Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:47

Gülxani Pənah. Zaman bizi ələyəndə ələyir...


ZAMAN BİZİ ƏLƏYİNDƏ ƏLƏYİR


Zaman bizi ələyində ələyir,
Yaxşı günlər qabaqdadır, darıxma.
Pis gününü yaxşı günlə bələyir,
Ömrü azdır pis günlərin, darıxma.

Bilirsən ki, nələr çəkib başımız.
Aylar, illər gödək ömür yaşımız.
Ağu olub süfrəmizdə aşımız,
Şirin deyib çox yemişik, darıxma.

Ümüdimiz haçalanıb cütləşib,
Ümidimiz gözümüzdə bütləşib,
Zülm artdıqca insan oğlu kütləşir…
Qüssə bizi tərk edəcək, darıxma.

Mən demirəm, imarətlər ucaldım,
Elim getdi, bircə ildə qocaldım.
Ümid dolu səhərlərdən güc aldım
Yaşayırıq, bəxtiyar ol, darıxma.

Ömrümüzə çox tufanlar, yel əsdi,
Yayda belə isinmədin, buz kəsdin.
Kölgələrdə sürünmədin, bu bəsdi,
Əriyəcək buzun, qarın, darıxma.

Allah açan yolu bəndə açammaz.
Qismət nədi, bəndə ondan qaçammaz.
Dünya sirdir, ondan heç kim baş açmaz.
Alanda o, verən də o, darıxma.

Olub hər vaxt süfrəmizdə qidamız.
Bu dünyadan kəsilməsin sədamız.
Olmasa da ömrü boyu ədamız,
Gedər pis gün, yaxşı gün var, darıxma.

Çox imarətlər talan olub dağılıb,
Varlı-yoxsul, inək kimi sağılıb.
Özgələrin sandığına yığılıb,
Varı-yoxu sən bilirsən, darıxma.

Qismətinə düşən yastı komadır.
Bürünmədin min bəzəkli dona, dur.
Ürəyimdə məhəbbətim, sonam, dur.
Gedər dövran, belə qalmaz, darıxma.


KÖZƏRƏN ÜRƏK

Məzahirə

Kömür basdırmışıq torpağın altda,
Düynlü kötüklər odda qalacaq.
Qırmızı atəşdə alışıb-yanan
Odunlar yanacaq, kömür olacaq.

Atəşə qapılıb orda yanacaq,
Günəşin üzünü görməyəcəkdir.
Torpağın altında qalmağı yaxşı,
Hər yandan bağlısa, sönməyəcəkdir.

Beləcə kötüklər kömürə dönüb,
Torpağın altında qaralacaqdır.
Ocağın istisi sönüb gedəcək,
Canını beləcə qor alacaqdır.

Həyata keçməyən insan arzusu,
Torpaqla örtülmüş ocağa bənzər.
İçində əridər atəşi onu.
Sən də ay ürəyim, içində közər.

Saz oldu, söz oldu işin amalın,
Şəmşirin, Qurbanın köləsi oldun.
Oğlun da, qızın da saz aşığıdır,
Onlarla dərdləri böləsi oldun?

Nə oğlun Şəmşirdir, nə qızın Pəri.
Sənətkar yüz ildən bir doğulandır.
Bu vətən sevgisi, Şəmşir harayı
İçində daima dərd doğurandır….

Qaytara bilmirsən itirdiyini,
O sənin əlində deyildir axı.
Sənin ana yurdun Kəlbəcərinə
Neçə min bədnəzər, murdar göz baxır.


YENƏ QARŞILAŞDIQ

Yenə qarşılaşdıq şehli çəməndə
Dağların qoynunda görüşdük, gülüm.
Ağladı həsrətdən şehli çəmən də,
Qayğımız çoxuydu, bölüşdük, gülüm.

Dilimiz dinmədi gözümüz kimi,
Baxışlar həyalı bir gəlin idi.
Günahkar görmədik özümüz kimi,
Lal idik dərdimiz çox dərin idi.

Bu şehli çəməndə görüşsək də biz,
Yolumuz çoxdandır ayrılıb daha.
Görürsən gülməyir qəlbimiz elə,
Baxanda günəşli, şehli sabaha.

Hicranın, həsrətin qüssəsidir bu,
Bir damla göz yaşı, hər şeh damcısı.
Yaman ağır olur ayrılıq, həsrət,
İlan zəhəridir onun acısı.

gulxani.net
XS
SM
MD
LG