Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:26

İslamçıların vəkilləri hədələndiklərini deyirlər...


Anar Qasımov
Anar Qasımov
Avqustun 11-də saxlanan Azərbaycan İslam Partiyası üzvlərinin vəkilləri Anar QasımovElçin Namazov hədələndiklərini deyirlər:

«Bilmirik özümüzü müdafiə edək, yoxsa təqsirləndirilən şəxsləri. Nəyəsə etiraz edirsən, hüququnu izah edirsən, dərhal Vəkillər Kollegiyasından çıxarmaqla hədələyirlər. Kollegiyaya yazacağıq və s. deyirlər. İşi bir müstəntiq aparmalıdır, ancaq o qalır qıraqda, kənar müstəntiqlər, şöbə rəisi müdaxilə edir, faktiki olaraq vəkillərə hədə-qorxu gəlinir».

A.Qasımovun dediyinə görə, hələ ki, saxlananların işi ilə Milli Təhlükəsizlik Nazirliyi məşğul olur:

«Hələ ki, MTN məşğul olur. Bu istintaqı polis aparmalıdır, nədənsə MTN aparır. 234.1 maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) istintaq aparır. Eynulla Fətullayevin də işində bu maddə olub, Qaradağ polis idarəsi aparıb, Cabbar Savalanda Sumqayıt polis idarəsi aparıb. Yəni bu maddələrlə MTN məşğul olmayıb».

Dəfələrlə cəhd etsək də, vəkilin dediklərinə MTN-dən münasibət öyrənmək mümkün olmadı.

MTN və Baş Prokurorluğun avqustun 12-də yaydığı məlumatda isə deyilir ki, Azərbaycana qarşı düşmənçilik fəaliyyətində şübhəli bilinən Azərbaycan vətəndaşları - Süleymanov Abgül Nemət oğlu, Bayramov Ramin Cahangir oğluQəniyev Arif Gülsuvar oğlu saxlanıblar.

Məlumata görə, keçirilmiş baxışlar nəticəsində Arif Qəniyevin üzərindən 19 qram həşiş və ona məxsus avtomobildən 1 ədəd «Makarov» tipli tapança, 5 ədəd «PM» patronu aşkarlanıb.

Ramin Bayramova məxsus qarajdan isə 1 ədəd «Baykal» tipli tapança, həmin tapançaya aid səsboğucu, 8 ədəd patron, 2 ədəd «F-1» tipli əl qumbarası, 2 ədəd alışdırıcı və 13 qram həşişin tapıldığı bildirilir.

MTN və Baş Prokurorluq Abgül Süleymanovun üzərindən isə 23.7 qram həşiş aşkar edilərək götürüldüyünü bildirir.

Azərbaycan İslam Partiyasından isə bununla razılaşmırlar. Bu partiyada «Dindarların hüquqlarını müdafiə komitəsi»nin sədri məşədi Natiq Kərimov Azadlıq radiosuna deyib ki, möminləri silah, narkotik kimi uydurma məsələlərlə bağlı saxlamaq dövlətə yaraşmır.
XS
SM
MD
LG