Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:27

Məmməd İsmayıl: "Heydər Əliyevin üzünə dedim ki..."


Dövlət televiziyasının keçmiş rəhbəri, Türkiyədə yaşayan şair Məmməd İsmayıl "Literaturnaya Rossiya" qəzetinə müsahibə verib. "Əliyev istəyirdi ki, televiziyada onu daim tərifləsinlər". M.İsmayıl Azərbaycanın gənc yazarlarından danışarkən Aqşinin adını çəkdi...


Müsahibənin qısa ixtisarla tərcüməsini "Azadlıq" qəzeti dərc edib.

- Məmməd Mürşüdoğlu, Siz nə zaman və hansı səbəblərə görə Türkiyəyə köçmək məcburiyyətində qaldınız? Bu barədə danışa bilərsinizmi?


- Qorbaçov yenidənqurmasının süqut etməyə başladığı zamanlarda mən Azərbaycanda çox məşhur olan “Gənclik-Molodost” jurnallarınin baş redaktoru idim. Daha sonra Azərbaycanda Xalq Cəbhəsi hakimiyyətə gəldiyi zaman məni Dövlət Televiziya və Radio Verilişləri Şirkətinə sədr vəzifəsinə dəvət etdilər. Bəlkə də o zamanlar bu təklifi qəbul etməməli idim. Mənimçün yeni olan bir sahəyə bəlkə də baş qoşmamalı idim. Çox keçmədi ki, hakimiyyətə hamınızın tanıdığı Heydər Əliyev qayıtdı. Amma mən onunla işləyə bilməzdim.

“Istefa etsən, başqa vəzifə üzü görməyəcəksən”, dedi

- Niyə?

- Sadə bir səbəbə görə. Əliyev istəyirdi ki, televiziya verilişlərində onu daim tərifləsinlər. Mən bunun əleyhinə idim. Hesab edirdim ki, vətənim ağır günlərini yaşayır (məsələn, Dağlıq Qarabağ problemi) və ona görə də xalqa tamamilə başqa səpgili verilişlər lazımdır. Bu səbəbdən də bir görüşümüzdə Heydər Əliyevin üzünə dedim ki, niyə Moskvada “Vremya” və “Vesti” proqramlarında Yeltsin barədə, Türkiyədə televiziya kanallarının xəbər proqramlarında prezident Süleyman Dəmirəl barədə xəbərlər beş dəqiqədən artıq sürmür? Biz hansı səbəblərə görə gündə beş saat Əliyevi tərifləyən verilişlər verdirməliyik? Amma bu cavab onu maraqlandırmırdı.


"Övladlarım da mənə qarşı yönələn repressiyanı öz talelərində hiss etdilər. Onların hamısı ali məktəbləri fərqlənmə diplomu ilə bitirmiş olsalar da “vətən xaini”nin övladları kimi heç yerdə işə götürülmədilər".
Azərbaycan Ali Sovetinin sədri vəzifəsinin icrasına başladıqdan sonra Əliyev istəyirdi ki, dünyanın müxtəlif ölkələrindən ona göndərilən eyni məzmunlu təbrik teleqramlarının hamısını bir-bir televiziyada elan edək. Mən bundan da imtina etdim.

Onda Əliyev mənə dedi ki, istefa etsən, başqa vəzifə üzü görməyəcəksən. Təxminən 3 il işsiz qaldım. Və ətrafımda elə bir ölü sükunət divarı hördülər ki, sanki heç Məmməd Ismayıl adlı şair yerli-dibli mövcud olmayıb. Iş o yerə çatdırıldı ki, hətta mənim şeirlərimə bəstələnən mahnılar, haqqımda əvvəllər hazırlanmış verilişlər arxivlərdən silindirildi və radio və televiziyada səsləndirilməsi qadağan etdirildi. Övladlarım da mənə qarşı yönələn repressiyanı öz talelərində hiss etdilər. Onların hamısı ali məktəbləri fərqlənmə diplomu ilə bitirmiş olsalar da “vətən xaini”nin övladları kimi heç yerdə işə götürülmədilər.

- Siz indi də Azərbaycana qayıda bilməzsiniz?

- Qayıda bilərəm. Mən Əliyev rejiminə qarşı olmuşam. Yalnız mən yox ki... Ölkədə ona öz münasibətini açıq şəkildə, o cümlədən KIV-lər vasitəsilə bildirən güclü müxalifət var. Amma o, göründüyü kimi sadə adam deyildi, poeziyanı qiymətləndirməyi də bacarırdı. Bəlkə də mən hərbçi və ya başqa bir gücə sahib olsaydım, o məndən intiqam alar, vətənə dönməyimə imkan verdirməzdi. Mənim heç zaman sözdən başqa bir şeyim olmayıb və yoxdur da. Sözün gücü ilə də, təəssüf ki, Azərbaycanda nəyəsə nail olmaq mümkün deyildi, çünki zaman başqa zaman idi.

