Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:15

Rasim Qaraca: "Yalnız tərifləyib tənqidi cəhəti göstərməmək riyakarlıqdır"


"Pen klub" proqramı, 29 sentyabr, 2011
Gözlə

No media source currently available

0:00 0:45:45 0:00
Direct-ə keçid

"Pen klub" proqrqmı, 29 sentyabr, 2011

- Bu günlərdə Kamal Abdullanın "Unutmağa kimsə yox" romanı haqqında Rövşən Qəmbərovun "Kamal Abdullanı xorla tərifləmək" adlı tənqidi yazısı çıxdı.

Vaxtilə Kamal Abdullanın "Yarımçıq əlyazma" romanı çap olunandan sonra da belə bir kampaniya vardı, yəni çoxlu təriflər yazılırdı.

Onda ilk tənqidi məqaləni mən yazdım. Kifayət qədər sərt tənqidi fikirlər var idi orda. Yanılmıramsa “Alatoran” jurnalının 7-ci sayında dərc olunub.

İnanın, mənə belə deyənlər də oldu ki, nə əcəb bu əsəri tənqid edən bir nəfər tapıldı. Amma bu hadisə Kamal Abdulla ilə mənim münasibətlərimə heç bir təsir etmədi. O, normal qarşıladı.


Əsəd Cahangir:

Nəyə görə Azadlıq Radiosunun "Oxu zalı" Pərvizin, Aqşinin, Nərminin romanlarını müzakirəyə çıxardı, amma Kamal Abdullanın romanı kənarda qaldı?

Görürsüz, tale özü - Rövşən istəmədən - Kamal Abdullanın romanını müzakirəyə gətirdi.

Əsərlər haqda yazan adamlar bu baryeri aşa bilmirlər. Özləri üçün bir büt yaradırlar və hesab edirlər ki, onu ancaq tərifləmək lazımdır...

Bunu Azadlıq Radiosunun "Pen klub" verilişindəki müzakirədə şair Rasim Qaraca söyləyib.

Mövzu belə olub: Azərbaycanda kitab müzakirələri necə keçirilir? Yazıçılar öz əsərlərini bacardıqca təbliğ edirlər, bəs ədəbi tənqid öz üzərinə düşən vəzifəni yerinə yetirirmi? Müzakirəyə tənqidçi Əsəd Cahangir və yazıçı Zümrüd Yağmur da qatılıblar.

Rasim Q:

- Onu da deyim ki, tənqidçinin rəyi mənimçün o qədər də onəmli deyil. Yaxşı yazıçının rəyi önəmlidir.

Çünki yaxşı yazıçı ədəbi mətnin dadını daha yaxşı bilir. Əsəd bəy sözü özünə götürməsin, tənqidçilər adətən bədii mətn yaratmaqda uğursuzluğa uğramış insanlar olur.

Əsəd C:

- Yox, özümə götürmürəm. Çünki mən özümü, sadəcə, standart, ənənəvi tənqidçi saymıram.

Bədii əsərlər müəllifiyəm. İki böyük poema yazmışam, roman üzərində işləyirəm. Esselərim var. Ona görə sizinlə tam razıyam.

Zümrüd Y:

- Bütövlükdə ədəbiyyatımızda ən dar çərçivədə götürsək, yazarlararası münasibətlər necədirsə, hansı naqis keyfiyyətlər varsa, tənqidin ədəbiyyata münasibəti, yaxud tənqidçilərlə yazarlar arasında da elə münasibət formalaşır.

Mən yenə də öz sərt mövqeyimdən çıxış edərək bunu münasibətlərin hər iki tərəfdən xəstə forması hesab edirəm.

Bizim ədəbiyyatımızda xaotik bir durum var. Əslində bizdə indi ədəbiyyata elə bir kütləvi axın var ki, burada kimin necə olduğunu müəyyən etmək də çətindir.

