Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:44

Sevinc Pərvanə. Payızda yazılan şeirlər silsiləsi


















Payızda yazılan şeirlər silsiləsi

Alfred Hiçkoka

Hiçkok,
sənin çəkdiyin trillerlər
dəhşətli filmlər
burda bizim həyatımızdı
gecələr yuxumuzdu
gündüzlər xəyalımızdı
dəfələrlə ölüb dirilirəm
sonra öz ölümdən qorxuram
xortlağımdan qorxuram
kiminsə arxadan kəsdiyi
qanlı qırtlağımdan qorxuram

sən bizi qorxutmaqmı istəyirdin?
səndən qabaq
bizim divlərimiz
cinlərimiz
içi qaynar qırla dolu çənlərimiz vardı
yox, Hiçkok, mənə gəlmə xox!
sən Allah get işinə
daha baxmayacam sən çəkdiyin multfilimə...


***

istəməzdim çarmıxa çəkilməyi
qurban kəsilməyi
ya odda yanmağı
daşlanmağı
qorxuram oddan
diri-diri soyulmaqdan
şaqqalanmaqdan
təzə -təzə icadlarınız var
amma hamısı ağrıdırlar

açın başıma oyunlar, açın
amma əvvəlcə ağ xələtli həkimlər
narkoz gillətsin damarlarıma
insansevərliyi ilə fərqlənsin sizin əsr
ayağımın altındakı kətili yıxın
amma lütfən gözlərim görməsin
kəndir boğazımı necə kəsir
bu son istəyimi nəzərə alın
məni öldürəndə qəfil öldürün
xəbərim olmasın

istəmirəm tövbə üçün nə molla
nə keşiş
vaxtı uzatmayın
bitsin bu müqəddəs iş.


Nərmişə

bizi nağıllar aldatdı
sizi cizgi filmləri aldadır, balam
balaca balam
toppuş balam
quyruğunu altında qatlayan balam
ağzında şən kloun təbəssümüylə
altdan yuxarı televizora
marıtlayan balam

evində çörək varmı
bayırda günəş
yenə eşidilirmi düşmən səngərindən atəş
atan alıbmı maaş
doldurmusanmı altındakı bezi
dalından xəbərin varmı?
balaca balam
toppuş balam
aldadırıq səni
gülən günəşlə
göz vuran ayla
günəş qəzəbindən
od püskürür halbuki
ay qaşlarını çatmış
bütün ulduzlar qorxudan gedib yatmış

balaca balam
toppuş balam
“cip-cip cücələrim” nəğməsini oxuyur
sənə böyüklər
sən bilmirsən
cücələrin başını necə üzür dibindən atan
bişmiş cücələrin gülməyi gəlir
səndəki heyvan sevgisinə
məndəki insan sevgisinə
toppuş barmaqlarını
ürək şəklində dolamısan bir-birinə
inanırsan
siçanların pişiklərə qalib gəldiyinə
aldanan vaxtındı
nə deyim sənə...


Kozetta

ah Kozetta, Kozetta
beş yaşlı qızım
cizgi filmindən tanıyır səni
mən on beş yaşımdan
indi otuzuma az qalmışam
o zamandan heç nə dəyişməyib həyatında
sən elə həmin sənsən
həminki Kozettasan
həmin ürəyitəmiz
inanan
sevən qızsan
Kozetta, ah Kozetta
sənə bənzəyirdim onda
on beş yaşımda
indi səndən daha az inanan
daha az sevən
daha ümidsiz olmuşam
yorulmuşam
Kozetta,
beş yaşlı qızım yaman sevir səni
dilindən düşdüyün yox
gözünü sevim, Kozetta
ona sevməyi öyrət
ona gülməyi öyrət
yıxılıb-durmağı öyrət
sənə inanar
de ki, ümidli olsun
sevə bildikcə sevsin insanları
inansın gələcək sabahlara
və o sabahlar gəlsin
sən ona yalan danışma
dediklərin həqiqət olsun


Üzüm salxımı

yekə bir üzüm salxımının içində
itib-batmış şarsatan qoca
əlindəki salxımdan gilələri qoparıb bir-bir
dişsiz ağzına ata-ata
yoxa çıxdı tini burulan kimi qəfil
götürüb apardımı üzüm salxımı qocanı, ey dili-qafil?!
XS
SM
MD
LG