Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:35

Musa Yaqub "Dünyanın Lələ dərdi" (Poema)



Ya şələ Lələni, ya Lələ şələni.

Lələdən el misalı


1

«Dağlarda Lələ gəzər,
Belində şələ gəzər».
Salam, Lələ!
Səndən gələn yolam, Lələ.
Qəm bayatın dilimdədi,
Ağır şələn belimdədi.

Gör nə qədər illər keçir,
Çox milyonlar, minlər keçir
aramızdan;
Amma köhnə sızıltılar
Əskik olmaz yaramızdan.
Sən demişkən
Yaxşı gedir,
Yaman çıxmaz sıramızdan.

Can yanğısı saxlar sinəm,
Dərdin məndə gəlir dilə.
Sən də mənsən, mən də sənəm,
Həmin şələ, həmin Lələ.

«Lələ bir kümə tikdi
Ağzını günə tikdi»
Lələ, sənin koman hanı?
Üstündəki duman hanı?..
Qoy komana çıxım gəlim,
Bir ağlağan-gülən istə;
Şələ qoyum şələn üstə.
Sənin koman rahat olar,
Bu dünyanın qovğasından
Saxlar məni muğyat olar,
Lələ, sənin koman hanı?..

Ha deyirik hələ dözək
Bitməz dözüm hələləri.
Şələsini qoydu bizə
Çıxdı getdi Lələləri.
Lələ, indi çox ağırdı
Bu dünyanın şələləri.

Dünyanın о qırağından
bir daş çıxsa,
Bir dəlinin ayağından
Gəlib dəyir başımıza.
Dünyanın nə xatası var
Gəlib çıxır qarşımıza.

Bütün hərbə-zorba daşı,
Üz qarası, söz savaşı,
Bir günün min bəd xəbəri
Gəlib dəyir canımıza,
Düşüb hopur qanımıza.
Bu get-gəllər, bu gəl-getlər,
Radiolar, internetlər,
Bu kitablar, bu qəzetlər;
Yüklənibdir belimizə,
Söz sığışmır dilimizə
Ay sığışmır ilimizə.
Balacadı dünya, Lələ,
Elə bil ki, bir balaca
Qalaçadır dünya, Lələ.

Elə bil ki hər şey daşır,
Hədd qoyanlar həddi aşır,
Əxlaqa sığmırıq, Lələ.

Od ələsə heç qalmarıq,
Göyün dəlik damı qalır.
Daş ovulur qumu qalır,
Hamı gedir, hamı qalır;
Balacadı dünya, Lələ,
Elə bil ki, bir balaca
Qalaçadı dünya, Lələ.

2

Lələ, sənin koman hanı,
Üzü dağa qarşı olar.
Çıxım gəlim bu qovğadan
Sənin koman yaxşı olar.

Bir yoxuşun ayağında
Bir talanın qırağında
Şehli çəmən çırağında
Qəlbə yaxın, gözdən uzaq,
Sənin koman yaxşı olar, -
Qalaçadan çıxım gəlim
Bir quş olub uçum gəlim.

Yox ay Lələ, yox ay Lələ,
Quş olmaq da olmaz hələ;
Ölü quşlar daşıyarıq
Belimizdə şələ-şələ.

Zəhər qatdıq aşlarına,
Gör nə gəldi başlarına.
Bu dünyanın quşlarına,
Azarı kim verdi, Lələ?..

Güllüsünə, çillisinə,
Yurdsuzuna, ellisinə,
Üç telli - beş tellisinə
Azarı kim verdi, Lələ?
Şahla rəyiət arasında
Hasarı kim verdi, Lələ.

Bəlkə göyün dəliyindən
Daş tökülür başımıza.
Qəfıl durub göydə ölür
Quş tökülür başımıza...

Qaranquşlar
Gecikdilər bu baharda,
Nəyə baxıb
Havalanaq havalarda?
İstəyimiz mehr tapıb
Balalasın yuvalarda...

