Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:30

Eyvaz Zeynalovun onluğa düşməyən hekayəsi


Bu hekayə "Ədəbi Azadlıq - 2011" müsabiqəsinə təqdim edilsə də, onluğa düşməyib. Müsabiqənin keçən ilki qalibi olan müəllifin istəyilə onu "Oxu zalı"nda dərc edirik.


Eyvaz Zeynalov

DƏRS İLİNİN BAŞLANĞICINDA

İlqar sacda təzə bişmiş fətir əlində doqqazlarının ağzına çıxdı. Dayanıb el yolunun bir aşağısına baxdı, bir yuxarısına.

İns-cins gözə dəymirdi. Yolu köndələninə kəsib keçən arxın kənarındakı bir dəstə qazdan başqa.

Günün ikinci yarısı olmasına baxmayaraq sentyabr günəşi əməlli-başlı yandırırdı. Yəqin indi arxda su çoxdan qızmışdı. Sakit, əsl çimməli hava idi.

Bəs görəsən uşaqlar hardaydılar? Adətən bu vaxtlar kəndin aşağı məhəlləsindəki uşaqlar yığışıb arxda çimməyə gələrdilər. İlqar da qoşulardı onlara. Tək suya girmək, çimmək ləzzət eləməzdi.

Çəpərin dibindəki kölgəlikdə yerini rahatlayıb əyləşdi.

Yavan fətri dürməkləyərək dişinə çəkdi. Son zamanlar efirdə tez-tez səsləndirilən bir şux xalq mahnısının sözlərini dodağının altında mızıldaya-mızıldaya yalın ayaqları ilə torpağı eşməyə başladı.

Elə bu zaman qulağı səsə düşdü. Başını qaldıranda əlində günlük üzübəri gələn “şəhərli qız”ı gördü. Məktəbdən qayıdırdı.

Bu cavan, qəşəng müəllimənin özü kimi də dilə yatımlı, qəşəng adı, familiyası vardı. Ancaq rayon mərkəzində yaşadığına görə kənd arasında uşaqdan böyüyəcən hamı onu “şəhərli qız” çağırırdı.

İlqar şəhərli qızı görən kimi hörmət əlaməti olaraq cəld ayağa qalxdı. Bayaqdan iştahla yediyi fətri arxasında gizlətdi.

Hələ istədi tələm-tələsik özünü də doqqazdan içəri təpsin, hardasa, necəsə daldalansın, gözə görünməsin. Adətən tay-tuşları küçədə müəllim görəndə bu cür hərəkət eləyirdilər.

Niyə, heç özləri də düz-əməlli bilmirdilər. Amma İlqar bu dəfə nə fikirləşdi, nə fi-kirləşmədisə bundan vaz keçdi. Onsuz da şəhərli qız lap yaxındaydı, arada elə bir məsafə qalmamışdı.

Şəhərli qızın sumkası göz oxşayan rəngbərəng ətirli güllər, çiçəklərlə ağzınacan doluydu. İlqar onların arasında daha şux, daha təravətli görünən məxməri gülləri o saat tanıdı.

Bu güllər kənddə yalnız onların həyətində idi. Atası haçansa qonşu rayondan, bir dostugildən qələm gətirib əkmiş, xüsusi qulluq eləmiş, çoxaltmışdı. Bu gün yeni dərs ilinin başlanğıcı, ilk günüydü.

Həmin gülləri də səhər-səhər İlqarın altıncı sinifdə oxuyan qardaşı dərib məktəbə aparmışdı.

İlqar qardaşına paxıllıq edirdi. Başqalarına da həmçinin. Kim bu şəhərli qızın sinfində oxuyur, ona gül bağışlaya bilirdisə, onların hamısına. İlqar onları dünyanın ən xoşbəxti sayırdı. Hələ dünən o xoşbəxtliyin lap bir addımlığında, astanasındaydı.

Cəmi-cümlətani bircə gecəni yatıb durmaq kifayətdi ki, o xoşbəxtliyə qovuşsun!..

Amma sən işə bir bax də, bu gün... İlqarı heç məktəbə götürməmişdilər. Nədi-nədi altı yaşından üç ayı çatmırdı. Bax, bir, iki, üç... Nə böyük şeymiş!..

Eh, onlar hardan biləydilər ki, İlqar ayları, günləri barmaqla saya-saya bu günü, ilk dərs gününü necə səbirsizliklə gözləmişdi.

