Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:43

Süleyman Rüstəm. Mübarizə elan edirəm


Dəmir kimi kəlmələrdir mənim silahım,
Şeirlərdir, nəğmələrdir mənim silahım!
Vaxt olur ki, gözüm düzü düz görməyəndə,
Mənə çoxdan tanış üzü düz görməyəndə,
Yolumdakı çöl-düzü düz görməyəndə,
Gözümə də mübarizə elan etmişəm,
Özümə də mübarizə elan etmişəm!

Lovğalara, satqınlara, rüşvətbazlara,
Özlərini sevən arsız şöhrətbazlara,
Millətini tanımayan millətbazlara
Hər sözümlə mübarizə elan etmişəm,
Ər sözümlə mübarizə elan etmişəm!

Azadlığa ölüm hökmü yazan kəslərə,
Millətlərin dostluğunu pozan kəslərə,
Haqq yolundan, düz yolundan azan kəslərə
Söz ordumla mübarizə elan etmişəm,
Öz ordumla mübarizə elan etmişəm!

Ağ günümü qara görən cahangirlərə,
Cinayətlə ömür sürən cahangirlərə,
Ölümlərə rəvac verən cahangirlərə
Öz sazımla mübarizə elan etmişəm.
Hər yazımla mübarizə elan etmişəm!

Başqasının torpağına göz dikənlərə,
Vətənindən uzaqlarda qan tökənlərə,
Tarix boyu sinələrə dağ çəkənlərə
Hər kəlməmlə mübarizə elan etmişəm,
Hər nəğməmlə mübarizə elan etmişəm!

Harda olsa dərdliyə şad söyləyənlərə,
Addımbaşı haqlıya yad söyləyənlərə,
Günə, aya görünmə, bat söyləyənlərə
Amalımla mübarizə elan etmişəm,
Cəlalımla mübarizə elan etmişəm!

Yerdə-göydə müharibə aşiqlərinə,
Bizə qarşı qəfil zərbə aşiqlərinə
Qan püskürən bu dəbdəbə aşiqlərinə
Mən amansız mübarizə elan etmişəm,
Sülhçün qansız mübarizə elan etmişəm!
XS
SM
MD
LG