Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:27

Azərbaycanda böyrək xəstələrinin sitəmi


Ukraynada hemodializ xəstəsinin dializ prosesi, 13 aprel 2011
Ukraynada hemodializ xəstəsinin dializ prosesi, 13 aprel 2011
-

- Qapını açın. Tez ol. Xərəyi götür. Yavaş-yavaş. Pilləkənlərdən ehtiyatla qaldırın...

Rəngi ağarmış, ağrıdan səsi zəif gələn qadını xərəklə asta-asta pilləkənlərdən qaldıran yaxınları tədirgindirlər. Respublika Klinik Xəstəxanadan verilən göndərişi tələsik göstərib, gözlərini həkimə dikirlər. Həkim təcili xəstəyə kateter (kateter - bədəndən mayeni çıxarmaq üçün istifadə olunan nazik boru - müəl.) qoşulmalı olduğunu deyib - əməliyyat otağına keçir.

Xəstənin oğlu ilə söhbətdən məlum olur ki, anası - 65 yaşlı Şəki sakini Ziyafət Qafarovaya kəskin böyrək çatışmazlığı dioqnozu qoyulub. Oktyabrın əvvəlində ananın səhhəti qəfildən pisləşəndə, onu əvvəlcə Zaqatala Diaqnostika Mərkəzinə aparıblar. Bir neçə gün orada qaldıqdan sonra Respublika Klinik Xəstəxananın Urologiya Şöbəsinə göndəriş alıb:

"Gecə Respublika Klinik Xəstəxanasına gəldik. Onu urologiya şöbəsində reanimasiyaya yatırdılar. Bu gün səhər isə səhhəti gedikcə pisləşdiyindən bizi özəl klinikaya göndərdilər. Çünki ona təcili kateter qoşulmalı idi.

Dövlət xəstəxanalarında bu olmadığından özəl klinikaya gələsi olduq. Belə bilsəydik, lap əvvəldən birbaşa bura gələrdik. Respublika Klinik xəstəxanasında neylədilər ki!? Ödənişsiz deyirlər, amma adicə liftlə qaldırmağa da pul istəyirlər. Bir gün reanimasiyada qalmağa isə 31 manat pul aldılar".

100 XƏSTƏDƏN 14-Ü VƏFAT EDİR

Respublika Klinik Xəstəxananın sürücüsü danışır ki, özəl Hemodializ Mərkəzinə belə xəstələri tez-tez gətirirlər:

“Məndən başqa urologiya şöbəsində daha iki sürücü var. Təxminən aya hərəmiz 10-15 xəstə gətiririk. Eləsi olur, lap ölümcül vəziyyətdə bura çatdırırıq".

Hazırda Azərbaycanda 1700-dən çox dializ xəstəsi rəsmi qeydiyyatdadır. Səhiyyə Nazirliyinin araşdırmalarına görə, bir ildə hər 100 hemodializ xəstəsindən 14-ü vəfat edir. ​


DÖVLƏT BÜDCƏSİNDƏN HƏR XƏSTƏYƏ 12 764 MANAT XƏRCLƏYİR

“Heç hara pulsuz deyil. Bankdan kreditlə pul götürdük, sonra da ödəyə bilməyib, evimizi satıb krediti ödədik. Heç bir yerdən köməklik yoxdur” - bunu oğlunu hemodializ seansına gətirən Nabat Quliyeva deyir.

Halbuki "Xroniki Böyrək Çatışmazlığı üzrə Dövlət Tədbirləri proqramı" çərçivəsində dializ xəstələri ödənişsiz hemodializ seansları, dərman və analizlərlə təmin olunmalıdır. 2006-2010-cu illəri əhatə edən bu proqrama ümumilikdə 64 milyon 200 min manat ayrılıb.
İnsan böyrəyində olan nefronlar (süzgəc toxumaları) funksiyasını itirdikdə xroniki böyrək çatışmazlığı yaranır. Böyrək bədəndən zəhərli maddələri təmizləyib, ifraz edə bilmir. Zəhərli maddələrin bədəndə toplanması ölümlə nəticələnir.

