Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:18

AXCP üzvü təzyiq altında ifadə verdiyini bildirib


Fevralın 5-dən Sumqayıt Şəhər Polis idarəsində saxlanan AXCP üzvü Cabbar Savalanla valideynləri hələ dgörüşə bilmirlər. Yaxınlarından aldığımız məlumata görə, onlar dəfələrlə görüş üçün cəhd etsələr də belə bir şərait yaradılmayıb.

Yaxınları həbsdən 6 saat sonra xəbər tutublar

Cabbar Savalanən anasının dediyinə görə, oğlunun saxlanması barədə altı saatdan sonra məlumat əldə edə biliblər. O da ananın özünün polis idarəsinə müraciətindən sonra mümkün olub.

Anası və qardaşı Cabbar Savalanı altı saata yaxın axtarıblar. Həmin müddət ərzində onun mobil telefonuna da zəng çatmayıb. Bundan sonra polisə müraciət edib, Cabbar Savalanın hələ də evə gəlmədiyini, mobil telefonuna da zəng çatmadığını bildiriblər.
Onlara bildirlib ki, Cabbar Savalanın üzərindən narkotik maddə tapıldığı üçün o, polis idarəsindədir.

Fevralın 6-da isə onun barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ilə cinayət işi açılıb.

Orxan Mansurzadə: Cabbar Savalan ilkin ifadəsində narkotikadan istifadəni etiraf edib

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə Azadlıqradiosuna deyib ki, Sumqayıt polis idarəsinin əməkdaşları daxil olmuş məlumat əsasında Cabbar Savalanı saxlayıblar və onun üstündən 0, 74 qram tiryək tapılıb. Orxan Mansurzadə deyir ki, saxlanılan gənc öz ilkin ifadəsində narkotikadan istifadəyə yenicə başladığını etiraf edib.

«Hazırda həmin narkotik maddənin mənbəyinin aşkarlanması istiqamətində təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri davam etdirilir».

Polis idarəsində saxlanılan gəncə nə deyilib?

Amma Cabbar Savalanla fevralın 7-də görüşən vəkil Əshabəli Mustafayev Azadlıqradiosuna deyib ki, onun müdafiə etdiyi şəxs ilkin ifadələrini təzyiq altında yazdığını bildirib.

«Birinci dəfədir, cavan uşaqdır, yanında heç kim yox. Düşüb polis idarəsinə. Bundan istifadə edərək ondan bir az etirafedici ifadə alıblar. İndi biz Sumqayıt şəhər prokurorluğundayıq. O bizim yanımızda dindirilir. Artıq o həqiqəti deyir».

«Sənin qələmin yuxarıdan sındırılıb»

Vəkilin sözlərinə görə, müdafiə etdiklərti şəxs bildirib ki, ona polis idarəsində sifarişin yuxarıdan gəldiyini deyiblər.

«Onun özünə deyiblər ki, bu məsələ bizlik deyil, sənin qələmin yuxarıdan sındırılıb»
Fevralın 6-da Cabbar Savalan barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi açılıb.

«Cabbar Savalan ictimai-siyasi fəallığına görə həbs edilib»

Əbülfəz Qurbanlı
Üzvü olduğu Azərbaycan Xalq Cəbhəsi partiyası (AXCP) isə Cabbar Savalana qarşı irəli sürülən ittihamın əsasız olduğunu bildirir. Partiyanın Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı deyir ki, ötən ilin noyabrında partiyaya üzv olan Cabbar Savalan yalnız ictimai-siyasi proseslərdə fəallığına görə həbs edilib.

«Cabbarın Facebook dakı profilinə baxanda aydın olur ki, bu adamın həyata baxışı necədir. Bunun əvvəllər profil şəkili Atatürkün, sonra M.Ə.Rəsulzadənin, daha sonra Elçibəyin, son günlər isə Milli Qəhrəman Mübariz İbrahimovun şəkili olub. Belə bir adam narkotikadan istifadə edir deyilməsi absurd məsələdir. Sadəcə bu gənclərin fəallığının qarşısının alınması, susdurlması üçündür».

«Hakimiyyət gənclər taktikasını dəyişib...»

Əbülfəz Qurbanlı o qədər də tanınmayan gəncin həbsini də təsadüfü saymır.

«Cəmiyyətdə tanınan gəncləri həbs etmək hakimiyyət üşün baş ağrısı olur. Biz bunu Emin Milli və Adnan Hacızadənin həbsi zamanı gördük. Artıq hakimiyyət bu məsələyə yanaşmasını dəyişib. İndi elə gənclər seçilir ki, onlar cəmiyyətdə az tanınmış olsun. Bundan başqa Sumqayıtdan olan gəncin həbsi də əsasız deyil. Bu belə edilir ki, onun müdafiəsi təşkil oluna bilməsin».

«Məsələni siyasiləşdirmək yolverilməzdir»

Daxili İşlər Nazirliyinin sözçüsü Orxan Mansurzadə isə məsələnin siyasiləşdirlməsinin düzgün olmadığını bildirir.

«Belə baxanda onun 20 yaşı var. Onu siyasi fəaliyyətlə aktiv məşğul olan şəxs kimi qələmə vermək istəyirlər. O tanınmış siyasi xadim də deyil. Bir də ki, siyasi məsələ onun şəxsi məsələsidir. Bu polisin səlahiyyətinə aid olan məsələ deyil. Polis cinayətkarlığa qarşı mübarizə aparan orqandır. Siyasətdən kənar bir qurumdur. Polis aldığı məlumata əsasən onu saxlayıb. O saxlanana qədər onun hansı partiyanın üzvü olması, fəallığı heç kimin maraq dairəsində olmayıb. Bu baxımdan da bu hadisənin siyasiləşdirilməsinin özü yolverilməzdir»

Artıq qeyri-qanuni narkotik maddə saxlama ittihamı ilə həbs edilən AXCP fəalının hüquqlarını müdafiə komitəsi yaradılıb.

Komitə bir sıra tədbirlər, o cümlədən aksiyalar keçirməyi planlaşdırır.

2 aylıq həbs


Sumqayıt Şəhər Məhkəməsi fevralın 5-də Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının saxladığı AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalanlı barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib. Məlumatı «Media forum»saytına vəkil Anar Qasımov verib.
XS
SM
MD
LG