Hər yazan öz yazısını şedevr sayır. Saytlara göndərir, çap etdirir, qarşı tərəfdən - tənqidçilərdən də çox böyük gözləntiləri olur.


Zümrüd Yağmur

Bu gözləntilər özünü doğrultmayanda da deyir ki, tənqidçilər onun şedevrinə qərəzlə yanaşırlar. Bu, yazarın tənqidçi haqqında yanlış düşüncəsi.

Tənqidçinin isə ədəbiyyat, yazar haqqında yanlış düşüncəsi, ən böyük bəlası odur ki, mətnə yox, şəxsə tənqidi yanaşır. Bu, bizdə faciəvi durumdadır.

Və mən sizə deyim ki, bu, təkcə ədəbiyyatımızda belə deyil. Yazılan elmi işlərdə, onlara verilən rəylərdə şəxsi münasibətlər ön plana keçir.

Bu şəxsi münasibətlərin, pis mənada dostluqların, süfrəarxası söhbətlərin ədəbi proseslərin üstünə keçməsi nəticədə tənqidçi-ədəbiyyat münasibətini qeyri-sağlam bir formaya gətirir. Bu günkü durum da onun nəticəsidir.

Məsələn, bir də görürsən yazar müsahibə verərək deyir ki, tənqidçilər ona paxıllıq edir. Bu, yazarın tutduğu ən yanlış yoldur.

Nə yazıq ki, bizdə bunu özünə sığışdıran yazıçılar olduğu kimi sifarişlə yazan tənqidçilər də var.

Rasim Q:

- Bu yaxında "Oxu zalı"nda Rafiq Tağının Mirzə Ələkbər Sabir haqqında məqaləsi çap olundu. Buna reaksiyalar göstərdi ki, bizdə bütpərəstlik yüksək həddədir.

Nəinki diri, hətta dünyasını dəyişmiş yazarlara da büt kimi yanaşanlar çoxdu.

Məsələn, Kamal Abdulla bizim ədəbiyyatımızda Anar, Elçin və hazırda yazıb yaradan digərləri ilə müqayisədə çox pozitiv adamdır.

Yəni bu adamın ədəbiyyata qayğısı hiss olunur, rektoru olduğu Bakı Slavyan Universitetində yaradıcılıq fakültəsi yaradıb, yaradıcı gənclərə dəstək verir. Amma bu, onun şəxsiyyəti ilə bağlı məsələdir.

Amma onun yaradıcılığından söhbət gedirsə, burda şəxsiyyətin keyfiyyətləri deyil, yaradıcılığın özü nəzərə alınmalıdır. Dolayısı ilə demək istəyirəm ki, bizdə bütpərəstlik çox güclüdür.

Söhbət ondadır ki, bizdə tənqidin azərbaycanvari çalarları var: narıncı, çəhrayı, sarımtıl və digər tənqidlər…

İlqar R:

- Əsəd bəy hansı çalardadır ?

Əsəd C:

- Məndə rəngsizdir…

Rasim Q:

- Kiminsə haqqında yazı yazılırsa, onun bütün tərəfləri haqqında danışılmalıdır. Məsələn, götürək Heydər Əliyev haqqında yazıları.



Onun haqqında çoxlu təriflər yazılır. Rafael Hüseynov, Anar Rzayev onun haqqında efirdə danışırlar, hətta kitab yazırlar.

Amma yalnız tərifləyirlər. Düzdür, Heydər Əliyev nəhəng bir şəxsiyyət olub. Həqiqətən də tərifli cəhətləri çoxdur.

Azərbaycan siyasətinin yetirdiyi bir meyvə olub, tarixi şəxsiyyətdir, gözəl yaddaşı, siyasi yzaqgərənliyi olub. Amma heç bir insan ideal deyil. Kiminsə haqqında danışılırsa, onun qüsurları da göstərilməlidir.

