Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:31

Azərbaycan Misir nümunəsinin ardınca gedəcəkmi?


Xırdalanda Mubarəkə heykəl
Xırdalanda Mubarəkə heykəl
Nina Axmeteli, BBC

Qahirənin mərkəzində 10 gündür ki, prezident Hüsni Mübarəkin istefası tələbi ilə nümayişlər gedir, Qahirədən min kilometrlərlə uzaqda isə Mübarəkin heykəlinə heç bir təhlükə yoxdur.

Heykəlin yerləşdiyi Azərbaycan və Misirin dostluq parkını polis qoruyur.

Azərbaycan müxalifəti tələb edir ki, Misir prezidentinin heykəli Bakıdan yığışdırılsın.

Müsavat partiyasının başqanı İsa Qəmbər heykəl mübadiləsini avtoritar rejimlər üçün səciyyəvi hesab edir.
O deyir: “Bunun bizim xalqlar arasında xoş münasibətlərə heç bir dəxli yoxdur. Avtoritar liderlərə heykəllərin hamısı yığışdırılmalıdır.”.

Müxalifət nümayəndələrinin fikrincə, İlham Əliyevlə Hüsni Mübarək arasında oxşarlıq çoxdur, ərəb ölkələrində baş verənlərdən Azərbaycan rəhbərliyi nəticə çıxarmalıdır.

Azərbaycanın hakim partiyası nümayəndələrinin fikrincə isə, Azərbaycanın siyasi həyatı ilə Misirdəki və ya Tunisdəki hadisələr arasında paralellər cızmaq cəhdləri əsassızdır, Azərbaycanda sabitliyə təhlükə yoxdur.

HAKİMİYYƏTƏ DƏRS?

Müxalifətin bir hissəsi hesab edir ki, Azərbaycandakı siyasi sakitlik və sabitlik aldadıcıdır, ərəb ölkələrini bürüyən iğtişaşlar Bakı üçün dərs olmalıdır.

İsa Qəmbər: “ Azərbaycan ictimaiyyəti Şərq ölkələrində baş verənləri diqqətlə izləyir, çünki ümumi məqamlar çoxdur. Həm Azərbaycanda, həm də bu ölkələrdə avtoritar rejimlərdir. Bu rejimlər ölkənin problemləri ilə məşğul deyillər, yalnız öz rifahlarını düşünürlər. O biri tərəfdən, bu ölkələrin əhalisi müsəlmandır, bütün bunlar bir ümumi sıra yaradır”.

Bəzi müxalifətçilər yeni parlament seçkilərinin keçirilməsini tələb edirlər. İsa Qəmbər: “Prinsipcə, bu, müxalifət üçün yumşaq tələbdir. Ancaq bu gün bu, hakimiyyət tərəfdən ciddi addım olardı. Sabah bu artıq kütlələri qane etməyəcək. Onlar daha ciddi nəticələrə köklənəcəklər”.

Ancaq Bakıda prezident hakimiyyətinin zəifləməsinin, hökumət əleyhinə nümayişlərin başlanmasının əlamətləri gözə dəymir.
Gözə birinci dəyən - tikilən və ya təmir olunmuş binalardır və Heydər Əliyevin şəkli olan plakatlardır.

Bakı sakinləri çalışırlar ki, indiki hakimiyyəti açıq tənqid etməsinlər. Ancaq bahalıqdan və rüşvətdən şikayətlənirlər.

Alla adlı Bakı sakini deyir: “Belə baxırsan, hər şey gözəldir, ancaq gülümsəyən simalar yoxdur. Çünki insanlar üçün yaşamaq çətindir. İnsanlar bir-birlərini aldatmağa məcburdurlar. Dövlət bizi dolandırmır”.

NÖVBƏDƏ KİMDİR?

Hakimiyyət nümayəndələri əmindirlər ki, ərəb ölkələrində baş verənlər Azərbaycanın siyasi və iqtisadi həyatına toxunmayacaq.

YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı: “İqtisadi, siyasi və dini baxımdan Azərbaycan ərəb dünyasından kəskin fərqlənir. Azərbaycan dünyəvi dövlətdir. Azərbaycan dövlət quruluşu baxımından daha çox Türkiyəyə yaxındır, nəinki ərəb ölkələrinə”.

Qurbanlı Azərbaycanla ərəb ölkələri arasında ən başlıca fərqlərdən biri kimi dinin siyasi həyata təsirini göstərir.
“Din ərəb ölkələrində mütəşəkkil siyasi qüvvədir. Bizdə isə belə deyil. Bizdə din dünya görüşüdür, siyasi amil kimi din heç bir rol oynamır. Mənim fikrimcə, bizim cəmiyyətin özü də daha çox dünyəvidir”.

Politoloq Zərdüşt Əlizadə isə hesab edir ki, “MDB rejimləri ilə ərəb ölkələrinin rejimləri arasında oxşarlıq çoxdur – biz parazit ölkələrə çevrilmişik, ya təbii ehtiyatların, ya da onların tranziti hesabına yaşayırıq. “

Əlizadənin fikrincə, MDB-də islahatlar isə yalnız Rusiyada dəyişiklik olanda başlayacaq.

“MDB-nin avtoritar ölkələri islahatlara məhkumdurlar, Ancaq bütün bunlar o vaxt başlanacaq ki, Rusiyada geniş xalq hərəkatı başlansın. Nə qədər ki, Putin, Medvedev hakimiyyətdədir, Özbəkistanda, Qazaxıstanda, Azərbaycanda, Ermənistanda rejimlər möhkəm olacaq”.


QƏRB NEFTİ SEÇİR

Azərbaycanın ekspert dairələrində hesab edirlər ki, hökumət əleyhinə nümayişlərin başlanmasına şərait yoxdur- müxalifət zəifdir, neft gəlirləri yüksəkdir, bu da prezidentin mövqeyini gücləndirir.

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynovun sözlərinə görə, “bundan başqa, iş tapa bilməyənlər Rusiyaya gedirlər”.

“Müxalifəıt mətbuatı yazır ki, bu tale ( Misirdə, Tunisdə baş verənlər) İlham Əliyevi də gözləyir, Bu, istisna olunmur, ancaq bu il ya gələn il yox”.

Azərbaycandakı politoloqların fikrincə, əsas amil Qərbin mövqeyidir, Qərb isə Azərbaycan hakimiyyətinə çox loyaldır.

İnsan Haqları Evinin koordinatoru Vüqar Qocayev deyir ki, iqtisadi maraqlarına görə Qərb çox vaxt Azərbaycanda insan haqları pozuntularına göz yumur.

“O biri tərəfdən, İran var. İranın mövcudluğu Azərbaycandakı rejimin sabit qalmasına beynəlxalq aləmdə siyasi və iqtisadi maraq yaradır.”

Onun sözlərinə görə, hakimiyyətdən narazı çoxdur, ancaq onlar Avropa diplomatlarının ölkə daxilində insan haqları pozuntularına biganə olmasını görəndə Qərb dəyərlərinə də məyus olublar.

“Biz bunu əvvəllər də görmüşdük, noyabr seçkilərində də gördük. Hakimiyyət nə istəyirdi, edirdi, beynəlxalq aləm, superdövlətlər, Qərb hökumətləri isə öz iqtisadi maraqlarına görə bunlara sadəcə olaraq göz yumurdu”.


bbcrussian.com saytından tərcümə etdi: Elxan Nəsibli
XS
SM
MD
LG