Bu cür xəstələrə dializ - qanı süni böyrək vasitəsilə təmizləmə tətbiq olunur. Onların qanı həftədə üç dəfə süni yolla bədəndən çıxarılır, süni böyrək aparatında süzülərək yenidən bədənə qaytarılır. Süni böyrək rolunu oynayan bu əməliyyat «hemodializ» adlanır. Bu üsul xəstəliyi tam müalicə edib aradan qaldırmır, yalnız xəstələrin ömrünün uzadılmasına kömək edir.

2011-2016-cı illəri əhatə edən yeni proqram da var. Həmin proqramın 2011-ci ildə icrasına isə 21 milyon 7 min manat ayrılıb. Yəni, bu il hər xəstənin müalicəsinə dövlət 12 764 manat verir.

Gələn ilə də 23 milyon 500 min manat nəzərdə tutulub. Ayrılmış vəsaitin 95 faizdən çoxu dərman alınmasına sərf olunmalıdır.

Dializ xəstələrinin qeydiyyata alınması və dövlət hesabına hemodializlə təmin olunması" üçün yaradılmış komissiyanın üzvü, Uroloji Klinik Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babeyev:

"Bir xəstənin illik müalicəsi dövlətə təminən 13-15 min manata başa gəlir. Bu da çox böyük maliyyə tələb etdiyindən Neft Şirkəti bu sahəyə vəsait ayırdı.

Regionlarda Müalicə və Diaqnostika Mərkəzlərinin tərkibində açılan Hemodializ Mərkəzləri da Neft Şirkətinə tabedir. Bizim komissiya xəstələrin qeydiyyata alınmasını, Neft Şirkətinin Sosial, İnkişaf İdarəsinin Səhiyyə departamenti isə onların regionlarda yerləşdirilməsini həyata keçirir". Bir mərkəzin yaradılmasına nə qədər vəsait sərf olunması və həmin vəsaitlərin necə xərclənməsi ilə bağlı Dövlət Neft Şirkətinə sorğu verdik. Ancaq 3 aydan artıq vaxt keçsə də sorğumuz cavablandırmadı.

65 RAYONA 14 HEMODİALİZ MƏRKƏZİ

Səhiyyə Nazirliyinin məlumatına görə hazırda Azərbaycanda 22 dövlət hemodializ mərkəzi fəaliyyət göstərir. Bunlardan 8-i regionlarda, 14-ü isə Bakıdadır.

Əlibarat Ağayev
Əlibarat Ağayev
Sabirabad rayonunun Ulacalı kənd sakini, 59 yaşlı Əlibarat Ağayevi hemodializ qeydiyyatına yalnız Zaqatalada götürməyə razılıq veriblər. Dediyinə görə, həftədə üç dəfə 400 kilometr yol gedib-gəlməsi çətin olduğundan, 2 ilə yaxındır ailəsindən uzağa - Zaqatalaya köçüb:

"Bizim ərazidə təkcə Şirvanda hemodializ mərkəzi var. Neçə dəfə Səhiyyə Nazirliyinə, Neft Şirkətinə müraciət etdim. Sabirabada yaxın hemodializ mərkəzinə yerləşdirilmək üçün 4-5 min manat pul istədilər. Mən də məcbur olub ev-eşiyimi atıb, Zaqatalada kirayə qalmalı oldum".

Əlibarat Ağayev kimi Xəyalə Şamıyeva da bu üzdən köç etməli olub. Xəyalə beş ildir ki, anası Səkinə Vəliyeva ilə birgə Bakıda - məcburi köçkünlərin məskunlaşdığı yataqxanada kirayələdiyi bir otaqda yaşayır:

"Özümüz İmişli ilə Biləsuvar yaxınlığında salınmış qəsəbədə yaşayırdıq. Nə maşınımız var, nə də elə imkanımız ki, başqa maşınlarla hərəkət edək. Müalicə üçün hər dəfə uzaq yol getməli olduğumuza görə məcbur olub Bakıda kirayə qalırıq".

NÖVBƏDƏ 186 XƏSTƏ...

