Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:48

Cavid Zeynallı. Qırmızı


… Diksindim. Sonra hıçqırtıyla ağladım. Toplan hürdü, zingildədi. Sonra atamdan başqa bütün kəndimiz qırmızı paltarlı qız və gecə ilə kənddən baş götürüb qaçan oğlandan danışdı.

Dəmir darvazanın zəhlətökən cırıltısı kəsilər-kəsilməz Südabənin burnunda , az qala mızıltıyla dediyi sözləri eşitdim:

- Kişi olanda səni öpəcəm, hələ istəsən …

- İstəsəm nə edəcəksən? – bic-bic qımışıb soruşdum.

Südabə gözlərini qıyıb kal səslə güldü. Ətli yambızlarını oynada – oynada darvazadan içəri girəndə, nədənsə onun qızıl dişləri gözlərimdə ilişib qaldı.

Ağzındakı iki qızıl dişi Sabunçuda yaşayan həkim qohumumuz Seyfəddini xatırlatdı mənə.

Keçən yay, indi Ramanada gəlin olan xalama qoşulub məhəllənin aşağı başında yaşayan Əşrəfəli kişinin qırmızı “011” – nin yanını kəsdirirdilər ki, bizi həkimə apar.

Əşrəfəli kişi də soğan iyi verən yağlı dodaqlarını əlinin arxasıyla silib, qırmızı iran aftafasını yellədə – yellədə onların qabağına çıxanda, başa düşürdülər ki, günorta namazını qılıb qurtarana qədər kişini gözləmək lazımdır.

Mən də xalamı bəhanə edib Südabənin yanından ayrılmırdım. Ayağına güclə keçirdiyi dikdaban ayaqqabıları büdrəyən kimi Südabənin atılıb – düşən döşləri az qalırdı yaxası ipli qırmızı köynəyini yırtıb bayıra çıxsın.

Deyəsən , ona oğrun – oğrun göz qoyduğumu başa düşmüşdü. Xalamla danışsa da, gözucu mənə baxıb gülümsəyirdi.

Yırtıq yerlərini məftillə bərkitdiyim şəpitlərimi toz-torpaqlı küçədə sürütdəyib ağzım ayırı Südabəyə tamaşa edəndə, onun enlibalaq şalvarından tutmuş saçlarına keçirdiyi sancağa qədər hər şeyi yadımda saxlamağa çalışırdım.

… Gecə hamı yatandan sonra güllü yorğanımı üstümdən atıb çürük, cır-cırından zəhləm gedən taxta döşəməmizi barmaqlarımın ucu ilə aldadıb mərdimazarlıq eləməsinə- cırıldamağa imkan vermədim.

Qapının ağzında qalaqlanan ayaqqabların içindən əlimə keçən nənəmin 43 ölçülü qaloşu oldu.

Ayağımda şappıldamasın deyə barmaqlarımın ucu ilə qaloşun pəncə yerini sıxıb qapının şpal məftilindən olan cəftəsini qaldırdım.

İşıq pulunun dərdindən gecələr həyət işıqları belə yanılı olmayan Südabəgilin ikinci mərtəbədəki pəncərələrinin birindən işıq gəlirdi.

Bilirdim ki, Südabənin otağıdır, pəncərəsi açıq olduğundan Dərnəgül tərəfdən əsən külək tül pərdəni evin ortasında oynadırdı.

Həyətlərinin məftil çəpərinin əzik bir yerini tapıb ayağımı içəri aşırmaq istəyirdim ki, səsdən duyuq düşən tayqulaq küçüklərinin qaraltıma hürməsindən diksindim.

Yaxına gəlib iyimi alan kimi quyruğunu buladı, yaltaqlandı. Pıçıltıyla dediyim “rədd ol”u başa düşüb yuvasına sarı götürülsə də, gec idi…

Əvvəlcə, Südabənin kölgəsi əyri – üyrü budaqları az qala pəncərədən içəri soxulmaq istəyən heyva ağacının üstünə yayıldı, sonra başını bayıra çıxarması ilə mənim böyürtikan kolunun arxasında gizlənməyim bir oldu.

