Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:26

Məktəbdəki hicab qalmaqalı məhkəməyə çıxarıldı


Arxiv foto
Arxiv foto
«Qanunda belə bir məhdudiyyət olmaya-olmaya Fikrət müəllim mənim qızımı məktəbə buraxmayıb. Həm ailəlikcə mənəvi sarsıntıya məruz qalmışıq, həm uşağın psixikasına, həm də maddi vəziyyətimizə təsir edib».

«HİCAB QADAĞASI GÖTÜRÜLSÜN»

Sumqayıt İnzibati İqtisad Məhkəməsində Sumqayıt sakini Azər Əzizovun həmin şəhərdəki 23 saylı orta məktəbin direktoruna qarşı iddiasına baxılır. İyunun 22-də keçirilən məhkəmə iclasında Azər Əzizov məktəbin 5-ci sinif şagirdi olmuş qızı Samirə Əzizovanın bu ilin aprelindən hicaba görə dərsə buraxılmamasının və məktəbdən çıxarılmasının qanunsuz olduğunu dedi. Bildirdi ki, indi qızı təhsilini bir litseydə davam etdirir və litseyə hər ay 350 manat təhsil haqqı ödəyir. Bu isə onun maddi imkanları xaricindədir. O, məhkəmədən övladının 23 saylı məktəbə qaytarılmasını, direktorun üzərinə isə məktəblinin hicabla məktəbə buraxılmasına maneçilik törətməmək vəzifəsinin qoyulmasını xahiş etdi.

Prosesdə cavabdeh kimi iştirak edən məktəb direktoru Fikrət Qasımovsa dedi ki, şagird məktəbin daxili nizamnaməsinə uyğun olaraq hicabla məktəbə buraxılmayıb.

«DİREKTORUN ŞAGİRDİ MƏKTƏBDƏN ÇIXARMAQ SƏLAHİYYƏTİ YOXDUR»

Ancaq iddiaçı direktorla razılaşmadı. Dedi ki, Nazirlər Kabinetinin təsdiq etdiyi «Ümumtəhsil Məktəbinin Nümunəvi nizamnaməsi»ndə ümumiyyətlə, baş örtüyü məsələsi yoxdur. O ki qaldı, məktəbin daxili nizamnaməsinə, iddiaçı bu nizamnamənin hüquqi əsası olmadığını bildirdi:

«O nizamnamə Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyib və heç bir hüquqi əsası yoxdur. Şagirdin məktəb rəhbərliyi tərəfindən dərslərdən kənarlaşdırılması da qanunsuzdur. Təhsil verənin hüquqları var. O hüquqların içində hər hansı uşağın dərsə buraxılmaması, dərsdən kənarlaşdırılması hüququ verilməyib».

Hicablı tələbə. 2008

«ŞAGİRD MƏKTƏBƏ QAYTARILA BİLƏR, AMMA...»

Məktəb direktoru hakimə bildirdi ki, şagirdi məktəbə qaytara bilər. Ancaq hicab məsələsinə zəmanət verə bilməz. Onun deməsinə görə, Təhsil Nazirliyi orta məktəblərdən daxili nizamnamələri yığıb və yaxın vaxtlarda qeydiyyatdan keçməsi üçün həmin nizamnamələr Ədliyyə Nazirliyinə təqdim olunacaq. Nizamnamə qeydiyyatdan keçdikdən sonra o, şagirdi məktəbə hicabla buraxmaq hüququnda olmayacaq. Yəni şagird istəsə də, istəməsə də artıq hüquqi qüvvəyə minmiş nizamnaməyə tabe olacaq.

Direktor Fikrət Qasımov:

«Mən istəyərdim, birinci növbədə öz aramızda söhbət edək, öz fikirlərimizi deyək. Tutaq ki, bu gün mən arayış verdim ki, məktəbə buraxıram, o da bağışladı, iddiasından əl çəkdi. Ancaq Nizamnamə təsdiq olunsa, artıq mən o şagirdi məktəbə hicabla qaytarmaq hüququnda olmayacağam».

Valideyn Azər Əzizov:

«O Nizamnamə təsdiqlənəndən sonra artıq burda sizlik bir iş olmayacaq. Onda mən Konstitusiya Məhkəməsinə müraciət edəcəm».

Azər Əzizov dedi ki, hətta orta məktəbdəki daxili nizamnamə təsdiqlənsə belə, bu, Konstitusiyaya zidd olacaq: «Çünki Konstitusiya vicdan azadlığı prinsipini irəli sürüb, hamıya istədiyi dinə etiqad etməyə imkan yaradıb. İslam dininə etiqad edən məktəblini hicabla məktəbə buraxmamaq dini ayrı-seçkiliyə yol verməkdir».

İŞ AVROPA MƏHKƏMƏSİNƏ GEDƏ BİLƏR

Təhsil Nazirliyi önündə hicaba dəstək aksiyası
Məktəb direktoru və hakim Xəyalə Cəmilova iddiaçıdan barışığa gəlməsini və iddiasını geri götürməsini xahiş etdilər. Azər Əzizov iddia ərizəsində direktordan mənəvi zərər kimi 20.000 manat və litseyə hər ay ödədiyi 350 manatı da tələb edirdi. O, iddiasının yalnız təzminat hissəsini geri götürdü. Məktəbə bərpa və hicaba qadağanın götürülməsi hissəsini isə qüvvədə saxladı.

Hakim tərəflərə öz aralarında bir daha danışıb qərar qəbul etmək üçün iyunun 28-nə kimi vaxt verdi.

Azər Əzizov isə AzadlıqRadiosuna dedi ki, hicab problemi yerli məhkəmələrdə həllini tapmasa, bu işi Avropa Məhkəməsinə kimi aparacaq. Məhkəmə iclası bitdikdən sonra məktəb direktoru ilə iddiaçı valideyn arasındakı ilkin danışıqlarda məktəb direktoru anlatmağa çalışırdı ki, Nizamnaməni o yazmır və bu iş onun səlahiyyətində deyil.

Ötən ilin sonunda məktəblilərin dərsə məktəbli formasında gəlməsinin tələb olunması dindarların narazılığına səbəb olub, nazirlik qarşısında aksiyalar keçirilib. Bir müddət əvvəl isə Bakının müxtəlif yerlərində hicabı dəstəkləyən plakatlar yapışdırılıb, həmçinin bəzi mənzillərin qapılarına təhsil naziri Misir Mərdanovun orta məktəblərdə hicabın qadağasına dair göstərişi əleyhinə vərəqələr paylanılıb. Təhsil rəsmiləri bütün məktəblilərin dərsə məktəbli formasında gəlməli olduğunu bildirir.
XS
SM
MD
LG