Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:23

Orxan Pamuk: "Mən bir türk yazarıyam"


"Dünya ədəbiyyatı" jurnalının baş redaktoru, şair Səlim Babullaoğlunun bu günlərdə çapdan çıxmış "Ədəbi söhbətlər" kitabından...

«Mən bir türk yazarıyam»
Orxan Pamukla söhbət


O 1952-ci ildə İstanbulda anadan olub. Nişantaşıda böyüyüb. Nyu-Yorkda keçirdiyi 3 il nəzərə alınmazsa, ömrü boyu İstanbulda yaşayıb, məşhur Robert kollecində təhsil alıb.

3 il İstanbul Texniki Universitetində memarlıq fakültəsində, daha sonra isə qəzetçilik institutunda oxuyub.

1974-cü ildən etibarən yazıçılığa başlayıb. Hər gün 10 saat işləməklə. Öz sözlərinə görə əlahiddə ardıcıllıq göstərib.

İlk romanı "Cövdət bəy və oğulları" hələ 1979-cu ildə, əlyazma şəklindəykən Milliyyət Yayınları Roman Yarışmasının qalibi olub. İstanbullu tacir ailəsinin 3 nəslindən söz açan roman 1983-cü ildə nəşr olunub və Orxan Kamal mükafatını qazanıb.

Kitabın fransız dilinə tərcüməsi 1991-ci ildə «Prix de la decouverte europeennei» («Avropanın kəşfi mükafatı») ödülünü alıb. 1985-ci ildə nəşr olunan venetsiyalı bir qulla

"Milliyyət önəmli deyil. Əsas dil faktıdır. Hansı dildə yazırsa, o dilə mənsubdur yazıçı. Yazıçı öz dilində yazan dünya adamıdır".
osmanlı alim arasındakı münasibətdən bəhs edən "Bəyaz Qala" romanı onun şöhrətini dünyaca böyüdüb.

Daha sonra o, "Qara kitab" (1990), "Yeni həyat" (1994), 1998-ci ildə isə Osmanlı nəqqaşlarının həyat və sənətkarlığından bəhs edən "Mənim adım qırmızı" romanlarını yazıb. Yaradıcılığı boyu Fransa və İtaliyanın "ən yaxşı əcnəbi əsər" mükafatlarını, İMPAC Dublin ödülünü (1993) alıb. Son əsəri – avtobioqrafik roman olan "İstanbul: xatirələr və şəhər" 2003-cü ildə Türkiyədə böyük səs-küy yaratdı.

Söhbət Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın dəvəti ilə Bakıya gəlmiş Orxan Pamukdan gedir.

"Orxan Pamukun İstanbul mənzərəli həyat hekayəsi "İstanbul: xatirələr və şəhər" böyük bir reklam kompaniyası ilə, həftəlik dərgilərdən gündəlik qəzet səhifələrinə, telekanalların ana xəbər bülletenlərindən mədəniyyət və aktual mövzulu proqramlarına qədər hər yerə ayaq açdı, reklam olundu, səs-küy yaratdı. Əsl «özünü ifşa külliyyatı" oldu bu əsər ". Türk mətbuatından.

«Pamuku Herman Hesse, Mario Byondi, Umberto Eko, İtalo Kalvino, Cems Qrem Ballarda, Uilyam Qass və Canet Vinterson ilə müqayisə edirlər». Rus mətbuatından.

Orxan Pamuk ilk dəfə yazıçılarımızın qarşısına qurultayda çıxdı. Azərbaycan Yazıçılar
Birliyinin Türkiyədəki "təmsilçisi", ədəbiyyatımızın fəal təbliğatçısı İrfan Ülkü ilə birlikdə. Və yazıçılarımız əfsanəyə çevrilmiş həmkarlarının səsini ilk dəfə elə bu qurultayda eşitdilər:

"Türk dünyasının hər yerində, – istər İstanbul, istər Bakı, istərsə də Orta Asiya cümhuriyyətlərində yaşayan yazar bu dildə – türkcədə yazarkən, ilk öncə bunu düşünür: məni kim oxuyacaq, işim çətinə düşməyəcək ki? ...

Ədəbiyyat cəmiyyətdə baş verən bütün olaylara reaksiya verməlidir. Bəzən yazarlar şikayətlənir ki, əfəndim, bizləri kim oxuyur, kim tanıyır? ...

