Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:41

Mətləb Muxtarov. Gecənin iki dəqiqəsi


Gecənin iki dəqiqəsi

Gecə saat iki.
Bir pişik yolu keçir.
İtlər hürür onun ayaq izlərinə.
Ağır yük maşınları çökür gecənin üstünə.
Taksilər baxır küçəyə fənərlərdən.
Hardasa uzaqlarda,
ambulans ulayır hərdən.
Səs gələn tərəfdə ölüm qorxusu.
Sevgi iyi verən fahişə qoxusu.
səkilərin üstündə gəzişir,
Ümidsiz əl uzadır maşınlara,
barmaqları yox olur işıqlarda.

Pişik hələ də yolu keçir.
Bir köpək də düşüb dalınca.
Yeni tanışlıqlar sulanır dilində...

Anidən bir maşın saxlayır yenə...
Fahişə yavaş-yavaş maşına tərəf,
bir əli havada,bir əli belində...

Bir tərəfi olmayan yelləncək...

Pəncərədən baxan kişi burnu,
gecənin son erotik şəklidir.
Nəsə qaranlıq görürəm onu,

Nəsə qaranlıq görürəm onu...

Və yenidən əl uzadır maşınlara,
Barmaqları yox olur işıqlarda...
Pişik hələ də yolu keçir,
birazdan itin ağzı ilə sevişəcək


Sadəcə fikir vermir

Silahın ucuyla oynayan uşaqlar.
Bir-birini qıdıqlayır və... gülür...
Üstü açıq maşınlara yağış düşmür.
Heyif ki, tanrı bunu görmür.

Bəlkə də görür, fikir vermir.

Soyuq hava kütlələrinin gətirdiyi isti nəfəslər.
''Gizli nömrə''lərdən gələn tanış səslər
qulağıma pıçıldayarkən ''Alo, nəcəsən?''
sözündə ötən minilliyin xoş xəbərləri,
qırmızı geyimli Osmanlı yeniçəriləri,
mavi geyimli Napoleon əsgərləri və
Frommun ''Sevmək Sənəti'' gizlənir.
İnsanlar səvə-səvə ölür, amma
Tanrı bunu görmür.

Bəlkədə görür, fikir vermir.

Səksənlərdə doğulub,
doxsanlarda böyüyən imperiya qalıqları.
Qırmızı bayrağın qırmızı uşaqları.
Hardasa gizlənib ''Bazar iqtisadiyyatı''
Onu axtarmağa ''Kolumb həvəsi'' var.
Artıq ''fəhlə baba''ların ''bəy'' nəvəsi var.
Ancaq heç kəs bunu bilmir,
üstəlik tanrı da görmür....

Bəlkə də görür, fikir vermir.


Sol əlin sənsizliyi

Qaralmış gecənin səmasında bir cüt ağ bulud.
Qaranlıqdan baxan pişik gözü kimi,
parıldayır başımın üstündə.
Hərflər sınır kitabın qatlanmış vərəqində.
Gələcək gizlənir çobanyastığı ləçəyində.
Sevir...
sevmir sözü necə arsız və həyasız.
Ayrıldıqdan sonra,
sağ əlimi özü ilə aparan qız,
sol əlim səndən, bizdən,
ikimizdən yazacaqdı, amma
bir cüt ağ buludu tutmaq,
bir yığın ağ vərəqi qaralamaq üçün çalışır.
Bu cümlədə saitlər samitlərə qarışır.
Yenə də mənə baxırsan və
gözündəki dənizdən görsənir sahil mayakı
məni görmək üçün işıq salır dalğalara.
Pəncərədən gecəyə baxan qız uşağı
bir ovuc buğda atıb qarğalara
doyuzdurur sevgi aclığımı.
Biz ayrıldıqdan sonra,
sənədli film çəkəcəklər heyvani ağrılara.
Məntiqli evlilik kimidir ayrılığımız
mən bu yolu gedə bilmədim.
Bəlkə bir cüt ağ bulud birləşsəydi,
hərflər sınmasaydı,
çobanyastığı gələcəyi deməsəydi
yəqinki nəsə alınardı.
Hələki sol əlimlə səndən yazıram,
sağ əlimi qaytarana qədər...
Amma alınan mallar geri verilmir.
XS
SM
MD
LG