Əli ilə gecə paltarının yaxasını tutub qorxa -qorxa ora – bura boylandı, pəncərəni bağlamaq istəsə də, sonra nə isə fikirləşib kölgəsini özü ilə içəri apardı.

Nədənsə, mənə elə gəldi ki, kimsə yad bir adam Südabənin saçlarını öpüb – oxşayır, onun ağ əllərinin üz -gözündə, boyun-boğazında gəzməyindən ləzzət alıb, səhərə qədər evlərinə getmək istəmirdi. Elə bilirdim ki,Südabə bu yad adamı məndən də, atasından-anasından da, hərdən qucağında əzizlədiyi küçüklərindən də çox istəyir.

Yaxşı ki, heyva ağacına altdan yuxarı baxıb dırmaşmağımı götür-qoy edəndə bu axmaq fikri başımdan çıxara bildim.

Ağacın yoğun budağından asılan yelləncəkdən yapışıb heyva ağacına dırmaşanda, ayağımdan sürüşüb düşən qaloşların səsindən yəqin ki, başını pəncəsi üstünə qoyub yuvasında yatan küçüyün qulaqları şəkləndi.

Südabənin pəncərəsindən içəri boylansam da, onu görə bilmədim. Yarpaqların arasında gizlənən sapsarı heyvalardan birini dərib dişlədim.

Qalanını Südabənin açıq pəncərəsindən içəri atanda, çılpaq döşəmədə diyirlənən heyvanın ardınca, Südabənin ayaq səslərini eşitdim.

Üstümə düşən kölgəsindən sonra həyəcanlı sifəti, güllü gecə paltarının açıq yaxası ilə pəncərənin qabağında göründü.

Ayağımı aşağı sallayıb arın-arxayın oturduğumu və üzümdəki həyasız ifadələri, bic – bic qımışmağımı görüb diksindi, içini çəkdi. Sonra nədənsə, gözlərinə xoş bir ifadə qondu. Yanağlarında təbəssüm göründü.

- Salam.

-Dəli, çıx get.

-Sənin yanında qalmaq istəyirəm.

Güldü. Üzünə tökülən saçlarını əliylə arxaya daradı.

-Ürəyin başqa şey istəmir ki ? – Gözlərində şeytan gördüm.

-Yanında kim var ?

-Utanmaz.

Bunu dediyimə it kimi peşman oldum. Yaxşı ki,mənə tərbiyəsiz demədi.

-Bağışla.

Əlində atıb-tutduğu heyvadan bir diş götürüb üstümə atdı. Təsadüfdənmi, ya nədənsə bir dişləm heyva da gəlib düşdü köynəyimin cibinə.

-Eşitmədin çıx get ! Yatmaq istəyirəm.

-Mən də yatmaq istəyirəm.

-Sən hələ uşaqsan, körpəsən.

- Mən səni sevirəm.

Mənə elə gəldi ki, Südabənin istehzalı gülüşü gecənin bivaxt çağında bütün dünyada eşidildi. Özünə gələndə heyva ağacının altında-hərəsi bir tərəfdə düşüb qalan qaloşlarımı göstərdi. Özüm də bilmirəm ki, qaranlıqda onları necə gördü.

-Qaloşlarına yaraşır sevməyin.

Dodaqlarımın qanı qaçdı. Hiss etdim ki, bədənimə titrətmə gəldi. Üzümdəki pərtliyi görəndə deyəsən, Südabə də peşman oldu. Bəlkə də bu mənə belə gəldi.

-Sən qaloş geymirsən ?-
-…

Dişləri arasından çıxardığı heyva parasını yenə üstümə atdı.

-İnanmırsan mənə ? - Mən soruşdum.