Amma bu tərifləyənlər - bu, şəxsən mənim öz fikrimdir - haqqında yazdıqları şəxsin müsbət cəhətləri ilə yanaşı tənqidi cəhətlərini də göstərə builmirlərsə, o, riyakarlığın ən üstün formasıdır.

Yəni tərifləyir, tənqidi tərəflərinisə dilə gətirmir.

Düzdür, məsələn, ola bilər təriflədiyi cəhət doğrudan da tərifə layiqdir, amma yalnız tərifli cəhətləri göstərməklə riyakarlıq edir. Bu məsələnin başqa tərəfi də var.

Məsələn, görürsən ki, müxalifətçi köşə yazarıdır, daim Heydər Əliyevi tənqid edir, yalnız mənfi cəhətlərindən yazır, bir dəfə də olsun tərifli xüsusiyyətlərini dilə gətirmir.

Bu da riyakarlığın başqa bir formasıdır. Bu söhbət ədəbiyyata da aiddir.

Məsələn. bizdə bir sürü tənqidçi - Əsəd bəy də bağışlasın - var, ancaq onlar bizim bu dırnaqarası böyük yazıçılarımızı –Anarı, Fikrət Qocanı, digərlərini tərifləməklə məşğuldular.

Bəs bunları kim tənqid edəcək, bunların tənqidi tərəfi yoxdur? Yəni bu birtərəfli tənqid və birtərəfli tərif bizim ədəbi prosesin sağalmaz xəstəliyidir. Biz bu şeylərə ayıq gözlə baxmalıyıq.

İlqar R:

- Əsəd bəy, kim tənqid edəcək?

Əsəd C:

- Əvvəla deyim ki, insanın hansısa təşkilatın üzvü olması onun daxilindəki azadlığı qəti əlindən ala bilməz. Və bunun ən canlı örnəyi mənəm. 12 ildən artıqdır ən böyük ədəbiyyat təşkilatının -AYB-nin üzvüyəm, orada çalışıram.

Yeri gələndə ən sıravi üzvündən tutmuş generallarına qədər orada tənqid eləmədiyim adam qalmayıb.

İlqar R:

- Bir neçəsinin adını deyin...

Əsəd C:

- Bunu hamı bilir. Kimləri tənqid etməmişəm mən..

Rasim Q:

- Əsəd heç vaxt mənim haqqımda müsbət söz deyə bilməz. Çünki bu, AYB-dəki ağalarına xoş gəlməyəcək...

Əsəd C:



- Səni Nizami Cəfərov (dilçi alim, deputat - İ.R.) tənqid edəndə mən onun əleyhinə çıxıb səni müdafiə eləmişəm. Nizami Cəfərova hörmətim var. Mənim müəllimim, elmi rəhbərim olub.

Çox böyük hörmətim var. Azərbaycan türkologiyasının lideridir, Azərbaycan filologiyasında da....

Rasim Q:

- Gəl bunları saxlayaq sonraya.....

Zümrüd Y:

- Tərifləyib sonra baş kəsməyə çalışırsız...

Əsəd C:

- Bütün bu hörmətlərimə baxmayaraq ona qarşı çıxmışam. Kim müdafiə etməmiş öz elmi rəhbərinin əleyhinə çıxa bilər?

Bunu respublikada bircə mən eləmişəm. Nizami Cəfərov səni tənqid edəndən sonra mən yazı yazıb müdafiə elədim. Səhəri gün sən mətbuatda təhqiramiz bir yazı ilə mənə cavab yazdın. Mən şoka düşdüm.

Rasim Q:

- Xatırlamıram. Amma təhqiramiz ola bilməz.

Əsəd C:

- Yazının adı da yadımdadır. Amma adı o qədər biabırçıdır ki, onu barada demək istəmirəm. Mən barəmdə o yazının yazılmasını bilmirəm hansı məntiqə bağlayım.

Rasim Q:

- Azad fikir məntiqinə.

