Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:40

«Elçibəyin yanından qayıdarkən yolda güllələndi» (VİDEO)


Şahmərdan Cəfərov
Gözlə
Embed

No media source currently available

0:00 0:03:05 0:00
Direct-ə keçid

Shahmerdan

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi ilə bağlı silsilə söhbətlərə davam edirik. Bu dəfə AzadlıqRadiosunun suallarına 1 saylı Naxçıvan Sərhəd Dəstəsinin keçmiş komandanı, millət vəkili Şahmərdan Cəfərovun qardaşı Hüseynqulu Cəfərov cavab verir.

- Mən Şahmərdandan 2 yaş böyük olmuşam. O, uşaqlıqdan idmanla məşğul olmağı çox sevərdi. Haqsızlığa qarşı elə uşaqlıqdan mübarizə aparıb. Yadımdadır, 15-16 yaşlarında idi, o vaxtlar polislər kəndimizə gəlib dolanışıq yeri olan istixanaları sökürdülər, camaatı incidirdilər. Şahmərdan onlara qarşı çıxaraq camaatı müdafiə eləyirdi. Buna görə onu bir dəfə həbs etmişdilər, 3 gün həbsdə qaldı.

“Bir Çamadan qızıl”
Hüseynqulu Cəfərov qardaşının döyüşçü gündəliyini də vərəqləyir:

- O, vətəni, milləti çox sevirdi. Eşidəndə ki, ermənilər haradasa bizimkilərdən girov götürüblər, bütün vasitələrdən istifadə edib, onları azad etməyə çalışırdı.

Şahmərdan Cəfərov (ortada) hərbçi yoldaşları ilə Novruz bayramında.
1992-ci ildə Ermənistan Dərman Fermentasiya İdarəsinin rəisinin qızını Sədərəkdə əsir götürmüşdü. Şahmərdan evə gəlib dedi ki, həmin əsiri azad etmək üçün ermənilər ona Moskvadan zəng edərək, bir çamadan qızıl təklif ediblər. Şahmərdan bundan imtina edib, erməni əsirin azad olunması əvəzində Xocalıda girov götürülən azərbaycanlı qadınlardan 10 nəfərinin geri qaytarılmasını tələb edirdi. Uzun danışıqlardan sonra ermənilər bu tələblə razılaşmışdılar.

Həmin ərəfədə yerli rəhbərliyin tələbi ilə erməni əsir Naxçıvan Muxtar Respublika Müdafiə komitəsinə təhvil verildi. Bundan sonra həmin əsirin taleyindən xəbərimiz olmadı.

Tanıtma:

Şahmərdan Məhəmməd oğlu Cəfərov
1958-ci ildə Şərur rayonun Məmmədsabir kəndində doğulub. Rusiyanın Kaluqa şəhərində hərbi xidməti bitirəndən sonra orada şəhərində qalaraq orta ixtisaslı hüquq məktəbini bitirib, milis sıralarında çalışıb. 1988-ci ildə Azərbaycana qayıdıb.
1988-ci ildə Şərur özünümüdafiə batalyonunun komandiri, 1992-ci ildə Qıvraq polkunun komandiri, 1992-ci ildən 1994-cü ilə qədər Azərbaycan Respublikası Sərhəd Qoşunları İdarəsi 1 saylı Naxçıvan Sərhəd Dəstəsinin komandanı vəzifəsində çalışıb. Rütbəcə mayor olub.
1990-cı ildə Şərur rayonundan Azərbaycan parlamentinə üzv seçilib. 1995-ci ilin mayın 30-da isə deputat səlahiyyətləri əlindən alınıb və həbsinə sanksiya verilib.

Bundan 3 həftə sonra, iyunun 17-də Kələkidən – keçmiş prezident Əbülfəz Elçibəyin yanından qayıdarkən yolda güllələnib. İstintaq materiallarına görə beş güllə yarası alıb. İyunun 26-da Bakıya – Şüvəlandakı istintaq təcridxanasına köçürülüb, iyunun 29-da isə dustaqlar üçün nəzərdə tutulan hospitalda vəfat edib.

Heydər Əliyevlə münasibətlərin korlanma səbəbləri

Hüseynqulu Cəfərov Şahmərdan Cəfərovun siyasi baxışlarını isə belə xarakterizə edir:

- AXC-nin fəallarından idi. Elçibəyi özünə ideal sayırdı. Onun yolunda canından keçməyə hazır idi. Heydər Əliyevlə də əvvəllər münasibətləri yaxşı olub. Sonra soyuqluq yarandı aralarında. Soyuqluğun bir sıra səbəbləri var idi. Şahmərdan bu səbəblər barədə evdə də tez-tez danışırdı.

