Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:18

Bəxtiyar Hidayət "Əvəzə-əvəz" (Hekayə)


Şakir ağır-ağır posta qalxırdı. Sanki heç arxasıyca əsgər yoldaşı gəlmirdi.

Elə öz-özü ilə baş-başaydı. Öz rayonunda xidmət etməsi onun başına bəla olmuşdu.

Buna görə də qınayırdı özünü ki, “gərək Nasosnuda qalaydım.

Pis deyildi ki, qərargah dəftərxanasında günümü keçirirdim.

Nə itim azmışdı buralarda? Indi o komandir deyir get filan şey gətir, bu deyir get filanı filan elə.

Gedirsən olmur, getmirsən olmur. Qanmıllar ki ev deyəndə bir qaçqın vaqonumuz var.

Evdəkilər çörək tapanda urra, urra edib atılıb düşürlər. Elə bu komandirlərin də hamısı bir-birinə bənzəyir”.

Və yadına Alasəy Miko düşdü. Sonralar rayon mərkəzində Alasəy Mikonun oxşarını görəndə şaşırmışdı.

Daha sonra Bakıda tələbəykən də eynilə bu görkəmdə bir neçə adam görmüşdü.

Və bu barədə danışanda tələbə yoldaşlarının bəziləri də onların da bu görkəmdə tanıdıqlarının olduğunu qeyd etmişdilər.

Onda belə qərara gəlmişdilər ki görünür bu hər hansı bir xəstəlikdir ki məhz insanı bu görkəmə salır. Bu görkəm nə idi bəs?

Bu görkəmdə olan adamlar alçaqboylu, dolubədənli, qaşlarının biri digərindən aşağıda, dilləri pəltək, ağıldankəm, sarı sifətli və həm də üzüçil olullar.

Həmçinin hamısı da şalvarı az qala mədəsinə qədər yuxarı çəkillər.

Hər biri özünü ruhi xəstələrdən fərqli olaraq alababat idarə edə bilir.

Elə Alasəy Miko az qala 200 baş sürünü hərləyirdi kənddə.

Indi düşünürdü ki bu komandirlər də beləcə hər hansı adı məlum olmayan xəstəliyə tutulublar. Hamısı bir-birinin eynidir.

Daha sonra da bir az irəli gedərək düşündü ki, “elə bütün diktatorlar da beləcə bir-birinə bənzəyilllər.

Onlar da alababat özlərini idarə edə bilillər. Onlar da xalqı qoyun kimi otara bilillər.

Sonra da öz-özünə dedi - əşşi mənim diktatorda zadda nə işim var.

Öz başıma gələn bəla qalıb qıraqda mən də diktatorların dərdinə əlac axtarıram”.

Bəs nə idi bu bəla deyilən ki Şakirin yaxasını buraxmırdı?

Onda ki komandirlərə etiraz etmişdi, onlar da gününü bükmüşdülər göy əsgiyə.

Demək olar ki rayondakı bütün qorxulu postlara göndərilmişdi. Amma di gəl ki bir yerdə saxlamırdılar onu.

Öyrədilmiş əsgərlər qoyurdular üzünə ki guya onlarla dava edib. Bir dəfə atası olan-qalan mal-qoyunu satıb zorla qurtardı onu.

Bundan bir az əvvəl isə onun xidmət etdiyi postun ərazisindən bir əsgər erməni tərəfə keçmişdi.

Onda elə bildi ki bu saat qapazlayacaqlar onu. Amma sən demə adı o postun siyahısında deyilmiş.

Amma canında bir qara qorxu vardı. Günlərini sayırdı. Hələ 123 gün vardı xidmətini başa vurmağa.

Dünən isə Xüsusi idarədən gəlib dindirmişdilər. O da sərt danışmışdı ki adım siyahıda yoxdusa bəs mən haranın əsgəriyəm.

Bundan sonra komandir onu hədələmişdi ki görəcəksən.

Indi də belə-dünən yenə bir əsgər keçmişdi erməni tərəfə.

Elə erməni tərəfdən də bir əsgər bəri keçmişdi. Onun dediyindən məlum olurdu ki onlarda da əsgəri it yerinə qoyan yoxdu.

Döymək, zorlamaq, rüşvət almaq, hamısı onlarda da var. Və hər iki tərəfin əsgərləri vəziyyətdən xilas yolu kimi qarşı tərəfləri görürdülər.

