siyasi məqsəd qoymamışdı. Mən bunu Forumun bir üzvü kimi tam səmimiyyətlə deyirəm. Ziyalılar Forumunun yaradılması mənəvi ehtiyacdan törəmişdi, ictimai təəssübkeşlikdən, vətən və millət qarşısında hər kəsin öz ziyalı borcunu yerinə yetirməsinin mümkün yollarını arayıb axtarmaq niyyətindən doğmuşdu. Çünki bizim əqidəmizə görə, bu ölkədə hər kəsin öz bildiyi kimi yaşamağa haqqı olduğu qədər hər kəsin də öz istədiyi kimi düşünməyə haqqı var. Ziyalılar Forumunun qarşısına qoyduğu məqsəd və məramda tərəf söhbəti əvvəldən yox idi. Rafiq Əliyevi kafedra müdirliyindən çıxarmaqla qarşı tərəfi, başqa sözlə, qarşıdurmanı süni surətdə yaratdılar. Bu əməli həyata keçirənlər bunun mətbuatda doğuracağı rezonansı nəzərə almadılar və əvvəlcədən bilmədilər ki, bu məsələ onların xeyrinə olmayacaq. Alimliyi öz yerində qalsın, Rafiq Əliyevin Neft Akademiyasının sayılan, seçilən müəllimi kimi tələbələr qarşısında böyük avtoritet sahibi olduğunu bu foruma qarşı mübarizəyə qalxanlar gərək biləydilər. Axı bizim hər birimiz bir vaxt tələbə olmuşuq. Və hər hansı bir avtoritetli müəllimin böyük tələbə auditoriyasının nəzərində nə demək olduğunu yaxşı bilirik. Şəxsən mən ali təhsil aldığım illəri indi məhz belə müəllimlərin timsalında işıqlı xatirə kimi yadıma salıram. Bir vaxt universitetdə mənə dərs deyən Mir Cəlal, Əli Sultanlı, Əlövsət Abdullayev, Bəxtiyar Vahabzadə kimi müəllimlərin oxuduğum təhsil ocağının həyatında nə boyda rol oynadığını uzaqdan uzağa olsa da indi bəlkə də aydın və daha yaxından görürəm. Abbas Zamanovun universitetdə partiyadan çıxarılması da mənim nəslimə mənsub olan insanların yadında olmuş olar, və bunun törətdiyi neqativ hallar da, neqativ ovqat da şəxsən mənim indiki kimi yadımdadır. Rafiq Əliyev kimi xarizmatik bir müəllimin vəzifədən azad olunmasına fərman verənlər işin bu
Əkrəm Əylisli
Əkrəm Əylisli
tərəfini hökmən nəzərə almalı idilər. Müxtəlif dünyagörüşlü insanların Ziyalılar Forumunun tədbirlərinə qatılmasında da məncə məhz bu forumu təşkil edənlərin siyasi əqidəsinin saflığına və ictimai mövqeyinin sağlamlığına olan inamdan irəli gəlirdi. Yəni müxtəlif tipli adamlar bura bu inama görə gəlib yığışmışdılar. Hətta Gültəkin Hacıbəyli və Şahlar Əsgərov da forumun tədbirinə hakimiyyətə asi olanlara yoldaş olmaq üçün gəlməmişdilər. Məncə, onları da gətirən forum üzvlərinin hər birinin təmənnasız ziyalı mövqeyində durmağına olan inamları idi. Məsələ burasındadır ki, hər şeyi çürütmək və mənasızlaşdırmaq olur. Məsələn, Cəmil Həsənli, Rafiq Əliyev, Rüstəm İbrahimbəyov, Ramiz Rövşən, Eldar Namazov. Bu adamların hər hansı birinin sözün əsl mənasında ziyalı olduğuna Azərbaycan cəmiyyətinin heç bir təbəqəsində şübhə yoxdur. Ancaq kimlərsə, bu şübhəni yaratmağa faydasız cəhd göstərirlər.

İlqar Rəsul:

- Əkrəm müəllim, bunlara qarşı imza kampaniyası keçirilir, imza atanlar barədə nə düşünürsünüz?

