Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:19

Dindarın saqqalını qırxıb özünə də 3 sutka həbs veriblər


Polisdə saqqalımı da qırxdılar, dedilər səni həftədə bir dəfə yoxlayıb saqqalını qırxacağıq
Polisdə saqqalımı da qırxdılar, dedilər səni həftədə bir dəfə yoxlayıb saqqalını qırxacağıq
Göyçayın Çərəcə kənd sakini Urfan Bədirov AzadlıqRadiosunun «Qaynar xətt»inə polisdən şikayət edib. Deməsinə görə, özü də inanclıdır, ailə üzvləri də. Qızı hicab bağladığından təhsil aldığı kənd məktəbinin direktoru məktəblini tez-tez məktəb qapısından geri qaytarır. Buna görə də şagird cari təhsil ilinin çox hissəsini evdə qalmalı olub. U. Bədirov deyir ki, sahə müvəkkilinin zəngindən sonra Göyçay rayon Polis Şöbəsinə yollanıb. Polis şöbəsində nələr baş verib, şikayətçidən eşidək:

«POLİSƏ ÖZ AYAĞIMLA GETMİŞDİM, YAZDILAR Kİ, ZORLA GƏTİRMİŞİK»


- Martın 14-də mənə naməlum nömrədən bir nəfər zəng etdi, dedi polisdənəm, haradasan, rəis səni çağırır. Getdim, şöbənin qarşısında məni sahə müvəkkili qarşıladı. Birlikdə getdik rəisin yanına. Rəis məni təhqir elədi, sonra da dedi ki, uşaqları məktəbə qoymursan, televizora baxmağa qoymursan. Dedim, uşaq özü hicaba girib. Dedi, sən onu zorla məktəbə göndərməlisən. Xeyli söydü, təhqir elədi. Şöbədən çıxanda, gördüm sahə müvəkkili raport yazır ki, getdim evinə, əmrimə tabe olmadı, dedim rəis çağırır, dedi rəis kimdir, getmirəm. Yəni, belə-belə sözlər yazmışdı raporta. Dedim axı zəng eləmisən, mən də özüm öz ayağımla durub gəlmişəm. Qulaq asmaq da istəmədilər, həmin gün məni məhkəməyə apardılar. Hakimə də dedim ki, cənab hakim, axı mən özüm zəng çağırışı ilə polisə getmişəm. Hakim dedi, tapşırıq var, 3 sutka yatmalısan. Polisdə saqqalımı da qırxdılar, dedilər səni həftədə bir dəfə yoxlayıb saqqalını qırxacağıq.

«DİREKTOR BAŞINI AÇIRDI, O DA AĞLAYA-AĞLAYA GƏLİRDİ»


- İndi uşaq məktəbə gedir?

- İndi gedir.

- Bəs əvvəllər niyə getmirdi?

- Gedirdi, direktor açırdı başını, o, da ağlaya-ağlaya gəlirdi ki, direktor başımı açır, deyir məktəbə belə gəlmə.

- İndi başıaçıq gedir, yoxsa başıbağlı?

- Yenə başıbağlı gedir.

U. Bədirov deyir ki, polis şöbəsində ona məlum olub ki, onu qayınatasının şikayətinə əsasən polisə çağırıblar.

- Məhkəmədə də ordaydı. Ümumiyyətlə, 3 ilə yaxındır ki, mən islama girmişəm, deyir, bizə gəlmə.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə deyir ki, U. Bədirov qadağan olunmuş dini cərəyanın nümayəndəsi olduğuna görə, uşaqlarını məktəbə, tədbirlərə buraxmırmış.Ailəsində problemlər yaranırmış.
- Buna görə də qayınatası ərizəylə polis şöbəsinə müraciət edib. Şöbədə araşdırmalar aparmaq üçün Urfan Bədirov bir neçə dəfə polisə dəvət olunub. Çağırışa məhəl qoymadığına görə polis əməkdaşları tərəfindən şöbəyə gətirilib. Polisin qanuni tələblərinə tabe olmayıb, məhkəməyə verilib inzibati məsuliyyətə cəlb olunub.

O. Mansurzadə U. Bədirovun polis şöbəsində saqqalının zorla qırxılması ilə bağlı dediklərini uydurma adlandırıb.

O deyir ki, U. Bədirov əvvəllər də qadağan olunmuş dini ədəbiyyat yaydığına görə məhkəmə tərəfindən cərimələnib və həmin səbəb üzündən polis tərəfindən dəfələrlə xəbərdarlıq alıb.

U. Bədirov isə özünə qarşı baş verənləri son vaxtlar rayondakı məscidə yığışanlara müxtəlif yollarla təzyiq olunması kimi qiymətləndirir.

Buna da bax:

XS
SM
MD
LG