Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:47

Aliq Nağıoğlu "Haqqına sahib duran kənd" (Hekayə)


Bu hekayə son iki ayda "Oxu zalı"na göndərilmiş hekayələr arasından dərc olunmaq üçün seçilən əsərlərdəndir.


Aliq Nağıoğlu

HAQQINA SAHİB DURAN KƏND

İşsizlikdən, bekarçılıqdan aran kəndinin adamları dörd yol ayrıcında, keçmiş mağaza, indi özəlləşdirilən yaşayış binasının qarşısında dövrə vurub dayanmışdılar. Söhbət əsasən erkən düşən payız yağışlarının yaratdığı fəsadlardan, şumun, əkinin yubanmasından gedirdi. Yay- qış keçəl başından panaması çıxmayan keçmiş sovxozun keçmiş zootexniki təzə siqaret qutusunu açıb birini ağzına qoydu, dolu qutunu uzatdı:

- Kimin çəkmək meyli varsa, utanmasın, siqaretdi də,- dedi. Dayananların əlləri elə bil təklifə bənd idi, o saatca irəli uzandı. Damağına qoyduğu siqareti alışdırdı, içindəki on giləyə işarə edib:

- Bu da axşama kimi bəsimdi,- dedi. Qutunun ağzını bağlayıb uzun plaşının cibinə qoydu.

- Onu deyirdim axı, bizim vaxtımızda zəhmətkeş sayılırdı, axtarılırdı; elə əynimdəki bu plaşı katib Əhmədov şəxsən özü dənizqırağı fermaya gələndə mənə vermişdi, özü də neçəyə, -acı tüstünü hərisliklə fısqırdı,- heç neçəyə- bir dənə qabanın puluna, altmış manata; onda bazarda üç yüzə alammazdın ha, dədəmin göru haqqı, indiyə kimi cırılmır... Həmin gecə çöldə idim, iki nəfərə beş qaban vurduq, elə bir yerdən də verdik getdi.

- Arvadbaz katibi deyirsən?- “Çita” ləqəbli ağsaqqal irişdi:

- Nəyin deyirsən... Elə şeyə mərd idi, işçinin qayğısına qalan idi...

- Yoxsa indikilər kimi, kəndə nə vaxt gəlirlər, nə vaxt gedirlər, bilmirik,- kəndin Psixoloq müəllimi boynundakı qalstuku düzəltdi,- dağıla- dağılda mənə də doqquz ay partkomluq qismət oldu axı, dənim, suyum, otum, ətim pulsuz gəlirdi. Dərya imiş eyyy, köpəyoğlunun dövləti, yaman pis öyrətdi bizi. Keçib day, ay zootexnik qağa, həlbət səninlə bir il işləmək şərəfinə nail olmuşam, qismətimizdə var imiş. Onun birini də mənə ver görüm, deyəsən maaşları qurbandan bir gün qabaq buraxacaqlar. Mən ölüm Pişanov, quruluşa bax eyy: müəllim, mühəndis, medsestra...dəlisi- dölüsü hamısı bir yerdə cəm olmuşdu, yeyirdi- dağıdırdı, qurtarmırdı. - Pişanovsa danışanlara qulaq kəsilsə də, narahat idi, tez- tez sağa- sola boylanırdı.

- Biqeyrət elədi hamımızı, iki hektar yeri əkib- tökə bilmirik, bizdən olanlar necə əkəcək?!- “Çita” çeynədiyi saqqızı yerə tüpürdü, ayaqqabısının burnu ilə əzdi.- Sənin qaban ovladığın yerlərimizi, zootexnik, çölkədçilər bu il də əkəcək. Haqqını da ödəyirlər haa, özü də yerli hökumətə, amma qəbzləri yoxdu... Vəçlinə çatmışam.

- Biz əksək də saxlaya bilmərik, lodanımız yoxdu,- Psixoloq əzilib- büzüldü.