Əkrəm Əylisli:

- İmzalar mənə elə gəlir ki, çox köhnə silahlarla hücuma keçməyə vərdiş edənlərin hazırlıqsız, tamamilə düşünmədən etdiyi bir hücum idi və bu hücum əslində ən çox o mənada eybəcər idi ki, mətn artıq olmuş şeylər, yəni bizim yaddaşımızda hələ möhkəm-möhkəm oturub qalan, məsələn, Saxarova qarşı, ya tutaq ki, Soljenitsinə qarşı, yaxud bizim öz alimlərimizə qarşı olmuş köhnə üslubun üstündə yazılmışdı. Məsələn, gedib arxivdən hər hansı bu tipli hücumlardan birinin stenoqramını götürsən, və adların yerlərini dəyişsən, baxıb görəcəksən ki, mahiyyətcə, bu, həmin şeylərin çox çürük davamıdır. Və məni sıxan budur ki, bizim bir qrup belə alimlərimiz indi bizə “adını ziyalı qoyanlar” deyirlər. Mən də az qalıram onlara “adını alim qoyanlar” deyəm. Bunlar başa düşmürlər ki, belə etmək olmaz, çünki artıq bu olub və tarix buna ölüm hökmü verib. Tarix bunu atıb öz arxivinə. İndi həmin arxivi eşib kiflənmiş ifadələrlə ziyalılara qarşı hücuma keçməyin kimin üçün, nə üçün bir əhəmiyyəti ola bilər. Şəxsən bu, mənim üçün əhəmiyyətli deyil.

İlqar Rəsul:

- Ziyalılarla bağlı müraciətə imza atan Milli Elmlər Akademiyasının iki üzvü ilə əlaqə saxlamışıq. Bildiriblər ki, könüllü imza atıblar. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Rasim Əliquliyev deyir ki, müraciətə könüllü imza atıb. Ancaq danışmağa bundan artıq sözü yoxdur. Və Milli Elmlər Akademiyasının həqiqi üzvü Fikrət Quliyev ziyalılarla bağlı müraciətə imza atmaqla yanaşı dörd nəfərlə birgə yazı da yazıb bu barədə. Özünün dediyinə görə, hələ danışmaq istəmir, gözləyir, bir neçə günə mütləq danışacaq. O da bu yazını hər hansı sifariş və təzyiqlə yazmadığını deyir. Bundan başqa, çalışdıq qarşı tərəfdən kimlərisə bu söhbətə cəlb edək, ziyalılarla bağlı müraciətə imza atan bir nəfər bildirib ki, o gəlib danışa bilməz, çünki ehtiyatlanır ki, 70-ci maddəyə düşə bilər (Əmək Məcəlləsinin 70-ci maddəsi əmək intizamını pozmaq, işçinin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi ilə bağlıdır. Rafiq Əliyev işdən bu maddə ilə kənarlaşdırılıb).
Bir sözlə heç kim əks mövqeni burada müdafiə etmək istəmədi. Ona görə biz Milli Məclisin noyabrın 15-də keçirilən iclasında bu barədə danışan deputat Zahid Orucun fikirlərini səsləndirmək qərarına gəldik:

Zahid Oruc:

- «On minlərlə ziyalı ordenlə, medalla təltif edilir. Deyirlər ki, bu ziyalını ələ almaq, saray ziyalısı yaratmaqdır. Ev, sosial imtiyazlar verəndə, ədəbi yaradıcılığını qiymətləndirəndə, bunu da hakimiyyətin həmin qüvvələri öz tərəfinə çəkmək cəhdi sayırlar. Dünyada ziyalıya münasibətdə hansı modellər varsa, Azərbaycan dövləti onu göstərib. Ona görə mən hesab edirəm ki, istənilən bir məsələdə cəbhə açıb hakimiyyətə hücumlar təşkil etmək gərək deyil. Bəlkə də beynəlxalq miqyasda tanınmasına rəğmən Rafiq Əliyevə daha dözümlü münasibət ola bilərdi. Bu aydın məsələdir. Amma doğrudanmı bu adamlar Rafiq Əliyevi bu qədər çox istəyirlər? Mən buna şübhə edirəm».