Türkcə yazanlar ilk öncə çox zəngin olan öz mədəniyyətlərinə güvənməlidirlər. Bütün dünyaya öz varlığını sübut etmək lazımdır.

Dünyadakıları öyrənmək, öz mədəniyyətimizi zənginləşdirmək və modern vasitələrlə onu tanıtmaq gərəkdir. Dünyanın hansı problemləri millətimiz üçün aktualdır? – bunu düşünmək lazımdır.

Evimiz, məhəlləmiz, anamız, cocuqlarımız haqqında yazdıqlarımız bütün dünyanı maraqlandırmalıdır. Modern ədəbiyyatı çağdaş dünyaya çağdaş dildə çatdırmaq lazımdır"

Orxan Pamukla həmin gün 3 dəfə görüşdük. Birinci dəfə, səfəri boyu yazıçını müşayiət edən Aydın Xan mənim yaxınlaşdığımı görüb "Orxan bəy, sizin romanınızı icazə almadan çap edən "Dünya ədəbiyyatı" dərgisinin editörü, modernist şair...", – deyə məni təqdim elədi.

Mən "modernistə ehtiyac yoxdur, Səlim... çox şadam... Sizdən müsahibə imkanı və təbii ki, kitab istəyirəm..." – dedim. Vədələşdik.

Qurultaydan sonra yorğun-arğın kitab vitrinlərinə baxa-baxa "Akademiya" Kitab Mərkəzinin Nizami Muzeyinin birinci mərtəbəsindəki kitab dükanına girdim.

Orxan bəylə ikinci dəfə təsadüfən orda rastlaşdıq: "Kitabçılar kütübhanədə görüşməlidi" söylədi. Mən kitabını unutmamağı xahiş etdim.

Həmin gün üçüncü görüş "Avropa" otelindəki ziyafətdə baş tutdu.

Növbəti gün yazıçı AYB-də mətbuat konfransı keçirdi. Bunu bloknotumda yazıçı ilə dördüncü görüş kimi qeyd eləmişəm.

Mətbuat konfransından sonra hamı – Fikrət Qoca, Çingiz Abdullayev, Arif Əmrahoğlu, Sabir Rüstəmxanlı, Qabil (az sonra Kamal Abdulla və Elçin Hüseynbəyli də gəlir) Anarın otağına toplaşır.

Və mənə yazıçını Fikrət Qocanın boş otağına dəvət etmək müyəssər olur: Onunla 40 dəqiqəlik söhbətimiz də burda baş tutur ki, bu haqda sonra.

Hələlik o, mətbuat konfransındadır və artıq İçəri şəhəri, Qız qalasını, Miniatür Kitab Muzeyini (bir də Allah bilir, Aydın Xan onu daha haralara aparmışdı) gəzib görmüş, gördüklərini memar gözü ilə qiymətləndirmişdi, üstəlik hələ Nobel mükafatı almamışdısa (bu 2 il sonra baş verəcəkdi), amma AYB-yə fəxri üzv seçilmiş adam kimi danışırdı: "Bakını çox sevdim. Öz ab-havası ilə mənə İstanbulu xatırlatdı... Yazıçılar Birliyi mərkəzdir, ənənələrin qorunub yaşadıldığı bir yerdir.

Mən Yazıçılar Birliyinin dünən keçirilən qurultayında gördüklərimi Türkiyədə də yaşamaq istərdim... Buraya gələndə bircə qorxum var idi, Azərbaycan ədəbiyyatından imtahana çəkilmək... Ədəbiyyat adamlarının hamısının qəribəlikləri, azacıq "xəstəlikləri" var.

Əgər ətrafdakılarınızda normal insan təsiri bağışlamaq istəyirsinizsə, onlardan kənar durun..... Mən postmodernist bilməm ki, bunu tənqidçilər düşündü...Sizin gənclər postmodernizm deyilirkən həyacanlanırlar... »

Orxan Pamukla gəzintimiz yenə Aydın Xanın müşayiəti ilə baş tutur – bu, artıq beşinci görüşdür. «Araz» kinoteatrının yanındakı açıq kafedə oturmuşuq: İrfan bəy, mən, nasir Pərviz Yusif və məşhur Aydın Xan.

