Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:43

Pərvanə Persiani: «Hökumət gənclərlə dialoq qura bilmir»


Erkin Qədirli
AzadlıqRadiosunun «İşdən sonra» proqramında hüquqşünas Erkin Qədirli, «AN» şəbəkəsinin üzvü Pərvanə Persiani və jurnalist Şahvələd Çobanoğlu gənclərin özünümüdafiə mexanizmləri barədə fikirlərini bölüşüblər.

Erkin Qədirli:

«Normalda hüququn üstünlüyü olan ölkədə həbs olunmamağın yeganə yolu qanunları pozmamaqdır».

«Bizdə hüququn üstünlüyü yoxdur və hüquq-mühafizə orqanları da xeyli saxta işlərin görülməsində təcrübəlidirlər».

«Güclü müstəqil məhkəməmiz də yoxdur ki, hüquq-mühafizə orqanlarını çəkindirə bilsin».

«Siyasi sifariş olduğu təqdirdə insanın özünün həyat tərzindən, ehtiyatlanma dərəcəsindən asılı olmayaraq, onu hansısa bir yolla tutub, saxta bir ittihamla cinayət və ya inzibati məsuliyyətə cəlb edə bilirlər».

«Heç kəs həbsdən sığortalanmayıb və ehtiyatlı olmanın da özü-özlüyündə bir dəyəri yoxdur».

Pərvanə Persiani:

«Azərbaycan kimi ölkələrdə siyasi sifarişli həbslərdən sığortalanmaq qeyri-mümkündür».

«Həmin həbs olunmuş insanların da hüquqi müdafiəsinin təşkil olunması Azərbaycan kimi ölkələr üçün çox abstrakt, absurd səslənən bir fikirdir».

«Son günlərdə baş verən 5 həbsin heç birinin hüquqi əsası olmadığı açıq-aydın görünür».

«Ən son həbs olunanlar həbs olunmayıblar, günün-günorta çağı oğurlanıblar».

«Məhkəmə hakimiyyətinin tamamilə icra hakimiyyətindən, prezident hakimiyyətindən asılı olduğu bir ölkədə ümumiyyətlə, hüquqi prosesdən söhbət açmaq məntiqsizdir».

Şahvələd Çobanoğlu:

«Cəmiyyətdəki durum elədir ki, Azərbaycan hakimiyyəti ən incə üsullarla repressiyasını davam etdirmək istəyir».

Pərvanə Persiani
«Gənclərə qarşı repressiya başqa dalğaya keçsə, gənclərin mübarizəsi də qeyri-leqal zəminə keçə bilər».

«Artıq cəmiyyətin özündə çox böyük fəallıq var».

«Fakt odur ki, gənclər ehtiyat tədbirləri görmürlər».

«Gənclər bilir ki, onların hərəkətləri tam legitimdir».

«11 martda nə baş verəcəyini də hələ heç kim bilmir».

«Hakimiyyətin bununla bağlı narahatlığı ortadadır və son həbslər də buna görə baş verir».

Erkin Qədirli:

«11 mart» bir hekayədir. Orda vaxt yox, yer yox, məkan yox, təşkilatçı yox. Görünür ki, hökumət özü bu hekayədən çox qorxur».

«Emin və Adnanın həbsindən başlayaraq hökumət elə bil incə, mənəvi həddi aşdı ki, bununla gənclərlə normal ünsiyyət qura biləcək bir fürsət qoymadı özünə. Arxasınca körpünü yandırdı».

«Yeganə neftdən gələn müftə gəlir və polis gücünün hesabına sabitlik yaranıb».

«Hökumətin cəmiyyətdə yaratdığı mənzərə odur ki, dövlətin birbaşa nəzarəti altında olmayan, sərbəst fəaliyyət göstərən heç cinayət qrupları da yoxdur».

«Hökumətin bu prosesləri başlatmasında tam əminliyi var ki, hər şey sifarişlə gedəcək».

Pərvanə Persiani:

«Hökumət bu gənclərlə dialoq qura bilmir. Bu, hökumətin bacarıqsızlığından irəli gəlmir, sadəcə, siyasi iradənin olmamasından irəli gələn bir şeydir».

Şahvələd Çobanoğlu
«Hökumət həmişə öyrəşdiyi, «ənənəvi müxalifət» adlandırdığı adamları yox, artıq qarşısında Qərblə, dünya ilə sıx əlaqəyə malik olan insanları görür».

«Hökumət onların danışdığı dili anlamır, ona görə rabitəsiz, məntiqsiz köhnə NKVD metodlarından istifadə edir».

Şahvələd Çobanoğlu:


«Onlara vəzifə versən də onlar istəmirlər. Onlar dəyərlərin dəyişməsini istəyirlər».

«Onlara daha böyük ümidlə baxırlar, ona görə onlar bu gün hədəfə gəliblər».

«Hakimiyyət başa düşür ki, vəziyyət əvvəlki deyil».

«Bu, dünyada gedən bir dalğadır. Bu dalğanın qarşısını ala bilməzlər».

Erkin Qədirli:


«Bizim iqtidar həddən artıq geridə qalıb. 19-cu əsrin anlayışları ilə düşünür».

«Mən anlamıram «11 mart» nə deməkdir. Hökumət özü-özünü inandırıb ki, nəsə olacaq. Onun atdığı addımlar da məhz o həyəcandan doğur».

Pərvanə Persiani:

«Bəzi universitet rəhbərləri tələbələri xəbərdar etməklə onları daha da «11 mart» barədə məlumatlandırılar».

XS
SM
MD
LG