Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:35

Elçin İsgəndərzadə. Bir eşqin simfonik melodiyaları


BİR EŞQİN SİMFONİK MELODİYALARI


MELODİYA - 1

Sənin nömrəni yığıb
telefon dəstəyində
eşitsəm qəmli səsini birdən;
o ötən günlər qayıdar geri -
ötən günlərə dönərəm mən.
Payız yağışları da,
təklik də, tənhalıq da
bir saz havası kimi
əyləndirər könlümü...

MELODİYA - 2

Bu qarlı qış günündə
öz başıma gələnlər
bir bəyazlıq içində
özgəsinin qədəritək görünür indi mənə.
Bu qarlı qış günündə
bir qədim eşq nəğməsinə,
bir kövrək təsəlliyə möhtacam yenə...

MELODİYA - 3

Ölsəm, mənə yas saxlama,
yas saxlama, ağlama.
Xatırla ilk təbəssümü,
xatırla, ilk görüşü, xatırla,
xatırla, ilk öpüşü, xatırla...
indi gecə saat iki, -
nə sən mənimkisən,
nə mən səninki...

MELODİYA - 4

Dostlar, qardaşlar,
İçimdə birdən qasırğa başlar
Bütün cahanda ,
yalqız qaldığım bir anda.
Ürəyim ağrısa da
bir nəğmə oxuyuram özüm özümə.
Oxuduğum nəğmə bitər - bitməz
bir bəyaz ruh görünər gözümə.
görünər bir anlığa
və nur saçar içimdəki qaranlığa...

MELODİYA - 5

Qara məzar sükutu
kölgə salıb bu doğma yerlərə.
Allahım, nədir günahı -
yay bürküsündə titrəyir, donur
bu yerlərdən ötüb keçən
qərib yolçunun ahı.

MELODİYA - 6

Bahar səhər şehiylə
bir misra şeir yazıb
yaşıl gül yarpağına.
Bir quşcuğaz uçub qonub
gül budağına -
oxuyur o şeiri,
bizsə yalnız
o şeirin qoxusunu duyuruq...

MEDOLİYA – 7

Mən bizim keçmişimizdə
yaşayıram sənsiz.
Bizim keçmişimizdə
buludsuz göy üzü
və mavi dəniz...
İndi keçmişimizdən
geri dönə bilmirəm mən...

MELODİYA – 8

Mən səni qısqanırdım
Göydə buluda, quşa,
yerdə çiçəyə, gülə.
Gözlərin yadımdan çıxıb,
amma ürəyimin yaddaşında
səssiz-səssiz ağlayırsan hələ...

"Ulduz" jurnalı
XS
SM
MD
LG