Hətta bu gecə yuxusunda atasının aldığı təptəzə məktəbli formasını geyinib-bəzənərək bir əlində çantası, bir əlində yekə bir qızıl gül dəstəsi gedib əyləşmişdi həmin bu şəhərli qızın sinfində. Özü də lap birinci sırada, müəllimin gözünün qabağında.

İlahi, İlqar yuxuda necə də xoşbəxt idi!.. Çox da qardaşının sözündən belə çıxırdı ki, şəhərli qız birinci sinfə dərs deyə bilmir. İlqar buna qətiyyən inanmırdı! Necə olur axı, altıncı sinfə dərs deyə bilir, birinci sinfə yox?..

Düzdü ey, məktəbdə müəllim tək elə bu şəhərli qız deyildi. Hə, nə çoxdu müəllim! Məsələn, biri elə Dilşad müəllimə, Sara müəllimə, Arif müəllim... Hələ heç adlarını bilmədiyi neçə qadın, kişi müəllim də vardı...

Di gəl İlqar əvvəldən yalnız onun, bu şəhərli qızın sinfində oxumaq arzusundaydı. Şəhərli qız şəhərli qızdı!

O nə Dilşad müəllimə, nə Sara müəllimə, nə Arif müəllim, nə də hələ adlarını belə bilmədiyi neçə-neçə qadın, kişi müəllimiydi! İlqar üçün onlar hamısı adi adamlardı. Atası kimi, anası kimi, allahın verən günü kənd arasında, klubun, dükanın qabağında gördüyü əkin-biçinlə məşğul olan, bostanda, bağ-bağatda əlləşən, ot çalan, su daşıyan, mal-qara saxlayan, qoyun-quzu haylayan, üstəlik gündə hələ neçə dəfə yeyib-içən, axşam-səhər xorna çəkə-çəkə yatıb-duran adi adamlar kimi...

Şəhərli qız beləcə sehrlənmiş kimi dayanıb hayıl-mayıl ona baxan İlqara elə-belə, saymazyana bir nəzər salaraq ötdü. Buna görə İlqar ondan zərrə qədər də incimədi. Axı şəhərli qız onu heç tanımırdı.

Şəhərli qız üçün İlqar bu yoldan ötüb-keçəndə gördüyü arxda çimişən, bir-birini hay-harayla suya basan, gün axşamacan qaratikan koluynan kəpənək qovan, məftil araba, diyircək sürən, toz-torpağın içində eşələnən ayaqyalın, başaçıq, burnufırtılıqlı adi kənd uşaq-larından biriydi...

Birdən İlqarın ağlına nə verdi, nə vermədisə doqqazlarında yox oldu. Aradan bir az keçmiş əlində tələm-tələsik dərilmiş bir neçə dənə gödək saplaqlı məxməri gül qayıdıb qaranəfəs şəhərli qızın arxasınca götürüldü.

Körpünün o tayında özünü ona çatdırdı. Yolun toz-torpağını qaldıra-qaldıra irəli keçərək şappadanxeyir şəhərli qızın qarşısında bitdi. Salamsız-kalamsız əlindəki gülləri ona sarı uzadaraq təngnəfəs:

- Ala, müəllim... - dedi.

Onsuz da kefsiz, qanı qara olan şəhərli qız bu qəfil hərəkətdən, gözlənilməz qarşılaşmadan diksindi. Az qaldı hirslənib özündən çıxsın, səhərdən bəri içini göynədən ağrı-acısını İlqarın üstünə töksün, hayfını ondan alsın...

Lakin nə baş verdiyini anlayandan sonra tez özünü düzəldərək sakitləşdi. Diqqətlə İlqarın ülgüclə dibindən qırxılmış, günün altında şüşə kimi par-par parıldayan başına, zəif, çəlimsiz görkəminə, tikan, çör-çöp cızmış açıq baldır-bacağına, toz-torpağa batmış yalın ayaqlarına nəzər yetirdi. İlqar cəld, gülməli şəkildə ayağının birini o birinin üstünə qoydu. Ancaq onları hələ də arxasında gizlətdiyi para fətir kimi şəhərli qızın gözündən yayındıra bilmədi. Günahkarcasına gülümsədi. Mırıq dişlərini də göstərdi...

- Ala, müəllim, ala... - Hürkək bir səslə təzədən dilləndi.

- Varımdı, ay oğlan, sağ ol... - Şəhərli qız süni bir təbəssümlə sumkasındakı gülləri İlqara göstərərək yoluna davam etdi.