- Bəs biz əkirdik də, saxlayırdıq da, amma bəyənmədiniz, dağıtdınız,- qəfildən od götürən zootexnik sol çiynində duran Pişanovu dümsüklədi.- Sən də köhnələrdənsən axı, nə çorta gedibsən, danışsana... Rəhmətlik turpsatan müəllim düz ölən günə kimi fermalardan yazdı, amma kəpəyin, südün, otun evinə göndərirdim. Mən yaxşılığımdan əl çəkmirdim, o isə hər yerə yazırdı ki, on baş uşağı müəllimliklə saxlaya bilmir, turp əkib- satır. Mən sənə zamin durmalıyam, ay müəllim, adama deyərlər...

- Cinnənmə, zootexnik, günah turpdadır... Amma kəndin adını vaxtında dəyişsəydik, bundan sonra hər şey yerini tapacaqdı... Öz cəzamızdır, çəkirik...- qaraqabaq, halını pozmayan Pişanov qalın kürkünün ciblərini əlləşdirə- əlləşdirə nəzərlərini körpüdə saxladı.

- Su düşür,- körpüyə tərəf yol alan kimsə onlara müraciətlə əlini çaya tərəf tuşladı.- Amma bu dəfə çox yağdı, Sudaşanda partlamasaydı, batacaydıq.
- Həmişə ordan partlayır, inişil məktəb yolunu qumlayanda bələdiyyə bəndi zəiflətdi,- müəllim sözü atıb duruxdu.

- Üç lafet qum gətirdilər, amma üç yüz kamaz satdılar, özüm çayın üstündə durub saymışam, Polkovnik tapşırmışdı, bir dənə o yan, bu yan ola bilməz, bloknotumda ayın tarixi, reyslər durur,- “Çita” ciddiliklə əlavə elədi.

- Polkovnikdən söz düşmüşkən, deyirlər dünən İrandan qayıdıb. Görəsən orda nə deyiblər,- zootexnik yenə Pişanova baxdı.

- Kiçik qardaşından, arvadından başqa yanına adam buraxmırlar. Şəhərdə böyük vəzifədə olan qardaşı oğlunu gözləyirlər. Tak çto, vəziyyət ürəkaçan deyil, arada yerli cərrah hədərə yerə söyüldü,- o, dodaqlarını çeynədi.

- Mən o söhbəti eşitmişəm, poçtda olub, amma düz etməyib cərrah, adama elə şeyi şax üzünə deməzlər. Bura düşəndən ev tikdi, meyvə bağı saldı, qərib yerdən gətirdiyi gəlini də yaxşı saxladı. Neçə kasıba əl tutub, qabağa düşüb, işini düz- qoş edib, xeyir- şərdən də qalmır,- zootexniki öskürək tutub dayandı.

- Allah rəhm eləsin, qıymasın, yazıqdır, amma qorxaq adam olmayıb, bunların da kürkünə birə salıb, qohum- qardaş qalmayıb minnətçi salıblar, son macalda ölümlə hədələyiblər. Amma geri çəkilmir. İranda olanda bir dəstə yoxlama gəlmişdi, kənddən qabağa duran olmadı. Məni çağırdılar, getdim, hamısını düz yazıb, dedim. Hansı işləri mənə tapşırmışdı, nəzarət etmişdim, onlardan danışdım, qalanların əlimdə sənədi yoxdur, ancaq bir həftə dözün, gələcək, özü hər şeyi danışar, dedim. Üzdən nurani, bəli- xeyrlə danışan, mərifətli, “ağsaqqal” kəlməsi ağzından düşməyən cavanlar idilər. Deyəsən bu dəfə işlər fırıxdır,- “Çita” arıq çiyinlərini atdı.

