Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:26

Həyat Şəmi. "Doğum günü", "Arazım", "Mən, sən, o..."


DOĞUM GÜNÜ


“Erdən açılacaq qapılarınız” –
İlahi, bu nəydi başıma gəldi?
Mən doğum günümü qeyd eləmirdim,
Bu SƏS, doğrudanmı, yaşıma gəldi.

Bu il saatımı qırxa qururkən,
Ömrümü sualla bir-bir yorurkən,
“Yaş üstə yaş gəlir”- deyə dururkən,
Yaşım arzuların qışına gəldi.

Səadət gecikdi doğum günümə,
Dəymiş ümidimin yığım gününə,
Udduğum qəhərin boğum gününə,
Gəldi səadətim, boşuna gəldi.

Şirin duyğularla dolu ocağım,
Əllərim duada, ibadət çağım,
Harda qaldı yaşım, durum çağırım,
Gəlsin.
... gəlişiylə xoşuma gəldi.


MƏN, SƏN, O...

Hər şey mənim əlimdə,
Ürəyim,
əfv fərmanım,
imzam,
qollarım,
Açın qollarımı!

Hər şey Sənin əlində,
Sorğu-sual,
Durğu və duyğu işarələri,
Son cümlə,
nöqtən.
Ürəyimə ölümcül həmlə...
Son dəfə getmək istəyim,
üzümə bağlı qapıların dəstəyi...
Açın qapıları!

Hər şey O-nun əlində,
Qələm,
Yazı,
Olum və ölüm,
Açın gözlərinizi!


ARAZIM

Tarix sinən üstə açanda oyun,
Səni mat eylədi nə qədər xain.
Arxayın olmadın, Şaha arxayın,
Xan Arazım.

Şahmatda fiqurlar taxtanın üstə,
Yadlar at oynatdı taxtının üstə,
Top səsiylə çökdü bəxtinin üstə,
Çən, Arazım.

Partlayıb dodağın, yaman yanmısan,
Quruyub qolların, quru canmısan?
Bütün sınaqlara mərd dayanmısan,
Sən, Arazım!

Iki sahilini qoyduq çəkiyə,
Yadlar sahib durdu yağlı tikəyə,
Suyunla bölündü Vətən ikiyə,
Tən, Arazım.

İllərlə Vətənim gəldi nəhs gözə.
Nə deyim taleyə, baxmadı sözə,
Güney can üstədir, “can” deyir bizə,
Can, Arazım!

Ayrıldı ellilər öz torpağından,
Qan axır qəlblərin yurd çapığından,
“Araz aşığından Kür topuğundan”-
En, Arazım!

Çəkilib içindən dara yurdlarım,
Boğulur nəfəsi kor umudların,
Qaytar özümüzə itən adları,
Din, Arazım.

“Araz aşığından...” oldu çoxunun,
Keçilməz günahdan keçdi yaxının,
Qanlara boyandı rəngi axının,
Qan Arazım.

Araz duraq yerim, duracaq yerim,
Min sual altında qalacaq yerim,
Bağrımın başında od-ocaq yerim,
Yan, Arazım.

Allah yerdə qoymaz bu qədər ahı,
Gözləyirik müjdə dolu sabahı,
Keçmişin tarixdə yaşayır axı,
Dön, Arazım!

www.dgtyb.org
XS
SM
MD
LG