-Mən səni sevmirəm axı.

-Cəhənnəmə sev…

Südabəgilin evinin arxasındakı tövlədən eşidilən inək fısıltısının dalınca gövşəmək səsi, onun da ardınca , yəqin ki, ombasının qanını soran milçəkləri qovmaq üçün sağa – sola yellətdiyi quyruğunun şappıltısı eşidildi. Mənim acıqlı sözümdən xoşallanan Südabə yenə güldü.

-Böyüyüb kişi olandan sonra başqasını sevərsən.

-Sən məni sevməyəcəksən ?

-İnəyimizi hər gün örüşdə otarsan sevərəm.- Pis-pis irişdi.

-Dədənin hambalı var ?! - Belə axmaq danışıqla qızın könlünü ələ ala bilməsəm də, nədənsə, ürəyimdə Südəbəni sancmaq, daha doğrusu acıq çıxmaq hissi yaranmışdı.
Südabənin sifəti ciddiləşdi. Mısmırığını sallayıb pəncərəni örtmək istəyirdi ki, içəridən eşidilən səsdən üzündə bir anlıq qorxulu ifadə göründü.

-İçəridə kimsə var? – Qəzəblə soruşdum.

-Pişiyimdir. Stolun üstünə çıxıb.

Dinmədim. Sınayıcı nəzərlərlə gözünün içinə baxdım. Ürəyimə şübhə dolmuşdu.

İstəyirdim ki, Südabə xəbər tutunca pəncərəsindən dırmaşıb otağına girəm və stolun üstündə veyillənən pişiyin quyruğundan yapışıb bayıra vızıldadam.

- Məni sevməsən səni heç kim almayacaq. Evdə qalacaqsan.

- Bu yaxınlarda toyum olacaq.

- -Sən gəlin köçəcəksən?

- -Bəs nə? – Südabə nazlandı.

Mənim danışmadığımı görəndə hirsləndi. Nədənsə, mənə elə gəldi ki, üzünün qanı qaçdı,rəngi qaraldı. Mısmırığını sallayıb hikkəli səslə dedi:

-Heykəl kimi nə baxırsan?

-Elə bilirsən ki, sənin toyun olacaq ? Sən pis qızsan,dilin pəltəydir, burnunda mızıldaya-mızıldaya danışırsan. Kimdir səni alan?

Südabənin gözlərində dəhşətli ifadələr gördüm. Mənim sözümdən sarsıldı. Elə bil ki, boyu balacalaşdı. Tez-tez udqunurdu.

-Sən kimə deyirsən?! – Boğula – boğula dilləndi - yeddinci sinifdə oxuyursan hələ də kişi olmamısan. Sənin yaşıdların …

-Mənim yaşıdlarım nə?

-Sabah evinizdə deyəcəm ki, sənə tərbiyə versinlər. Rədd ol burdan. Zəhləmgetmiş.

Mən heyva ağacındakı yelləncəkdən asılıb aşağı düşəndə Südabənin qəhərli, daha doğrusu, acıqlı səsini eşitdim.

-Qaloşlarını yaddan çıxarma. Özün də elə qaloşa oxşayırsan. – Heyvanın kötüyünü arxamca atdı.

Nənəmin 43 ölçülü qaloşlarını əlimə götürüb arxamca gələn, əzilib-büzülüb min oyundan çıxan Toplanın yaltaqlanmasına fikir vermədən evimizə sarı gedirdim. Südabəyə dediyim sözlərdən it kimi peşman olmuşdum. Ürəyimdə öz-özümü söyürdüm. Onun pəltəyliyini, burnunda danışmağını heç kim üzünə vurub ürəyini qırmaq istəmirdi. Amma tay-tuşları ərə gedəndən sonra qonşu-bacada danışırdılar ki, Südabəni alan çətin ki , tapılsın.

Mənim hələ də sünnət olunmadığımı üzümə vurub utandıranda, mən də ürəyimdə atamı qınayırdım.

