Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:41

Xilas


PƏRVİZ

Kilkə - 4

(Hekayə)


Qapı zəngi durmadan çalınırdı...

Yatmışdı.

Qapı zəngi öz işindəydi...

Qapı açıldı. Yol haqqına doqquz aylıq ağrı verib düşdü. Qapı bağlandı. Nəsə fikirləşib kəsə, çölləmə yola düzəldi.

Dörd ağaclıq bir yoldu. Yan-yörədə işıq ucu gözə dəymirdi. Ara-sıra it hürüşmələri eşidilirdi. Yenicə güclü yağış yağmışdı.

Addımını atan kimi zığ-palçığa, çamurluğa düşürdü. Ayağını gilin içindən qoparmaq it əzabına başa gəlirdi.

Yolu yarı eləyənə kimi altı-yeddi dəfə sürüşüb palçığa bələndi. Ayaqqabılarının içi qumlu suyla doldu.

Soyuq, nəmli külək üz-gözünü kəssə də, bədəni tərin-suyun içindəydi, istidən alışıb yanırdı.

Bumbuz, palçığa bələşmiş əliylə alnının tərini silə-silə gedirdi.

"Lənət şeytana..." Yenə də tutması tutdu, bütün bədəni qaşınmağa başladı. Əllərinin palçığını paltarına sürtüb təmizlədi və var gücüylə qaşıdı.

Qaşıdıqca əsəbiləşir, gərginlikdən qışqırmaq, özünü boğub öldürmək istəyirdi.

Qarşısına çıxan arxın ensiz yerini tapdı, atlanmaq üçün təkan vurdu.

Ayaqqabısının bir tayı suya düşdü. Ayaqları da o biri üzə dəydi, palçıqda dayanmadı, sürüşüb dizə kimi arxa quylandı. Ayaqqabısının tayını gəzdi, tapmayıb təzədən yola düzəldi.

Bir yandan daha da dəliləşən qaşınma, bir yandan da ayağına batan payızdanqalma tikanlar canını alırdı.

Yoldan hələ bir xeyli vardı.

Çiynindəki çantanı açıb kükürd mazını (dərmanın əsil adını bilmirdi, eləcə kükürd mazı deyirdi) çıxardı və bütün güngörər, güngörməz yerlərinə sürtdüsə də, xeyri olmadı.

Bədənindəki tərin, palçığın, şalvarına yaxılmış təzə inək peyininin, kükürd mazının iyini alıb: "Lap şeytan iyi verirəm, - pıçıldadı.

- Min il keçsə də bu iy məndən keçməz. Həinki qızlar, ta heç anam da mənə yaxın düşməz". Əyilib ayaq barmağına batmış tikanı çıxardı. "Zibil!"

... Tikanlı məftil çəpəri birtəhər keçdi. Buralar nəsə tanış gəldi. Deyəsən çatmışdı. Ancaq yenə də gözünə bir yurd-yuva dəymirdi. "İlahi, belə də zülmət olar..."

Ağrıdan, yorğunluqdan bədəni zoq-zoq zoqquldayırdı. Dayanandan az sonra təri soyuyanda soyuğu hiss elədi. Dişi-dişinə dəydi.

Əlindəki çantanı sinəsinə sıxdı. Ürəyindən isti, dalda bir yer tapıb nəfəs dərmək keçdi. Lap yaxında üstüörtülü taxta tikili dəydi gözünə.

"Taxta-tuxtadan bir ocaq qalayıb həm qızınnam, həm də çörəkdən-zaddan qızdırıb pendirlə yeyərəm", - düşündü, birdən ağlına gəldi ki, hələ bəlkə də bura qarovulxana-zaddı. "Ac adamam, hökmən qarnımı doyuracağam.

İlahi, min şükür böyüklüyünə, heç vaxt bəndəni darda qoymazsan. Hə, necəydi o?.. Kor nə istər iki göz.

Ya da, istədiyin yar idi, yetirdi pərvərdigar". Bir də Allaha şükr eləyib tikiliyə sarı getdi. Yenə də hayandansa qapı zəngi eşitdi.

