Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:40

Tbilisinin yaratdığı Müsəlman İdarəsi Bakıda rəsmiləri qəzəbləndirib


Tbilisidə Cümə məscidi
Tbilisidə Cümə məscidi

Allahşükür Paşazadə: “Bu məsələdə fəalliq göstərən azərbaycanlılar öz xalqları qarşısında cavab verəcək”


Hüseyn Yusubov: “Gürcüstan Müsəlman İdarəsi ətrafında yaradılan ajiotaj gülüş doğurur

Ötən həftə Tbilisidə Gürcüstan Müsəlmanları İdarəsi yaradılması ilə bağlı məlumat yayıldı. Azərbaycan tərəfi belə bir qurumun yaradılmasına sərt reaksiya verdi. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstan üzrə nümayəndəsi Hacı Əli Əliyev yeni idarənin məzhəblərarası qarşıdurma təhlükəsi yaradacağını bildirdi.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə isə hadisəni böyük bir siyasi məsələnin birinci addımı adlandırdı. Bugünlərdə Bakıda keçirilən dini mövzuda konfransda o, qeyd etdi ki, bu addımda dini məsələ sadəcə pərdə rolunu oynayır:

“Mən 100 faiz bilirəm ki, bunun arxasında “Böyük Ermənistan” planı durur. Özü də çox maraqlıdır ki, Gürcüstandakı bəzi azərbaycanlılar bu məsələdə fəallıq göstərirlər, vəzifədə olan azərbaycanlılar bu gün bu addımı atırlar. Lakin onlar bir gün öz xalqları qarşısında cavab verəcəklər. Xalqımız necə ki, Ermənistandan qovuldu, bu gün bu təhlükə Gürcüstanda da hiss olunur”.

SÖHBƏT MOLLALIQDAN GETMIR
Allahşükür Paşazadə


Qafqaz Müsəlmanları İdarəsi sədri hesab edir ki, hansısa idarəni yaradıb-yaratmamaq hər bir dövlətin öz işidir. Buna baxmayaraq, bu məsələdə ziyalı sözü öz rolunu oynamalıdır.

“Çünki söhbət burada mollalıqdan getmir. Bu məsələdə milli məsələ dini məsələdən daha çox qabarır. Azərbaycan xalqının mənəvi cəhətdən bir-birindən qoparılması azərbaycanlılar və Azərbaycan üçün müəyyən çətinliklər yarada bilər. Ümid edirəm ki, bu məsələ düzgün həllini tapacaq”.

BU QURUMUN YARADILMASINDAN CİDDİ NARAHATLIĞIMIZ VAR

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bu gün Gürcüstandan olan nümayəndələrlə görüşündə bildirib ki, Gürcüstanda yaşayan azərbaycanlıların din sahəsində ciddi problemləri var. Məsələn, azərbaycanlılar yaşayan kəndlərdə xaçların qoyulması yerli əhalinin narazılığına səbəb olub.

H.Orucov bu məsələni Patriarx II İlya, Gürcüstanın yüksək səviyyəli rəsmiləri və Kvemo-Kartli bölgəsinin qubernatoru David Kirkitadze ilə müzakirə etdiyini deyib. Ancaq problemin həlli ilə bağlı vədlər verilsə də, bu istiqamətdə hələ də ciddi addımlar atılmayıb.

Hidayət Orucov
Gürcüstan Müsəlmanları İdarəsi adlı yeni qurumun yaradılmasına gəlincə, Hidayət Orucov bunu çox gözlənilməz hadisə adlandırıb: “Ciddi narahatlığımız var. Gürcüstanla Azərbaycan həmişə mehriban qonşu ölkələr, xalqlarımız isə dost və qardaş olublar. Buna görə də belə hadisələr təəssüf doğurur. Çox istərdim ki, bu məsələ ilə bağlı narahatlığımız Patriarx II İlya həzrətlərinə çatdırılsın”.

BU, NƏ ŞEYXÜLISLAMA, NƏ DƏ ONUN NÜMAYƏNDƏSİNƏ MÜXALIF TƏŞKILATDIR

Gürcüstan Müsəlman İdarəsinin üzvlərindən biri, Kvemo-Kartli qubernatorunun müavini Hüseyn Yusubov isə bu təşkilatın ünvanına deyilənləri qəbul etmir.

Gürcüstan Azərbaycanlıları konqresinin sədri olan Hüseyn Yusubov vurğulayır ki, yaradılan bu qurum qeyri-hökumət təşkilatıdır:

“Bu, nə şeyxülislama, nə də onun idarəsinə müxalifdir. Bunun ətrafında elə gülünc ajiotaj yaradılıb ki, adamın doğrudan gülməyi gəlir. Hətta belə qiymətləndirirlər ki, guya bu idarə Şeyxin nümayəndəsini dəyişmək istəyir. Absurd sözlər danışırlar. Hərə öz nümayəndəsini özü təyin edə bilər, özü çıxara bilər. Ona alternativ olmaq söhbətinin yeri yoxdur”.

Hüseyn Yusubov deyir ki, yeni yaradılan qurumun əsas missiyası Gürcüstandakı yüzlərlə məscidin dövlət qeydiyyatından keçməsinə yardım etməkdir. Çünki qeydiyyatı olmayan məscidlərin bərpası, təmiri, yenilərinin tikilməsi böyük bir problemə çevrilir. Konqres sədrinin sözlərinə görə, bu vaxta qədər Qafqaz Müsəlmanları İdarəsi Gürcüstandakı məscidlərin təmirinə və bərpasına yardım göstərməyib:

“Bəlkə sənədlərdə, nədəsə olub. Amma real həyatda biz görməmişik. Həmişə təmir olunanda, əsasən əhalinin maraqları səviyyəsində olub. Əhali öz arasında, ya da yerli azərbaycanlı kimsə sponsorluq edib”.

Hüseyn Yusubov deyir ki, məsələni bu formada gündəmə gətirənlər əslində Azərbaycan və Gürcüstan arasındakı dostluq münasibətlərinə ziyan vururlar. Çünki Gürcüstan hökuməti ölkədə yaşayan azərbaycanlılar üçün çox iş görür. Hətta Novruz bayramı dövlət bayramı elan olunub. Azərbaycanlıların dini və milli bayramlarında ölkə rəhbərliyi iştirak edir. Odur ki, H.Yusubov bu məsələdə “erməni barmağının” axtarılmasını yanlış sayır:

“Milli azlıqda yaşayanların vətənpərvərlik hisləri daha güclü olur. Biz də milli azlıqda yaşayırıq. İlk növbədə hər birimiz azərbaycanlı olaq, sonra xalqımıza qiymət verməyi bacaraq”.

Son illər Gürcüstanda 30-a yaxın məscid inşa olunub. Lakin paytaxt Tbilisidə cəmi bir məscid fəaliyyətdədir.
XS
SM
MD
LG