Bu gün heç şəhərli qızın da bəxti gətirməmişdi. Neçə vaxtdı maarif şöbəsindən ixtisası üzrə məktəbə təzə müəllim göndərildiyini eşitmiş, amma üzünü görməmişdilər. Həmin müəllim, nəhayət, bu gün peyda olmuşdu.

Direktor təzə müəllimi yerləşdirmək üçün şəhərli qızın dərsinin bir hissəsini kəsib ona vermişdi. Şəhərli qız əvvəlcə bərk əsəbləşərək hədə-qorxu gəlmiş, sonra yalvar-yaxara keçmiş, lap axırda da əlacsız halda bir az ağlayıb-sıtqamış, göz yaşı axıtmışdı. Lakin bunların heç bir təsiri, xeyri olmamışdı. Direktorun qəlbində zərrə qədər mərhəmət hissi oyada bilməmişdi.

Şəhərli qız bütün günü beləcə özündə-sözündə olmamışdı. Dərslərini birtəhər yola vermiş, sumkasını götürüb məktəbdən qaçmağı qənimət bilmişdi...

Bir tərəfə baxanda, şəhərli qız narazılığında, etirazında haqlıydı. Onsuz da bayaqdan bəri aldığı maaş da heç ürəyincə deyildi, onu düz-əməlli təmin etmirdi.

Yayın istisində kəndin toz-torpağını uda-uda, qışın soyuğunda dizəcən palçığına bata-bata hər gün şəhərdən basa-basa bu qədər yolu ölçməyinə, əzab-əziyyətinə dəymirdi. O da insandı. Hamı kimi onun da hissləri, insani ehtiyacları vardı. Hərdən bu adi, insani hisslər, ehtiyaclar heç nəyə baxmır, hər şeyi, vəzifə, peşə borcunu belə üstələyir, unutdururdu...

İlqar sanki şokda idi. Karıxıb qalmışdı. Heç nə anlamırdı. Bu nə deməkdi? Nə olsun varıydı? Doğrudanmı, bu, İlqarın təsəvvür etdiyi, qəlbində büt kimi ucaltdığı şəhərli qızdı? İlahi, yoxsa yanılmışdı, elə şəhərli qız da onu bu gün məktəbə götürməyənlərin bir tayı idi? İnana bilmirdi!

Yox, İlqara görə, şəhərli qız hamı kimi, adi olmamalıydı! O, qarşısındakının, İlqarın da adi kənd uşağı olmadığını ilk baxışdanca görməli, duymalı, onunçün dərdiyi güllərini gö-türməli, təşəkkürünü bildirməli, kiçicik bir xoşbəxtliyi ondan əsirgəməməliydi...

İlqar bir müddət yerindən tərpənə bilmədi. Gah əlindəki gülə baxırdı, gah da şəhərli qızın getdiyi yola. Haçandan-haçana ayaqlarını sürüyə-sürüyə geri döndü. Gedə-gedə istədi əlindəki fətirə bir dişlək vursun, amma vurmadı. Könlü tamam küsmüşdü...

Körpünün qırağında dayanıb arxda tənbəl-tənbəl üzərək yem axtaran qazlara tamaşa etməyə başladı. Birdən əlindəki güllər, para fətir yadına düşdü. Əvvəlcə gülləri suya atdı, sonra da para fətrin bir hissəsini.

Qazlar haray-həşir salaraq qanadlarını suda şappıldada-şappıldada onları göydə qapdılar. Gülləri bir-iki dəfə dimdikləyərək yenidən suya buraxdılar.

Fətir qırığının üstündə isə əməlli-başlı dartışma, dava-mərəkə düşdü. İlqarın kənardakı qanadı sallaq qaza yazığı gəldi. Fətirin qalan hissəsini ona tərəf tulladı. Amma yoldaşları bu dəfə də qaza göz açmağa imkan vermədilər. Hamısı birdən onun üstünə cumdu. Fətir qırığını tezcə çırpışdırdılar, özünü isə suya basdılar.

İlqarın mərhəməti şikəst qazın az qala axırına çıxacaqdı. Canını onların əlindən vay-şivənlə güclə qurtardı...

İlqar müvəqqəti başını qatan bu qovğadan nə qandı-nə qanmadısa gözünü qıyıb şəhərli qızın arxasınca son dəfə bir də boylandı. Ancaq tozlu kənd yolunda ins-cins gözə dəymirdi. Sentyabr günəşi əvvəlki kimi yandırıb yaxırdı. İlqar dəhşətli istini sanki indicə hiss etdi. Əllərini günlük kimi başına tutaraq doqqazlarına tərəf qaçdı...
XS
SM
MD
LG