Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:34

Azərbaycan teatrı iməkləyir?!


Mahir Can As
Mahir Can As
«Dünya teatrı prizmasından baxdıqda, Azərbaycan teatrı iməkləyir».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına Moskvadan -- teatr mütəxəssislərinin beynəlxalq ixtisasartırma məktəbindən yenicə qayıdan aktyor və rejissor Mahir Can As söylədi:

AZƏRBAYCANLILAR XARİCDƏ TAMAŞAYA BAXMIR

«Bizə elə gəlir ki, teatrlarımızda tamaşaya qoyulan əsərlər dünya miqyaslıdır, çünki Azərbaycan tamaşaçısı xaricdə tamaşaya baxmır ki, onları tutuşdura bilsin. Çox cüzi bir qisim kənarda tamaşaya baxa bilirsə, bu fərqi görə bilər. Amma əksəriyyət bundan məhrum olduğu üçün Azərbaycan teatrlarında göstərilən tamaşalara tənqidi yanaşa bilmir. Bundan istifadə edən «rejissorlar» da tamaşanı istədikləri kimi qururlar. İnsan kimisə aldada bilər, amma özünü yox».

DAĞIN ZİRVƏSİNDƏN QUYUNUN DİBİNƏ...

Mahir Can Asın fikrincə, rejissor hər zaman düşünməlidir ki, qurduğu əsər kiminsə taleyini həll edə bilər. Kimdəsə elə bir qığılcım oyada bilər ki, o adam ya özünü tələf edər, ya da xoşbəxt olar:

«Mən son vaxtlar özümə qadağa qoymuşam ki, Azərbaycanda tamaşaya baxmağa getməyəcəyəm. Çünki xaricdə baxdığım tamaşalar məndə o qədər böyük təəssürat oyadır ki, yenidən Azərbaycan tamaşasına baxdıqda, özümü dağın zirvəsindən quyunun dibinə yuvarlanmış kimi hiss edirəm. Hər dəfə də enerjimi bu yuvarlanmaya sərf etmək istəmirəm. O zirvədə qalmaq istəyirəm. Ancaq Azərbaycanı sevən bir insan kimi, vətəndaş kimi öz teatrımızı da dünya səviyyəsində görməyi arzulayıram».

BİZ GÖRMÜRÜK, DÜNYA GÖRÜR...

Gənc aktyor və rejissor bu arzunun gerçəkləşə biləcəyini də söyləyir:

«Axı, bizim teatrın kökü var -- böyük tarixi var. Əsərlərimiz də var, bu işi reallaşdıracaq gənclərimiz də. Belə gənclər çoxdur. Sadəcə, mənim maddi baxımdan, məkan baxımdan imkanım yoxdur ki, onları bir yerə toplayım. Mən onları görəndə, hər zaman düşünürəm ki, Allahın yaratdığı dünyanın içərisində özü dünya olan adamlar varmış. Amma biz onları görmək istəmirik. Dünya isə görür».

MEYDAN GƏNCLƏRƏ VERİLMƏLİDİR!

Mahir Can As istər rəhbərliyin, istərsə də yaradıcı prosesin gənclərə verilməsinin tərəfindədir:

«Bizdə 60 yaşlı teatr direktoru 25 yaşlı Avropa təhsilli rejissoru ömür boyu anlaya bilməyəcək... Amma Avropa teatrlarında belə deyil. Özüm görmüşəm. Bir-birini gözəl anlayırlar. Yaradıcılığa ilk növbədə ağıl deyil, ürək lazımdır! Uğursuzluğumuzun bir tərəfi də odur ki, bugünkü böyüklər gənclərə düzgün yol göstərmirlər. Yaşı çox olmaq böyük olmaq demək deyil. Bu gün dünyanın bir çox ölkələrini gənc rəhbərlər idarə edir, özü də çox uğurla. Teatrlarda da bu var. Mən istərdim ki, bizdə də belə olsun. Söz verirlər, havada qalır...».

--Mahir Can As daha nələr söylədi?
--Ölkənin baş teatrındakı yenidənqurmayla bağlı verilən sualı necə cavabladı? Hansı müdrikdən ibrətamiz misal çəkdi?
--Mahir Can As bir-iki il öncə çəkməyə başladığı teleserial barədə nə dedi?
-- Bu il öz romanı əsasında «Ailə bağları» adlı yeni serial çəkməyə girişən rejissora niyə mane oldular?
--Moskva görüşləri daha nə ilə yadda qaldı?


«İz» qarşınızdadır. Dinləsəniz, həftənin ən son mədəniyyət xəbərlərini də eşidəcəksiniz.
XS
SM
MD
LG