O yan bu yanına boylandı. Köhnə taxta qapını açıb ayağını içəri qoydu.

...Qışqırdı. Səsi əks-səda verdi. Elə bildi, qayadan uçdu. Ancaq yerə dəyib parçalanmadı. İlk öncə sağ qalıb-qalmadığını düşündü.

Əmin oldu ki, ölməyib, sağdı. Öldüyünü düşünmək üçün heç bir əsas yox idi. Açıq ağzı qəribə tamlı şeylə doldu.

Həmin an bunun nə tamı olduğunu anışdıra bilmədi. Deyəsən, heç tamı yox idi. Sağ qaldığını dəqiqləşdirən kimi qalxdı.

Yalnız burnunu və gözlərini havaya çıxara bildi. Sərhədi dodaqlarının arasından keçən iki hissəyə bölündü.

Burnuyla bir neçə dəfə dərindən nəfəs alıb ağzına dolanı tüpürdü və dodaqlarını kip-kip sıxdı.

Hə danışmağa, nə kimisə köməyə çağırmağa, nə də söyüş söyməyə imkan qaldı.

Burnunun burunluğuna başlamağıyla hara düşdüyünü dərk elədi. Bu haranın haralığı da, tarixçəsi də yadına düşdü...

... Düşdüyü quyunu özü qazmışdı - artezian su quyusu. Ən dərin quyunu qazacağına söz verdi və qazdı da.

Divarını qırmızı kərpiclə qəşəngcə hördürüb, üstündə, az əvvəl qarovulxana zənn elədiyini tikdirdi.

Ancaq bütün zəhməti hədər getdi və az sonra quyunun suyu şor çıxmağa başladı.

Sonra azacıq dəyişiklik aparıb su quyusunu "ayaqyolu" adlandırdı və ilk dəfə bu ayaqyolunun sakini də özü oldu...

"Buyur, nuş olsun. Bu da sənin ocağın, qızardılmış çörəyin, pendirin. Doyunca ye!"

Çox keçmədi, üfunət gözlərini yaşartdı və yummağa məcbur elədi. Danışmaq da, görmək də yasaq oldu. Bədəni qaşınmağındaydı. Ancaq əl-ayağı öz əlində, öz ixtiyarındaydımı, qaşıya bilsin?

Ayaqlarını divara dirəyib, əlləriylə kərpic çıxıntısından sallanmışdı. Dua eləyən adama oxşayırdı.

Hiss elədi ki, çantası hələ də çiynindən asılıb. Birdən çantadakı kitabları yadına salıb, Allahdan aşağı bütün qarğışları yağdırdı özünə.

Allahın dörd müqəddəs kitabının dördü də çantadaydı. "Bu, nə işdi gəldi başıma, İlahi?"

Ayaqqabılı ayağı dirəndiyi yerdən sürüşdü, yalnız yalın ayağı və əllərinin köməyi ilə yenidən quyunun dibinə baş vurmaqdan qurtuldu.

"Hə günahın sahibiyəm, İlahi, - düşündü, - mən ki, bütün ömrüm boyu Səni dərk eləməyə çalışmışam"...

Yavaş-yavaş sakitləşdi. "Səbr edən, Allahın dostudu. Allah min dərd versə, min bir dərman verər".

Peyğəmbərlərdən, bədənini günü-gündən, ürəyinəcən qurd basan birinin hekayəti düşdü yadına.

Bəlkə Tanrı məni də sınağa çəkir? Axı O, ən böyük, ən əzablı dərdləri öz sevimlilərinə verir, hə!

Ölənə kimi sadiq qalanları o dünyada mükafatlandırır. Şükr, İlahi, min şükr" - bir də dedi.

Düşdüyü vəziyyətlə barışdı. Elə bu vəziyyətdəcə bir xeyli düşündü-daşındı. İnsan xoşbəxtliyi, gözəl gələcək haqqında xoş xəyallara daldı.

Fikirlər söylədi ürəyində; razılaşdı, özünə əks getdi.