Həmin axşam anamın yadından çıxarıb həyətdə qoyduğu bıçağa gözüm sataşanda, tut ağacında oxuyan cırcıramanın zəhlətökən səsinə qulaq asa-asa nənəmin qaloşlarını tikə-tikə doğradım. Barmaqlarımın ucunda evə girməyə hazırlaşırdım ki, Südabənin otağında iki kölgə oynadı. Ardınca işıq söndü…

Səhər gün nənəm qaloş tikələrini deyinə – deyinə yığıb zibil vedrəsinə tökəndə, anam mənim üstümdə nar çubuğunu sındırdı. Südabə həyət qapımızın ağzında dayanıb heyva yeyə-yeyə mənim qışqırığımdan ləzzət alırdı…

* * *

Nənəm xəstələndi. Sabunçuda yaşayan həkim qohumumuz Seyfəddinin sınıq-salxaq “daewoo”su darvazamızın ağzında dayananda, anam “novakain” mayesini iynəyə çəkib arvadın çılpaq qollarını pambıqla spirtləyirdi.

Seyfəddin evin artırmasından içəri girən kimi gözlərini qıyıb gülümsədi, ara-bura boylanıb yarıaçıq qapının arxasından nənəmi axtarmağa başladı.

Arvadı üzümdən öpəndə saçlarını boyadığı ucuz İran xınasının tünd qoxusu burnuma doldu.

-Allah yetirdi səni. Başına dolanım,elə neçə gün idi səndən danışırdım. Adın dilimdən düşmürdü. – Nənəm nıqqana-nıqqana sözlərini bitirib yerinin içində dirsəkləndi.
-Atası …ağır adamdır, bala. – Nənəmdən atamın dalınca dediyi biədəb sözü gözləməyən anam gözlərini bərəltdi. Seyfəddinin arvadı da utanıb üzünü yana çevirdi. Mən arsız-arsız hırıldadım.

Seyfəddin xeyli gülüb mənə göz vurdu.

-Bu gədəni sünnət eləmək lazımdı. Atası gedib səfeyin birinə qoşulub elə bilir ki, lopbağa uşaq sünnət eləyirlər.

-Səfey kimdi?

- Əşrəfəlinin oğlun deyirəm də. Şəhərdə olur. Bu yaxında Amerikadı nə xarabadı ordan gəlib. Deyirmiş ki, kənddə nə qədər sünnət olmalı uşaqlar var hamısını pulsuz-parasız eləyəcəm, hökumətin puluynan.

Hiss elədim ki, Seyfəddin mısmırığını salladı. Deyəsən, nəysə ağlına batmışdı. Çənəsini ovuşdurub qaşlarını düyünləyən kimi əvvəlcə lopa bığlarına barmaqlarının ucuyla sığal çəkdi. Sonra alnını qırışdırıb təəccüblə qaşlarını qaldırdı.

-Hökumət ona pul verib ki, uşaqları sünnət elə?

-Day mən bilmirəm. Birazdan dədəsi gələcək, özündən soruşarsan. – Nənəm nıqqana- nıqqana təzədən yerinə uzandı. – Ancaq hər gecə Əşrəfəlinin o səfey oğlu ilə telfunda danışır.Nədisə, gədə üç – dörd gündür bizim tərəfə dadanıb.

Anam guya heç nədən xəbəri yoxuymuş kimi ağzına su alıb durmuşdu. Hərdən Seyfəddinin arvadı ilə pıçha – pıç danışıb onun gətirdiyi içi dolu sellofan torbaya gözucu nəzər salırdı.

- Başa sal də bunu. O boyda akademiya qurtarmısan – Anamın oxuduğu balıqçılıq texnikumunu arvad akademiya bilirdi – Əşrəfəlinin gədəsi dünən nə danışırdı ? – Nənəmin hikkəylə çımxırmağından anam elə bil ki, diksindi.

