Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:39

Aşıq Alı. Qoşmalar (6)


əvvəli

YAYLAQ


Min büsata, min sovqata məkansan,
Əlvansan bu başdan-o başa, yaylaq.
Doymur cəlalından türfə gözəllər.
Eyləyir hüsnünə tamaşa, yaylaq.

İntizarda qoydun qışlaq elini,
Məftun eyləmirsən siyah telini.
Almısan qoynuna incə belini,
Girmisən aranla savaşa, yaylaq.

Bir mələk misallı atsa oxunu,
Kənar olmaz, can evimə toxunu.
Yağdı yağış, şirinlətdi yuxunu,
Büründü mehmanın qumaşa, yaylaq.

Ah divanədi, orman dolanır,
Gözəllər hüsnündə dərman dolanır.
Köçürəm, qətlimə fərman dolanır,
Yaşat gözəlləri, həm yaşa, yaylaq.


GÖZƏLLƏR

Olam pasibanı seyrangahların,
Seyr edə yaylağı yazı gözəllər.
Çeşmə kənarında gərdən çəkəndə,
Heyran qoyur quba-qazı gözəllər.

Əbrişin libasdı, ahu baxışdı,
Qüdrətindən pür boyalı naxışdı.
Fərq eyləməz ya bahardı, ya qışdı,
Müdam eylər işvə-nazı gözəllər.

Nurdan xəlq olunub, qəddi-qaməti,
Huriyə, qılmana var dəlaləti.
Nəğmədə dolanır şanı, şöhrəti,
Yoldan eylər dayanmazı gözəllər.

Gördüm sizi dərdə məlhəm, çaralı,
Düzlərin ceyranı, dağın maralı.
Hicran çəksə gül rüxsarı saralı,
Növcavanlar qəlb həmrazı gözəllər.

Mina gərdən, incə beli görməsəm,
Qönçədəhan, şəkər dili görməsəm,
Qələmqaşı, siyahteli görməsəm,
Tərk eylərdim bu avazı, gözəllər.

Sərrafı olmasam şəhla gözlərin,
Seyrinə çıxmasam şəmsi üzlərin.
Vəsfi olmasaydı ay bənizlərin,
Yad etməzdim əsla sazı, gözəllər.

Qəlbə şölə verən siz çeşmi çıraq,
Amandı olmayın gözümdən iraq.
Bir əlində qələm, birində varaq,
Alı sizə dastan yazı, gözəllər.


YARATDI

Küllü yaranmışın püştü-pənahı
Əvvəl əldə iki dürrü yaratdı.
Dür terrədi rövşən etdi aləmi,
Beş pəncinən ali-əba yaratdı.

İki nurdu: Məhəmməddi,
Əlidi Cəbrayıla yol göstərən vəlidi.
Fatimədi iki nura bəllidi,
Xudam nurdan on bir imam yaratdı.

İmam Həsən gözəllərin gözüdü,
İmam Hüseyin şəfaətçi özüdü.
Zeynəlabdin zindan çəkdi düzüdü,
Yezidə Müreyyib talan yaratdı.

Məhəmmədbağıra nökər olasan,
Cəfərnən Kazıma qonaq qalasan.
Qərib İmamrza şahi-Xorasan
Təqi-Nəqi, ol imamı yaratdı.

Qəlbimin nurudu Həsən Əskəri,
Sahib zühr edəcək qiyamnan bəri.
Alıyam, çağırram şahi-Heydəri,
Adəmnən Həvvanı xakdan yaratdı.


SEVDİYİM

Əlif qəddin, şümşad belin, bey incə
Tey telinə şana vurma sevdiyim.
Sey asari səndə iman bulunmaz,
Cəm camala şölə vermə sevdiyim.

Hey həlak eyləyir incidir məni
Xey xəlq eyliyibdi bir xudam məni.
Dar dərdin eyliyib divanə məni
Zal zülfün gərdənə sürmə sevdiyim.