Az sonra İbrahim Məmmədli də qoşulur. İki saatdan sonra Orxan Pamuk ANS telekanalının qonağı olacaq. Yeri gəlmişkən, yazıçı ilə yeganə müfəssəl telesöhbəti də məhz o etdi:

"Türkiyənin qovşaqda olması çox yaxşıdır. Yəni "şərqliyəm", "qərbliyəm" demək, nəyinsə çirkini təmizləmək doğru deyil və buna ehtiyac yoxdur... Bizi keçmiş də əzə bilər, gələcək də... Mən inancı güclü adam deyiləm..." (həmin müsahibədən)

Hələliksə, İbrahim qonağı olacaq adamı qabaqcadan tanımaq istəyir:

– Sizin haqqınızda rus saytlarında informasiya kifayət qədərdir.

– Doğrumu? – Orxan bəy sual vurğulu cavab reaksiyasını uzadır. – Nə düşünür ruslar mənim haqqımda?

– Sizi Umberto Eko ilə müqayisə edirlər. Borxeslə.

– O rus dərgisinin adı nədir? İ-nos-tron...literar-mı?

– İnostrannaya literatura... (mən deyirəm)

– Öylə, öylə. Yeni yazarlardan kimi oxudunuz? – üzünü mənə tutur, bir az fikirlidi və cavab gözləmədən əlavə edir. – Vaysı oxudunuzmu?

– Heç eşitmədim.

– Hı, hı... (yəni, bəs kimi?)

– Uelbeki, Kunderanı, Ekonu...

– Kundera yeni deyil ki?! Amma hər halda nəyi oxudunuz?

– Varoluşun dözülməz yüngüllüyü... – romanın adını həmən ruscadan tərcümə etməyə cəhd edirəm.

– Orda bir xəfiflik sözü də olmalıydı.

– Mən romanı rusca oxudum.

– Ekodan nəyi oxudunuz? Kütubhanə olayınımı? (gülür).

– Olay köhnədir. Bu yaxınlarda bir essesini oxudum. Əslində, kardinala məktubdu. Gərək ki, «Səhnəyə ikinci gəlirkən» adlanırdı.


– Doğrudur.

Bu gəzintinin sonu oteldə bitir. Mən, nəhayət ki, kitabları alıram.

– Heç zaman bu boyda otel odasında qalmadım – bunu isə Orxan Pamuk oteldəykən etiraf etdi. Və qəfil: – Fotoqrafçılığım tutdu, İrfan bəy, bir şəkil çəkərmisiniz? – deyə sual edir. – Dəniz də görünsün... «Azərbaycan» mehmanxanasının son qatındakı lüks Orxan bəyin çox xoşuna gəlmişdi. Mənə elə gəldi ki, Pamukun kiçik fotoaparatı şaqqıldayarkən daha çox onun məmnunluğunu qeydə aldı.

«Araz» kinoteatrının yanında Orxan Pamuk bir daha ehtiyatını əldən vermədi.

Nə qəfil sifariş etdiyi duzlu balıq, nə çay, nə ilk baxışdan eyni dildə danışan adamların mehriban söhbəti onu siyasi mövzulara münasibət bildirməyə sövq etmədi.

O, erməni mövzusundan, ümumiyyətlə, bütün siyasi və dini mövzulardan yayındı.
Gəzintimizin bir məqamında daha bir kitab dükanına- mərkəzdəki «Qrafika» mağazasındakı kitab şöbəsinə baş çəkirik.

Pamuk rusca nəşr olunmuş öz kitablarına, sonra Ekonun kitablarına baxır, mən də Vaysı soruşuram. «Yoxdu» deyirlər. Çıxırıq, binalara baxır. Birinə diqqətlə baxır, sonra soruşur: «Stalın dövründəmi yapıldı?» «Hə» – deyirəm. «Nə hiss edirsiz bu yapılara baxanda?» «Qorxu, basqı, əzəmət...»

«Doğru, çox doğru» - deyir. «Moskvada daha pisləri var» –deyirəm bir az ironiya ilə.

Nəhayət, mən eksklüziv olaraq aldığım müsahibəyə qayıdıram:

- Azərbaycana xoş gəlmisiz. Siz öz əsərlərinizin başqa dillərə tərcüməsinin səviyyəsi haqda bilgiyə maliksinizmi?