Guya ki yel əsib qoz tökülürmüş. Daha göydən bomba zad tökülmürmüş

Bilirdi ki onu ilişdirəcəklər. Dünən baş naryad olmuşdu. Əsgər isə ərazidən necə sivişib getmişdisə xəbərləri olmamışdı.

Əslində evə getməyə də utanırdı. Bit-birənin içində idi. Hər dəfə evə gedəndə bir-iki yorğan-döşək yandırılırdı evdə.

Həmçinin qəribə bir xəstəliyə mütbəla olmuşdu. Hər hansı bir yerindən azca qan çıxdımı ordan sağalmaz , irinli bir yara peyda olurdu.

Elə bu xəstəlik də “YAP xəstəliyi kimi bir zaddır-deyirdi. Harda iz saldılarmı ordan irin, qan əskik olmaz”.

Qəribə də bir həkimləri vardı. Bu həkimin yalnız bir adı məlum olmayan qırmızı dərmanı vardı.

Ayağı yara olana da, başı ağrıyana da, qarnı sözünə baxmayana da, qulaqdibi olana da, hamıya ancaq bu qırmızı dərmandan verirdi həkim.

Şakir bu barədə deyirdi ki, “elə bu həkim də bizim iqtidar kimi beləcə hamıya eyni gözlə baxır.

Andır qalsın bunların hamıya eyni gözlə baxmalarına. Ondansa çıxaralar gözlərinin birini ki, di buyur, hamıya eyni gözlə bax.

Hələ bu xarabada bir sağ əməlli həkim görməmişəm də. Hayıf deyildi Radmila doktor? Deyilənə görə heç ali təhsili də yoxdu”.

Radmıla doktor onların qonşu kəndi olan Sarxankənd adlı erməni kəndinin həkimi idi.

O vaxtlar Şakirgilin kəndçiləri bu dünyada həkim kimi yalnız onu tanıyırdılar.

Milliyyətcə rus idi Radmila. Az qala bütün xəstəliklərin dərdini bilirdi.

Dişi ağrıyan da, başı ağrıyan da, ayağı sınan da, hətta şəkər xəstəliyinə tutulan da, infark keçirdən də , bir sözlə bütün xəstələr cumardı Radmila doktorun evinə.

Zalım qızı pul da almazdı heç kimdən.
Və Radmila Şakiri lap çox istəyirdi.

Çünki onun gözəl qızı Amalanın həyatını qurtarmışdı Şakir.

***

Onlar hər yay yaylağa köçərdilər. Ermənilərin də bu yerdə yaylaqları vardı. Dəyələrin arası cəmi 2 km olardı.

Şakir 7-ci sinfi bitirib 8-ci sinfə keçmişdi. Amala da onunla yaşıd olardı.

Amma Amala yaylaqda az olurdu. Yayın yarısını anasının Rusiyadakı qohumlarının yanında keçirərdi.

Deyilənə görə bura hansısa kurort zonası imiş.
Deyəsən vurulmuşdu Amalaya Şakir.

Dərslərin başlamasına az qalmış Amala gəlib bir-iki gün də yaylaqda dincələrdi.

Şakir də o vaxtı səbirsizliklə gözləyərdi. Ötən il Amala yelləncəkdə yellənirkən onunla “nişanlının adını de” oyunu oynamışdı.

Və altdan altdan da Amalanın alt paltarına baxmışdı. Sonra da Amalanın özündən böyük qardaşı ilə savaşmışdı.

Indi yenə də Amalanın yaylağa çıxma vaxtı idi. Şakir də balaca nacağını götürüb o tərəfə baş çəkməyə getmişdi.

Və elə erməni dəyələrinə yaxınlaşmışdı ki...

Atın örüyünü dəyişmək istəyən Amala kəndiri əlinə dolayıbmış. Və birdən at nədənsə hürküb qaçır-Amalanı sürüyüə-sürüyə. Ermənilər nə qədər edirlər yaxınlaşa bilmirlər ata.

Elə bu vaxt da Şakir qarşıdan gəlirdi və cumub kəndiri kəsmişdi onda. Ermənilər yetincə Amalanın gözünün yaşını da silmişdi.

Və ona demişdi ki qorxma, maman səni də qurtarar, o hamını qurtarır.

Amala da ona “sani sivir mən” demişdi.

Radmıla doktor da yaylaqda imiş. Şakiri az qala bağrının içinə alacaq qədər özünə sıxıb üz-gözündən öpmüşdü onda Ramila doktor. Və sonda da “qızı sənə verəcəm” demişdi.