Budaqlara boylanırıq
Yuva düşür başımıza.
Hava donub ağırlaşır
Hava düşür başımıza.

Payız durnam, uçub getdin,
Bir də dönüb gələrsənmi?
Sən gələndə mən olmasam
Ruhum ilə gülərsənmi?
Ey bizlərdən təmiz vücud,
Könlümü ardınca uçurt.
Yerin xəzan, göyün bulud,
Mənzil-mənzil bölərsənmi?

Bir qatarın arxasınca
baxıb-baxıb
Kövrəlmək də olmur daha.
Bir gecənin durna səfi
Elə bil ki,
yetməyəcək dan yerinə,
Çatmayacaq о sabaha.

Elə bil ki, yaşılbaşlar
Lələk-lələk solub düşür.
Sınıb ümid qanadımız
Çiling-çiling olub düşür,
Olub düşür başımıza...

Biz ümidsiz necə olaq?!
Bir göyərçin
Gəlib düşdü qarşımıza –
Bəlkə elə
Məktub verib yola salaq?!...

Yox, ay Lələ,
Məktubların yatdı baxtı –
Ələ məktub alan vaxtı
Ürəyin о döyüntüsü –
О «gur-gur»lar çoxdan ölüb.
О göyərçin çoxdan uçub,
О məktublar çoxdan ölüb

Qələm çıxmaz sınaqlardan,
Soraq alar soraqlardan.
Telefonlar asılıbdır
qulaqlardan –
О məktublar çoxdan ölüb
Gözlərin yol intizarı,
Qulağın səs intizarı –
О «gur-gur»lar çoxdan ölüb.

Öz yerini isti bilən,
gizli bilən,
Ürəklərin dərin-dərin
Guşəsində bəslənilən
О sevgilər, о guşələr
öldü, Lələ.

Qəlbdən qəlbə tel uzadan
О rişələr öldü, Lələ.
Eşqdə yanıb cızdaq olan
Ürəklərin о guşəsi, küncü yoxdu.
Bəlkə elə ona görə
Aşiqlərin sevgi fərdi
Daşımağa gücü yoxdu.

Məhəbbətlər günə qalmaz,
Aya qalmaz məhəbbətdi,
Sınağı yox, qınağı yox,
Olar-olar,
Olmaz-olmaz məhəbbətdi.

Ayrılığın yağdırdığı
О çiskinlər öldü, Lələ.
Eşqin şirin əzabları,
О nisgillər öldü, Lələ.
Eləsini, beləsini,
Eşqdə əzab şələsini
Daşımağa səbir yoxdu.
Sədaqəti, etibarı,
Gözdə nuru, üzdə arı
Daşımağa səbir yoxdu,

Ürək... Ürək...
Bir meh ilə uyğulana,
Gül üstündə duyğulana,
Alıb bir xoş təbəssümü
Qayğılana bilmir daha,
İtir ürəkdə ölçülər.

Bir ilahi baxış olub,
Bir baharlı yağış olub,
Bir şehotu yarpağına
Heç ələnə bilmir daha.
Ərk yerinə tel uzadıb
Şaxələnə bilmir daha,
İtir ürəkdə ölçülər.

Belə baxan pis deyilik.
Bəlkə duyğu, hiss deyilik -?
Həm bizik, həm biz deyilik,
İtir ürəkdə ölçülər.

Şeir üstə təb itirir,
Etmir ruhu cəlb itirir.
Beyin tapır qəlb itirir,
О şaxələr, о rişələr,
İtir ürəkdə guşələr.

İtir, itir, çox şey itir,
Hər çiçəkdən bir şeh itir.
İlk baharın sorağında,
Billur arxın qırağında
Nanə, yarpız solub gedir
Vaxtsız həşəm olub gedir..

Qıymadıq bir budaq sına,
Dəstək olduq yalqızına.
Billur arxın yarpızına
Azarı kim verdi, Lələ?..
Bənövşəyə - el qızına
Xəzanı kim verdi, Lələ?..