Əsəd C:

- Bilirsən Rasim, sənin tənqidlərində tənqid etmək xatirinə tənqid var. Sən məni də ona görə tənqid etmişdin.

Yəni bununla demək istədin ki, baxın, o məni müdafiə etdi, mən isə onu tənqid etdim. Sən Kamal Abdullanı da ona görə tənqid etmisən. Sənin bütün tənqidlərinin arxasında mən bu məntiqi görürəm.

Bəlkə heç o, tənqidə layiq deyil? Bəlkə Kamal Abdulllanın romanı doğrudan da tərifəlayiqdir.

Münasibəti mətn müəyyənləşdirməlidir. Sənsə seçimində "Birmənalı şəkildə hamı tənqid olunmalıdır, inkar mübarəkdir, hər şey rədd olunmalıdır" məntiqinə üstünlük verirsən.

Rasim Q:

- Yaxşı oxumamısınız yazımı. Çünki mən başqaları ilə yanaşı sizin haqqınızda da yaxşı sözlər demişəm.

Əsəd C:

- AYB-nin min beş yüz üzvü var, hamısını tənqid etmişəm. Hətta oturub çörək yediyimi də.

Amma Rasim kimi tənqid etmək xatirinə yox. Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı Azərbaycanın ilk ciddi postmodernist romanıdır. Böyük bir alim təfəkkürü ilə, kifayət qədər normal bir yazıçı istedadının sintezi var orada.

İlqar R:

- İndi onu tənqid etmək olmaz?

Əsəd C:

- Yox, söhbət ondan getmir ki, onu tənqid etmək olar, ya olmaz. Yəni axı sən bunu nə deyib tənqid etməlisən.

Yəni bu, bədii cəhətdən qənaətbəxşdir. İdeya baxımından çox orjinaldır, yenidir, lazımlıdır, hələ bir az da gecikibdir.

Əvvəlcə bunun təqdirəlayiq cəhətlərini demək, göstərmək lazımdır, ondan sonra tənqid etmək barədə düşünmək olar də.


İlqar Rəsul

Yəni Kamal Abdulla bir rektor olduğu üçün onu tərifləmək lazım deyil. Amma rektor olduğuna görə, onun bədii nailiyyətlərinin üstündən xətt çəkmək də lazım deyil.

Zümrüd Y:

- Kamal Abdullanı birinin tərif, digərinin tənqid etməsinə normal yanaşmalıyıq. Çünki burada zövqlərin toqquşması da var. Bir tənqidçinin zövqünü oxşayan bir əsər başqa birisini qane etməyə bilər.

Məsələyə bax bu cür sakit yanaşmaq lazımdır. Bizim ədəbiyyatda ən böyük problem odur ki, biz özümüzə lazım olduğundan çox mənalar yükləyirik.

Və nəticədə o mənalar gəlib gerçək məna ilə üz-üzə dayananda onların nə qədər boş olduğunu görürük.

Əsəd C:

- Zümrüd xanım, kim qeyri-sakit yanaşır ki? Kərbəlayi İsmayılın Abasqulu bəyə bir sözü var, deyir “mənə dəyən təpik kimə dəysəydi yeddi dəfə silah götürərdin”.

Bəlkə də bu son on ildə Azərbaycanda ən çox təhqir olunan, ən çox tənqid olunan, sağdan da, soldan da haqqı ən çox tapdalanan birinci Anar müəllimdir, ikinci mən.

Mənim də Anar qədər böyük vəzifəm yoxdur ki, mənə qarşı hücumların da miqyası o qədər geniş olsun.

Yalnız buna görə ikinci yeri tutram. Yoxsa bəlkə də birici yeri tutardım. Və bunların hamısını çox sakit qarşılamışam.

Zümrüd Y:

- Əsəd bəy, mən qətiyyən sizə cavab vermirəm və ümumiyyətlə ədəbiyyat məsələsinin şəxsiyyətlər üzərindən yürüdülməsinin əleyhinəyəm. Məncə tənqid mətnlər üzərindən yürüdülməlidir.