Sədərək kəndi üçün mühüm əhəmiyyət kəsb edən Miltəpə postunun geri alınması planına Heydər Əliyev qarşı çıxmışdı. O vaxt Bakı Siyavuş Mustafayevi Naxçıvan Muxtar Respublika Daxili İşlər naziri təyin edəndə Şahmərdan bu qərarı dəstəkləyirdi, Heydər Əliyev isə qərara qarşı idi. Belə yarandı aralarındakı soyuqluq. Soyuqluğa səbəb olan elə məsələlər də var idi ki, indi onları danışa bilmərəm.

“O, Elçibəyə xəyanət edə bilməzdi”...

- Eşitdiyimizə görə, ona müdafiə naziri postu təklif edilmişdi. Bu doğru idi?

- Bəli, 1993-cü ildə Heydər Əliyev Bakıya gedəndən sonra Şahmərdana müdafiə naziri postun təklif etdi. O, təklifi rədd etdi, Elçibəyə xəyanət edə bilməzdi. Sonra ondan tələb etdilər ki, Sərhəd Qoşunlarından istefa versin. Bu məqsədlə Şahmərdana bir neçə dəfə sui-qəsd də təşkil olundu.

Sonda hakimiyyətin apardığı siyasətə etiraz olaraq Şahmərdan vəzifəsindən istefa verdi.
Şahmərdan Cəfərov əsgərlərə baxış zamanı, 1992-ci il.
1994-ün avqustunda Şahmərdan və onun silahdaşlarına qarşı qanunsuz silahlı dəstə ittihamı ilə cinayət işi açıldı. Həmin ilin dekabrında artıq parlamentdə Şahmərdanın həbs olunmasıyla bağlı fikirlər səsləndirilməyə başladı. 1995-ci ilin may ayının 18-də artıq, spiker səviyyəsində bu məsələ gündəliyə gətirildi. Təklif bir neçə dəfə səsə qoyulsa da səs çoxluğu alınmırdı. Elə həmin gün Şahmərdan evi tərk etdi. Bir də cənazəsi qayıtdı.

“Şahmərdan orada 5 güllə yarası alıb”
...

- Bəs harada qalırdı? Artıq sərhəd qoşunlarının komandiri də deyildi.

- Evdən çıxandan sonra ən çox Culfada və Ordubadda Elçibəyin yanında olub. Nəhayət 30 mayda parlamentdə həbsiylə bağlı qərar qəbul edildi. 17 iyunda səhər tezdən Şahmərdan özünün Niva maşınında Kələkidən qayıdarkən Bənəniyar kəndində Culfa rayon polis bölməsinin əməkdaşları tərəfindən yolda güllələnib.

Maşında əlavə üç nəfər də olub. Onlar deyirdi ki, polislər xəbərdarlıq etmədən Şahmərdanı güllə yağışına tutublar. Şahmərdan orada 5 güllə yarası alıb. 4 saat yaralı vəziyyətdə qaldıqdan sonra Naxçıvan DİN polisləri gəlib onu həbs ediblər. Daha sonra xəstəxanaya aparıblar.

Xəstəxananın ətrafını polislər mühasirəyə almışdı, heç kimi yanına buraxmırdılar. Həkimlərin səyi nəticəsində bir həftə sonra Şahmərdan ayağa qalxdı.

İyunun 26-da onu yaralı vəziyyətdə Bakıya - Şüvəlan türməsinə apardılar. Ayın 29-a kimi türmədə ona ağır işgəncələr veriblər. Bu haqda bizə oradakı dustaqlar deyib. İyunun 29-u səhər tezdən onu xəstəxana adı ilə türmədən çıxarıb, yük maşınında axşama kimi şəhəri dolandırblar. Məqsədləri o olub ki, Şahmərdan ölsün. Axşam xəstəxanaya gətirilib, bir neçə saatdan sonra vəfat edib.

Şahmərdan əqidəsindən dönmədiyinə görə qəsdən öldürüldü. İstəsəydilər, onu həbs edə bilərdilər. Görünür, həbs etmək onlara sərf etməyib. Çünki, əllərində sübut yox idi. Həm də Şahmərdanın nüfuzundan çəkinirdilər. O həbs olunsaydı bütün Naxçıvan ayağa qalxıb, onun azadlığını tələb edəcəkdi. Onlara Şahmərdanın ölüsü sərf edirdi. Şahmərdanı siyasi sifarişlə öldürdülər.

Redaksiyadan:

ABŞ Dövlət Departamentinin Azərbaycanda insan haqlarına dair hesabatlarında da Şahmərdan Cəfərovun qətlinin istintaqında irəliləyiş olmaması bir neçə il qeyd edilmişdi. O zaman rəsmilər Şahmərdan Cəfərovun həbsinə silahlı müqavimət göstərən zaman yaralandığını bildiridilər.
Əməkdaşımız onun qardaşının iddiaları ilə bağlı Culfa rayon polisinin həmin əməliyyatda iştirak etmiş əməkdaşlarından da münasibət almağa çalışıb. Amma onlar bildiriblər ki, "16 il əvvəlin hadisələri haqqında" danışmaq isətmirlər.
XS
SM
MD
LG