O zamanlar Sovet Ittifaqı süqut etmişdi, artıq televiziya və radiolarda şair və yazarların yerini Heydər Əliyev özü almışdı. Haraya baxsan, nəyi dinləsən oradan Heydər Əliyevin üzü görünür, səsi gəlirdi. Hətta o vaxtlar xalq arasında belə bir lətifə də danışırdılar: “Kiminsə evində televizoru xarab olur, onu təmir etmək üçün usta çağırırlar. Usta xeyli çalışsa da televizoru təmir edə bilmir. Nəhayət, televizorun ekranı qarşısına Əliyevin portretini qoyaraq deyir ki, hələlik buna baxın, onsuz da fərqi hiss etməyəcəksiniz, sabah gəlib təmir edərəm”.

Indi hakimiyyət yanlısı kimlərəsə “Azərbaycanın xalq şairi” və ya “xalq yazıçısı” adları verilir, mənzillər bağışlanır, təqaüdlər ödənilir. Təvazökarlıqdan uzaq olsa da deyim ki, mən günümüzün ən yaxşı şairlərindən biri olsam da hər şeydən məhrum edilmişəm. Qoy olsun, əsl şairin belə qondarma, aldadıcı adlara ehtiyacı yoxdur. Bəlkə siz deyəsiniz Yuri Kuznetsov Rusiyanın xalq şairidirmi?

“Azərbaycan poeziyası intibah dövrünü yaşayır”

- Yeri gəlmişkən, Rusiyanın ən görkəmli şairlərindən biri olan Yuri Kuznetsov sizin şeirlərinizi rus dilinə tərcümə edib. Indi şeirlərinizi tərcümə edən varmı?

- Əlbəttə, əvvəllər mənə ruhən qardaş kimi yaxın olan Yuri Kuznetsov, Aleksandr Kuşner, Lev Ozerov, Volodya Boyarinov və başqaları tərcümə edirdilər. Indi Mixail Sinelnikov ona tərcüməyə görə heç nə ödənmədiyi halda könüllü olaraq mənim əsərlərimi tərcümə edir və onun sayəsində əsərlərimi Rusiyada oxuyurlar. Ondan başqa hazırda tərcümə edən yoxdur.

- Biz müasir Azərbaycan ədəbiyyatı haqqında heç nə bilmirik. Sizin onu izləmək imkanınız varmı?

- Bu çox yaxşı və yerində bir sualdır. Hesab edirəm ki, bütün əsrlərin başlanğıcının insanların uşaqlığı kimi oxşar cəhətləri var. Inkişaf baxımından uşaqlıq ömrün ən sürətli gəlişmə çağı olduğu kimi, hər əsrin əvvəlində qeyri-adi hadisələr baş verir. Misal üçün, Rus ədəbiyyatında XIX qızıl, XX gümüş əsrlərini götürək - ədəbiyyatın bütün sürətli gəlişimi bu əsrlərin əvvəllərinə təsadüf edir. Gümüş əsrinin nümayəndələrinin - Blok, Mayakovski, Yesenin, Axmatova, Pasternak, Svetayeva və digərlərinin bir-birlərinin qonşuluğunda yaşamalarına baxmayaraq, hamısı bir-birlərinə oxşamayan fərqli şairlər idi. Indi müasir Azərbaycan ədəbiyyatında Rusiyada yüz il əvvəl baş verən proseslər getməkdədir. Hazırda bizim elə 19-20 yaşlı gənc şairlərimiz var ki, onların əsərlərini oxuduqca təəccüblənməyə bilmirsən!

Çox maraqlı şair və yazıçılar üzə çıxmağa başlayıb. Aqşin adlı çox özünəməxsus bir şair var. O, verlibr yazır. Rusiyada verlibr və bəyaz şeirin əsası Mayakovski dühası ilə qoyuldu. Azərbaycan ədəbiyyatında isə, artıq şübhə doğurmur ki, belə dahilər yeni nəslin nümayəndələri arasından çıxa biləcəkdir.

Azərbaycan poeziyası hazırda bax belə intibah dövrünü yaşayır. Bu o demək deyil ki, biz gecikmişik. Yalan sözdür, bütün millətlər eyni əsrdə yaşayır. Yer üzündə elə xalqlar var ki, XI əsrdə, elələri var ki, XVIII əsrdə, elələri isə var ki, bəlkə XXII əsrdə yaşayırlar.

“Mən Dardanel boğazıyam, hamı məndən keçib gedər...”

- Hazırda nə üzərində çalışırsınız?