Zamin Hacı:

- Bizdə çox dəhşətli, qorxulu bir sistemdir. Məsələn həmin forumda iştirakına
Fəxri Uğurlu
Fəxri Uğurlu
görə Şahlar Əsgərovun oğlunu Prezident Aparatından işdən çıxartdılar. Görün nə qədər gerizəkalı insan olmaq olar ki, kimisə atasının hardasa dediyi sözə görə, hətta demədiyi sözə görə, işdən çıxardasan. Şahlar Əsgərov dedi ki, mən təsadüfən ordan keçirdim. Sehirli xalat filmində yaxşı bir epizod var, tutulub saraya gətirilən kəndli deyir ki, mən saraya yaxınlaşmırdım, yanından keçirdim. Buna görə onu şallaqlayırlar. Şahlar Əsgərov Ziyalılar Forumunda iştirakına görə təxminən buna oxşar bir açıqlama vermişdi: mən ora getməmişdim, ora təsadüfən girmişdim. Belə bir açıqlama idi. Çünki ona xəbərdarlıq eləmişdilər ki, sənin vəziyyətin xarab olacaq.

Fəxri Uğurlu:

- Hətta ondan sonra da bağışlamadılar.

Zamin Hacı:

- Bəli, hətta o cür üzrxahlığına baxmayaraq ondan sonra da bağışlamadılar. Onun oğlunu işdən çıxartdılar, özü də deyirlər ki, çox biabırçı qovublar onu işdən. Bu bir sistemdir. Mənim yadıma gəlir ki, Müdafiə Nazirliyindən yazdığım yazıya görə ucqar bir rayonda yaşayan bibimi polis idarəsinə aparmışdılar. O bibimin üzünü heç 20 il olardı görmürdüm. Axtarıblar ki, bunun qohumları kimdir, onu tapıblar. O da təqaüdçü bir qadındır. Mən şoka düşdüm ki, insan nə qədər səfeh hərəkətlər edə bilər. Tutaq ki, Rafiq Əliyev yaxşı bir söz deyir, bunun cəmiyyətdə nüfuzu artır, imkanlar, fürsətlər var axı. Zahid Oruc onu elə belə demədi, o əslində bir minnətdir ki, sizə medal veririk, təqaüd veririk, pul veririk, ev veririk, susun oturun orda. Siz pulunuzu alın, xalqın vəziyyəti ilə işiniz yoxdur. Yəni bunlar elə başa düşürlər ki, Rüstəm İbrahimbəyova tutaq ki, medal verirlərsə, o susmalıdır. Rafiq Əliyevin kafedra müdirliyi varsa, o gərək camaatın ağır vəziyyəti haqqında danışmasın. Çox biabırçı arqumentlər səsləndirirlər.

İlqar Rəsul:

- Bir qrup ziyalı deyək ki, forum keçirir, Bəxtiyar Hacıyevin azadlığa buraxılması, hansısa həbsdə olanlarla görüş keçirilməsi ilə bağlı heç bir siyasi iradə qoymadan hətta dövlət başçısına da müraciət hazırlayır, imza atır. Heç bir qıcıqlandırıcı fikir olmadan belə. Və bir qrup ziyalı da indi onların bu fəaliyyətini, son günlər baş verənləri tənqid edir. Belə bir çaşqınlıq yaranır cəmiyyətdə - kimdir ziyalı və hansı tərəf ziyasızdır?

Fəxri Uğurlu:

