Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:46

Oqtay Rza. Ahıllıq yaşım, Sonuncu nəğmə, Kötük...















AHILLIQ YAŞIM


Oqtayam - atamın, anamın ilki.
Bu saat qayğısız uşağam sanki;
Bu saat o qədər ucalıram ki,
Buluda dəyirəm, ahıllıq yaşım!
“Haqq itməz” kəlamı gəzir ölkədə,
Qalmaz saldığın iz heç vaxt kölgədə;
Yanıqlı ah çəkib hərdən bəlkə də
Könlünə dəyirəm, ahıllıq yaşım!
Ömür - gün bağında az - maz barım var,
Düzdə bərəkətim, dağda qarım var;
Nəvə - nəticəli yaşıdlarım var,
Mən indi babayam, ahıllıq yaşım!
Xain, dişlərindən qan dama - dama
Divə arxalanır. Yanır yer, səma...
Əzabkeş, mübariz, müdrik xalqıma
Zəfər diləyirəm, ahıllıq yaşım!
Qalib gələcəyik, vuruşsaq da tək,
Namərd yuvasına yanğın düşəcək!
Vallah Azərbaycan bütövləşəcək -
İnamla deyirəm, ahıllıq yaşım!


SONUNCU NƏĞMƏ

Dan quşu can verir - sönür həyatı
Üstündən qara yel əsən şam kimi;
Hardasa səslənir həzin bayatı -
Səhər aşiqinə ehtiram kimi.
Bürcündən ayrılıb tək ulduz axır
Qaranlıq gecənin tən yarısında;
Dan quşu can verir - dağlardan ağır
Hicran ağrısı da var yarasında.
Dikilib üfüqə solğun baxışlar,
Görəsən ilk şüa saçılmayacaq?
Susur çay, başını əyib qamışlar -
İki göz qapanıb açılmayacaq.
Bir görün nə deyir o inləyən sim:
“Gündüzə həmdəməm, bahara sirdaş;
Razıyam bircə gün əvvəl öləydim,
Öləydim Günəşi görə - görə kaş”.
Dan yeri, şölələn! Şəfəqinlə yaz
Vüsal sabahının salnaməsini!
Sevgilin çağırır - yubanmaq olmaz,
Sənə həsr eləyib son nəğməsini...

KÖTÜK

Kök - təməl, kök - dayaz, kök - dərin;
Gövdə - güc birliyi köklərin.
Köklərin ardıdır kötükcə,
Necədir, hardadır kötükcə?

Ömür qış günütək qısalıb,
Şeh - sarı yarpaqda göz yaşı.
Ağaclar nə yaman azalıb?
Kötüklər - meşədə “başdaşı”.

Söyləyib təbiət sağlığı,
Şərab da, şirə də içirəm.
...Küçədə siqaret qalığı -
Kötük... ayaqlayıb keçirəm!

"Azərbaycan" jurnalı
XS
SM
MD
LG