Qanqal gəlib - ağac olur
Çayır qulac-qulac olur.
Nəhəng, nəhəng qarağaclar
Göy meşədə qaxac olur.
Bu dünyanın ağacına
Azarı kim verdi, Lələ?
Qanqalına, çayırına
Güzarı kim verdi, Lələ?..

İnsan nələr kəşf elədi...
Bu da bizə sərf elədi.
Ehtiyac yox başqa səyə;
Hazır ağıl, hazır zəka

Qoymaz bizi düşünməyə.
Düşüncədə ayrı düşən
Qərib-qərib adamlarıq.
Eh, sağ olsun о dahilər
Qəliblərə vurdu bizi,
Qəlib-qəlib adamlarıq –
О bölümdə, bu qalıqda
Kərpic-kərpic hasarlanıb
Yaşayırıq azadlıqda...

Üstündəki duman hanı,
Lələ, sənin koman hanı?...
Bu hasardan çıxım gəlim.
Hər şey alqı-satqıdadı
Bu bazardan çıxım gəlim

Çıxım gəlim о guşəyə,
Həmin kökə, о rüşəyə,
Gül talaya, göy meşəyə,
Boynubükük bənövşəyə.

Lələ, sənin koman hanı,
Üzü günə qarşı olar.
Villalardan, saraylardan
Sənin koman yaxşı olar.

«Lələ mənəm, lələ mən
Yük altında hələ mən.
Dərddən, qəmdən hicrandan
Bağlamışam şələ mən»

Qaldırmışıq aşırmışıq,
Şair Lələ səndən sonra
Çox şələlər daşımışıq –
Balta sapı yüklənibdir
belimizə
Ağac - ağac özümüzü
kəsmək üçün.
Çəkic-zindan yüklənibdir belimizə
Ruhumuzu əzmək üçün.
Bel veriblər əlimizə
Quyumuzu qazmaq üçün,
Öz gözümüz baxa-baxa
Çiynimizdə zəncir olub
Hirsimizi bağlamağa.

Yad əlindən qurtaranda
Təzə dərdlər tapdıq, Lələ,
Sinəmizi dağlamağa.

Şələmizi qaldıranda
aşıranda,
Bilirsənmi nələr oldu
Özümüzü özümüzə
tapşıranda;
Сin, şeytanla
dolu çıxdı öz odamız.
Gör Zeynəbi Xudayara
tapşıranda
Nələr etdi kəndxudamız.

Neçin də naxələf olduq,
Sabir demiş, qövmümüzün
Başına əngəl-kələf
olduq.
O qədər qırdıq
bir-birimizdən ki, yorulduq,
Qırdıqca yorulduq,
Və yorulduqca qırdıq –
Özümüzü özümüzə
tapşıranda.

Özümüzlə tapışmadıq,
Bir əl tapıb, əmək tapıb
Bir-birindən yapışmadıq
Nəfs böyüdü, hirs böyüdü,
Tamah durdu dayaq üstə.
Yalan qalxdı ayaq üstə
Özümüzü özümüzə
tapşıranda.

Dəryamız da bir möcüzə;
İncisini gizlədirik,
Çör-çöpdü çıxır üzə
Çör-çöplə də heç yaşamaq
olmur, Lələ.

О qıralar, о qarmaqlar,
Dizi üstə о yaltaqlar,
Ayaqlarda badalaqlar
Göydə cələ, yolda tələ -
Həmin Lələ, həmin şələ.

Soydaş olub, yoldaş olub,
Yurdumuzda yurddaş olub
Yurdu qoruya bilmədik;
Özümüzü özümüzə tapşıranda.

Qurd canavar deyil axı,
yorta-yorta
Sürü çapsın orda, burda,
Çaqqal olub gödən yırta.

Atılmaqdı, sıçramaqdı,
At üstündə duruşdu qurd,
Ovlağında aslanlarla
Pəncələşib vuruşdu qurd –
Qurdu qoruya bilmədik;
Qurd dalınca yurd da getdi
Yurdu qoruya bilmədik.

