Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:42

Cavid Zeynallı "Kişi və qadın" (Hekayə)


Yay axşamlarının ürək sıxan bürküsünə dözməyib həyətdə oturan arvadların hay-küyü böcəklərin səsinə qarışmışdı.

Üfunət qoxuyan zibil yeşiklərinin yanında sümsünən itləri qovub daşa basan uşaqların çığır-bağırtısı bu hay küyü bir az artırırdı.Bu axşam müzakirə mövzusu qonşuluğa təzə köçən kirayənişin qadın idi.

-Oğraşın qızı lap ağını çıxarıbeeey az,bu boyda həyətin gözü qabağında yüz oyundan çıxır-köhnə kubik daşının üstündəki balaca döşəkçədə oturan kök arvad ətli buxağını əsdirə-əsdirə hirslə yerində yırğalandı.

-Az, sən bundakı sifətə bax eee, ölüb yerə girmir,adama qırmızı-qırmızı salam da verir, guya bu qancığın salamına –zadına qalan var, abırsız köpəkoğlunun qızı,abırsız !

Kişiləri köynək kimi dəyişir- sözləri bir-birinin dalına düzdükcə gözləri az qala hədəqəsindən çıxan ikinci arvad ağız-burunu əyə-əyə kök arvada züy tutdu.

-Görəsən yanındakı hansı oğraşdı?

-Budey,görmürsən orda dayanan maşını,günorta öz gözümlə görmüşəm bu maşından düşdüklərini-kök arvad başının işarəsiylə tut ağacının altındakı qara “ BMV “ –ni göstərdi.

…Uşaqların binanın arxasından gələn hay-küyü it zingiltilərinə qarışıb tükürpədici bir səs dalğasına çevrildi.Deyəsən , arvadlardan kiminsə daşlanan itlərə yazığı gəldi,uşaqların qarasınca deyindi. “ Mama teleserial başladı “ ,-deyə yuxarı mərtəbələrin hansındansa eşidilən şirin qız səsi küçə itlərini incidən uşaqları da, kirayənişin qadını asıb-kəsən arvadları da çöl-bayırdan evə səslədi.Arvadlar tiftiyi çıxmış döşəkçələrini sınıq-salxaq , paslı skamyaların ,qaralmış kubik daşlarının üstündən götürüb yavaş-yavaş blokun ağzına tərəf yönəldilər.

-Harda bir azıb -təzmiş var, gərək gəlib bizi tapa ! Sabah bu ləçəri burdan iti qovan kimi qovmaq lazımdır- arvadlardan biri həyətdəkilərin hamısının əvəzindən sabahkı günün hökmünü verdi.

* * *

… Gəzdiyi qadının kirayələdiyi otaq birinci mərtəbədə olduğundan pəncərəyə yaxın oturub siqaret tüstülədən kişi qonşu arvadların bütün dedi-qodusunu eşitmişdi.Qadının yanına ilk dəfə gəlməsindən artıq iki həftə keçirdi.Amma bu sözləri eşitməsi birinci dəfəydi. Mətbəxdə çay hazırlayan qadının, deyəsən heç nədən xəbəri yoxuydu.Bəlkə hər şeyi eşitsə də, qonşuların söz-söhbətini qulağa almırdı.Arvadların hədə-qorxusu hər gün təkrar olunduğundan onun gözündə adiləşmişdi.

Qadın mətbəxdəydi,qab-qacaq qopan cingiltili səslərin müşayiəti ilə “ Qaragilə” ni zümzümə edirdi:

Nə sənə qız qəhətdi,

Nə mənə oğlan Qaragilə

Mahnının sözlərini dəyişib öz istədiyi kimi oxuduğuna görə qadına gülməyi tutdu.Əvvəl istədi onun ifasının şirinliyini, səsinin tembrini yüksək qiymətləndirib komplimentlər desin.Sonra fikirləşdi ki, bəlkə mənə eşitdirir bunu, yəni demək istəyir ki, özündən çox da razı olma,mənə kişi zad qəhət deyil.Mətbəxdən qadının səsi gəldi :

-Çay içirsən, kofe ?

Əslində heç nə istəmirdi.Arağı pivəyə,pivəni çaxıra qatmışdı.Üstəlik də qadının naşılıqla hazırladığı xörək ürəyini bulandırmışdı.

- Nə qərara gəldin- qadın ondan səs çıxmadığını görüb ucadan dilləndi.

- Nə istəyirsən gətir-həvəssiz cavab verdi.

… Tünd kofeni birtəhər içdi.Qadının mərhəmət uman ehtiraslı baxışlarından onun xoş sözlər eşitmək niyyətini yaxşı duyurdu.Amma divanda onunla dizbədiz oturub gözlərini üzünə dikmiş qadının qeyri-adi gözəlliyindən uzun-uzadı dastan açmağa qəti həvəsi yoxuydu.Gözucu divardan asılan saata baxdı.On ikiyə on beş dəqiqə işləyirdi. Evə getməyin vaxtıydı.Arvadının tez-tez pəncərədən aşağı zillənən nigaran baxışları gözləri önünə gəldi.

Qəti bir hərəkətlə ayağa durması qadının nəzərindən qaçmadı.

-Hara ?- onun qabağına keçib getməsinə mane olmaq istədi.

- Necə yəni hara ,evimə-eşiyimə ?

-Getmə,gecdir!-qadın kişinin boynunu qucaqlayıb başını onun sinəsinə söykədi.

-Yox,getməliyəm.Evdə gözləyirlər.

Qadın kişinin səsinin birdən-birə dəyişməsindən ,ciddiləşməsindən qorxuya düşdü.Bu səsdəki buz soyuqluğu onun bədənini üşütdü.