Rey rəngin zərda zey kimi xəndan
Sin sərvi qamətin xətti gülüstan.
Şin şad eylə məni qurtar sevdadan,
Bir busə ver, üz döndərmə sevdiyim.

Zat saxla, qulunam, zat bazarında,
Tey-telin cığadı yar qabağında.
Zey zəlil qalmışam yarın əlində,
Ayın əşqi yara vurma sevdiyim.

Çayın qulun ollam sana kəmtərin
Fey fələkdi gey sonalı göllərin.
Qaf kəmər üzündə şövqü-ənbərin,
Kaf küffardı üzə vurma sevdiyim.

Lam lala açılıb yar yanağında,
Mən mərcan olaydım yar qolbağında.
Alıyam, tab etməm mən fərağında,
Hey-haraya gəl göndərmə sevdiyim.


QOCALMIŞAM

Ala gözlüm, sən nə məlul durursan,
Sən görən deyiləm, yar qocalmışam.
Qaymaq dodaq, gül yanaqlı bəxtəvər,
Gəlibdi gözümə tor qocalmışam.

Dəhanda dişlərim gəlib amana,
Qədd əyilib, belim dönüb kamana.
Dolanıb rüzigar, dönüb zamana,
Tərlan baxtım olub sar, qocalmışam.

Bu fani dünyadı heç kəsə qalmaz,
Seyraqub çırağı başatan yanmaz.
Heç kəsə qalmayıb, xana da qalmaz,
Arıyıb-axtarıb kar, qocalmışam.

Könül qubarlanıb tutanda bəhsi,
Gələndə guşuma müxənnət səsi.
Müddəi eyləyib hər işin tərsi,
Çox zülüm eyləyib çar, qocalmışam.

Tüsdü qalxıb duman gəzir başımda,
Ataş qaynar ürəyimdə, döşümdə.
Alıyam, olmuşam doxsan yaşımda,
Ağarıb saqqalım, çal, qocalmışam.


DOLANDIRIR

Hər yetən hərcayı deyir aşığam,
Setayıya simi tel dolandırır.
Adam var başını saxlıya bilmir,
Adam var camaat, el dolandırır.

Adam var ki, fikir-zikir eyliyir,
Adam var ki, Haqqa şükür eyliyir,
Adam var ki, hiylə-məkir eyliyir,
Adam var ki, fitnə-fel dolandırır.

Aşıq Alı şər işindən çaşqındı,
Adam var ki, el içində şaşqındı.
Adam var kı, çörək versə düşkündü,
Adam var dünyada dil dolandırır.


EYLƏR-EYLƏR

Bir elə mövlanın ətəyindən tut,
Aləmə imdadı ol, eylər-eylər.
Zərrəcə nəzəri olsa üstündə
Yerdən daş götürsən ləl eylər-eylər.

Böhtan demə, böhtan tutar adamı,
Mənim bu sözlərim gövhər mədəni.
Cəhənnəm odunnan betər adamı
Yoxsulluq yandırar kül eylər-eylər.

Alıyam, sözlərim safadır-safa,
Dünya müxənnətdir, insan bivəfa.
Hökm eyləsə Ağrı ilə o Qafa,
Tökər dəryalara sel eylər-eylər.


YAVAŞ-YAVAŞ

Məhəbbət əhliyəm çeşmi-xumara,
Gəşt eylə dünyanı gəz yavaş-yavaş.
Unutma dostunu peşman olarsan,
Dostunan düşməni seç yavaş-yavaş.

Nə ağlın var, nə huşun var, kam alım
Mən danışım, qulaq asın, dəm alın.
Cəm eylə idrakın, ağıl-kamalın,
Yolunla getginən düz yavaş-yavaş.

Alıyam, çağırram sirri-xudanı,
Unutmam duz-çörək, həmi də nanı.
Fələk üz döndərər, haqqını tanı,
Elini, gününü bil yavaş-yavaş.


GƏLƏCƏKDİ

Dövlətlilər, nə uyubsuz dünyaya,
Dünya malı sizə dar gələcəkdi.
İncitməyin fağırların pirini,
Nəticəsi sizə ar gələcəkdi.