- Elə ona görə axşamüstü özlərini verdilər “Palıd”a,- yekəbaş Bəhlul söhbətin bu yerində gəlib çıxdı.- Mən də ordaydım, çağırdılar stola, bizimkilər də ordaydı, vur ki vurasan. Mən uzun illər ruslarla otur- dur eləmişəm, düzdür yeməkləri heç nə idi, amma içirdilər... kak polojeno... Bizimkilərə halaldı, Allah hər ikisini əsirgəməyib: yeməyi də, içməyi də...

- Sovxoz dağılandan sonra mən dedim kəndin adını dəyişək, sözümü qəribçiliyə saldınız, nə qədər rusun adı qalır, bizimkilər içəcək... Polkovnikə dedim, o da bir qəribə ad dedi, amma uzundur, yadımda qalmadı,- Pişanov gözlərini qıyıb zəndlə körpü tərəfdən gələn maşına baxdı.- Deyəsən odur, yəqin poçta gedir, xeylax məktub gəlib yığışıb. Qoy görüm,- yaşına xas olmayan cəldliklə yolayrıcından sağa burulan maşının arxasınca tərpəndi.

- Maraqlıdır, görəsən nə ad imiş,- zootexnik panamasını qaldırıb keçəl başını qaşıdı.

- Mənim atam tarix məllimi idi, kəndin adının üstündə də çox baş sındırırdı, deyirdi “Ləmsə” qoyun,- bir az aralıda göyərtisatan oğlan oturduğu stuldan qəfildən söz atdı.

- Mənim balam, atan uzaqgörən olsaydı, sənə bir gün ağlardı, day burda oturub qəpik- quruş güdməzdin. Ölən günə kimi həmin sözün mənasını aça bilmədi, açsaydı, qoyardılar...- Psixoloq etinasız- etinasız əlini yellədi.- Amma Polkovnik dünyagörmüş adamdır, qoyduğu ad da məntiqli olmalıdır.
Birdən hamı susdu, nəzərlər Pişanovun getdiyi səmtə yönəldi. O, poçt binasına girəndə baxışlar çönüb qarşılaşdı.

- Ləmsə- kiçik gəmilərin bağlandığı yerə deyilir. Nə vaxtsa evlər dənizin beş addımlığında imiş, sular cəkildikcə sahələr açılıb, görmürsən torpağı bir- iki təpkəç qazan kimi ağ qum çıxır,- yekəbaş Bəhlul biliyini nümayiş etdirdisə də, qəfil bağırtı hamını səs gələn səmtə çönməyə məcbur etdi.

Soyuq havada qısa qol köynəkdə körpü tərəfdən qaça- qaça gələn havalı Abış qışqırırdı:

- Gördüüz, dayandırdım suyu, dayandırdım suyu, bugün səhər körpünün dəmirlərinin altından keçirdi, indi ordan gəlirəm, bir metrdən çox düşüb. Yayda bələdiyyə kraska verirdi, qoymadım, dedim neçə illərdir əhəng verirsiz, əhəng yaxşıdır. Eşitdilər məni, əhəngi də özüm verdim, heç birinizin ağlına girməz: su qalxanda ağ dəmirlər gözünü ağardacaq, su o saatca yatacaq. Düz demişəm, düz demişəm...- töyşüyə- töyşüyə dayandı.

- Sən Allah, müəllim, al bunu ver ona, qoy əl çəksin,- zootexnik əzik manatı uzatdı,- bir aydır bu gündədir, heç vaxt iynəsini ötürməzdilər, bu il yubatdılar,- üzünü yana çevirdi.

Psixoloq əllərini onun boynuna dolayıb:

- Baah, səni yaradana qurban olum,- pulu köynəyinin döş cibinə saldı, kürəyini şappıldatdı,- amma heç kəslə işin olmasın ha, bunların içində remen vuran yoxdur. Siqaretin qurtarıb, caan, keç üzbəüz dukana,- yolun qarşı üzündəki dükanı göstərdi.- Ordan da birbaş evə, dağlara qarlayıb, havada şaxtanı görmürsən, azarlarsan.- Razı halda hırıldadı, əllərini ayaqlarına çırpıb dükana götürüldü.- Qardaşı oğlunun toyunu gözləyir, bərkgedən qaynı şəhərdən gələndə iynəsini vurduracaq. Bahalı iynədir. Yaxşı qurtardıq, yoxsa dişlərin atıb kimisə qaldıracaqdı başı üstünə, zootexnik qağa qanımızın arasına girdi, yaşlaşdıqca lap zayı çıxır.