Ağzını açmaq istəyirdi ki, həyət darvazamızın zəhlətökən cırıltısı eşidildi. Atam Seyfəddini görən kimi rəngi ağardı, yalandan gülümsəyib görüşdü, hiss olunurdu ki,onun gəlməyindən narahat olmuşdu.

Yenə nənəm qabağa düşdü. Nədən başlayacağını götür – qoy eləmədi, heç dilini də sürümədi. Mənim sünnət olunmağımdan başlayıb üç – dörd gündür məhəlləmizdən ayağı kəsilməyən Əşrəfəlinin oğlunun dalısıyca xırıldaya-xırıldaya deyindi.

Diş həkimi olsa da, arvad doğuzdurmaqdan başqa əlindən hər iş gələn həkim Seyfəddinin boynuna mənim sünnət olunmağımı qoyanda bu dəfə atam qaşqabağını salladı, tərs-tərs nənəmə baxıb nəsə demək istəsə də dinmədi. Anam nənəmə dəstək çıxanda atamın qaralmış sifəti və bərəlmiş gözlərindəki qorxulu ifadələrdən udquna-udquna, daha doğrusu, səsini qıra-qıra susdu.

-Mübarizin təşkilatı var, kimsəsiz uşaqlar üçün xeyriyyə işləri görür, – başı ilə məni göstərdi – bunun da adını yazıb ki, xərcimiz az çıxsın.

- Təşkilat nədir ? – Nənəm soruşdu.

-Hansı təşkilatdır . – Seyfəddin maraqlandı.

-QHT-dir.

Nənəm ağzını doldurub nəsə demək istəyirdi ki, atam izahat verdi :

-Qeyri Hökumət Təşkilatı.

-Uşağın bir balaca şeyi üçün – Nənəm baş barmağını şəhadət barmağına söykəyib mənə uzatdı. – gedib müxalifətçilərə qoşulub bizi işə salma. - Utandığımdan qulaqlarımın ucuna qədər qızardım. Bir tərəfdən də Südabə gəlib durdu gözlərimin qabağında.

Axşam mənə dediyi sözü xatırladım : ”Yeddinci sinif də oxuyursan, hələ də kişi olmayıbsan”. Başını yelləyib qapıdan çıxan anama qoşulub, ağzının sayğacı olmayan nənəmdən canımı qurtarmaq istəyirdim ki, atamın səsini eşidən kimi ikimiz də geri döndük.

- İki günə Mübariz həkim gətirəcək. Ev-eşikdə hazırlıq elə.

-Mənim o gədədən gözüm su içmir. – Nənəm az qala atamın üstünə çımxırdı. – Üç-dörd gündür yaman dadanıb biz tərəfə. O gün Südabəgilin evinin həndəvərində vurnuxurdu. Qız da deyəsən əldən-ayaqdan gedir.

-Ay arvad bəsdi, camaatın adına söz çıxarma.

-Sən dediyini de, mən də mən olum !. Görək, Əşrəfəlinin səfey oğlu ilə hara gedib çıxacaqsan.

* * *

Seyfəddinlə arvadını yola salan kimi həyətimizdəki tut ağacının ən hündür budağına dırmaşıb Südabəgilin həyətinə boylandım.

Heyva ağacındakı yelləncəkdə oturub yellənə-yellənə kiminləsə telefonda danışırdı. Yelləndikcə qırmızı qolsuz donunun ətəklərindən ağ dizləri görünürdü.

Hərdən qəhqəhə çəkib güləndə elə bil ki,özü-öz səsindən diksinirdi, çiyinlərini qısıb əliylə ağzını tuturdu,səksəkəli, narahat baxışlarla ora-bura boylanırdı.

Telefonun o başındakı kim idisə çox danışmadı. “Mən də səni öpürəm” deyəndə Südabə sinədolusu nəfəs aldı, bəlkə bu kiminsə həsrəti ilə köks ötürmək idi.

