Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:31

Balaş Azəroğlu. "Vətən həsrəti", "Əsl şair"


VƏTƏN HƏSRƏTİ


Bir səhər yurdumdan ayırıb məni
Başqa bir şəhərə gətirdi qatar.
Dedilər: xəstəsən, sağaldar səni
Suyu buzdan soyuq sərin bulaqlar.

Hər daşın dibindən bir irmaq axır,
Hər çəmən elə bil xalı naxışdır...
Dedim: - bu yerlərdə qəlbim darıxar,
Qürbət cənnət olsa, Vətən yaxşıdır.

Gəzirəm səhərdən axşama kimi,
Yağışda, dumanda, qarda gəzirəm.
Bəzən düşünürəm öz səhhətimi
Harda itirmişəm, harda gəzirəm...

Indi son payızın bu oğlan çağı
Yanında olsaydım darıxmazdım mən.
Çünki doğma yurdun o boz torpağı
Mənə mehribandı bu göy çəməndən.

Inanın qayıtsam doğma yerlərə
Bir də Savalana baxsam doyunca,
Sizdən nə gizlədim, daha bir kərə
Ürəyim ağrımaz ömrüm boyunca.

1958


ƏSL ŞAİR

Mədinə Gülgünə

Sənin arzuların, hissin, ilhamın
Leysan yağışına bənzər hər zaman.
Tez yağıb, tez keçər, bağı, çəməni
Ətirli gülləri bəzər hər zaman.

Sevincin, kədərin bir dağ selidir,
O, sakit axmamış, axmaz bir anda,
Qəlbinin odundan qaynayır, inan,
Şimal qütbündəki buzlu umman da.

Qəzəbin, nifrətin şımşək kimidir
Sal daşı parçalar, qayadan keçər.
Qəlbin deməyəni deməz qəlbin də,
Səni boğazından assalar əgər.

Fikrində, sözündə xəsis olanlar
Yüz il yaşasa da, bil, gözə dəyməz.
Duyğusuz yazılmış yüzlərlə əsər,
Ürəkdən deyilmiş bir sözə dəyməz.

Bu odlu xisləti sözünə axmış,
Dostu isindirər, yadı yandırar.
Alov parçasıdır hər misran sənin
Onu oda atsan, odu yandırar.

Sən bu ilhamınla, təxəyyülünlə
Bir il də yaşasan, yüz il də qalsan,
Sönməz hərarətin, sönməz atəşin
Səni şair doğmuş əzəldən anan.

1958
XS
SM
MD
LG