O yaylaq ili axırıncı olmuşdu. Sonra dava-dalaş başlamış, Şakirgilin kəndi işğal olmuşdu.

***

Düşüncələrdən “molodoy” əsgər ayıltdı onu.

-Cənab kiçik çavuş, erməni tərəfdən kimsə gəlir, yəqin yenə o tərəfdən bəri əsgər keçir.

-Bu ermənini tutub biz aparsaq mənim işim də yüngülləşər. Özünü göstərmə.

-Deyəsən görüb bizi. odur ey, düz üstümüzə gəlir.

-Aaa, bu ki minalanmış sahəynən gəlir. Noola mina zad açılmaya, aparaq biz təhvil verək.

Həqiqətən də mina açılmadı. Gələn 25-26 yaşlı bir qadın idi. O əsgərlərə:

-Məni öldür yox, yox, men ne ubiysya –bax belə qarışıq sözlər deyirdi.

Qadını tutdular. Titim-titim titrəyirdi. Üz-gözündən bilinirdi ki çox döyülüb. Çox da acdır. Həm də erməni əsgərlər onu gətirib xeyli müddət yanlarında saxlayıb hər gün də zorlayıblar.

Qadını posta apardılar. Amma bu qadın nəsə Şakirə tanış gəlirdi. Ha beynini qurdalıadı bir şey çıxarda bilmədi.

Elə bu uğurlu əməliyyata görə də Şakirə dəyib toxunmadılar.

Evlərinə xüsusi tərifnamə də göndərildi. Demə onun bu uğurlu əməliyyatı zamanı nazirlikdən kimsə gəlibmiş və uğur kimin uğuru olduğunu qeyd edibmiş.

***

Şakirin əsgəri xidmətinin bitməsinə 120 gün qalmışdı. Postda televizora baxırdılar.

Birdən ekrana Şakirin tutuqladığı qadını çıxartdılar. Azərbaycan dilində adamı başa sala bilirdi.

Məlum oldu ki qardaşı fərarilik etdiyinə görə onu girov kimi gətiriblər erməni hərbi hissəsinə. Bir ay orda döyüb söyüb və dəhşətli dərəcədə də cinsi istismara məruz qoymuşlar. O, üçüncü bir ölkədən vətəndaşlıq istəyirdi.

Ekranın aşağısında adı familiyası yazılmışdı-Gevorqyan Amala.

Şakiri sanki ildırım vurdu. Axı necə oldu biz bir-birimizi tanımadıq. Illər bizi necə də dəyişib gör bir. Yazıq Amala. Sanki əvəzə-əvəz qaytardı. O da mənim həyatımı xilas etdi.

Sonra diktor başladı şüvənlik etməyə. Erməni ordusunda vəziyyət ağırdı, filan, bəsməkan.

Azərbaycan ordusunun isə adamdöymək dərsi keçilərək buğa kimi bəslənən on-onbeş üzvünə ekranda bir xeyli mayallaq aşdırdılar. Başları ilə kərpic qırdırdılar.

Elə bu yerdə televizorun səsini güllə səsləri kəsdi. “Molodoy”lardan birisi əsgər demədən, zabit demədən qarşısına gələni vermişdi güllənin qabağına.

Şakir özü də az qala çoyutma bir güllənin qurbanı olacaqdı.

Daha sonra “molodoy” əsgər Şakirə yaxınlaşıb:
-Sən məni döyməmisən, yoxsa səni də gəbərdərdim -dedi.

Sonra “molodoy” özünü də güllələdi.

***

Şakirin xidməti bitirməsinə 117 gün qalmışdı. Indi başqa postda idi.

Bu post ermənilərin lap uzun burnunun ucunda idi. Bu postda qoyulan televizor erməni kanallarnı daha yaxşı tuturdu.

Bir neçə gün erməni kanalları Şakirin köhnə postundakı qətliamdan danışdı, əsgərlərdən biri ermənicə az-çox başa düşürdü.

Demə ermənilər Azərbaycan ordusundakı özbaşınalıqlardan dəm vururmuşlar.

Kanalı dəyişən kimi Azərbaycanlı diktorların erməni ordusu haqda tükürpədicə məlumatlarına rast gəlirdilər.

Bu orduda kütləvi fərarilik, kütləvi qətllər, kütləvi zorlamalar baş alıb gedirmiş.

Şakir öz-özünə dedi:

-Bu da kanalların əvəzə-əvəz oyunudur.
XS
SM
MD
LG