Mən özüm də tənqidlə məşğul olmuşam. Bir nəfər deyə bilməz ki, Zümrüd Yağmur kiməsə şəxsi münasibətlər üzündən tənqid, ya da tərif deyib. Mənim zəif əsəri tənqid etməyimlə bağlı bir məqalə də ortalığa çıxarda bilməzsiniz.

Mən doktorluq işimi Caviddən, tənqid etdiyim Anardan, Elçindən yazmışam. Mənim doktorluq işim “60-90-cı illərdə Azərbaycan nəsrində insan konsepsiyası”dır.

Mən orada indi tənqidlə yanaşdığım, ictimai münasibətlərdə öz yükündən daha aşağı bir yer tutan Anarın əslində 60-cı illərdə Azərbaycan insanını kolxozçuluqdan çıxardıb bir insan obrazına, bir fərdin yaşantılarına sala bilməsi keyfiyyətlərindən yazmışam. Tənqid budur.

Əsəd C:

- Bəs onda niyə Anarı tənqid etmisiniz? Həm missiyasını göstərirsiniz, həm də deyirsiniz tənqid edirəm.

Zümrüd Y:

- Missiyasını göstərirəm. Bu onun mətn üzərindən tənqididir. Anar sizin dediyiniz kimi böyük yazardı.

Sözü böyük kütləyə ulaşan bir yazardı. Və o, tutaq ki, deputat olaraq suala cavab verərkən Ərk qalasının sökülməsinin İranın daxili işi olduğunu deyəndə təbii ki, mən onu tənqid edəcəm.

Əsəd C:

- Bu onu göstərir ki, Anar müəllim ictimai-siyasi mənzərəni sizdən və məndən daha yaxşı bilir.

Zümrüd Y:

- Siz elə düşünürsünüz. Beynəlxalq aləmdə artıq insan haqları, mədəni abidələr və digər bu kimi məsələlər hər hansı bir ölkənin daxili işi deyil. Sabah Güneydə bizim soydaşlarımızı qırıb çatacaqlarsa, "o, onların daxili işidir" - deyib biz kənara çəkilə bilmərik.

İlqar R:

- Amma yazıçı münasibəti başqadır axı. Biz indi deputata olan tənqidlə ədəbiyyat məsələlərini qarışdırırıq məncə...

Zümrüd Y:

- Mən də onu başa düşmədim. Əsəd bəy deyir ki, niyə tərifləmişdiniz, indi də tənqid edirsiniz...

Əsəd C:

- Xanıımsınız, üzr istəyirəm sözünüzü kəsdiyim üçün. Gəlin etiraf edək ki...

Zümrüd Y:

- Mənə qadın kimi yox, şəxsiyyət kimi yanaşın xahiş edirəm. Mən də sizə kişi kimi yox, şəxsiyyət kimi yanaşıram.

Əəsd C:

- Elə də yanaşıram. Gəlin etiraf edək ki, ədəbiyyat qalır bir tərəfdə, Anarı, Elçini, Kamal müəllimi, onların şöhrətini, onların vəzifəsini tənqid etmək dəbə çevrilir...

İlqar R:



- Rasim bəy, böyüklüyündən, balacalığından asılı olmayaraq, yazarın mətninə münasibətdə onun ictimai-siyasi mövqeyi, sosial statusu hansısa formada sizə təsir edir?

Rasim Q:

- Mənim qavramımda hər ikisi - yəni ədəbiyyat və ədəbiyyatətrafı bir yerdədir. Yazıçı çoxlu gözəl əsərlər yazırsa, amma əgər şəxsiyyəti naqisdirsə, onun əsərindən mən zövq ala bimirəm.