Köyxa deyir dünya mənim, var mənim,
Torpaq mənim, cənnət mənim, sar mənim.
Göydən düşən o çalruylu qar mənim,
Ədalət olacaq, dar gələcəkdi.

Həqiqət, axirət vardı, deyirəm,
Yeddi cəhənnəmi vardı deyirəm.
Yoxsulun Allahı vardı deyirəm,
Siratın körpüsü, var, gələcəkdi.

Nökər saxlamağın çoxdu günahı,
Aləmə yetəcək miskinin ahı.
Zülm edənə zülm eliyər İlahi,
Yoxsulun üzünə var, gələcəkdi.

Aşıq Alı, sığın şahi-Heydərə,
Ədalətsiz, mərifətsiz bəylərə.
Lütfsüz, loxmasız olan səylərə,
Axirət tufanı, qar gələcəkdi.


ƏLLƏR

Küllü kainatın püştü-pənahı,
Pirinci əl üstə gətirən əllər.
Beş yaşında ol kafəri səmaya,
Əntəri qeyz ilə itirən əllər.

Dünya abı ikən xakə vuruldu,
Altı gündə hökm olundu, quruldu.
Abi-kövsər, xaki-baddan duruldu,
Tifilkən ağ divi bənd edən əllər.

Xızır Peyğəmbərin elmi dəryadı,
Musa Peyğəmbərin qəlbi oryadı.
İsanın anası adı Maryadı,
Xızırla Musaya yol verən əllər.

Xavəri-saili cəmə gələndə,
Yetmiş oğlu ol Salsalın öləndə.
Malik Əbülməcən salsal əlində,
Salsalla şəmamə götürən əllər.

Yer altında şəhrizərə getdilər,
Büstü dala ol şəmamə yetdilər.
Gülabı-Malikə qardaş etdilər,
Salsalı dəryaya qərq edən əllər.

Adəmnən Hatəmə Merac mehmanı,
Onunla getmişdi bilin pünhanı.
Aşıq Alı, sən ağanı tək tanı,
Almanı, üzüyü gətirən əllər.


BİZƏ GÖNDƏR

İstəkli sevgilim, qəlbimin pəri,
Qaymaq dodağından bal bizə göndər.
Ağlımı alıbdı sənin camalın,
Zülfunün ucundan al bizə göndər.

Mən səni sevmişəm dünya üzündə,
Qəlbim qaldı sənin şəhla gözündə,
Vədə verdin düz olmadı sözün də,
Sözün düz olmasa, nar bizə göndər.

Ürəyim şüşədir, sındırma, əzmə,
Dolanıb dünyanı əğyarla gəzmə,
Əlimi uzatsam əlini üzmə,
Üzsən də əlini, qar bizə göndər.

Bu dünya fanidir kimə qalıbdı?
Dil bilməzin dərdi məni alıbdı.
Bağban da olmasam, bağa salıbdı
Qızılgül olmasa, xar bizə göndər.

Aşıq Alı, çəkmə işvəli nazı,
Götür əllərinə sədəfli sazı.
Neynirəm var-dövlət, varımdı azı
Əsəl də tapmasan dar bizə göndər.


NEÇƏ DİLİ VAR

Mərifətdən kamil olan, ay aşıq,
Şəriəti nəylə edərsən aşkar?
Bey altınnan o nöqtəni bəyan et, -
O nöqtədən eylə məni xəbərdar.

Yeddi daşın səkkiz cənnət yaşı var,
Yerdədi-göydədi hardadı əgər.
Ərşdə iki quş var - orda dən dənlər,
Gahdan pünhan olur, gah da aşikar.

Deməynən ki, bu sözlərim yalandı,
Aydı, gündü zümrüd ona ulaşdı.
Zatı zülcalaldı, sözü kəlamdı,
Peyğəmbərdən qalıb bizə mötəbər.

Mərifətdən, təriqətdən gəlmişəm,
Təriqətə yol-ərkanı bilmişəm.
Alı deyər özüm mətəl qalmışam,
Bu çərxi-davvarın neçə dili var.


