Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:26

«Gülümsəyin, bakılılar! Gülümsəyin!»


Səidə Qocamanlı
Səidə Qocamanlı
«Hər bir bakılı «Eurovision» Musiqi Festivalının hazırlığına öz töhfəsini verməyə hazır olmalıdır».

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramının oktyabrın 12-də ««EUROVISION» SAKİNLƏRDƏN HAZIRLIQ İSTƏYİRMİ?» mövzusunda açdığı müzakirəyə qoşulan hüquq müdafiəçisi Səidə Qocamanlı söylədi.

Belə mötəbər musiqi yarışmasının Bakıda keçiriləcəyindən qürur duyduğunu deyən Səidə xanım əlavə etdi ki, «musiqi bayramı hər bir bakılının qarşısında böyük məsuliyyət qoyur. Bu işi layiqincə görmək həm bizim özümüzdən asılıdır, həm də Bakını idarə edənlərdən».

BAKINI ŞƏN VƏ GÖZƏGƏLİMLİ ETMƏLİYİK

Səidə xanım şəhəri şən və gözəgəlimli etməyin tərəfdarıdır: «O böyük insan axını Bakını dolduranda, doğrudan da Şərqdə Avropa üslublu bir şəhərə gəldiyini hiss etməlidir. Mən demirəm ki, şəhərimiz pisdir. Şəhər abadlaşır. Düzdür, bəzən yaşıllıqlar məhv olunur və onun yerinə iri, uzun, xoşagəlməz göydələnlər tikilir. Amma yarışma ərəfəsində elə bir anturaj yaratmaq lazımdır ki, şəhərimiz gözəgəlimli olsun».

BİZİ «TORQOVI»YA YOX, QAÇQINLAR YAŞAYAN YATAQXANAYA APAR...

Səidə xanım Bakı şəhər İcra Hakimiyyətinə bir məsləhət də verməyi unutmadı: «Yaxşı olardı ki, mərkəzi küçələri rahat buraxıb kənar küçələrə baxsınlar. Hər il mərkəzi küçələrin qazılması, təzədən asfaltlanması, binaların qaşınması şəhər sakinləri arasında lətifə mövzusuna çevrilib. Axı, gələn qonaqlar təkcə «Torqovı»nı, «Fəvvarələr meydanı»nı gəzməyəcəklər. Qıraq yerləri də görmək istəyəcəklər. Bir dəfə Bakıya polyak dostlarımız gəlmişdi-- beynəlxalq konfransa. Dedim sizi hara aparaq? Dedilər, biz neçənci dəfədir Bakıya gəlirik. Şəhərin mərkəzini görmüşük. Bizi qaçqınlar yaşayan yataqxanalara aparın. Adını da çəkə bilərəm--Polşanın «Solidarnost» hərəkatından Marek Novitski idi. «Gənclik» tərəfdəki yataqxanalara apardıq, çox ürəkağrısı ilə oranı gəzdilər. Biz buna da hazır olmalıyıq».

BAŞINDA ŞARIN QURBANI...

S. Qocamanlı «20 Yanvar meydanı»ndan o yana keçəndə və mikrorayon binalarının xoşagəlməz fasadlarını görəndə, keçirdiyi hisləri də anlatdı:

«Yaxud da Bakıda ilk 16 mərtəbəli göydələn olan, başı şarlı binanın rekonstruksiya olunmuş tutqun fasadını görəndə, adam fikirləşir ki, bu doğrudanmı neft gəlirli Bakıdır, yoxsa Harlem?».

Elçin Əliyev
Elçin Əliyev
MEMARLIQ BAKININ VİZİT KARTIDIR

Verilişin qonağı memar Elçin Əliyev memarlığı şəhərin vizit kartı adlandırdı: «Bakı gözəl şəhərdir. Amma yeni tikililər müsabiqəsiz inşa olunur. Bəzən də düz mərkəzdə elə göydələnlər ucaldılır ki, onu hətta şəhər kənarında tikmək ayıb sayılar. Çox vaxt da bu işi səviyyəsiz əcnəbi memarlara etibar edirlər. Halbuki bizim yüksək səviyyəli memarlarımız var».

GÜLÜMSƏYİN, BAKILILAR!