– Bir azcıq tək hüquq sahibi olduğum ingiliscə. Yalnız ingilis dilinə tərcüməçimlə masa arxasına oturur, işləyə bilirəm. Bu, günlərcə də sürə bilir. Yeri gəlmişkən, yəqin ki, mən bu dillə bağlı işimi bundan sonra da davam etdirəcəyəm. Amma nə yazıq ki, indiyə qədər dörd ingiliscə çevirmənim oldu. Bəzilərinin işi uğursuz oldu, bəzilərinin doktorluq və ya başqa işləri çıxdı. Amma hamısı sonda tərcümələri mənə göndərdilər, mən də mürəkkəbli qələmlə (!) öz qeydlərimi edirəm. Sonda isə hamısıyla tərcümə etdikləri mətn üzərində birlikdə işlədik. Bəzən deyirəm ki, baxın, filan-filan sözlər ingiliscə yox, demək qarşılığını tapmaq lazımdır. Bir sözlə, ingiliscəyə olunan tərcümələrin üzərində çox çalışıram. Bu da bəs etməz. Redaktor oxusundan sonra mətnə özüm bir daha baxıram. Çox əmək sərf edirəm. Digər Avropa dillərini, italyancanı, fransızcanı, yunancanı, skandinav dillərini bilmirəm, amma olur ki, türkcə nəyisə anlamayan tərcüməçilər mənə müraciət edirlər. Mən isə onlara ingilis variantına baxın, onu diqqətlə araşdırın söyləyirəm. Amma bəzən də olur ki, yoruluram və tərcüməçilərə özünüz nəyi doğru bilirsiz, elə də edin söyləyirəm. İndi kitablarım 34-35 dilə çevrilib. Onların
arasında elə çevirmələr var ki, türkcədən olunmayıb. Braziliya, portuqal dillərinə tərcümələr ingilis dilindən edilib. Hətta qəribə görünə bilər, macarcaya tərcümələr də ingiliscədən edilib. Orda bir türkoloq qadın vardı, amma onun da ana dili mükəmməl deyildi. Bəziləri tərcümələri fransızcadan edib. Ona görə, dediyim kimi, (qurultaydakı çıxışı nəzərdə tutur-S.B) türk yazarı olmaq zor bir işdir. Belə...

– 1952-ci ildə anadan olmusuz...

– Öylə.

– Amma sizə 52 yaş vermək olmaz, çox cavan görünürsüz.

– Təşəkkür edirəm.

– Sizin bəzi müsahibələri oxumuşam. Milliyyətiniz haqqında çoxlu şeylər danışırlar. Deyirlər kürdsünüz, yəhudisiniz. «Zaman» qəzeti bu yaxınlarda çox aqressiv tonu olan bir müsahibə dərc etmişdi...

– Doğru, doğru... (O, «ğ» səsini bütün Anadolu türkləri kimi ötürür, tələffüz etmir) Amma yazarın milliyyəti önəmlimi? Bən bir türk yazarıyım.

İki il sonra Orxan Pamuk ədəbiyyat üzrə Nobel mükafatı alacaqdı və Nobel nitqində bunları deyəcəkdi ki, daha dörd il sonra mən «525 kitab» seriyası üçün həmin nitqi tərcümə edəndə, o vaxtkı söhbətimizi xatırlayacaq, bunun onun milli kimliyi ilə bağlı olan suallara ən gözəl, təsirli cavab olduğunu düçünəcəkdim: «Atamın çemodanını mənə verməsindən iyirmi üç il əvvəl, iyirmi iki yaşımdaykən hər şeyi tərk edib romançı olmağa qərar vermiş, özümü bir otaqda qapamış, dörd il sonra ilk romanım olan «Cövdət bəy və oğulları»nı bitirmiş, hələ nəşr olunmamış kitabın makina variantının bir nüsxəsini oxusun və mənə fikrini söyləsin deyə titrəyən əllərimlə atama uzatmışdım.

Yalnız zövqünə və zəkasına inandığım üçün deyil, anamdan fərqli, atam yazıçı olmağıma qarşı çıxmadığı üçün də onun razılığını almaq mənim üçün əhəmiyyətliydi.