Mənim baxışım belədir. Ümumiyyətlə, bizim yazıçılarda məsələn Əkrəm Əylisli də daxil olmaqla ən radikallarını götürsək, ictimai təfəkkür zəifdir. Şəxsi mənafe, şəxsi şöhrət maraqları daha güclüdür.

Bunların vəzifələrindən dolayı əlaqələri və maddi imkanları genişdir. Məsələn götürüb xarici ölkələrdə yalnız özlərinin və ya atalarının əsərlərini tərçümə elətdirib çap etdirilər.

Bu, bizim bəxtimizə düşən çox cılız bir naqislikdir.

Yəni ki biz uşaqlıqdan bunları oxumuşuq, bəyənmişik, bütün xalq, gənclik olaraq ürəyimizin başında yer vermişik, bunlar gəlib ancaq öz şəxsi davalarını eləyirlər. Bu, ayıb bir şeydir.

Kamal Abdullaya mənim hörmətim var. Fransada romanını çap elətdirir. Amma qoy bir dənə də, məsələn, Etimad Başkeçidin əsərini götürsün - tərcümə elətdirib heç Fransada yox, Türkiyədə çap elətdirsin. Bunu etsə, deyərəm qəhrəmandır.

Çünki ən azından dəyər verdiyi bir yazıçını da ortalığa çıxartmaq cəhdində bulunur...

İlqar R.

- Hər halda Kamal Abdullanın adı burda bir neçə dəfə çəkildi. Rövşən Qəmbərov onu tənqid etdi, yazı kifayət qədər diqqət çəkdi, daha sonra Tehran Əlişanoğlu yazıya münasibət bildirdi.

Başqa yazılar da oldu. Amma kimin nə deməyindən asılı olmayaraq bütün hallarda mərkəzdə yenə də Kamal Abdulla dayandı.

Bu tənqid və təqdirlərin ədəbi prosesə müsbət təsiri varmı?

Rasim Q.

- Prosesə çox böyük faydası var. Hətta Kamal Abdullanın özünə də faydası var. Çünki yazıçı gərək özü haqqında tənqid eşitmək istəsin.

Öz zəif cəhətlərini bilsin və daha da irəli gedə bilsin. Vəzifənin olub-olmamasından asılı olmayaraq, əgər hansısa yazıçı özünü tənqidə qapadırsa, daxildən çürüməyə başlayır.

Çünki ona təzə qan gəlmir və o, köhnə təfəkkürü ilə əvvəl-axır iflas edir. Bizim dostlar arasında da elələri var ki, tənqidi sevmir, heç çayxanada deyilən tənqidi də götürmür.

Tənqidsiz 3-5 il ayaq üstə dura bilər yazar, ondan sonra onun şöhrəti də, imici də dağılıb gedəcək.

İlqar R.

- Əsəd bəy, eyni sualı sizə də verim, sizcə belə yazılar ədəbi prosesə, yazıçıya kömək edirmi?

Əsəd C.

- Əlbəttə kömək edir prosesə. Kitab da, yazar da diqqət mərkəzinə gəlir. Əslində Rövşən...

Bir şey deyim də. Bir sual verim. Nəyə görə Azadlıq Radiosunun "Oxu zalı" Pərvizin, Aqşinin, Nərminin romanlarını müzakirəyə çıxardı, amma Kamal Abdullanın romanı kənarda qaldı?

Görürsüz, tale özü - Rövşən istəmədən - Kamal Abdullanın romanını müzakirəyə gətirdi.

İlqar R.

- Niyə istəmədən? Yazını elə Rövşən yazıb axı...

Əsəd C.

- İstəmirdi. Qoy Kamalın da romanı başqaları kimi əvvəlcədən elan ediləydi. Sizdə Kamalın romanının təsadüfən, spontan müzakirəsi başlayıb. Bax əsl müzakirə budur. Mən ona görə...


Müsahibəni tam olaraq BURDA dinləyin...
XS
SM
MD
LG