Ona acığım tutdu, elə bil ki, zəhləmgetmişliyimdən duyuq düşüb məni cırnatmaq istədi. Amma ürəyimin lap dərinliyində olan kinimi-acığımı boğub axşamkı kimi onu sancmağı ağlımdan keçirmirdim.

Ürəyim istəyirdi ki, gecənin bir aləmi olsun, heyva ağacının altındakı yelləncəkdə ikimizə yer edib mehribanlıqla bir birimizə sıxılaq.

Mən iştahımı boğa bilməyəndə başımı onun döşünün üstünə qoyub axşam dediklərimə görə it kimi peşman olduğumu pıçıltıyla etiraf edim. Südabə də saçımı qarışdırıb hirsini – hikkəsini üstümə töksün.

Nə istəyir desin: dəli, avara, zəhləmgetmiş, yekəbaş, lap elə eşşək desin… İstəsə inəklərini otarmağı da boynuma qoysun.

Qulağıma pıçıldasın ki, məni çox istəyir, axşam dediklərinə görə peşman olub ; ağlayıb,nənəm məni döyəndə heyva yeyə-yeyə gülməyini özünə bağışlaya bilmir. Ürəyində nə sirri varsa açıb mənə danışsın.

Soruşsun ki, niyə tay-tuşlarım ərə gedib mən yox, onlar hər dəfə ərlərindən danışanda, kişilərinin qucağında büzüşüb yatdığını deyəndə mən kimdən danışım ?!

Südabənin həyacandan tir – tir əsdiyini hiss edəndə bərk – bərk onun belini qucaqlayım. Axşam otağından eşidilən səsin pişik nadincliyi olduğunu mənə inandıra bilsin.

Gecənin qaranlığında gözlərimizi yumub dodaqlarımızı bir birinə yaxınlaşdıranda…

-Eeeyy… Nə dərin fikirə gedibsən. Qorxmursan kəlləsi üstə yerə düşərsən.

Südabənin səsindən diksinəndə, onu gülümsəyən gördüm. Nədənsə,ürəyimə gəldi ki, Südabə bu gün dünyanın ən xoşbəxt qızıdır, dizlərini örtməyən qırmızı qolsuz donu da dünyanın ən yaraşıqlı paltarı… Mən isə dünyanın heç kimə lazım olmayan vecsiz adamıyam…

…Əvvəlcə uzaqdan musiqi səsi eşidildi. Daha doğrusu, İbrahim Tatlısəsin ürəyəyatan səsi qəfil eşidilən kimi qəfil də kəsildi.

Ağacın yoğun budağından birəlli tutub səs gələn tərəfə boylananda, uzaqdan görünən qırmızı “07”-nin asta-asta bizə tərəf gəldiyini gördüm.

Südabə qulaqlarımı şəkləyib harasa marıdladığımı görəndə yelləncəkdən durub yolu görmək üçün çəpərə sarı tələsdi.

Dodağına qonan təbəssümü, gözlərindəki sevincinin ardınca telefona dediyi sözlərindən yalnız “gözləyəcəm” deməsi yadımda qaldı.

Sonra qırmızı “07” gözdən itdi və Südabə mənə sağol deməyi də yadından çıxarıb, evə tələsdi.

Heyva ağacından asılan yelləncəyi sevincindəmi yoxsa nədənsə var gücüylə itələyib evlərinin tinini buruldu.

Havada boş yellənən yelləncəyə baxıb boğazımda düyünlənən qəhəri birtəhər udsam da ağlamaqdan özümü saxlaya bilmədim…

* * *

Gecə yarı heyva ağacından asılan qırmızı paltarlı qız meyidini hamıdan əvvəl mən gördüm…

…Anası içini çəkə-çəkə ağlayırdı.

-Allah,camaat içində biabır olduq…Bu nə dərd nə rusvayçılıqdır…

kultaz.com
XS
SM
MD
LG