O arada atam bizimlə deyildi, uzaqdaydı. Qayıdışını səbirsizliklə gözlədim.

İki həftə sonra gəlincə qapını ona qaçaraq açdım. Atam heç bir şey söyləmədi, amma mənə həmən elə sarıldı ki, kitabımı çox sevdiyini anladım.

Bir müddət, ziyadə sentimentallıq anlarında ortaya çökən bir acizlik və səssizlik böhranına qapıldıq.

Sonra bir az rahatlaşıb danışmağa başlayınca atam, mənə, ya da kitabıma olan inamını olduqca həyəcanlı, şişirdilmiş bir dillə ifadə etdi və bu gün böyük bir xoşbəxtliklə qəbul etdiyim bu mükafatı bir gün alacağımı eləcə söylədi.

Bu sözü ona inanmaqdan ya da bu mükafatı bir hədəf olaraq göstərməkdən çox, oğlunu dəstəkləmək, ürəkləndirmək üçün ona «bir gün paşa olacaqsan» deyən bir türk atası kimi söyləmişdi.»

– Qleb Şulpyakova verdiyiniz müsahibədə kökünüzün Qafqazdan gəldiyini qeyd edirsiniz. Bu doğrudurmu?

– Elədir. Babam Qafqaz çərkəzlərindəndir. Amma 4-5 nəsil və bəlkə də daha əvvəldən İstanbulda yaşadıq. Onlar haqqında "qərbli, işgüzar, respublikaçı, dəqiq elmlərə meylli" söyləmək daha düz olar.

– Deyirsiz İstanbulda yaşadız, müsahibələrinizdə oxumuşam ki, üç il Nyu-Yorkda olmusunuz.

– Bəli.

– Nə ilə bağlı idi Nyu-York həyatı?

– Xanımım Kolumbiya Universitetində doktorluq müdafiə edirdi. Mənə də təqaüd ayırmışdılar, amerikanlara türkcədən dərs deyirdim. Paralel "Qara kitab"ı da yazırdım.

– Qürbət hissi sizə tanışdı?

– Bir az xiffət, vəssəlam. Mən bilirdim ki, qayıdacam.

– Ədəbiyyata 70-ci illərdə gəldiz. O dövrün Türkiyəsi, indiki Türkiyə... o dövrün siyasi ab-havası, indiki siyasi durum... o vaxtkı yazıçı, indiki yazıçılar – bu haqda danışmağınızı istərdim.

– O zamanlar yazardan hədsiz çox məsuliyyət, sorumluluq tələb olunurdu. Üzünü Qərbə tutan böyük yazar ordusu daha çox sol meylli idi və deyim ki, mən də özümü onlardan ayırmırdım. Fəqət, hər şeyi epey bir radikal, çox fazla siyasətin xidmətinə verən düşüncə hakim idi. Həm onlara uzaqdan sevgi duyar, həm də mən kəndi bildiyim, oxuduğum ədəbiyyatı – modernist ədəbiyyatı çox fazla tanımaz və sevməzdilər. Mən postmodernist ədəbiyyatı deyil ha - nə bilim Virdjiniya Vulfu, Folkleri deyirəm, onlara belə, şübhə ilə baxardılar. Durum bu idi. Amma mən, zatən onlar hakim ikən – yetmişlərdə əsərlərimi çap etdirə bilmədim. 30 yaşında ilk əsərimi çap etdirə bildim. 1982-ci ildə.

– "Cövdət bəy və oğulları"nımı...

– Doğru. Həmişə bu məsələ ilə bağlı zarafat edirəm. Dörd il yazmağa vaxt sərf elədim. Dörd il də çap olunmasına. Yəni dörd il çap eləmədilər. Durum bu idi, bir azcıq dar, ədəbiyyata bir az siyasi, bir az camaatçılıq prinsipi ilə baxardılar. Mühafizəkar qanad da belə idi. O birilər də belə idi. Hamısı bir-birini inkar edirdi. Bir-birlərinə əxlaqi mesaj göndərirdilər. Onlara görə mən çox fərdiyyətçi idim. Hətta eqoist...
Bu yerdə Orxan Pamukun banketdə xalq yazıçısı Elçinin böyük türk yazıçıları sırasında Yaşar Kamalın adını çəkməsinə, bunu daha çox müqayisə kimi qəbul eləmişdi, reaksiyası yadıma düşür, «Yaşar Kemal destançı, ben romançıyım» demişdi Orxan bəy...