De kimlər aldatdı bizi,
İtirmişdik izimizi.
Yıxanda bir-birmizi
Yadlar vurdu belimizdən –
Yurdu qoruya bilmədik.

Milləti yuxu apardı,
Bəndimizi su apardı.
О qoxladı, bu apardı,
Yarımadıq gülümüzdən –
Yurdu qoruya bilmədik.

Dirimizdi, ölümüzdü,
Göz yaşımız gölümüzdü.
Torpaq bizim külümüzdü,
Gül bitərmi külümüzdən –
Yurdu qoruya bilmədik.

Qurd oğlunun qurdu ağlar,
Lələ köçüb yurdu ağlar.
Əldə silah ordu ağlar
Yurdu qoruya bilmədik.

Tüfənglərdə lülə ağlar,
Top ağzında güllə ağlar,
İçimizdə qəzəb ağlar,
Beynimizdə əsəb ağlar –
Yurdu qoruya bilmədik.

İş arısı elimizdə,
Yer tapmadı gülümüzdə,
Özümüzü kəsən qılınc
əlimizdə

Yurdu qoruya bilmədik.
Mələ quzum, mələ, mələ -
Həmin Lələ, həmin şələ.

4

«Lələnin canı dibək»
Dizləri dəmirdəndi.
Dəmirdəndi mənim dizim,
Lələ, bir də baxım görüm
Hayanadır yolum, izim -

Tamahkara çatmaz hayım,
Bu deyir ki, torpaq payım,
О deyir ki, torpaq payım!

Biri qaya sökür, tökür,
Biri dərə hamarladı.
Bu orda pay qamarladı
О burda yer qamarladı...

Torpaq oldu
Şırım-şırım, didik-didik.
Biz torpağa Vətən dedik
Ana dedik;
Paylaşmada pay-pay olub
Vətənlikdən çıxdı torpaq.
Analıqdan çıxdı torpaq.
Çoxlarını nəfsilə bir
Öz altına yıxdı torpaq.

Vətənlikdən çıxdı torpaq –
Pay-pay olub bölünmüşük.
Sən demə bu fürsət üçün
ölürmüşük.
Bəli, ana torpaq olar,
Ana torpaq ortaq olar.
Təkbaşına bu torpağa
Necə sahib durmaq olar?...

Pay-pay olub bölünmüşük,
Namərdlərin siyasəti
Böldü bölgə-bölgə bizi.
Biz ki, günəş ölkəsiydik
Öldürdü bu kölgə bizi.

Itirmişik, ötürmüşük
Biz ölkəni, ölkə bizi.
Yolumuzu azdıq, Vətən,
Ey satılan, ey alınan
Ana torpaq, yazıq Vətən!

Paylaşmada bölünmüşük
Hasar keçir aramızdan.
Hər şey alqı-satqıdadı,
Bazar keçir aramızdan.

Darqursaqlar, darqılıqlar –
Bir millətin arasından
Keçir min-min ayrılıqlar;
Araz boyda ayrılıqlar,
Dağlar boyda ayrılıqlar.
Getdikcə də zor qudurur,
Paylaşmada
Dağ udulur, daş udulur –
Bu mənafe oyununda
Adamların
İnsanlıqdan dönür üzü.
Çoxlarının mülk altında,
yük altında sınır beli,
Amma yenə doymur gözü.

Bu acgözlər sarayında
Namərdlərin
Torpaq payı, yer payında
Heç yaşamaq olmur, Lələ.

Mis suvadıq qalay olduq,
Tərs yüklənib tay-tay olduq.
Tay əyildi daş qardaşım
Gedib düşdü qəribliyə,
Daşı qoruya bilmədik;
Əlimizin qılıncından
Başı qoruya bilmədik.
Şah seçməyə quş uçurtduq,
Quşu qoruya bilmədik;

Quş töküldü başımıza,
Biz ağlağan deyil idik
Qayıtdıq göz yaşımıza.