- Əvvəla onu deyim ki, nə akademik olmaq, nə nazir olmaq, nə yüksək səviyyəli məmur olmaq nə də hər hansı bir təşkilat rəhbəri olmaq hələ ziyalı olmaq demək deyil. Bu cür alimlərdən Stalinin, Hitlerin sərəncamında da istənilən qədər var idi. Ancaq hətta onlar da bugünkü qədər həmrəyliyə qarşı olan addımlar atmamışdılar. Mətbuatda bu, dəfələrlə hallandırıldı. Stalinin dövründə Kapitsanın, Kurçatovun, və sonrakı dövrdə Saxarovun fəaliyyətləri və onlara qarşı aparılan kampaniyalara hansı alimlərin nə cür reaksiya verdikləri kifayət qədər ibrətamiz hadisələrdi. Hətta Saxarovun Akademiyadan çıxarılma məsələsi qoyulanda deyiblər ki, heç bir ölkədə belə bir presedent yoxdur. Kapitsa deyib ki, var, faşist Almaniyası dövründə Eynşteyni Akademiyadan qovmuşdular. Deməli biz artıq gəlib o səviyyəyə çatmışıq ki, bizdə baş verən prosesləri faşist Almaniyasında baş verən proseslərlə müqayisə edirlər. Bu, olduqca utanc, xəcalət gətirən hadisədir. Mən çox sevinərdim ki, o yeddi kafedra müdiri Rafiq Əliyevin müdafiəsi istiqamətində bir bəyanat yayaydılar, bir mərdlik, həmkarlarına bir həmrəylik nümayiş etdirəydilər. Ancaq bu gün o kafedra müdirlərinin, adlarını ziyalı, akademik qoyan adamların heç biri ziyalı deyil, mən birmənalı deyirəm, onların ziyalılıqda haqqı yoxdur. Ziyalı olan kəs ziyalını baltalamaz. Mənim yadıma Brodskinin 24 yaşında Rusiyada mühakimə olunması düşür. Onun məhkəməsi ilə bağlı 80-ci illərdə “Yunost” jurnalı geniş bir material çap eləmişdi. Hakim ondan soruşur ki, nə işlə məşğulsunuz? Deyir, mən şairəm, yazıram, tərcümə edirəm. Hakim deyir, yox, bu, sayılmır, və nəhayət ona tüfeylilik ittihamı ilə 5 il həbs cəzası vermişdilər. Sovet hökuməti kimi bir hökumət
onu il yarım həbsdə yatızdıra bildi. Rusiyanın bütün böyük ziyalıları, akademikləri Kremlə teleqramlar vurdular və dedilər ki, bu böyük bir şairdir, böyük bir istedaddır. Bunu bu cür həbsdə saxlamaq olmaz. Ancaq indi bu kampaniyaya, bu yazılara baxın.

İlqar Rəsul:

- Sizcə niyə belə edirlər? Nədir bunların marağı?

Fəxri Uğurlu:

- Yenə deyirəm, mən inanmıram hakimiyyətdə təmsil olunan hər bir kəsin düşüncəsi, təfəkkürü bu olsun ki, bu gün deyək Rafiq Əliyevin verdiyi hər hansı bəyanat, yaxud Ziyalılar Forumunda deyilən hansısa sözlər Azərbaycanda hakimiyyət üçün, hələ bəziləri dövlət deyir, hansısa təhlükə doğurur. Əlbəttə ki, bunu düşünməyin özü belə gülünc olardı. Sadəcə, mənim müşahidələrim bunu göstərir ki, müəyyən qruplar var ki, hakimiyyətlə ziyalılar, cəmiyyət arasında olan uçurumu daha da dərinləşdirmək, bu düşmənçiliyi daha da artırmaq istəyirlər. Bu günlərdə eks-prezidentlər haqqında qanunun qəbuluna nə qədər müqavimət göstərildi, kimlər müqavimət göstərdi, hansı göstərişlərlə kimlərin hansı çıxışları oldu, bu, bizim gözümüzün qarşısında baş verib. Bu, milli barışığa doğru olan xırdaca bir addımdır. Belə şeyi alqışlamaq lazımdır, ancaq görürsən ki, bunda da maraqlı olmayan qüvvələr var.

Əkrəm Əylisli:

- Zahid Oruc axı nəyə əsasən deyir ki, ziyalılar hökumətə, dövlətə qarşı çıxır. Bunu deyəndə bir fikirləşmək lazımdır. Hardan götürür bunu deyir. Elə bil xof yaratmaq istəyirlər. Axı nəyə lazımdır təsəvvür yaratmaq ki, guya kimsə kiminsə üstünə gedir. Mən Ziyalılar Forumunun üzvü kimi səmimi deyirəm, biz tərəf yaratmaq istəmirik. Biz, olsa-olsa, Azərbaycan ictimai mühitində sağlam bir düşüncə tərzi yaratmaq arzusundayıq. Buna nə qədər nail olmaq mümkündür, heç o da real məsələ deyil. O forumda heç kəs Azərbaycan dövlətinin hazırda inkişafda olduğunu da inkar etmir. Amma bizim arzumuz budur ki, bu inkişaf harmonik, hərtərəfli inkişaf olsun. Mən gedib görəndə ki, kəndimiz batır, gəlib burada birinə danışanda və eyni fikri ondan da eşidəndə istər istəməz düşünürəm ki, Azərbaycan kəndi bütövlükdə batıb gedir. Bunu ziyalılar deməsin, bəs kim desin! Yəni ziyalı təkcə kabinetlərdə oturanlar, Azərbaycan isə yalnız o kabinetlərdən görünən Azərbaycan deyil. Kabinetlərdən görünməyən başqa bir Azərbaycan da var. O Azərbaycanın yanında olmaq ziyalının borcudur. Mən təəccüb edirəm ki, niyə sovet dövrünün pis vaxtlarına məxsus olan ovqatda hər şeyi təhrif edib məna və məzmunundan çıxardırlar. Yazırlar ki, ziyalılar hakimkiyyətlə ultimatum dili ilə danışırlar. Əvvəla ziyalı hakimiyyətlə hər bir dildə danışa bilər. Amma burada söhbət ultimatumun nədən ibarət olmasından gedə bilər. Zahid Oruc kimi allı-güllü sözlərdən buket yaratmağın nə mənası var. Bizim son toplantının adı “Milli birliyə nail olmanın şərtləri və yolları” idi. Bəlkə bu “şərtlər” ifadəsidi ultimatum şəklində qəbul edilən. Axı, olmaz belə! Məmləkətdə xof yaratmaqla onun sabit, dayanıqlı, harmonik inkişafına nail olmaq mümkün deyil. Bundan ötrü əksinə, xofu götürmək lazımdır. Bizim də məqsədimiz bu xofu heç olmasa ziyalı mühitindən götürmək lazımdır. Ziyalı mühitində azad düşüncəyə, sərbəst təfəkkürə hardasa yol açmaqdır. Əgər Ziyalılar Forumunun fikirlərini hər gün təhrif edib bu şəklə salacaqlarsa, deməli məqsəd bu forumun olmamasına nail olmaqdır. Əgər bunu istəyirlərsə, orada oturan o beş nəfərin heç birinin siyasi xal yığmağa nə ehtiyacı, nə də arzusu var. Azərbaycan ziyalısı tarix boyunca heç vaxt kabinetlərdə yaranmış təsəvvür və təfəkkürlə xalqa münasibət bəsləməyib. Bu xalqın qayğılarını öz qayğısından ayrı təsəvvür edə bilməyən insanların birliyidir. Ziyalılar xalqın yanındadır, kütlənin yox. Siyasətçiyə kütlə, ziyalıya xalq lazımdır. Biz Azərbaycanı uçurtmaq yox, qurmaq istəyirik. Müasir, sivil, gözəl bir dövlət kimi. Hər kəsin öz fikrini söyləyə bildiyi, hər kəsin öz ürəyincə düşünə bildiyi və bu düşüncəni ürəyincə deyə bildiyi bir cəmiyyət yaratmaq istəyirik. Burada hər hansı bir Zahid Oruc yuxusunda gördüklərini gəlib parlamentdə danışırsa və bu yolla 5-6 dəfə dalbadal deputat seçilə bilirsə, bu barədə düşünmək hakimiyyətin borcudur.

Fəxri Uğurlu:

- Mən Əkrəm müəllimi əmin edirəm ki, onlar da burada heç bir ultimatumun olmadığını çox yaxşı bilirlər. Sadəcə, burada ənənəvi şərləmə texnologiyası işə düşüb və münasib bildikləri yerə bu məsələni belə təqdim etmək onlara lazımdır.

Zamin H:

- Əkrəm müəllim deyir burada ultimatum, hakimiyyətə təhlükə axı haradadır? Amma bu məsələdə hakimiyyətə təhlükə var. Bu hakimiyyət, ümumiyyətlə, hər hansı müzakirədən, hər hansı sözdən qorxur. Yəni Rüstəm İbrahimbəyov, yaxud Rafiq Əliyev deyirsə ki, bu ölkədə dəyişiklik lazımdır, bundan böyük təhlükə ola bilməz ki, hakimiyyət üçün. Onlar bundan qorxurlar. Bu qığılçımın alovlanmasının qarşısını almaq üçün də dərhal bunu beşiyində boğmaq istəyirlər.


PROQRAMIN VİDEOYAZISINA TAM ŞƏKİLDƏ YUXARIDA BAX
XS
SM
MD
LG