Təkrar söhbətə qayıdıram.

Fəqət bu gün isə həmin o camaatçılıq – sol və ya sağ fərq etməz, bir az qırıldı. Yayın evləri siyasi düşüncədən asılı olmayaraq yazarları çap edərlər. Hər kəs istədiyi şeyi oxuyur. Nisbətən rahatlıq var və bunu çox olumlu görürəm. Türkiyə ədəbiyyatı böyük ideya bayraqdarına çevrilməkdən qurtuldu. Bir zənginlik var. Son on ildə bir mütaliə partlayışı oldu. Bu xoşbəxtliyi yaşadıq. Mənim üçüncü-dördüncü kitabım 200-250 min tirajla satıldı. Hər kəs çaşqın olduğu kimi, mən də çaşqınlıq içində idim. Bu proses mənimlə başladı, başqaları ilə də davam edir.

– Siz, səhv etmirəmsə, "Avropanın kəşfi" ödülünü aldınız...

– Bəli, bu, Avropadan aldığım ilk ödül idi.

– Mən sizin "izm"lərə münasibətinizi anlayıram. Eyni zamanda həmin cərəyanların şərtiliyini də başa düşürəm. Bütün bu şərtiliyi və münasibəti saxlamaq şərti ilə əsərlərinizi modernizmə, yaxud postmodernizmə – bunlardan hansına aid etmək olar?

– Baxın, ikisindən də uzaq deyiləm. Ədəbiyyat əxlaqı olaraq modernistlərə yaxınam. Nə deməkdir bu: içimdən nə gəlirsə, onu yazaram, qalanı boş şeydir. Məncə ədəbiyyat məhz bu əxlaq üzərində qurulur. Çox dəyərli əxlaqdır. Bəzən yazdığınızı anlamazlar, anlamaq zor olur. Küsməməyiniz lazımdır. Bu da həmin əxlaqın tərkib hissəsidir. Bu baxımdan modernistlərə yaxınam. Amma yeni qəlibləri yenidən istifadə eləmək baxımından, bütün başqa fikirlərdən istifadə eləməkdə açıqlıq baxımından, əyləncəlilik, ironiklilik baxımından postmodernizmə yaxınam demək olar və postmodernizmin bu xüsuslarda qiyməti çox böyükdür. Yeri gəlmişkən, bizimki kimi mədəni coğrafiyalarda postmodernizm əvəzsizdir. Çünki tarixə münasibət başlıca məsələdir. Nədən ki, tarixin bir tərəfinə baxsan reaksioner, o biri tərəfinə baxsan mühafizəkar deyə bilərlər adama. Amma postmodernizm tarixin siyasi yükünü bir az azaldır, onu ədəbi – düşünəkli hala gətirir. Fikrimi anlada bildimmi?

– Bəli, bəli. Zəhmət olmasa deyin, əsər nə qədər avtobioqrafik olmalıdır?

– Şəxsi həyatının birə-bir fotosurətini çıxardıb roman yazmağı düşünən yazar deyildir, bunu bir dəfə söyləmişəm. Xəyal yazını gözəlləşdirir, dəyişdirir. Hər kitabımda mənə bənzəyən bir xarakter vardı. Misal üçün, "Qara kitab" da Qalib, "Mənim adım qırmızı" da Qara.

– Yaxşı, sualı bir az da inkişaf etdirim. Əsərdə yazıçı birfikirliliyi nə deməkdir?

– Yalnız bir şey söyləyim. Tək bir fikirlə yazılan əsər az sonra yalnız propaqanda üçün maraqlıdır.

– Əvvəlki suala bir daha qayıdım. Yazar nə qədər səmimi ola bilər?

– Mənə gəldikdə elə şeylər var ki, onu başqalarına asanlıqla söyləyə bilmərəm. Yəqin heç söyləməyəcəm də. Mənim çox sıxıntılı vaxtlarım olub.

– Mən bir çox türkiyəli yazarlarla, qəzetçilərlə görüşdüm. Sizin haqqınızda müxtəlif fikirlər var. Qısa və bacardıqca konkret cavab almaq istəyirəm. Yazar siyasətə qoşulmalıdırmı?