Gözüm yaşı süzül görüm,
Üzmədiyim üzül görüm.
Döyül görüm, əzil görüm
Dibək canım, dibək canım.

Dibəyimin daşdı dibi
Zər altında boşdu cibi.
Verdi kimi, aldı kimi? -

Dibək canım, dibək canım,
Həmin şələ, həmin Lələ
Bir də yesin kötək canım.

5
Bəndi bağlı balıq deyir:
Suyum yoxdu
Öz kürümü Kürə qoyum
Mən deyirəm yerim yoxdu
Dərd şələmi yerə qoyum.
Burda əvvəl - axır hanı,
Torpaq payın hanı, Lələ,
Sənə gələn cığır hanı?.

Yolun təzə, köhnəsi yox,
Addımlar da,
Ləpirlər də üst-üstədir.
Yox, yan-yana məzar sığmaz
bu dünyaya,
Qəbirlər də üst-üstədir.
- Ehey, burda kimdi sahib?!
Bir daş altdan
bir qarışdan yüz səs gəlir -
- Mənəm burda, sahib mənəm,
Çağırdığın о kim mənəm!..
Ruhum daha yerə enməz,
Burda qalan yetim mənəm!

О paylar da, payçılar da
üst-üstədir.
Hesabçılar, sayçılar da
üst-üstədir.




Göydə qalan
Bir cismi-can bədən yoxdu,
Lap yüzüncü mərtəbədən
Göyə çıxıb gedən yoxdu;

Enməlidir,
pillə-pillə, saya-saya
enməlidir.
Son pilləkən son ayaqdı,
Axır yenə bu torpaqdı.
Milyon-milyon ömür udan
Çiçəyi sağ, otu sağdı...

Gördün, Səma elçiləri
Ucalıqda kəlmələnib,
Ulu göydən dönüb geri
Bu yerdən yer istədilər –
Bircə qarış Məzar yeri
Ulu səslər, ali kəslər,
Müqəddəslər üst-üstədir.

Nə olsun ki, Fironların
Məbədləri qızıl taqdı;
Onların da son mənzili
Yenə elə bu torpaqdı.

Qara qulun qıvrım, qıvrım
saçları da,
Ağ şahların qızıl-qızıl
tacları da
üst-üstədir.
Qılınc qalxan göyə qalxmaz,
Cahangiri, fatehləri
belə qalmaz;
Qanlar tökən divanələr,
Qoyduqları viranələr
üst-üstədir.

Üstündəki çarpışmadan
dartışmadan
Bircə zərrə böyüdümü?..
Ağır-ağır zərb altında
Qanlı-qanlı hərb altında
qalan torpaq
Bircə qarış artdımı de?
Hardan alsın artımı de?

Ulu göylər həmin-həmin
Göy altında mən bir zəmin
Tərəzinlə tərəzimin
çəkəni min
çəkisi bir olacaqsa,
Bu dünyanın arşını bir
Ölçəni min, ölçüsü bir
qalacaqsa,
Bəs bu qədər qanlar töküb
canlar almaq
neçin imiş?..

Həqiqətlər, mərdanələr
Dünyanın bir kar küncündə,
Bu namərdlər,
Şər-şeytanlar öz küncündə
qalacaqsa,
Şeytanlara bəs bu qədər
daş atmaqlar,
Bəs bu qədər ziyarətlər,
Haqq yolunda ibadətlər
neçin imiş?..
Zər qiymətə minə-minə
Söz qiymətdən düşəcəksə,
Bəs bu qədər
Kitab-kitab nəsihətlər
Doğru yola hidayətlər
neçin imiş?..
Sözün haqqı hardadı bəs,
Əyri alan, əyri satır
Düzün haqqı hardadı bəs?...

Dünya elə
qiyamətlər qiyamıdı,
Əsəb pozub, ürək yaxan
Siyasətlər əyyamıdı –
Dərya torun,
Dünya zorun əlindədir.