Rəsmi məlumatlara görə, hazırda ölkə üzrə 186 xəstə hemodializ mərkəzlərində pulsuz seansla təmin olunmaq üçün növbə gözləyir. Bu o deməkdir ki, 186 xəstə ya həyati əhəmiyyətli hemodializ seansına getmir, ya da bir həftəyə 210 manat xərcləyir.

Respublika üzrə hemodializ mərkəzləri
Regional Müalicə Diaqnostika Mərkəzinin adı Hemodializlə təmin olunan xəstələrin sayı Hemodializ üçün növbədə duranların sayı Boş yerlərin sayı
Bakıda (8 mərkəz) 900 12
Gəncə MDM 62 60
Bərdə MDM 66 47
Şirvan MDM 66 32
Qazax MDM 61 19
Qəbələ MDM 60 10
Cəlilabad MDM 60 3
Zaqatala MDM 62 2
Şamaxı MDM 60 1
Lənkəran MDM 79 0 11
Quba MDM 58 0 2
Füzuli 29 0 7
Siyəzən (Səhiyyə Nazirliyi) 30 0
Gəncə Kardioloji Mərkəzin nəzdində Hemodializ şöbəsi (Səhiyyə Nazirliyi) 59 0
Naxçivan (Səhiyyə Nazirliyi) 51 0

Neft Şirkətinin Sosial, İnkişaf İdarəsinin mətbuat xidmətinin rəhbəri Əmrah Cəfərov isə xəstələrin tam şəffaf və növbəlilik prinsipi ilə hemodializ mərkəzlərinə yerləşdirildiyini deyir:

“Hemodializ mərkəzlərinə xəstələri yalnız Səhiyyə Nazirliyinin göndərişi ilə növbəlilik əsasında neft şirkəti yerləşdirir. Hansı mərkəzdə boş yer varsa, xəstələrə təmənnasız təklif olunur. Yenicə istifadəyə verilən Xızı Müalicə Diaqnostika Mərkəzində (MDM) 5 aparatla təchiz edilən hemodializ şöbəsi yaxın vaxtlarda fəaliyyətə başlayacaq".

Əmrah Cəfərov deyir ki, xəstə sıxlığı çox olan Qazax MDM-də 3, Qəbələ MDM-də 2, Şamaxı MDM-də 1, Bərdə və Şirvan MDM-nin hər birində 4 ədəd yeni hemodializ aparatı quraşdırılacaq.

Səhiyə Nazirliyi oktyabrın 30-u Ağdaşda 8 (ayda 48 xəstə) aparatla təchiz olunan hemodializ mərkəzi açıb. Ancaq o hələ fəaliyyətə başlamayıb. Sumqayıt və Mingəçevirdə də yeni hemodializ mərkəzlərinin yaradılması nəzərdə tutulur. Yuxarıdakı cədvəldən də göründüyü kimi, yeni hemodializ mərkəzləri xəstə sıxlığı çox olan rayonlarda yox, nisbətən az olan rayonlarda açılır.

"NEFT ÇIXARAN ŞİRKƏTİN SƏHİYYƏ XİDMƏTİ GÖSTƏRMƏSİ GÜLÜNCDÜR"

Zöhrab İsmayıl
Zöhrab İsmayıl
İqtisadçı ekspert Zöhrab İsmayıl Neft Şirkətinin sosial sahələrə maliyyə ayırmasını müsbət hal hesab edir. Lakin Neft Şirkətinin tibbi xidmətlə məşğul olmasını gülünc sayır:

"Diaqnostika Mərkəzlərinin rayon səhiyyə idarələrinə verilməsi nəzərdə tutulurdu. Lakin sonradan Neft Şirkəti qərara gəldi ki, bunları öz balansında saxlasın.

BP və ya "Statoil" səhiyyə xidməti ilə məşğuldur, deyilsə buna gülərlər. Neft çıxaran bir şirkətin, eyni zamanda səhiyyə xidməti ilə məşğul olması praktikası yoxdur. Məncə burada məqsəd Dövlət Neft Şirkətinin ildən-ilə artırdığı sosial vəsaitlərin mənimsənilməsidir.

