Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:23

Balaş Azəroğlu. "Mənim pasportum", "Qələm yoldaşım"


MƏNİM PASPORTUM


Dünən,
Mən şeirini oxudum
Qırmızı cildli pasportunu
iftixarla dünyaya nişan verən
bir şairin.
Qəlbimdə sevinclə, kin
sanki iki gur çay idi,
qarışdı bir birinə.
Çıxarıb cibimdən
pasportumun
bozarmış sac çörəyinə bənzəyən
rənginə.
Qəlbimdə sevinclə, kin
Qarışdı bir-birinə...
Sevindim,
bu adi pasportdur,
yazısı, möhürü var.
Hətta vətənimi,
milliyyətimi də yazmışlar.
Ancaq yazmayıblar
kimin təbəəsiyəm.
Fəqət, nə qəm.
Mən də bunu istəyirəm,
nə ağam olsun,
nə də fərman verənim.
Rəiyyət olmasın adım.
Həqiqətə çevrilir deyəsən
bu muradım.
Kim bilir,
bəlkə, pasport yazan qız
baxıb üzümə
adımı təbəəlikdən pozmuş,
mənə azadlıq yazmış.
Indi nə bəndəyəm,
nə də ağam var.
Nə şəhərdə mülküm,
nə kənddə torpağım var.
Fəqət şairəm.
Yaxşımı,
pismi, deyə bilmərəm.
Döş cibimdə bir qələm,
bir də bloknotum.
Bir də ki,
Üstü mavi xətlərlə yazılmış
boz cildli
“təbəəsiz” pasportum.
Ancaq kim bilir,
Mən nə zaman vətəndaş olacağam.
Kim bilir,
mən o gündən nə qədər uzağam.
Fəqət,
inanıram buna;
gələcək elə bir zaman,
ya bu boz rəngli pasportum
boyanacaq səngərdə
qəlbimin qanına,
Ya da
Cəbhədən qələbəylə dönüb bir səhər
Bayrağımı tutacağam
Günəşlə yanaşı.
Olacağam
azad bir dünyanın
azad bir vətəndaşı.

Bakı, 1956.


QƏLƏM YOLDAŞIM

Sevgilim,
dodağında həzin bir bayatı
yatırırsan körpəmizi,
gecə yarıdır...
Misralar
sanki Təbriz xiyabanından keçən
dəvə qatarıdır,
qəmli bir ahənglə axır.
Körpə dəcəl olsa da,
Nəğmənin ahənginə uyub
Xəyala dalmış kimi üzünə baxır.
Bəsdir, bu qəmli nəğməni oxuma,
Oxuma, sevgilim.
Onsuzda yaman sıxılır qəlbim
Bu tək otaqda.
Özüm 56-ci ildəyəm,
Xalqım on il qabaqda.
Gəlir xatirimə,
səngərdə yatdığım,
toza , torpağa batdığım
günlər.
Düşür yadıma fədai dostlarım,
Saqqal Vəli,
Şəmsuvarlı Əbi,
Qoca Şahmar.
Tüfəngin qundağına kəndir bağlayıb,
güllələri dağarcığa yığan,
tankı sinəsiylə saxlayıb
qoşun qabağına çıxan
adsız qəhrəmanlar.
Düşür yadıma,
Sakit gecələrdə
düşmən səsini eşitməsin deyə
astadan bayatı deyən cavanlar.
Oxuma, sevgilim,
Bu bayatıları oxuma,
Yetər.
Gəlir xatirimə
aylı axşamlarda
tüfəngin qundağı üstə şeir yazıb
səhər atışmasından qabaq
bir daşın üstünə qalxıb
onu dostlarıma oxuduğum günlər.
Düşür yadıma
iki cəbhə dostum –
tüfəngim,
atım.
Biri nəğməm kimi alovlu idi,
biri cilovsuz xəyalım,
uçan qanadım.
Gəlir xatirimə
Təbrizə dönərkən cəbhədən
üç günlük yolu
bir gecə-gündüzdə keçdiyim,
gecə bayatı deyib,
gündüz bardaqlardan ayran içdiyim
günlər...
Gəlir xatirinə yəqin ki, sənin də
unutmamısansa əgər,
yenicə dönmüşdüm cəbhədən,
Sərdar xiyabanında
bir səhər üz-üzə gəldik.
Sən gülümsəyərək
bir mənə baxdın,
bir də paltarıma.
Sonra ciddi hal alıb
qaş-qabağını tökdün,
toqqanı düzəldib
nizami köynəyinin ətəyini çəkdin,
bir əsgər kimi salamladın məni.
Mən sıxarkən əlini,
dedin:
“Boynuna sarılardım
xiyaban olmasaydı əgər”
yadındamı sevgilim.
Bir əsgər əfsərlə yanaşı getdi
hərbi qərargaha qədər...
Sevgilim,
Indi sən beşik başında
Layla çalırsan,
körpə xumarlanır yataqda.
Məndə tək bir otaqda
yaman darıxıram,
yaman
Gəlir xatirimə,
o zaman
Təbriz xiyabanlarını kecib
“Şairlər məclisi”nə qoşa getdiyimiz
günlər.
Gəlir xatirimə,
hər səhər
Gecə yazdığım şeiri
mikrofon qabağında oxuyarkən mən,
“Azərbaycan”da çıxardı sənin nəğmən,
Sevgilim,
Biz uzun illərin sınağından
Kecib gələn,
həyatın ağlı-qaralı günlərini görən,
bir məslək uğrunda vuruşub,
bir həyata nəğmə qoşub,
yaşamışıq.
Üzümüz ağ,
Alnımız açıq.
Sevgilim,
Sən dünən cəbhə dostum,
Qələm yoldaşım idin,
Bu gün həyat yoldaşım olmusan artıq,
Sən,
tüfəngi atıb bir yana
keşık başından
kecib
laylay calırsan oğluna.
Bilirəm,
Sən unutmamısan ilk əhdini,
Ilk ilqarını
Cəbhədə ölən igidlərin yerinə
Böyüdürsən Arazını,
Etibarını.
Sevgilim,
Oxu!
Şən mahnılar oxu!
Qoy daha möhkəm gurlasın nəğmən!
Oxu, sevgilim,
Elə oxu, qoy bilsinlər ki,
fədai olduğunu
unutmamısan sən.

Bakı, 1956
XS
SM
MD
LG