Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:36

«Şuşamız, Qarabağımız azad edilsin, mehribançılıq olsun»


Mayın 8-də azərbaycanlılar 19-cu dəfə Şuşa şəhərinin işğalını qeyd etdilər. Bu münasibətlə Şəhidlər Xiyabanına yığışanlarla söhbət etdik. Böyüklərin fikirləri işğalın əvvəlki ildönümündə deklərindən o qədər də fərqlənmirdi: Bu problem sülh yolu ilə həll olunana oxşamır və sairə...

Bəs uşaqlar Şuşa, Qarabağ münaqişəsi barədə nə düşünür deyib də, Alı Mustafayev adına 202 saylı orta məktəbin şagirdi, 10 yaşlı Rəqsanə Qurbanova ilə söhbətləşdik:

- Qarabağ, Şuşa nədi sənin üçün?


- Şuşa, Qarabağ bizim üçün doğmadır. Düzdü mən Şuşanı görməmişəm. Deyirlər Şuşanın gözəl dağları, meyvəli bağları, qəşəng yerləri var. Amma mən öz fikrimdə, xəyalımda Şuşanı deyilənlərdən daha gözəl təsəvvür edirəm. Ona görə də çox istəyirəm ki, Şuşanı tez azad etsinlər və mən oranı gedim görüm.

- Bəs səncə oranı niyə gedib görmək olmur?


- İgidlərimizin çox çalışmasına baxmayaraq Ermənistan oranı bizim əlimizdən alıb. Ona görə indi Şuşaya getmək olmur.

- Səncə bu işlər necə olsa yaxşıdır?


- İstəyərdim ki, oğlanlarımız müharibəyə başlamamış Şuşamızı sülhlə bizə qaytarsınlar. Mehribançılıq, əminəmanlıq olsun.

- Millətlər arasında müharibəyə necə baxırsan?

- Məncə bu düz deyil. İstəyirəm sülh və əminəmanlıq olsun. Niyə dava edirlər ki? İnsafları çatmırsa ən azından uşaqları düşünsünlər.

- Uşaqları düşünəndə nə olur?


Əgər ermənilər uşaqları düşünsəydilər hər şey sülhlə, əminəmanlıqla olardı.

- Uşaqlar nə istəyirlər?


- Uşaqlar istəyirlər ki, Şuşamız, Qarabağımız azad edilsin, mehribançılıq olsun.

- Mehribançılıq olsa nə olar?


- Hamı rahat nəfəs alar.

- Hamı deyəndə kimləri nəzərdə tutursan?

Hamını. Azərbaycanlıları da, erməniləri də, Türkiyəni də, Rusiyanı da...
XS
SM
MD
LG