Sosial xidmətlər üçün ayrılan pullar bahalı avadanlıqlar, ləvazimatlar, inşaat işləri aparmaqla mənimsənilir. Üstəlik adını pulsuz qoyub, bu sahəni öz inhisarlarında saxlamaqla qeyri-rəsmi pul qazanırlar".

MƏMUR MARAQLARI...

Böyrək xəstələrinin müalicəsi ilə bağlı araşdırma aparan "Ekspert" jurnalının redaktoru Dünya Sakit də Azərbaycanda dövlətin bu sahəni hələ də tam nəzarətdə saxlamasını başa düşülən saymır:

«Dünyanın heç bir yerində hemodializ tam dövlətin nəzarətində deyil. Bu da dövlətə ucuz başa gəlir. Nəinki dövlət özü bina tiksin, bahalı avadanlıqlar alsın və həmin
Dializ prosesi
Dializ prosesi
mərkəzləri saxlasın. Lakin özəl sektora daha çox imkan yaradılsa rəqabət artar, nəticədə də tibbi xidmət daha keyfiyyətli olar.

Dünyanın bir çox yerlərində hemodializ mərkəzləri yaradan «Baxter», «Gambro» şirkətləri daha əlverişli şərtlərlə Azərbaycanda da bu cür mərkəzlərin açılması ilə bağlı müraciətlər ediblər. Amma buna imkan verilməyib. Səbəbi məmurların marağında axtarmaq lazımdır".

MÜALİCƏ ALARKƏN BƏLA TUTURLAR...

11 yaşlı Məhəmməd Mehdizadə 2 ilə yaxındır 1 saylı şəhər xəstəxanasında hemodializ alır. Atası Rasəf Mehdizadə iddia edir ki, uşaq keyfiyyətsiz tibbi xidmət nəticəsində Hepatit virusuna yoluxub:

"Uşaqda böyrək digər funksiyaları yerinə yetirir, bircə kreatinin (qanda zərərli maddə) çıxarmadığı üçün qanı zəhərlənir. Dializ aldığı 1 saylı şəhər xəstəxanasını kolxoza çeviriblər. Körpə uşaqdan tutmuş yaşlı adama qədər, hər cür xəstə eyni otaqda hemodializ olunur. Uşağın hipatitə yoluxması yalnız bu prosesdə olub".

Dilaiz xəstələrinin tam müalicəsi üçün yeganə yol uğurlu böyrəkköçürmə əməliyyatıdır. Əgər xəstələrdə hər hansı virus aşkarlanarsa bu əməliyyat həyati təhlükə daşıyır.

25 yaşlı Xəyalə Şamıyevanın da qohum-əqrabası ona böyrək köçürülmə əməliyyatı
Səkinə Vəliyeva
Səkinə Vəliyeva
üçün pul toplayıblarmış. Amma anası Səkinə Vəliyeva deyir ki, qızı hepatit "C" virusuna yoluxub:

"Sonda məlum oldu ki, qız hepatit "C" virusuna yoluxub. Hepatit "C"-nin tam müalicəsi olmadığına görə 25 yaşlı gənc ömür boyu bir aparatdan asılı vəziyyətə düşdü. Həftədə 3 dəfə 3-4 saat aparatın altında ömrü keçəcək".

Səhiyyə Nazirliyinin rəsmisi Fariz Babayev isə dializ xəstələrinin hemodializ əməliyyatı zamanı virusa yoluxmalarını qeyri-mümkün hesab edir:

"Almaniyadan gətirilən tibbi ləvazimatlar xəstələrin yanında açılır və bir dəfə istifadə olunub atılır. Dializ xəstələrinin viruslara yoluxma tezliyi onlara tez-tez qan köçürülməsi, iynələrlə təması ilə bağlıdır".