- Son 15 ildə mən Türkiyənin Çanaqqala şəhərində işləyib yaşayıram. O şəhər Dardanel

"Indi müasir Azərbaycan ədəbiyyatında Rusiyada yüz il əvvəl baş verən proseslər getməkdədir".
boğazının sahilində yerləşir. Tarixi bir yerdir. Oradakı universitetdə Azərbaycan və Rus ədəbiyyatlarını tədris edirəm. O ki qaldı yaradıcılığa, Blokun çox gözəl bir ifadəsi var: “Şairin karyerası yox, taleyi var”. Fikrimcə, dünyaya gələn hər bir adamdan Yaradan hansı peşəni seçmək istədiyini soruşur. Və biz seçirik. Bəzən yer üzərində insanlar Yaradan qarşısında seçdikləri yolu unudurlar, bax, o zaman onların həyatı alınmır. O yolu unutmayanlar isə, istəklərinə çatmış olurlar. Məncə, dünyaya gələrkən mən Yaradana şair olmaq istədiyimi söyləmişəm. Və mənə elə gəlir ki, qürbətə sürgünüm də Yaradanın təqdiridir: Sanki hərdən Yaradan pıçıldayır ki, “Sən axı şair olmaq istəyirdin, televiziya sənin nəyinə lazımdır?”.

Ancaq burda - Türkiyədə mən ruhən azadam. Dünyaya səpələnmək alın yazımıza çevrildi. Övladlarım Fransa və Finlandiyada yaşayırlar. Əliyevin “kəraməti” sayəsində onlar da öz vətənlərindən didərgin düşmək zorunda qaldılar. Yenə də təkrar edirəm. Azərbaycan mənim hər şeyimdir! Orada anamın məzarı var. Amma nə yazıq ki, canım qədər sevdiyim vətənimdə nə mənə, nə də övladlarıma yer tapıldı.

Amma son 15 ildə mən ondan öncəki 50 il ərzində etdiklərimdən daha çox yazıb yaratmışam. Çünki ruhum azaddır. Yaşadığım, nəfəs aldığım Zaman mənə məxsusdur. Bayron və Brodskinin bir zamanlar boğazdan keçərkən seyr etdikləri tarixi bir məkanda yaşayıram. Sizə səmimi etiraf etmək istəyirəm. Sovet Ittifaqı zamanında SSRI Yazıçılar Ittifaqının xarici komissiyasına hər il Türkiyəyə getmək istəyim barədə ərizə verirdim. Lakin bu xahişimi yerinə yetirməkdən imtina edirdilər. Müxtəlif bəhanələr gətirilirdi. Amma mən bilirdim ki, əsas səbəb o idi ki, orda - Türkiyədə mənim dilimdə danışan millətim yaşayırdı. Bəhanə edib deyirdilər ki, Türkiyəyə, böyük növbə var, gəl səni başqa ölkəyə göndərək. Beləliklə, məni Kubaya, Vyetnama, Laosa və s. göndərirdilər - təki mənə Türkiyəyə getmək nəsib olmasın. 34 ölkə gəzib dolaşmışam! Bir şeirimdə belə bir misra var: “Mən Dardanel boğazıyam, hamı məndən keçib gedər”. Mən bu misraların yer aldığı şeiri 1985-ci ildə, “Türkiyə”, “türk” kəlmələrinin yasaq olduğu dövrdə yazmışam. Niyə “Berinq boğazı”, “Bosfor boğazı” yox, Dardanel boğazını yazmışam? Niyə “Dardanel?”. Birdən sanki yuxudan oyandım - gözümü açdım ki Dardanel boğazının sahilində gəzirəm. O şeirin yazılmasından 19 il sonra mən ora gedəsi oldum. Sanki kimsə mənə pıçıldamışdı ki, “Dardanel boğazı” yaz, onsuz da bir gün orada yaşayacaq və işləyəcəksən...

Şeirdən başqa mənim heç nəyim yoxdur... Yerli türk televiziya kanallarında çıxışlar edirəm, türk mətbuatında çap olunuram. Məndən soruşurlar ki, “Etiraf elə, indi çap etdirdiyin şerləri sən çoxdan yazmısan, elədir?”. Və bunu ciddi şəkildə soruşurlar. Mən isə cavabında gülürəm, bu nə sualdır, niyə əvvəllər yazdıqlarımı indi üzə çıxarmalıyam ki? Amma mənə inanmırlar ki, 70 yaşında belə bir coşqulu lirik şeirlər yazmaq olar. Allaha şükürlər olsun ki, Allah və ilham məni tərk etmir və indi yazdıqlarım imkanlarımın həddindədir.

"Literaturnaya Rossiya"
XS
SM
MD
LG