Bu Şuralar, bu birliklər,
Bu gəl-getlər nahaq sözdü.
Bu adətlər, bu ATƏT-lər,
BMT-lər nahaq sözdü.

Əfqanıstan viran belə,
İraq elə, İran belə.
Tamahların, günahların
Od püskürən qəzəbidi
Bu qasırğa, bu zəlzələ.
Zərb altında qalıb bəşər
Həmin şələ, həmin Lələ...

Üstündəki duman hanı,
Qarabağın yolu bağlı,
Lələ, sənin koman hanı?.

Komana da yoxdu ərkin
Mən qaçqınam, sən didərgin
Yol gedirəm, əzgin-əzgin
Dibək canım, dibək canım
Həmin şələ, həmin Lələ,
Bir də yesin kötək canım.
Ovsarı bərk çəkin bala;
İlkin olub neyləmisən
Dünya üçün İlkin bala?
О imanda, bu gümanda
Nə qalmısan ələmanda.

Xəzər olan
Durğunluqdan bezə, bala,
Xəzər olub neyləmisən
Dərya üçün Xəzər bala?
Nə qalmısan ələmanda.

Ay İnqilab, a Müzəffər
Zəfər bala,
Zəfər olub neyləmisən
Torpaq üçün Səfər bala?
Gah о yanda, gah bu yanda
Əldə silah
Nə qalmısan ələmanda -

Sözün haqqı hardadı bəs,
Əyri alan, əyri satır,
Düzün haqqı hardadı bəs?...

6

«Nə atam var, nə anam,
Yaranmışam daşdan mən».
Oğul səni, oğul səni
Yer verib, göy cilalayıb
Bəlkə torpaq doğub səni.

Ər igidlər daşa dönüb
dedilər ki,
Bu torpaqda donub qalaq -
Qayalarda kündə-kündə,
Düzəngahda qalaq-qalaq.
Daş savaşım şeytan ilə
Hələ gedir bu daşqalaq.

Bayatıdır məhək daşın,
Qalalarda əhəng daşın,
Zərb altında dibək daşın
Bu daşqalaq gedir hələ.
Dibək canın, dibək canım,
Həmin şələ, həmin Lələ.

Gördüm yol ayrıcında
bu nə sufahi daşdı.
Yəqin yol gedən deyib
daş yoldaşla adaşdı.
Dünyanın bir ucu toy,
bir ucu da savaşdı.
Ay Lələ, mən bu daşı,
Götürüm, götürməyim?! -

Özümlə nə döyüşüm,
Özümlə nə vuruşum,
Burda köhnə izlərin
cığırı ot, yeri şum.
Daha bu yoldan geri
dönən yox ki, soruşum;
Ay Lələ, mən bu daşı,
Götürüm, götürməyim?! -

Sual-cavab gedir hələ,
Köhnə hesab gedir hələ.
Yolda əzab gedir hələ
Dibək canım, dibək canım,
Həmin şələ, həmin Lələ.

Dərddən şələ ağırlaşır,
Lələ çəkir fağırlaşır;
Yol daralır, cığır daşır,
Bu yol tale yazıb gedir,
Bir-birini basıb gedir –
Şələ Lələni, Lələ şələni.
Bir bayatı sözündü bu,
Durur dəmir dizindi bu,
Köhnə, təzə dözümdü bu –
Tale ömür yazıb gedir,
Bir-birini basıb gedir
Şələ Lələni, Lələ şələni...
Gedək Lələ, gedək Lələ,
Bu daş-qalaq gedir hələ...

Üstündəki duman hanı,
Lələ sənin koman hanı?
Qarabağın yolu bağlı;
Öz obana yoxdu ərkin,
Mən qaçqınam, sən didərgin.
Dəmir dizin, daş üzəngin,
Gedək Lələ, gedək Lələ,
Bu daş-qalaq gedir hələ -

Zaman belə, dövran belə -
Həmin Lələ, həmin şələ.

Fevral - iyun 2006 Bakı, Buynuz
XS
SM
MD
LG