70 XƏSTƏDƏN 45-İ HEPATİTƏ YOLUXUB

“Ümid” hemodializ Xəstələrinin İctimai Birliyinin sədri Zemfira Həsənova Azərbaycanda hepatit virusuna yoluxan xəstələrə dövlət qayğısını yetərli saymır:

"2004-2005-ci ildə bizim təşkilat 70 xəstənin analizlərini aparadı. 45 xəstənin qanında hepatit virusu aşkarlandı. Gigiyenik tələblərə tam əməl olunmaması nəticəsində dializ xəstələrinin 80 faizdən çoxu hepatitə yoluxub".

Dializ xəstələrinə köçürülən qan, onların qandan hazırlanmış xüsusi həblərdən istifadə etməsi də virusu yoluxma riskini artırır.

Ekspertlər deyir ki, hepatitə yoluxmanın ilkin mənbəyini adətən tapa bilmirlər. Çünki dializ xəstələri müxtəlif vaxtlarda və yerlərdə qanla təmasda olurlar.

Adil Qeybulla
Adil Qeybulla
Professor Adil Qeybulla deyir ki, bu xəstələrin virusa yoluxursa demək, onun qanı haradasa başqa qanlaq qarışıb:

"Amma dializ xəstələri müxtəlif mərhələlərdən keçir və bir mənalı olaraq bu xəstələrin harada virusu yoluxduğunu söyləmək mümkün deyil".

Adil Qeybulla hesab edir ki, əgər xəstələr hepatitə yoluxursa bununla bağlı dövlət səviyyəsində addımlar atılmalı, xüsusi komissiya yaradılmalı və yoxlamalar aparılmalıdır.

TENDER

Yerli medianın məlumatına görə Almaniyanın "Fresenius" şirkəti Heydər Əliyev Fonduna xəstələrin müxtəlif viruslara yoluxma ehtimalını azalmaq üçün 2 ədəd autoqemotransfusiya aparatı bağışlayıb. Şirkət, həmçinin 2006-cı ildə bu fonda ümumi dəyəri 200 min avro olan 10 ədəd hemodializ aparatı da hədiyə edib. Şirkət növbəti illərdə də fonda hədiyyələr verib.

İstər regionlarda, istərsə də Bakıdakı hemodializ mərkəzlərində məhz bu "Fresenius" şirkətinin avadanlıqlarından istifadə olunur. Hazırda Bakıda 187, regionlarda isə 112 dializ aparatı var. Səhiyyə Nazirliyinin məlumatına görə, hər il keçirilən tenderdə qalib gəldiyindən, "Fresenius" şirkətinin avadanlıqları alınır.
Dializ aparatı
Dializ aparatı

Bu tender nə vaxt keçirilib? Tenderdə hansı şirkətlər iştirak edib? Nəyə görə məhz "Fresenius" şirkətinin avadanlıqlarına üstünlük verilib? Bu suallarımızı nazirlik cavablandırmadı.

Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsində müxtəlif tender elanları haqda məlumatlar yerləşdirilsə də, hemodializ avadanlıqlarının alınması haqda məlumat yoxdur.

Halbuki “Satınalmalar haqda qanun”a əsasən bütün tenderlər açıq keçirilməlidir. Satınalmalar üzrə Dövlət Agentliyinin internet səhifəsində isə yalnız 2011-ci ildə keçirilmiş tenderlə bağlı məlumat var. Orada da qeyd edilir ki, Səhiyyə Nazirliyinin hemodializ avadanlıqlarının alınması ilə bağlı keçirdiyi tenderdə "Frezenius" Şirkəti qalib gəlib. Bunun üçün həmin şirkətə 819 min 638 manat vəsait ayrılıb.

33 MİN AVROLUQ DİALİZ APARATI...

2011-ci ilin iyulunda Naxçıvandakı hemodializ mərkəzləri üçün 4 ədəd “Fresenius Medical Care-4008-S” markalı aparat alınıb. “Fresenius" şirkətinin rəsmi internet səhifəsində bu aparatın satış qiyməti 33 min avro göstərilir.

Müqayisə üçün bildirək ki, Medservis Özəl hemodializ Mərkəzində isə "Gambro" şirkətinin dəyəri 12 min 300 avro olan avadanlıqlarından istifadə olunur. Söhbətləşdiyim xəstələr aparatlar arasında heç bir fərq olmadığı qənaətindədir.

