Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:11

«Kazanda da düyün çözülməyəcək»


Prezidentlərin Soçi görüşü
Prezidentlərin Soçi görüşü
Bakıda Hökumət Evinin qarşısında hərbi paradın məşqləri gedir. Azərbaycan sayca ikinci hərbi parada hazırlaşır. Parad 26 iyun- Silahlı Qüvvələr Günü münasibətilə keçiriləcək. Amma bəzi təhlilçilər bunu əzələ nümayişi kimi dəyərləndirir. Azərbaycanın dövlət başçısı isə iyunun 25-də Ermənistan prezidenti ilə Qarabağ münaqişəsini müzakirə edəcək.

Torpaqlarının 20 faizi işğal edilən Azərbaycan barışıq sazişi hazırlamağa nə qədər yaxındır?

ADİ VƏTƏNDAŞIN CAVABI

Bakı sakini Tamilla Məşədiyevadan xəbər alırıq:

- Azərbaycan Ermənistanla sülh sazişi imzalaya bilərmi yaxınlarda?
- Onu deyə bilmərəm.
- Bəs azərbaycanlılarla ermənilər yanaşı yaşaya bilərlərmi?
- Əvvəl yaşayıblar, indi də yaşaya bilərlər.
- Yəni deyirsiz ki, xalqlar sülhə hazırdılar?
- Hazırdılar. Ola bilər.

Cavid Kazımov:

- Torpaqlar azad olmasa, çətin. Mümkün deyil. Hər şey sinəyə yığılıb. Birdən-birə barışıq elan edilsə də, yaşamaq çətin olar. İyirmi ildir danışıqlar gedir. Mən hələ irəliləyiş görməmişəm, bizə tərəf heç nə yoxdur. Səbəb? Müsəlman dövlətiyik.

Raya xala:

- Qanun çərçivəsində ikitərəfli barışıq olsa, yaşamaq olar.

YEKUN SÖZ ÜÇÜN YAXŞI MƏQAM

Əslində, ATƏT-in münaqişənin nizamlanması ilə məşğul olan Minsk Qrupunun sonuncu təklifində də sıralama belə gedir: əvvəlcə Dağlıq Qarabağ ətrafındakı 7 rayon qaytarılır, qaçqınlar yurdlarına dönür və kommunikasiya bərpa olunur. Daha sonra Dağlıq Qarabağın statusu müəyyən olunur. Masa üstündəki sənəd «Madrid prinsipləri» adı ilə tanınır. Bu, bir neçə il öncə müzakirə edilən «mərhələli həll planı»na oxşayır.

Ekspertlərə görə, sənəd qüsurlu da olsa, Azərbaycan artıq onu qəbul edib. Amma Ermənistan sənədə nə «hə», nə «yox» deyib.

Serj Sarkisyan
İyunun 22-də Ermənistan prezidenti Serj Sarkisyan isə yekun söz üçün yaxşı məqam yarandığını deyir:

«Mən indiki mərhələdə yalnız onu deyə bilərəm ki, Kazan görüşünə yaxşı əhval və konstruktiv danışıqlar aparmaq istəyi ilə gedirəm».

APA-nın məlumatına görə, Sarkisyan Strasburqda Avropa Şurasının baş katibi Tyornborn Yaqlandla görüşdən sonra belə deyib.

«PREZİDENTİN TAQƏTDƏN SALMA TAKTİKASI»

Azərbaycan da görüş qabağı nikbin danışır.

«Prezidentlərin Kazan görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı irəliləyişlərin əldə edilməsi mümkündür». Yeni Azərbaycan Partiyası icraçı katibinin müavini, deputat Mübariz Qurbanlı belə deyib, partiyanın saytına müsahibəsində.
Mübariz Qurbanlı deyir ki, Dağlıq Qarabağ probleminə yanaşmada Prezident İlham Əliyevin irəli sürdüyü keyfiyyətcə yeni bir konsepsiya özünü doğrultmaqdadır. Bu hansı konsepsiyadır?

Mübariz Qurbanlı: «Birincisi, xarici siyasətimiz hücumçu diplomatiyaya istinad edir. İkincisi, işğalçı Ermənistanı taqətdənsalma xətti həyata keçirilir. Bu iqtisadi cəhətdən taqətdənsalmadır. Bu amilin psixoloji, siyasi baxımından işğalçılara ciddi təsiri var. Üçüncüsü, Azərbaycan Prezidenti ölkəmizin dostlarının sayının artırılması və dünya miqyasında mövqeyinin gücləndirilməsini nəzərdə tutur».

Politoloq Zərdüşt Əlizadəsə deyir: «Mübariz Qurbanlının dediklərində müəyyən həqiqət var».

Amma dərhal da əlavə edir:

«Mən deməzdim ki, bütün bunlar bizim prezidentin dahi xarici və daxili siyasətinin nəticəsidir. Bu faktdır. Bizdə neft-qaz var, böyük maliyyə gəliri var. Ermənistanda yoxdur. Bu da Ermənistanı xaricdən asılı edir. Bizdə bu asılılıq yoxdur, Qərbə müqavimət göstərə bilirik».

Zərdüşt Əlizadə
REFERENDUMUN VAXTI-DÜYÜN MƏSƏLƏ

Qaldı Qarabağ münaqişəsinin həllinə, politoloq deyir ki, Ermənistan Dağlıq Qarabağı və ətraf rayonları işğal edib. Danışıqlarda da tələb odur ki, Azərbaycan Dağlıq Qarabağın statusu ilə bağlı referendumun vaxtını bəri başdan desin:
«İndiyəcən danışıqların düyün nöqtəsi budur. Statusla bağlı təminat almaq istəyir. Ermənistan təminat istəyir ki, müharibə olmayacaq və beş, lap on ildən sonra referendum olacaq».

Zərdüşt Əlizadə İlham Əliyevin buna razılıq verəcəyinə inanmır. Onun fikrincə, uzun illərdir Dağlıq Qarabağın qaytarılmasına vəd verən iqtidarın referenduma «hə» deməsi onu birdəfəlik itirmək olardı...

Politoloqa görə, bu düyün çözülməyib. Buna görə də Kazan görüşündən müsbət nəsə gözləmir.

BİRİNCİ SƏNƏD İMZALANMASA...

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da nikbin deyil:
“Düşünmürəm ki, Kazanda bu istiqamətdə ciddi irəliləyiş olsun. Uzaqbaşı ümumi ifadələrdən ibarət sənəd imzalana bilər ki, tərəflər sülh danışıqlarını davam etdirəcəklər, atəşkəsə riayət edəcəklər və sairə. Belə bir sənəd 2008-ci ildə Moskvada da imzalanmışdı. O zaman böyük ajiotaj yarandı ki, münaqişənin həllinə deyəsən yaxınlaşırıq. Amma sənəddəki maddələr yerinə yetirilmədi».

Kazan görüşü iyunun 25-də Rusiya prezidentinin təşəbbüsü ilə keçirilir.
XS
SM
MD
LG