Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:32

Facebook`da banan və xurma monopoliyası


Bananın 1 kiloqramı ölkəyə 25-30 sentə gəlib çıxır, amma 2-2.5 manata satılır
Bananın 1 kiloqramı ölkəyə 25-30 sentə gəlib çıxır, amma 2-2.5 manata satılır
«Facebook» sosial şəbəkəsində gənc fəallar Azərbaycanda monopoliyaya qarşı mübarizə kampaniyasına başlayıblar.

İlk olaraq banan və xurma monopoliyası hədəf götürülüb. Sosial şəbəkədə kampaniyanı ilk başlayan AXCP sədrinin müşaviri Asif Yusifli deyir ki, onlar əvvəlcə Nəqliyyat Nazirliyinin Azərbaycana gətirdiyi «London» taksilərini boykot etməyi qərara alıblar. Amma həmin taksilərin xəttə buraxılması ləngidiyindən bu işi hələlik dayandırıblar.

BANAN VƏ XURMA TƏSADÜFƏN SEÇİLMƏYİB

A. Yusifli deyir ki, banan və xurma monopoliyasına qarşı mübarizəni təsadüfi başlamayıblar:

«Bunlar çox vacib tələbat malları deyil. Belə deyək, kartof-soğan da monopoliyadadır, amma camaata desək ki, kartof, soğan almayın, bəlkə də çox adam buna əməl etməyəcək. Xurma, banan almamaq isə mümkündür. Bu məhsullar adamlar üçün həyati əhəmiyyət kəsb eləmir. Fakt odur ki, bu məhsullar Azərbaycanda 10 qat artıq qiymətə satılır. Bananın 1 kiloqramı ölkəyə 25-30 sentə gəlib çıxır, amma 2-2.5 manata satılır».

NÖVBƏDƏ RESTORANLAR, ŞADLIQ EVLƏRİ VƏ...

A. Yusifli deyir ki, kampaniya bir həftəyə yaxındır başlayıb və sosial şəbəkədə buna xeyli dəstək müşahidə olunur. Onlar növbəti addım kimi məmur inhisarında olan meyvə şirələri, şəkər, şəkər tozu, siqaret, restoran və şadlıq evləri monopoliyasına qarşı kampaniya
İlham Əliyev və Fərhad Əliyev, 2005
aparacaqlar:

«Biz bu kampaniya ilə məmurların inhisarında olan mal və xidmətlərin qiymətində 10-20 faiz ucuzlaşmaya nail olsaq, bu, oliqarx məmurlar üçün böyük zərbə olar».

BİR VAXTLAR FƏRHAD ƏLİYEV DƏ MONOPOLİYADAN DANIŞMIŞDI

Hazırda həbsdə olan sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev də nazir işlədiyi vaxt «Hamı yerli mal alsın, xeyir vətənə qalsın!» şüarı ilə korrupsiyaya, monopoliyaya qarşı mübarizəyə başlamışdı. Sabiq nazir hətta bəzi mallarda yaranan gömrüyə qədər və gömrükdən sonrakı kəskin qiymət fərqini açıqlamışdı.

Sabiq nazir məhkəmədəki son çıxışında hər il dövlət büdcəsindən azı 3 milyard dollar vəsaitin yayındığını bildirmişdi.

Ölkədə inhisarçılığın mövcudluğu barədə hökumət rəsmiləri, elə prezident İlham Əliyev də bəyanatlar səsləndiriblər. A. Yusifli də deyir ki, onların başladığı bu kampaniya hökumətin inhisarçılığa qarşı mübarizəsinə dəstək hesab oluna bilər.

«ÖLKƏ İDXALDAN, İDXAL DA MONOPOLİYADAN ASILIDIRSA...»

Azər Mehtiyev
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehtiyev inhisarçılığa qarşı bu kimi kampaniyaları müsbət dəyərləndirir. Deyir sosial şəbəkələrin zəif inkişaf etdiyi Azərbaycan kimi ölkələrdə belə kampaniyalar dərhal effekt verməsə də, mütərəqqi addımdır:

«Bəzən insanlar bir sual qarşısında qalırlar ki, axı biz nə edə bilərik? Bu ideyalar da ondan yaranır ki, siz kiçik bir addımı atmaqla birincisi, öz etirazınızı bildirirsiniz, ikincisi isə ən azı banan hesabına varlanan hansısa inhisarçılara ziyan vurmuş olursuz».

Amma A. Mehtiyev hesab edir ki, bu kimi kampaniyalar yerli istehsal inkişaf etdiyi şəraitdə daha effektli ola bilər:

«Yerli istehsalın inkişafı üçün normal şərait yoxdursa, ölkə əsasən idxaldan asılıdırsa və idxal da monopoliyadadırsa, bu kimi kampaniyalara əməl olunması təbii ki, çətinlik yaradır».

İqtisadçının fikrincə, bu kampaniyalar davamlı olarsa və cəmiyyətdə oturaqlaşarsa, nəticə verə bilər.
XS
SM
MD
LG