Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:31

Nüsrət Kəsəmənli. Biri vardı, biri yox...


Uşaqlar neçə ki körpədirlər, ana
laylasına uyuyurlar.
Elə ki bir az böyüdülər, axşamlar
atalarından nağıl istəyirlər.
Mənim bildiyim nağıllar isə çox deyil.
Axşamların birində nağıllarım qurtaranda
fikirləşdim ki öz taleyimin
nağılını söyləyim...


Olan olub, keçən keçib bəlkə də,
İndi daha kövrəlməyin yeri yox.
Ömrüm boyu belə gəlib mənimki
Əvvəlindən biri vardı, biri yox.

Uzaqdaydı mən istəyən ocaqlar,
Urəyimdən gəlib keçdi sazaqlar.
Atalıydı, analıydı uşaqlar,
Bizim evdə biri vardı, biri yox.

Gözlərimə doldurmuşam yağışı,
Bir köynəkdə çıxarmışam mən qışı.
Şalvar-pencək geyinirdi tay-tuşum,
Məndə isə biri vardı, biri yox.

Üzüm güldü, tələbəyəm deyəndə,
Sıxılırdım dost pencəyi geyəndə.
Müəllimlə dil tapa bilməyəndə
Qiymətimin biri vardı, biri yox.

Qəlbim yandı ilk sevgimdən, eşqimdən,
Dara düşdüm, əl ummadım heç kimdən
Məclislərdə can deyib can eşidən
Dostlarımdan biri vardı, biri yox.

Mən orduya nələr görüb getmidim,
Ürək alıb, ürək qırıb getmişdim.
İki qıza könül verib getmişdim,
Qayıdanda biri vardı, biri yox...

Uzaq gəzdi əmi, dayı, bibilər,
Sözarası mənə “evlən” dedilər.
Nişan üçün iki şey istədilər,
Məndə isə biri vardı, biri yox.

Vaxt gələcək bu günü görəcəksən,
Çox suala gözünü döyəcəksən.
Vaxt gələcək sən özün deyəcəksən,
Deyəcəksən: “biri vardı, biri yox!”
XS
SM
MD
LG