Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:26

Əli Həsənov: «YAP yüzilliklər ərzində Azərbaycanın həyatında fəal iştirak edəcək»


Əli Həsənov
Əli Həsənov
«Heydər Əliyev insanları o zamankı hakimiyyətə qarşı çıxmağa çağırmırdı».

Bu fikirlər Prezident Administrasiyasında ictimai-siyasi şöbənin müdiri Əli Həsənovun Yeni Azərbaycan Partiyasının (YAP) saytına verdiyi müsahibəsindədir.

Əli Həsənov deyir ki, Heydər Əliyev hələ o zaman hər bir azərbaycanlını mövcud hakimiyyət ətrafında birləşməyə və problemlərin öhdəsindən gəlməyə səsləyirdi:

«Faktiki olaraq, eyni hərəkatdan çıxmış və eyni məqsədlərə xidmət etdiklərini bəyan edən ayrı-ayrı adamlar sonradan fərqli partiyalar yaratdılar. Yəni, o zaman AXCP, Müsavat, AMİP və digər partiyaların əksəriyyəti eyni hərəkatdan çıxmış ayrı-ayrı insanların şəxsi ambisiyalarının həyata keçirilməsi üçün yaradıldı. Bunların Azərbaycan dövlətinin gələcək inkişafı ilə bağlı fərqli fikirlərini özündə ehtiva edən proqramları mövcud deyildi. Hamısı eyni ideyaya xidmət edir, lakin ayrı-ayrı düşərgələrə parçalanmışdılar. Məhz həmin partiyalar da məqsədi və məramı bəlli olmayan fəaliyyətlərlə məşğul olurdular».

ŞƏXSİ AMBİSİYALARINI QOYMAQLA, ÖZLƏRİNƏ XÜSUSİ ŞƏRAİT İSTƏYİRDİLƏR

Əli Həsənov adını çəkdiyi partiyaları qeyri-qanuni vasitələrlə fəaliyyət göstərməkdə ittiham edir. Şöbə müdiri deyir ki, ətrafında müəyyən qədər silahlı adamların toplandığı həmin partiyalar ayrı-ayrı yüksək vəzifələrin açarlarını tələb edirdilər:

«Ortaya şəxsi ambisiyalarını qoymaqla özlərinə xüsusi şərait istəyirdilər. Silahlı dəstələrini Dağlıq Qarabağda düşmənlə mübarizəyə istiqamətləndirmək əvəzinə hakimiyyət uğrunda savaşlara cəlb edirdilər. Məhz Azərbaycanda müstəqilliyin ilk illərində baş verən vətəndaş qarşıdurmalarının və müxtəlif sahələrdə ortaya çıxan uğursuzluqların səbəbləri elə bunlar idi».

Əli Həsənovun fikrincə, YAP-ın hakimiyyətə gəlməsi ilə Azərbaycanda nümunəvi siyasi fəaliyyət ortaya qoyulub:

«YAP SİYASİ MÜBARİZƏNİN SİVİL NORMALARINI ORTAYA QOYDU»

«Görünən odur ki, YAP Azərbaycanın siyasi sisteminin inkişafına yeni dinamizm gətirdi. Siyasi mübarizənin sivil normalarını ortaya qoydu. Demokratik dəyərləri bərqərar, vətəndaş cəmiyyətinin formalaşmasını təmin edən elementləri cəmiyyət həyatına daxil etdi. YAP xalq üçün fəaliyyət göstərməyin nümunəsini ortaya qoydu».

Əli Həsənov hesab edir ki, YAP yarandığı gündən ümumxalq partiyasına çevrilib. Onun fikrincə, o vaxt hakimiyyətdə olanlar antimilli fəaliyyətləri ilə insanların dəstəyini və inamını sürətlə itirirdilər:

«Çünki onlar həmin ərəfədə elə bir yarıtmaz siyasət yürütdülər, Azərbaycanı elə bir çətin və çıxılmaz duruma saldılar ki, cəmiyyətin bütün təbəqələri onlardan üz çevirdi. Məhz bu iki proses paralel getdiyindən YAP insanların davamlı dəstəyini alan qüvvə kimi hakim partiyaya çevrildi. Bununla da Azərbaycanda daxili siyasətin yeni ənənələri formalaşdı. Bu səbəbdən də YAP o gündən bu günə qədər möhtəşəm zəfərlər qazanmağa başladı».

«YAP-DAN BAŞQA BU QƏDƏR GENİŞ ƏLAQƏLƏRƏ MALİK PARTİYA TANIMIRAM»

Əli Həsənov daha sonra deyib ki, o, Yeni Azərbaycan Partiyasından başqa bu qədər əlaqələrə malik partiya tanımır:

«YAP bundan sonrakı onilliklər, yüzilliklər ərzində Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edəcək. Ölkənin köklü problemlərinin həllində partiyanın öz dəsti-xətti görünəcək» .
XS
SM
MD
LG