– Heç bir yazara bu münasibətlə deyə biləcək üstün bir fikrim yoxdur. Mayakovski siyasətdən ruh almışdır. Dünyanın ən böyük yazıçılarından olan Tolstoy dinçiliyə, əxlaqçılığa yuvarlanıb daha zəif əsərlər yazmışdır. Bir yazarın siyasətlə zədələnməsi də, yararlanması da mümkün. Bu mövzuda hər kəs üçün keçərli söz söyləmək mümkün deyil.

– Şeiri sevirsiniz... Daha doğrusu, şeir oxuyursuz?

("Bəli, şəhərliyim" deyə şeir sözünü dəyişik salır, "şiir" deyə düzəliş edirəm).

– Bəli, bəli oxuyuram.

– Şeir nədi sizcə?

– Şeir Allahın bəzi özəl qullarına pıçıldadığı sözlərdi. Mənə pıçıldamadı. Mən romançıyam (gülür). Hətta yazmaq da istədim.

– Mən sizin "Mənim adım qırmızı" romanınızı rusca oxudum. Bu, kompliment deyil, yeri gəlmişkən, tərcümə bəzi xırda qüsurları çıxmaq şərti ilə (həmin qüsurlar tarixi adlarla bağlıydı) çox uğurlu idi. Gərək ki, Feonovanın tərcüməsi idi. Sizin orada çox usta üslubçu olduğunuz tərcümədə belə bilinirdi.

– Sağ olun. Afərin ona. Vəfat etdi yazıq.

– Demək istədiyim odur ki, nəsrinizdə şeirə xas güclü stixiya hiss olunur. Şairlərdən kimi xoşlayırsınız?

– İndi Nazim Hikmətdən danışmayaq. O, bəlli, bir az da zövq məqamı var. Türk şairlərindən Yəhya Kamalı sevərim. Əhməd Haşimi sevərim. Can Yüceli sevərim...

– Sunay Akını tanıyırsınız?

– Tanımıram. Yox, tanıyıram da, amma gəlin, ondan bəhs etməyək. Məlik Cövdəti bəyənirəm. Bilirsiniz, mənsur şeir deyilən bir anlayış var, o şeirləri xoşlayıram.

– Romanlarınızda mənsur şeirin iyi hiss olunur...

– İyi nə?

– Azərbaycanda belə bir laf var. Yəni ətri, qoxusu.


"Yalnız bir şey söyləyim. Tək bir fikirlə yazılan əsər az sonra yalnız propaqanda üçün maraqlıdır".
– Doğru, çox doğru. Özəlliklə "Yeni həyat"da və "Mənim adım qırmızı"nın bəzi yerlərində bu, daha aydın bilinir. Bu, "Qara kitab"da da var. Alliterasiya, iç qafiyələr... Bir sözlə, şeirsəllik var. Amma mən bacarıqsız şairəm.

– İosif Brodskini oxudunuzmu?

– Brodskini necə tanıdım? O, bir amerikan qəzeti üçün İstanbul haqqında bir yazı yazdı. Yazı Amerikada çap olunanda, mən də orada idim. Həmin yazıya görə ona nifrət etdim. Amma sonra onun Peterburq, uşaqlığı haqqında esselərini oxudum. Həmin əsərləri çox sevdim. Böyük kişilik sahibi, böyük insandır. Heç şübhəsiz parlaq bir zəkadır. İngiliscə olan şerləri haqqında bir şey deməyə çətinlik çəkirəm. Bir dil məsələsi var arada.

– Yazıçı və milliyyət haqqında son olaraq fikirlərinizi eşitmək istərdim.


– Milliyyət önəmli deyil. Əsas dil faktıdır. Hansı dildə yazırsa, o dilə mənsubdur yazıçı. Yazıçı öz dilində yazan dünya adamıdır.

– Azərbaycan ədəbiyyatı ilə tanışsınız?

– Bu mövzuya heç girməyəlim. (yəni, toxunmayaq deyir).

Bakı, 12-16 may 2004-cü il

Həmçinin oxu
Səlim Babullaoğlunun «Literaturnaya qazeta»nın baş redaktoru Yuri Polyakovla söhbəti
XS
SM
MD
LG