- Beş- altı il əvvələ qədər ətraf kəndlərdə ətli- canlı elə adam olmazdı ki, dişlərini qayışına keçirib ayaqlarını yerdən üzməsin. Bəzən qayış dözmürdü, qırılırdı.

Zootexnik plaşının cibindən siqaret qutusunu çıxartdı, ağzını açıb irəli uzatdı. Dayananlar, “Çita”dan başqa, əllərini uzadıb hərəyə bir ədəd götürdülər.

- Bu da mənim, evə gedəndə yenisini alaram,- zootexnik boş qutunu, nədənsə, yenidən plaşının cibinə qoydu.- Vallah zəmanə dəyişib, o gün görürəm bir xalturşik korobkanın ruçkasının yanına boş siqaret qutuları yığıb. Soruşuram: deyir axşamlar peçi qalamaq üçün istifadə edirəm. Gör necə ekonomnı olduq, sən ol müəllim, o boyda dövlətin qədrini bilmədik. Amma Polkovnikin taleyi kefimi pozdu, görək Pişanov nə xəbərlə qayıdacaq.

Dövrə vuranlar siqaretlərini odladılar. Hərisliklə sümürülən siqaretlərdən buruq-buruq tüstülər qalxdı. Təkcə “Çita” aralanıb kənarda dayandı. Sonra qoltuq cibindən bloknotu çıxarıb vərəqlədi.

- Hərdən fikirləşirəm ki, o qədər oxuyandan sonra axırım süni mayalanma texniki olacaqmış, elə hərbi xidməti bitirəndən sonra Riqada qalardım.

- Qalıb da neyləyəcəkdin?- “Çita” maraqla soruşdu.

- Latışlar mənim boy- buxunuma, yar- yaraşığıma, rəftarıma elə vurulmuşdular ki, düzü məni... döllük kimi saxlamaq fikrindəydilər... Gülməyin, Vallah, doğru sözümdür. Hətta bunu elmi şəkildə elə əsaslandırırdılar ki, inanmışdım. Dədəm rəhmətlik sanki duyuq düşmüşdü, tərxis olmağa yarım ay qalmış gəlib oturdu Riqada.

- Kişi qızıllarından qorxurmuş, nahaqdan uşaqdan böyüyə onu Qızıl Qurban çağırmırdılar. Yadıma gəlir,- Psixoloq yaranmış gərginliyin yaxşılığa dəyişdiyini görüb ürəkləndi.- Dərəbəylik dövrü bir az da sovxoz direktoru işlədin axı, ondan danış...

- Əşşi, adamın nə qədər vəzifəsi- zadı yoxdur, düşməni də bilinmir. Elə ki direktor keçdim, yazhayaz başladı. Allahın Çobanı da üstümə xoruzlanırdı, günün çoxunu kabinetimdə otururdu. Turpsatan müəllim mənə güdükçü qoydurmuşdu. İki dəfə maddi yardım verəndən sonra məsələ açıldı.

- Onun əsl adı Çoban idi, deyirlər qorxudan bağrı çatladı, öldü. Tarixçəsini ağsaqqal bilir, yaxın idilər,- Psixoloq üzünü “Çita”ya tutub göz vurdu.

