Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:29

«Eurovision» dinləmələri başladı


Eurovision-nun ilk dinləmələri
Gözlə

No media source currently available

0:00 0:02:55 0:00

Eurovision-2012 Mahnı Müsabiqəsində iştirak etmək üçün 119 nəfər sənəd verib. Noyabrın 3-də onlardan 40 nəfərinin ilk dəfə ifaları dinlənib. Bu mərhələni keçənlər Milli Seçim turunun əsas mərhələsinə adlayacaq və İctimai TV-nin canlı efirində yarışacaqlar

«Eurovision 2012» Mahnı Müsabiqəsində Azərbaycanı təmsil etmək üçün 119 nəfərin mübarizəsi başlandı. Noyabrın 3-dən start götürən ilkin dinləmələrə qatılanlar 3 gün ərzində ifalarını nümayiş etdirəcəklər. Bu mərhələni keçənlər Milli Seçim turunun əsas mərhələsinə adlayacaq və İctimai TV-nin canlı efirində yarışmağa başlayacaqlar.

Azərbaycanı «Eurovision 2012» müsabiqəsində təmsil etmək arzusunda olanlar saat 11-dən sonra bir-birinin ardınca İctimai Televiziyaya gəlirdilər.

Onlardan biri- Orxan Kərimli AzadlıqRadiosuna deyir ki, bu müsabiqə üçün 2 ildir xüsusi müsiqi dərslərinə gedir və bu il Azərbaycanı «Eurovision»da təmsil etməyə tam hazırdı:

«Müsabiqədə qalib gəlmək şansım yüksəkdir. Çünki 2 ildir hazırlaşıram».

Aysel Quluzadə isə «Eurovision 2012»də milli musiqiləri rok janrı ilə sintez edərək özü bəstələdiyi mahnıları ifa etmək arzusundadır.

MİLLİ, YOXSA AVROPA MUSİQİSİ?

Müsabiqəyə gələnlərin əksəriyyəti bu dəfə müsabiqədə milli musiqi ilə təmsil olunmaq istəyirlər. İştirakçılardan biri- «Bakı Payızı» Müsabiqəsinin laureatı Kamran Abdullayev:

«Səhnə tərtibatından tutmuş, nömrələrə kimi hər şey milli olmalıdır».

Aysel Quluzadə: «Mən bu il istərdim Alim Qasımov Azərbaycanı təmsil etsin. Çünki bir dəfə bu müsabiqədə qalib gəlmişik. Artıq Azərbaycanı və onun milli musiqisini təqdim etməliyik».

Musa Əbdüləzimov
Musa Əbdüləzimov
Musa Əbdüləzimov: «Mən istəyərdim ki, milli ornamentlər olsun, amma Avropa müsiqisi ilə birlikdə. Çünki Azərbaycanı Avropada təmsil edirik».

Noyabrın 3-də keçirilən ilkin dinləmələrdə 40 iştirakçı ifa edib. Münsiflər heyətində isə əməkdar artist Tünzalə Ağayeva, «Eurovision» üzrə musiqi koordinatoru Zəhra Bədəlbəyli, İctimai TV-nin aparcıları Leyla Quliyeva və Hüsniyyə Məhərrəmova təmsil olunur.

BAKI MÜSABİQƏYƏ HAZIRLAŞIR

Azərbaycan ötən il Almaniyanın Düsseldorf şəhərində keçirilən «Eurovision 2011» müsabiqəsinin qalibi olub. Gələn il müsabiqə Bakıda keçiriləcək.

Təşkilat Komitəsinin üzvü, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov deyir ki, müsabiqəyə hazırlıq yüksək səviyyədə gedir:

«Müsabiqənin keçiriləcəyi məkan, loqonun təyin olunması və başqa məsələlər üzərində ciddi iş gedir. Heç bir geriliyə və heç bir yanlışlığa yol verilmədən çox diqqətlə və peşəkarcasına işimizin öhdəsindən gəlməyə çalışırıq. Bu işlərdə Avropa Yayımlar Birliyi də daim bizimlədir».

«Eurovision 2012» Mahnı Müsabiqəsi üçün bir neçə məkan təklif olunub, «Bayraq Meydanı» yaxınlığında yeni konsert kompleksi də tikilir. Ancaq hələlik yarışmanın harada keçirilməsinə yekun qərar verilməyib.
XS
SM
MD
LG