Elçin Əliyev «Eurovision» müsabiqəsinə hazırlığı gülümsəməkdən başlamağı tövsiyə etdi: «Bir qrup memarla təzəlikcə Tokiodan—Ümumdünya Memarlıq Konqresindən qayıtmışıq. Orada inkişaf etmiş Avropa ölkələrində olduğu kimi, nəzərimizi nə çəkdi? Gülümsəmək... Bir neçə gündən sonra baxdıq gördük biz də onlar kimi gülümsünürük.—SƏBƏBSİZ! Azərbaycan insanı xaricdə olanda, buna öyrəşir. Amma təəssüf ki, geri qayıdanda, elə aeroportdaca bizim yorğun və hirsli üzlərimizlə qarşılaşırsan. Başa düşürəm ki, bunu doğuran səbəblər ola bilər. Amma fikrimcə, insanlar mütləq gülümsəməlidirlər».

«EUROVISION» ŞƏKİDƏ OLSUN?!

«Eurovision paytaxtının sakini» devizi ilə layihə həyata keçirən «Ortaq dəyərlər» İctimai Birliyinin rəhbəri Aqil Camal müsabiqəyə hazırlığın iki subyektindən danışdı: «Biri şəhərin görünüşüdür. İkincisi, ictimai mühitdir. Bunların ikisi də bir-biri ilə vəhdətdə olmalıdır ki, Azərbaycan bu beynəlxalq müsabiqədə özünü göstərə bilsin. Ancaq təəssüf ki, bu iki faktor vəhdət təşkil etmir. Nə qədər təmir-tikinti getsə də, şəhərin ictimai mühiti ona adekvat deyil. İndi Bakıda bir yekcinslik yoxdur. Son 15-20 ildə bu dağılıb. Mən şəxsən müsabiqənin Şəkidə keçirilməsinin tərəfdarı olardım. Çünki Şəkidə şəkililər var, yekcinslik var.
Aqil Camal
Aqil Camal
Həm də, Elçin bəyin söylədiyi gülümsər üzlər var. Avropadan gələnlər üçün ora daha maraqlı ola bilər».

QONAQLAR TƏKCƏ GÖZƏLLİKLƏRİ ÇƏKMƏYƏCƏKLƏR

Aqil Camal gələn qonaqların təkcə şəhərin gözəlliklərini çəkməyəcəklərini bildirdi: «Onlar şəhərin kənar məhəllələrində olan yataqxanaları, eyvandan asılan paltarları—hər şeyi, hər şeyi çəkəcəklər. Odur ki, sakinlər özləri də hazırlıqlı olmalıdır. Bizim layihədə də əsas məqsəd ictimaiyyətlə işdir. Şəhərdə zibil qablarının məhdud şəkildə olması nəticədə elə şəhərin zibillənməsinə gətirib çıxarır. Divarlara kütləvi şəkildə elanların yapışdırılması, sayt və bloqların yazılması, sürücülərin davranış qaydaları, geyim tərzi, sərnişin avtobuslarının hər gün yuyulmaması «Eurovision» paytaxtına, onun sakininə yaraşmaz».

BAKILILAR ƏLVAN GEYİNSİNLƏR

Aqil Camal bu qısa vaxtda bir layihə çərçivəsində buna nail olmağın mümkünlüyünü şübhə altına alsa da, başqa bir təklif də səsləndirdi: «Yaxşı olardı ki, televiziya vasitəsilə müxtəlif reklam rolikləri göstərilsin. Təşkilat Komitəsinin sifarişilə həm insanların davranışı, təmizliyə əməl olunması, həm Elçin bəyin təklif etdiyi gülümsər üzlər, həm də Səidə xanımın arzuladığı al-əlvan geyimlər (Səidə xanım yarışma dövründə şəhər xanımlarına qara paltardan əl çəkib al-əlvan geyimə bürünməyi məsləhət görmüşdü--S.İ.) barədə reklam filmləri çəkilsin».

-- Səidə xanım «Eurovision»u hansı şəhərdə görmək istədiyini dedi?
--Metro stansiyalarına hansı xatırlatmaları vurmağı vacib saydı?
--Gələn qonaqları şəhərdə daha nəyin dəhşətə keçirəcəyini bildirdi?
--Səidə xanımın fikrincə, qısa müddətdə Bakıda problemləri həll etmək olacaqmı?
--Elçin Əliyev şəhəri abadlaşdırmaq adı ilə binaların üzlənməsindən, qaşınmasından, ağardılmasından nələr dedi?
--Aqil Camal şəhər dilənçilərindən qurtulmaq üçün hansı üsula əl atmağı məsləhət gördü?
--Qonaqlarımız bu müsabiqəni siyasiləşdirməyin əleyhinə oldu, ya lehinə?
--Müzakirədə söz azadlığı, sərbəst toplaşmaq azadlığı, həbsə atılan 2 Aprel dustaqları barədə nələr söyləndi?


Bu maraqlı söhbəti mütləq dinləyin.
XS
SM
MD
LG