Fikirlərdən ayılan kimi yenə qaşınması tutdu. Ayaqqabılı ayağı ilə o biri qıçını qaşımaq istədi, əlləri buraxıldı, yenidən quyunun dibinə getdi.

Bütün canıyla soyuğu hiss elədi. Ürəyində quyudan xilas olma arzusu baş qaldırdı. Üzüyuxarı dırmanmağa başladı; GÖYƏ sarı...

Yumşaq kütlənin səthindən bir adam boyu yuxarı qalxdı, heyi-hərəkəti çəkildi. Elə bil başından basıb, ayaqlarından çəkdilər.

Bir də, bir də quyunun dibinə yumbalandı... Bir də qalxmağa çalışdı. Sonunda, yorulub tam əldən düşdü.

Hələlik xilas fikrindən vaz keçdi. Kürəyini arxa, ayaqlarını qarşı divara dirəyib oturmuş kimi qaldı. Huş apardı.

...Qonşu kənddə bacısıgildəydi. Evlərinə qayıdırdı. Yay idi. İkinci mərtəbədə pəncərəni açıb: - Mən uçub gedirəm, salamat qalın -, dedi.

Bacısının ikiaylıq oğlu da: "Mən də uçuram", - deyib, təkan vurdu, uça bilməyib yerə düşdü, ancaq əzilib eləmədi.

Dönüb körpəni kürəyinə aldı (qanadları yoxdu) və uçub getdi. Çox ucadan uçurdu. Kimsə arxadan səsləyirdi: - Lap yaddan çıxdı, demədik, qayıt gəl, nahar elə, sonra get.

Uça-uça geri qayıtdı. Doyunca, isti təndir çörəyilə bir qab bozbaşı bədənə vurdu. Yenidən sağollaşıb uçmaq istədi.

Bu dəfə nə qədər əlləşdisə, uça bilmədi. Qəhərləndi. Qolları yanına düşdü, əlindən çıxan ləzzət üçün ürəyi sızım-sızım sızıldadı.

Əlacsızlıqdan qət-təzə maşınıyla düzəldi yola. Maqnitafona kaset qoydu. Kaset boyu yalnız qapı zəngi çalınırdı...

Külək buludları qovdu. Ay doğdu. İşığı quyuya düşdü. Gözləri yumulu olsa da, quyuya düşən işığı gördü.

Gözəllikdən, gecənin füsunkarlığından kövrəlib həyəcanlandı.

Sinəsini qaşıya-qaşıya ürəyində ay işığı haqda bir mahnını zümzümə elədi, hansısa şairin "Ay işığı" şeirini "oxudu".

Ucadan demək üçün ağzını açdı: "A..." Ağzı doldu. Susdu...

Yuxarıdan qız səsi eşitdi. Qız həsrət, yanğı dolu bir nəğmə oxuyurdu - şip-şirin. Beyninə girdi ki, bu qız, onun toy gecəsi atıb qaçdığı qızdı. "Bu dəfə, burdan çıxan kimi, səninlə evlənəcəyəm".

... Yenə qapı zəngi hay-həşir qopartdı. Köhnə rəzəli qapı cırıltıyla açıldı. Qadın paltarı xışıldadı...

Çarəsizlikdən başına tökülənlərlə barışmalı oldu. Biabır olmaq istəməyib cınqırını çıxarmadı.

Yenə paltar xışıldadı. Qız ayaqyoludan çıxıb uzaqlaşdı. "İlahi, kömək ol, axır qurtar məni bu cəhənnəmdən!" - yalvardı.

...Və İlahi xilas elədi onu. Bir az gec - yəni iki gün sonra olsa da, xilas elədi. Evlərinə apardı. Gül kimi yudurtdu onu.

... Sabah axşam kənd camaatı evə əllərində boş nahar boxçası işdən yox, çiyinlərində boş tabut qəbristanlıqdan döndülər.

"İlahi, min şükür! SƏNƏ şəkk eləyənə min lənət!"

...Qapı zəngi yenə də öz işindəydi. O da eşitməyində.
XS
SM
MD
LG