Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:34

İranda ərzağın qiyməti kəskin bahalaşıb


Arxiv foto
Arxiv foto
-

«The Financial Times» qəzeti yazır ki, bugünlər İranda yaşayanların diqqəti bu ölkəyə qarşı gözlənilən yeni sanksiyalar, hətta hərbi əməliyyatlar ehtimalı ilə yanaşı, həm də ərzağın qiymətinin sürətlə artmasına yönəlib.

Mərkəzi Bankın rəhbəri Mahmud Bahmani dünən bildirib ki, ölkədə illik inflyasiya 19,1 faizdir. Lakin iqtisadçılar, market sahibləri və istehlakçılar deyirlər ki, qiymətlər hökumətin elan etdiyindən dəfələrlə çox artıb.

YUMURTANIN QİYMƏTİ YARIBAYARI ARTIB

Mağaza sahibləri deyir ki, iyun ayından südün qiyməti azı 30 faiz, pendir və yağ 40 faiz, yumurtanın qiyməti isə 50 faiz artıb.

Təbriz şəhərinin sakini Naidə AzadlıqRadiosuna deyir ki, qiymətlər çox artıb. Adamlarsa artıq bu bahalaşmaya öyrəşib:

«Qiymətlər bahalaşıb. Əgər bir neçə ay əvvəl yumurtanı 200 tümənə (təxminən 1.5 qəpik) alırdıqsa, indi 300 (təxminən 2 qəpik) tümənə alırıq. Hər şey bahalaşıb. Bahalıq hər şeydə hiss olunur. Camaat buna öyrəşib».

Elə «The Financial Times» qəzeti də yazır ki, on illərdir İranda əhali ikirəqəmli inflyasiyaya öyrəşib. Ötən ilin dekabrından hökumətin həyata keçirdiyi islahat proqramı elektrik enerjisi və digər kommunal xərclərə görə dövlətin ayırdığı subsidiyaları kəskin azaldıb. Bu da həyat şəraitini olduqca çətinləşdirib.

Beynəlxalq Valyuta Fondu həmin islahat proqramını müsbət qiymətləndirir.

Müşahidəçilərin çoxu isə bildirir ki, bu, sosial iğtişaşlara gətirib çıxara bilər. Qiymət artımının təsirini azaltmaq üçün İran deputatları daha çox ehtiyacı olan ailələr üçün kiçik aylıq ödənişlər müəyyən edib. Prezident Ahmadinejad hökuməti isə parlamentin müəyyən etdiyi həmin məbləği ikiqat artırıb. Üstəlik, həmin aylıq ödənişi təkcə ehtiyacı olanlara yox, bütün İran vətəndaşlarına şamil edib.

İran parlamenti
İran parlamenti
Deputatlar və iqtisadçılar isə Ahmadinejadın bu səxavətli addımını tənqid edir. Onlar bildirir ki, həmin addım inflyasiyanın sürətlənməsinə, büdcə kəsirinin artmasına səbəb olacaq. Bununla belə aylıq ödənişlər hələ davam edir. Əhalidə isə narazılıq azalmayıb.

36 MANAT BİR GÜNLÜK BAZARLIĞA ÇATIR

Orta təbəqəyə aid bir ailədə evdar qadın olan Simin deyir ki, «bir neçə ay bundan əvvələ qədər 50 min tümən (təxminən 36 manat) üç günlük bazarlığa bəs edirdi. İndi isə həmin məbləğ bir günə çatır. Bu dəhşətdir».

Rejimin tənqidçiləri isə yeni iğtişaşların mümkünlüyü haqqında xəbərdarlıq edirlər. Onlar deyirlər ki, ailələrə ödənilən aylıq nağd ödənişlər etiraz aksiyalarını yalnız təxirə salıb.

Keçmiş hökumət rəsmilərindən biri deyir ki, gec-tez İranda iqtisadi səbəblərə görə kortəbii etirazlar baş qaldıracaq. Ciddi beynəlxalq təzyiqlərlə üz-üzə qaldığı vaxtda hökumətin həmin problemi aradan qaldırması daha da çətin olacaq.
XS
SM
MD
LG