Mütəxəssislər isə bildirirlər ki, əslində hemodializ aparatlarının funksiyası yalnız qanın sirkulyasiyasını təmin etməkdir. Onun keyfiyyətinin qiymətə ciddi təsiri yoxdur, bahalığa təsir edən əsasən aparata qoşulan bir dəfəlik filtrlər və borulardır.

Natiq Cəfərli
Natiq Cəfərli
Ekspert Natiq Cəfərli hesab edir ki, Heydər Əliyev Fonduna edilən hədiyyələr əvəzində tenderlərdə həmin şirkətin qalib gəlməsi başa düşüləndir.

"Fresenius" Şirkəti isə AzadlıqRadiosunun bu tender və hədiyyələrlə bağlı suallarını kommersiya sirri ilə əsaslandıraraq cavablandırmaqdan imtina etdi.

QAPISI BAĞLI ŞÖBƏ...

2010-cu ilin yanvarında prezident İlham Əliyevə Respublika Klinik Uroloji Xəstəxanasının təmirdən sonrakı açılışında deyilib ki, burada Böyrəkköçürmə şöbəsi də yaradılıb. Lakin açılışdan iki ilə yaxın vaxt keçsə də xəstəxananın tərkibindəki böyrəkköçürmə şöbəsi hələ də fəaliyyətə başlamır. Buna görə də böyrəkköçürmə əməliyyatı üçün xəstələr əsasən Türkiyə və İrana getməli olurlar.

NAZİRLƏR KABİNETİNİN RAZILIĞI...

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbər Anar Qədirli isə deyir ki, həmin şöbə bütün zəruri avadanlıqla təchiz olunub:

"Sadəcə, orqan transplatasiyası üçün mütləq Nazirlər Kabinetində qeydiyyatdan keçmək lazımdır. Biz bununla bağlı Nazirlər Kabinetinə müraciət etmişik. Yəqin ki, yaxın vaxtlarda müraciətimiz cavablandırılacaq".

MÜTƏXƏSSİS RƏYİ...

Ekspert Aqil Qeybulla isə dializ xəstələrinə tibbi xidmət göstərilən zaman yaranan problemləri düzgün mexanizmlərin tətbiq olunmaması ilə izah edir:
...indi Ziyafət xanıma növbə yetişməsi üçün qeydiyyata düşmək istədiyi xəstəxanada ya iki böyrək xəstəsi vəfat etməli, ya da həmin xəstəxanaya əlavə hemodializ aparatı gətirilməlidir...

"Əvvəla hemodializ xəstələri ilə bağlı rəsmi və real statistika arasında kəskin fərq var. Özəl sektora imkanlar yaradılmır, tibbi sığorta hələ də tətbiq olunmur".

Bədəni zəhərli maddələrdən yuyulduqdan sonra Ziyafət Qafarova yenidən Respublika Klinik Xəstəxanasına aparılır. Oğlu Azər Qafarov deyir ki, bir kateterin qoşulması onlara 310 manata başa gəldi. Xəstə indidən sonra həftədə üç dəfə hemodializ seansından keçməlidir.

Ziyafət Qafarovanın yaşadığı Şəki rayonunda hemodializ mərkəzi olmadığından onlar Zaqatala Diaqnostika Mərkəzində növbəyə durmağı planlaşdırırlar. Ziyafət Qafarovanın növbəsi çatana kimi hər seansı üçün 70 manat ödəməlidirlər. Amma onun pulsuz müalicəyə növbəsinin çatmasına hələ qalır. Çünki sıradan ondan əvvəldə növbə gözləyən daha iki xəstə var.

Yəni, indi Ziyafət xanıma növbə yetişməsi üçün qeydiyyata düşmək istədiyi xəstəxanada ya iki böyrək xəstəsi vəfat etməli, ya da həmin xəstəxanaya əlavə hemodializ aparatı gətirilməlidir...


Araşdırma Scoop Qafqaz layihəsinin dəstəyi ilə hazirlanib.
XS
SM
MD
LG