- Bir dəfə yıxılmış çəpəri dikəldirdim, gördüm arxadan nəsə düşdü üstümə. Nə baş verdiyini araşdırmamış, paçamdan sürünə- sürünə biri keçir. Mən qalxana kimi iməkləyib girdi padvala. Baxıram, bizim Çoban. Əl-ayağı əsir, titrəyir, dili söz tutmur, deyirəm nə olub, ay evi yıxılmış, ürək- göbəyimi saldın. “Padvalın qapısını bağla, sonra, sonra... “,- deyir. Heç beş dəqiqə keçmir, Poçtalyon əlində vərəq görünür. “Prokuror şikayətçiləri rayona çağırıb, amma heç kəsi tapa bilmirəm, on nəfərdilər”, - deyir. “Siyahıdakılardan kimi soruşuram, gördüm deyən yoxdur. Bircə Çoban bu yanlarda fırlanırmış. Heç olmasa onu tapsaydım, göndərərdim”. Soruşuram ki, “ayə, sənin ağlın var?” Deyir:”ağlım olmasaydı, hökumət məni bu işə qoyardı”. “Sənin hökumətin də sən ağıldadır. Çoban adını yaza bilmir, göndərsən, rayonda azacaq, zibilə düşəcəksən. Get işinlə məşğul ol, qəzetlərini payla”. Deyinə- deyinə uzaqlaşır, mən də padvalın qapısını açıb Çobanı çölə çağırıram. Çıxmır, çay, çörək gətirirəm, içir, yeyir, axşamacan qalır orda. Amma o qorxan, bu qorxan, heç yarım ay yaşamadı. Bizimkilər belədi də, arxada hürürlər, üzə gələndə gördüm deyən olmur. O günkü yoxlamaynan da belə oldu, tək getdim. Polkovnik əjdaha kimi sinəsini vermişdi qabağa, o da belə,- hamının sərt adam kimi tanıdığı “Çita” doluxsunmuşdu.

- Pişanov poçtdan çıxdı, üzübəri gəlir,- yekəbaş Bəhlul bayaqdan intizarda qalanların üstünə su səpdi. Dövrə vuranlar qəddini düzəltdi, nəzərlər ona tərəf dikəldi. Göyərtisatan oğlan da tum çırtlamağa ara verib durdu. Pişanov əlləri qalın kürkünün cibində ağır addımlarla irəliləyirdi. Yaxınlaşdıqca gərginlik artırdı. Gəlib bir addımlıqda dayandı. Dərindən nəfəs aldı, əllərini cibində çıxarıb çarpazladı:

- Tanınası halı qalmayıb... Bir- iki kəlmə danışdı. Axırda onda dayandı ki, kəndin adını mütləq dəyişin. “Yeyənkənd” qoysanız, deyir: bundan sonra doğulanlar da yeyib- içən olacaq; “Yenikənd” qoysanız, deyir: hamınız əyin- başınızı, ev- eşiyinizi yenilədəksiniz; “Təzəkənd” qoysanız, təzə- təzə xalça- palaz, inomarka maşınlar alacaqsınız.... Tanınmış aliminiz, məşhur biznesmeniniz də yoxdur. Vur- tut bir şairiniz vardı, onu da qırx ildi kənddən dərbədər salıbsınız, əlinizdən yanıqlıdır, başına yaylıq bağlayıb, metroda kitablarını satır. İstəsəniz də, nə qədər sağdır, özü razı olmaz. Uzun olanda nə olar, ən yaxşısı belə qoyun: Haqqına sahib duran kənd.

- Haqqına sahib duran kənd bələdiyyəsinin sədrinə ərizə.... Haqqına sahib duran kənd ərazi nümayəndəsinə izahat... Yolağac- Haqqına sahib duran kənd marşrutu.... Özüm ölüm, əla səslənir!- Psixoloq sevincək uzun boylu zootexniki qucaqlayıb öpmək istədi, ancaq boyu çatmadı.

- Haqqına sahib duran kənd süni mayalanma texniki...- birdən göysatan oğlan ucadan qışqıra- qışqıra kənd klubuna tərəf götürüldü.
XS
SM
MD
LG