Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:17

İş yoldaşları da Rafiq Əliyevə qarşı bəyanat imzaladı


Azərbaycan Dövlət Neft Akademiyasının 7 kafedra müdiri iş yoldaşları, akademiyanın professoru, bugünlərdə akademiyanın kafedra müdiri vəzifəsindən çıxarılmış Rafiq Əliyevin əleyhinə müraciət qəbul edib.

Müraciət “Belə şou kimə lazımdır?” başlığı altında rəsmi dövlət qəzeti “Azərbaycan”ın 16 noyabr sayında dərc olunub. Qəzetdə müraciəti professorlar Bağır Bağırov, Qafar Həsənov, Nadir Fəirzanə, İmran Cəfərov, Kamil Aydazadə, Rəhim Məmmədov və Əli Nazim Məmmədtağızadənin qəbul etdiyi göstərilib.

Müraciətdə deyilir: “Azərbaycan Dövlət Neft Akademiyasında uzun müddət çalışan və hazırda kafedra müdiri vəzifələrini tutan əməkdaşlar olaraq son günlər müxalif mətbuatında “Eldar Namazov qrupu” adlı toplumun professor Rafiq Əliyevin kafedra müdiri vəzifəsindən azad edilməsi məsələsini həddən artıq şişirtməklə yanaşı, məsələyə özlərinə xas olan siyasi don geydirmələrindən böyük narahatçılıq keçirdiyimiz üçün ictimaiyyətin aldadılması cəhdinə son vermək qərarına gəldik.

Heç kəsə sirr deyil ki, hər bir müəssisədə idarəçilik önəmli rol oynayır. Əgər kafedra müdiri fakültə Elmi Şurasının üzvü ola-ola onun işində illərlə iştirak etmirsə və bunun səbəbi kimi vaxtının olmamasını göstərirsə, buna nə ad vermək olar? Nə səbəbə fakültə dekanı tədrislə bağlı bu və ya digər məsələni müzakirə etmək üçün kafedra müdirinin qəbuluna düşməyi gözləməlidir? İlin çox hissəsini respublikadan kənarlarda olan kafedra müdiri kafedranı necə idarə edə bilər? Nə üçün “dünya şöhrətli alim” Bolonya təhsil məkanına inteqrasiya ilə bağlı məsələlər barədə doğma ali təhsil məktəbinin tələbələri qarşısında mühazirələrlə çıxış etməməlidir? Bütün bu suallara cavab axtararkən Rafiq Əliyevin kafedra müdirliyindən azad edilməsinin düzgün olması qənaətinə gəlirsən.

Akademiyanın həqiqi, yaxud da müxbir üzvü olmaq - ömürlük kafedra müdiri olmaq üçün vizit kartı deyil.

Kafedra müdiri vəzifəsindən kənarlaşdırılması ətrafında bu qədər ajiotaj yaratmaqla müxalifət qəzetləri nə demək istəyirlər? Axı onların heç biri R.Əliyevin necə alim olmasını bilmirlər - onların bunu dərk etməsi üçün ən azı təhsil ocağımızda işləmələri, onunla ünsiyyətlə olmaları vacibdir. R.Əliyev isə onlarla görüşlərində elmdən yox, nostalji hisslərlə xatırladığı Mərkəzi Komitənin şöbə müdirliyi dövründəki vaxtlarının qaytarılması üçün xəyallar qurmaqla məşğul olub.

Rafiq Əliyevin Elmlər Akademiyasının müxbir üzvü seçilməsinin də öz tarixçəsi var. Elmlər Akademiyasının tarixində ilk seçki idi ki, Ə.Vəzirovun şəxsi göstərişi əsasında Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin üç şöbə müdiri akademiyanın üzvü adını almışdı. Bu fakt onun totalitarizm dövrünün ən neqativ üsulları ilə bəhrələnməsinin bariz nümunəsidir.

Təəssüflər olsun ki, kimlərinsə yaratdığı “Rafiq Əliyev mifi” onun özünü labirintə saldı. O, nə istədiyini, nəyə qulluq etdiyini unudub adını “tarixə” yazmağa cəhd edir.

İctimaiyyətə yalan məlumat verərək guya R.Əliyevə Nobel mükafatı veriləcəyi barədə xülyalar səsləndirilir. Hörmətli professorun elmi-tədqiqat sahəsi riyaziyyat və texnikanı əhatə edir. Nobel mükafatı isə bu sahələr üzrə təqdim edilmir, iqtisadiyyat üzrə almağı isə gülünc səslənir. Ümumiyyətlə, Nobel mükafatı iddiaçıları bunu reklama çevirmirlər və çox zaman mükafatlandırıldıqları barədə xəbəri hamı kimi mətbuatdan eşidirlər.

Təəssüflə bildiririk ki, Rafiq Əliyevin müdafiəsinə qalxanlar elmdən və tədrisdən uzaq, vaxtilə ona qarşı düşmənçilik mövqeyində olan adamlardır. Maraqlıdır ki, onu müdafiə edən müxalifətçilərə də R.Əliyev vaxtilə ən pis adlarla damğa vurmaqdan çəkinməyib. Onların R.Əliyevi müdafiə etmələri alimin adına ləkədir. Yəni doğrudanmı, R.Əliyevin bu tip adamların hay-küyünə bu qədər ehtiyacı var.

Qafqazinfo
XS
SM
MD
LG