OLMAZ

Qəm yemə, qəm yemə divanə könül,
Həmişə ruzigar belə dar olmaz.
Özünü bilməzlə durub-oturma,
Beləsində namus, qeyrət, ar olmaz.

İnsan gərək namusunu atmaya,
Halal mayasına haram qatmaya,
Bir oğul ki, ata sözün tutmaya,
Bəd övladdı, çöhrəsində nur olmaz.

Yamanı götürüb, yaxşını atma,
İlqarı unudub, imanı satma,
Oruc tut, namaz qıl, duasız yatma,
Alı, dünya malı sənə var olmaz.


GÖRMƏDİM

Viranə bağlara mən oldum bağban,
Almasın, heyvasın, narın görmədim.
Çox ağac becərdim şoran çöllərdə,
Bəslədim budağın, barın görmədim.

Dünya bivəfadı etibar olmaz,
Sayğısız iyiddə giridar olmaz,
Hər sevən kimsədə düz ilqar olmaz,
Çoxu çox danışdı, karın görmədim.

Alıyam, mətləbim veribdi xudam,
Məğribdən məşriqə yayılıb sədam.
Hərcayı gözələ can verdim tamam,
Namusun, qeyrətin, arın görmədim.


DİYARIMDA

Könül tələb edir, ürək atlanır,
Gəşt eylə, dünyanı gəz diyarımda.
Zəhmət çəkən bu dərdlərə qatlanır,
Coşur ürəyimdə söz diyarımda.

Qürbət diyardayam, görünməz yurdum,
Həkimlər, loğmanlar bilmədi dərdim,
Alagol yaylağı, vəfalı yurdum,
Alardım əlimə söz diyarımda.

Alıyam, söz deyib, yaza bilmərəm,
Şad olub, qürbətdə gəzə bilmərəm,
Hərcayı sözlərə dözə bilmərəm,
Alışsam, yanmaram öz diyarımda.


NƏDƏN OLDU

Yeri, göyü insi-cinsi yaradan,
Haqq əmir eylədi yer nədən oldu?
Pərdəyi-hicabdan bir dəsti gəldi,
Onun dəstəsində sir nədən oldu.

Haqq əmir eylədi, gövhar tərlədi,
Bircə qətrə suyu umman eylədi.
Kimnən səda gəldi, kimnən söylədi,
Yandırıb şahpərin nar nədən oldu?

Aşıq Alı yuva istər pirindən,
Haq mərhəmətindən, qüdrət şirindən.
Bir dürr xəlq eylədi öz qüdrətindən,
O dürrün içində sir nədən oldu?


GÖZÜMÜZ

Özgələrdən bizə xətər yetişməz,
Eyləməsək özümüzə özümüz.
Alışmışam öz oduma yanıram,
Qoy söykənsin közümüzə közümüz.

Bəhsə düşüb əbəs yerə döyüşdük,
Qəlb sındırıb, qamət əyib öyüşdük.
Heç bilmədik nə iş tutduq, əyişdik,
Düz gəlmədi sözümüzə sözümüz.

Qovğa günü mərd meydanda ər dini,
Alıyam, axtarram elin mərdini;
Leylü-nəhar çəksin diyar dərdini,
Dürüst baxsın gözümüzə gözümüz.


YAXŞIDI

Ay ağalar, gəlin sizə söyləyim,
Nə cür olsa yenə vətən yaxşıdı.
Qohum, qardaş, dost-müsahib görəndə,
Şəfa tapar yaralarım, yaxşıdı.

Bivəfaynan sən dost olma, kənar gəz,
Şam-çıraq olmasa, əldə fənər gəz.
Başa düşər öz hesabın qanar, gəz,-
Min qarğadan bircə qırğı yaxşıdı.

Bıçarə Alıyı gətirdin dilə,
Bülbül də müştaqdı budaqda gülə,
Sar quşları şikar etsə yüz ilə,
Qoca olsa yenə tərlan yaxşıdı.


