Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:43

Dördüncü sinif imtahanında rüşvət iddiası


Arxiv şəkil
Arxiv şəkil

Hökumətin korrupsiya ilə mübarizə kampaniyası səngiməmiş orta məktəblərdə pul yığılmasına dair şikayətlər gəlir. Bu dəfə AzadlıqRadiosunun "Qaynar Xətt"inə Bakı şəhəri Nizami rayonu 220 saylı orta məktəbin valideynləri şikayətçi düşüb. Zəng edib adını deməyən valideyn iddia edir ki, məktəblərdə dördüncü siniflərdən imtahanqabağı pul yığımına başlayıblar. Yüksək qiymət almaq üçün hər şagird 50-100 manat arası pul verməlidir.

«DÖRDÜNCÜ SİNİFDƏ NƏ İMTAHAN»

«Uşağım indi 4-cü sinifdə oxuyur. İlk dəfədir ki, imtahan verəcək. Amma müəllimə bütün şagirdlərdən imtahandan yüksək qiymət almaq üçün pul yığır. Mən də vermədim, düşündüm ki, dördüncü sinifdə imtahanlardan pulla keçəcəksə, onun aldığı təhsil mənə lazım deyil. Riyaziyyatdan il boyu «4-5» qiymətlərlə oxuyan uşağa «iki» veriblər. Müəlliməsi də açıq- aydın deyir ki, bizlik heç nə yoxdur. Direktora pul verənlərin siyahısı gedir, direktor özü pul verməyənlərə «iki» yazır».

«KORRUPSİYA İLƏ MÜBARİZƏ KAMPANİYASI REKLAMDIR»

Valideyn deyir ki, həmin məktəbdə korrupsiya ilə bağlı dəfələrlə həm Təhsil Nazirliyinin, həm də Təhsil İdarəsinin" qaynar xətt" telefonlarına zəng edib, şikayətlərini bildiriblər. Amma heç bir nəticəsi olmayıb:
Məktəblərdən birinin dəhlizi, arxiv şəkil

«Mənim kimi bir neçə valideyn qaynar xətlərə zəng eləmişik. Oradan deyirlər ki, gəlin şahidlik edin, faktı araşdırmaq əvəzinə bizim qarşımıza şərtlər, tələblər qoyurlar. Yalançı kampaniyadır, reklamdır ki, guya rüşvətlə mübarizə aparırlar. Əgər dördüncü sinifdə pul yığırlarsa, yuxarı sinifdə nə qədər yığacaqlar? Açıq bazardır».

«BİZİM MƏKTƏBDƏ PUL OLA BİLMƏZ!»

220 saylı orta məktəbin direktoru Almaz Əsgərova imtahan qabağı şagirdlərdən pul yığılması ilə bağlı məlumatları təkzib edir:

«Çünki pul yığılmaq söhbəti bu məktəbdə ümumiyyətlə yoxdur. Nə fond var, nə təmir. Bu məktəbdə hansı puldan söhbət gedə bilər?

Təkcə ibtidai siniflərdə 800 nəfərə yaxın şagird oxuyur. Onların il ərzində əldə etdikləri bilik-bacarıqlar kiçik və böyük summativ (yekun-müəl.) qiymətlər sistemi ilə aparılır. Kiçik summativ qiymətləndirməni sinif müəllimləri, böyük summativ qiymətləndirmə isə məktəb rəhbərliyi aparır».

Direktor əlavə edir ki, ibtidai siniflərin 1-ci və 3-cü sinifləri kiçik, 2-ci, 4-cü siniflərin qiymətləndirilməsi isə böyük summativ sistemlə aparılır.

Azərbaycanın orta məktəblərində kurrikulum tətbiq olunduqdan sonra ibtidai siniflərdə test yoxlamaları keçirilir. Yoxlamanın nəticələri jurnala qeyd olunur.

TEST YOXLAMALARIN NƏTİCƏLƏRİ MÜZAKİRƏ OLUNACAQ

Bakı şəhər Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliqızı AzadlıqRadiosuna bildirdi ki, ibtidai siniflərdə keçirilən test imtahanlarının nəticələri mayın 26-də ümumtəhsil şurasının iclasında müzakirə olunacaq. Zəminə Əliqızı müzakirələrdə bütün məktəb direktorlarının iştirakı ilə hər bir şagirdin göstərdiyi nəticələrin ayrı-ayrılıqda araşdırılacağını bildirdi. O, ki qaldı valideynlərin şikayətinə Zəminə Əliqızı bunu mümkünsüz hesab edir:

«ƏGƏR KİMDƏNSƏ PUL TƏLƏB OLUNUBSA»

«Şagirdlərə 15 sualdan ibarət test sualları verilib. Test yoxlamalarının keçirilməsi üçün heç kimdən bir qəpik pul yığıla bilməz. Çünki bu, məktəblər tərəfindən yox, birbaşa təhsil idarəsi tərəfindən keçirilib. Əgər bu ad altında kimdənsə pul tələb olunubsa, biz çox xahiş edirik 4410699 saylı "Qaynar xətt"-ə zəng etsinlər».

Zəminə ƏIiqızı
Zəminə Əliqızı Qaynar xəttə daxil olan şikayətlərin araşdırılması üçün hansısa şərtlərin olmadığını, hətta anonim şikayətlərin belə dəqiq, obyektiv araşdırıldığını deyir. Zəminə Əliqızı bildirdi ki, övladlarının nəticələrindən narazı valideynlər Təhsil idarəsində yaradılan apelyasiya komissiyasına şikayət edə bilərlər.

«GÜNAH VALİDEYNDƏDİR»

Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü hesab edir ki, orta məktəblərdə pul yığılması faktlarına görə məktəb rəhbərliyindən çox valideynlər məsuliyyət daşıyır:

«Belə hallar var məktəblərdə. Zorakı yollarla pul yığan müəllimlər də var, məktəb rəhbərliyi də var. Amma valideynlər buna təpki göstərməlidirlər. Əgər özlərinə, övladlarına güvənirlərsə, axıra kimi dirənməlidirlər. Övladının haqlı qiymətini alana kimi mübarizə aparmalıdırlar».

Məlahət Mürşüdlü də korrupsiya halları ilə rastlaşan valideynləri Təhsil İdarəsində yaradılmış apelyasiya komissiyasına müraciət etməyi və test cavab kartlarını araşdırmağı məsləhət görür.
XS
SM
MD
LG