ZAMANIDI

Ay ağalar, gəlin sizə söyləyim
Vəfasız ömrümün kor zamanıdı.
Bu fani dünyada kama yetmədim,
Dostunan düşməni seç zamanıdı.

Arif odu, dediyimi tez qana,
Hər sözü izliyə keçib gün sana
Ömrüm azalıbdı, çatıbdı sona,
Ağlayın üstümdə köç zamanıdı.

Alıyam, baxtımnan çox intizaram,
Başım çalxalıdı çox intizaram.
Gəzdiyim yerlərdən çox intizaram,
Fələk kəməndindən düş zamanıdı.


HAYIFSAN

Özün üçün sən aşiqsən, ay Əsmər,
Başın çatma qalmağala, hayıfsan.
Şairlik deyəndə özünü öymə,
Belə adı üzə salma, hayıfsan.

Qullar boyda sən özünə hörmət et,
Gələnin, gedənin əhvalına yet,
Aşıqlıq edənin pişvazına get,
Məni salma qilü-qala, hayıfsan.

Etibar eyləmə fani dünyaya,
Elmin yoxdu özün atma dəryaya,
Məcnun kimi düşmə çölə, səhraya,
Sən düşübsən bəd xəyala, hayıfsan.


GÖZƏLLƏR

Səhər çağı çıxdın mənim qarşıma,
Göründü gözümə dəstə gözəllər.
Aylar-illər həsrətini çəkdiyim, -
Olmuşam dərdinnən xəstə gözəllər.

Əflatun loğmana getdi dərmana,
Yanıram oduna mərdi-mərdana,
Dolanım başına, olum pərvana,
Qoymayın könlümü yasda gözəllər.

Alıyam, dünyada xam xəyal oldum,
Baxdım gözəllərə kəm xəyal oldum.
Düşəndə yadıma kəm xəyal oldum,
Al sinən üstündə bəstə gözəllər.


VAR

Baxdı-yığval bu diyara gətirdi,
Taleyin olmasa nə mənası var.
Əcəl gəldi kəsdi sənin üstünü,
Döyünsən, çırpınsan nə mənası var.

Qəssal yuyar, qəddim bükər bir ağa,
Bu günümdə yetiş dada bir ağa,
Mən qulunam, nökərinnəm bil, ağa,
Nökərin ağadan təmənnası var.

Alıyam çağırram sirri xudam,
Bu dünya fanidi, köçəcək hamı,
Tamam müəmmadı haqqın "Qur'an"ı,
Oxuyub bilənə çox mənası var.


ZEYNALIN

Yanşaxda bir iyid gəlib ərsəyə,
Yoxdur bərabəri, tayı Zeynalın.
Qarşısına çıxan görünmür hələ,
Qüdrətdən verilib payı Zeynalın.

Mərcan Qamışlıda atdığı güllə,
Gilas budağından saldı bir gilə.
Yazdım tərifmi, yayılsın elə, -
Ucalsın qoy haqqı-sayı Zeynalın.

Aynalısı xub yaraşır boyuna,
Qoymaz ovu nəzərindən yayına,
Arzum budur gələm oğul toyuna,
Şən dolansın yazı, yayı Zeynalın.

Kamil səyyad oldu, sərrast kamandar,
Murovun sərini eylədi şikar.
Seyrəngahı oldu o qoca dağlar,
Oylağıdı Meydan çayı Zeynalın.

Aşıq Alı saldı hər yerdə bəhsin,
Aləmə şəms etdi sədasın, səsin.
Dörd pələngə qalib gələn qəməsin,
Eşidilməz hay-harayı Zeynalın.


GƏTİRMİŞƏM

Gecə-gündüz vird etdiyim, ay Bəsdi,
Qəlbimnən qəlbinə tel gətirmişəm.
Gəzdim İstanbulu, Qarsı, İzmiri,
Türkiyə elindən bar gətirmişəm.

İpəyin ən xası layiqdir sənə,
Torpaq çox şirindi bilginən mənə.
Anamın göz yaşın demirəm hələ
Koroğlu dağınnan qar gətirmişəm.

Deyişdik bağladım aşıq Yığvalı,
Əsmər istiyirdi həm qilü-qalı.
Axırda utandı, bəd gəldi falı,
Əsmərin töhfəsi var, gətirmişəm.

Dağlardan ucadı o Ağrı dağı,
Nə qədər dost tutdum Əsəddir sağı.
Çimənkənd olubdu behiştin bağı,
Behişt bağçasından bar gətirmişəm.

Alıyam, mən gəzdim tamam hər yeri,
Türkiyə elinin gözəl dilbəri.
Osmanlı sultanı dillər əzbəri,
Onların salamı var, gətirmişəm.


DÜŞDÜ

Bir dəzgah qurmuşam yüz min teli var,
Hər telinə dilbər düzənə düşdü,
Yüz yaşadı, cavan qəddi büküldü,
Yasəmən zülfünə nişanə düşdü.

Əldə şana zülfün dara bir yana,
Hürülər, pərilər, dilbər bir yana,
Dərdimi yük tutdum, getdi bir yana,
Dəryada nəhəngə, ümmana düşdü.

Dibi dərya, o başı qubara bax,
Yar sinəsi səmər vermiş nara bax,
Deyər Aşıq Alı sən bu nara bax,
Kafəri açdılar, rizvana düşdü.


DOLANDI

Həbibimdi, təbibimdi Bəsdi yar,
Uydu könlüm o dildara dolandı.
Vəfasız dünyanın vəfalı yarı,
Əmr eylədi, düz ilqara dolandı.

Tay olmaz sədrinə bir qeyri sinə,
Qoymadı qoynuna bir qeyri sinə.
Yarı meyl etmədi bir qeyrisinə,
Gəldi neçə zülfü qara dolandı.

Yazı haxdan oldu, od oldu yandı,
Hərdən əbru təki o dolu yandı.
Sevda aləmində od oldu yandı,
Ah səməndərdi, nara dolandı.


BƏSDİ YAR

Peymana mərd oldum, dəşt gərd oldum,
Gör əhvalım, bir sor halım, Bəsdi yar.
Rüxsarən zərd oldum, əhli dərd oldum,
Zaydı halım, həm xəyalım, Bəsdi yar.

Cismidə canımsan, ilqarda dursan,
Sən can alanımsan, verrəm buyursan.
Təlx lisanımsan, eyham vuransan,
Bilsin cümlə qoy mahalım, Bəsdi yar.

Olmasan bivəfa, sürərsən səfa,
Gələsən insafa, çəkməyəm cəfa,
Sevən düşməz xofa, çekilər qafa,
Etmə müşgül ilk vüsalım, Bəsdi yar.

Artırdın məlalım, həm qilü-qalım,
Tərk edim mahalım, sərf edim malım.
Ya ölüm, ya alım, yox desən, zalım,
Aşkar oldu son sualım, Bəsdi yar.

Çeşmimin ziyası, Alıdı ası,
Geydi qəm libası, ahdı nəvası.
Qurdu firqət yası, agah mənası,
İnanma ki, burda qalım, Bəsdi yar.


BƏSDİ

Sən şəmsi, mən kənarında sitarə,
Rüxsət ver sərinə dolanım, Bəsdi.
Can fəda eylərəm, ey mahiparə,
Budur sərmayədən olanım, Bəsdi.

Kərəməm, Əslisiz giryan neylərəm?
Məcnunam, dəştdə üryan neylərəm?
Nainsaf, halıma bir yan, neylərəm?
Sənsən canı verib, alanım, Bəsdi.

İqbalım dadıma yetmədi bir an,
Sitəmindən oldu can evi viran,
İstərsən gəzərəm İranı, Turan
Qürbət diyarlara yollanım, Bəsdi.

Umma mərhəməti qəni daradan,
Əgər səvhsənsə çıxaq aradan.
Kərəm hasil olar nadir çaradan,
Tərsinə odlara qalanım, Bəsdi.

Dəhri cəfa çoxlarını tovladı,
Uydu baban rəsulları qovladı,
Ah sənlə bir diyarın övladı,
Qoyma yad ellərə calanım, Bəsdi.


YANDI

Qəza qərq eylədi yanar odlara,
Elimin sərvinaz sonası yandı.
Atəş müqəddəsdi, napakdan qaçar,
Görmədim nə xənnas, nə ası yandı.

Nə idi günahı pakı xilqətin,
Oldu mübtəlası dərdin, zillətin;
Aqil fəhm eləyib, alsın ibrətin,
Nağının gül üzlü balası yandı.

Dərkiyan naçardı dövran işinə,
Olmadı bir zəka, elac düşünə.
Cümlə tab eylədi qəm atəşinə,
Mənim tək qəm əhli yanası yandı.

Qəbahət nə idi, odlar qalandı,
Əsil məhşər gördüm qeyri yalandı.
Cümlə qəm eylədi, qəlbi talandı,
Aqil küdrət çəkdi, danası* yandı.

Aşkar şivən qurdu ilahi tala,
Alı tab etmədi bu müdhiş hala.
Bir cana borcluydu o körpə bala,
Nari-cəhənnəmdi, anası yandı.

____

*alim


OLA BİLMƏZ

Gözəllər şahıdı nazlı nigarım,
Kimsənə Bəsdiyə tay ola bilməz.
Xilqətinə xudasından verilən,
Bundan qeyrə cəlil pay ola bilməz.

Buğdayıya qara dedin, a zalım?
Bir an görməyəndə pozulur halım.
Odu pəri nisbət şəmsi-cəmalım,
Şəbahəti ulduz, ay ola bilməz.

Şəms oldum aləmə aqil sözümlə,
Ucalmışam, cəfalara dözümlə.
Nainsaf, seyr eylə yarı gözümlə,
Hilal qaşı kimi yay ola bilməz.

Kanaram qüssədən başdan-binadan,
Cəlil xilqət törər, cəmil anadan.
Ah gövhər sərrafıdı, a nadan,
İnşallah cəfası zay ola bilməz.


ÇALIM

Qəddi dal, eyni zay olsam da, gülüm,
Yenə də pür kamal həvəsdi çalım.
Qəm çökdü sinəmə eyləyə zülüm,
Bir gətir sazımı, a Bəsdi, çalım.

Piranələr halı müdam müdhişdi,
Halətimə körpələr də gülüşdü;
Naqafil yadıma keçən gün düşdü,
Söylə bəmdən çalım, ya səsdi çalım?

Bəşər qəmli qüdrətindən yaranı,
Xaliq xəlq eyləyib qəlbdə qaranı.
Dilləndirib tez kəsərəm aranı,
Həm desəm bu Alı növrəsti çalım.


SARIKÖYNƏK

Solar gül camalın, aranda qalma,
Dolan yaylaqları yay, sarıköynək,
Müştaqam boyuna, nəzərdən salma,
Etmə ömrüm ahu-vay, sarıköynək.

Təzələndi köhnə dərdin yarası,
Təbibimsən, səndən qaldı çarası,
Tökülüb zülflərin gərdən arası,
Çək üzə, çin-çin et, say, sarıköynək.

Alı deyər keçdi şamın çoxumu?
Qaynat qəfədanı, dağıt yuxumu.
Gətir fincanları, yanında lumu,
Sən doldur, mən içim çay, sarıköynək.


DAL-DALA

İsmin üç hərifdi elədim bəyan,
Cimdi, mimdi, yazılıbdı dal-dala,
Seyraquba, müxənnətə qoşulma,
Əlif qəddin bəd nəzərdən daldala.

Səyyadısan, dağlar sənin, gəz dolan,
Alışarsan öz oduna, az qalan,
Maral gəldi, keç bərədə daldalan,
At oxların, peykanım daldala.

Deyər aşıq Alı meydan içində,
Oxudum dərsimi meydan içində,
Doxsan min kəlməni meydan içində,
İsbat eylə, sübut eylə dal-dala.
XS
SM
MD
LG