-Nə olar, getmə də,yalvarıram.Hər gecə evdəkilərin yanında olursan,bir gecə də burda qal-qadın bayaqkı şən əhval-ruhiyyədən əsər-əlamət belə qalmamış,dodaqlarının qanı qaçmışdı.

-Dedim ki, getməliyəm. Mane olma !

-Bircə gecəlik,tək bircə gecəlik getmə.Sonra istəsən biryolluq gedərsən!
Qadının yalvarışlarına məhəl qoymayıb əli ilə onu özündən kənar elədi,ciddi tərzdə, soyuq bir səslə :

-Yox-dedi- Qala bilmərəm.

… Qapıdan çıxanda qadın :

- Sabah da olmasa , biri gün görüşək-dedi.

Daha ağlamırdı.Bu sözləri də zəruri ehtiyyac kimi yox , sadəcə istək kimi dedi.Deyəsən vəziyyətlə barışmağa məcbur olmuşdu.

… Uşaqların daşladığı itlər həyətdəki sakitlikdən ürəklənib zibil yeşiklərinin yanında sümsünürdülər.Addım səslərini eşidən kimi qaranlıqda parıldayan gözləri ilə onu süzürdülər. Sonra gələn adamdan özləri üçün təhlükə olmadığını duyub dişlərinin altında xırçıldatdıqları sür-sümüyü daha da həvəslə çeynəməyə başladılar.

Siqaret yandırdı.Bir-iki qullab vurub tüstünü acgözlüklə ciyərlərinə çəkdi və maşına tərəf yönəldi.Yuxarı mərtəbələrdəki pəncərələrdən düşən işıqların zəif şüaları altında kölgəsi az qala qarşıdakı binaya gedib çatırdı.Diksindi,elə bildi ki, kimsə onu qarabaqara izləyir.Dodaqaltı özünün qarasınca söyməyə başladı.Öz qorxaqlığından özünün də zəhləsi gedirdi.

… “ BMV”-nin qapısını açıb mexaniki bir vərdişlə maşına oturmaq istəyirdi ki,yuxarı mərtəbələrin hansındansa kinli,həyasız arvad səsi eşidildi:

- Az,az, Səriyyə,Səriyyə, sən dədəyin goru balkona çıx,deyəsən ,ləçərin oynaşı gedir !
Sonra Səriyyəydimi,yoxsa onu səsləyən qadınıydımı,kimsə gecənin sakitliyində bütün həyəti başına alan xırıltılı səslə mahnı oxumağa başladı:
- Asta yeri kəmər düşər belindən !…

Dalınca kimsə əlini -əlinə vurub bərkdən şaqqanaq çəkdi.

Əvvəl istədi ki,səs gələn səmtə üzünü tutub dişinin dibindən çıxanı desin.Onsuz da söz yiyəsi öz payını götürəcəkdi.Sonra fikirləşdi ki, arvad tayfasıyla ağız-ağıza verməyin mənası yoxdur.Onsuz da himə bənddilər,əlləri göydə qalıb ki,bircə kəlmə cavab eşitsinlər.Gözlərini yumub ,ağızlarını açacaq,abrını ətəyinə bükəcəkdilər. “Bir də ki,-fikirləşdi-nə deyib özümə haqq qazandıracam.Deyəcəm ki …əşşi qoy cəhənnəm olub getsinlər.Nə qədər üzüsuluyam, çıxım evimə-eşiyimə gedim.

* * *

…Arvadı par-par parıldayan ağır dəmir qapını onun üzünə çox yorğun açdı.Gözlərindən yuxu tökülürdü.Üzündə süst bir ifadə varıydı.
-Axşamın xeyir!

-Niyə gec gəldin?-arvadı yalandan da olsa ,səsinə şirinlik qatmağa çalışdı, hətta yüngülcə gülümsədi də.

Yolda uzun müddət götür-qoy edib fikirləşdiyi yalanı inandırıcı olsun deyə asta-asta ,aramla, özünə əmin şəkildə dedi.Bununla artıq neçənci dəfəydi ki,evə bu vaxt gəlirdi.Hər dəfə də bir yalan uydururdu.Yalanlar müxtəlif mövzulu,müxtəlif məzmunlu olurdu.Öz uydurmalarına özünün də gülməyi gəlirdi, elə bil pişik başı bəzəyirdi.

…Arvadı çay gətirdi.Kişi onu elə diqqətlə süzürdü ki, elə bil birinci dəfə görürdü.
Arvadının rəngi elə bil ki,bir az qaralmışdı.Gözlərindən sual yağırdı.Gözləri qurumuş çay yatağı kimi qupquruydu.Hətta fincanları stolun üstünə qoyanda əlləri bir balaca əsdi də.

…Ortalığa çökmüş sükutu malalamaq üçün ayağa durub otaqda var-gəl eləməyə başladı,siqaret yandırıb acgözlüklə sümürdü.Balkona çıxıb səkkizinci mərtəbədən Bakının uğultulu,işıqlı gecəsinə baxdı.Sərin külək tərli bədənini buz kimi soyutmuşdu.
Yenə də bayaqkı arvadlar yadına düşdü.Onların görüşdüyü qadın barədəki qeybətləri, qadının yanından çıxanda onun özünün ünvanına dedikləri sözləri qulaqlarından çəkilmirdi. Az əvvəl bir yataqda olduğu qadının əzablı üzünü bu səslərin fonunda elə bil ki,daha aydın görür ,onun səsini ,gözlərini , dodaqlarını , gülüşlərini xatırlayırdı.

… Yalnız indi hiss etdi ki, soyumuş bədəni necə titrəyir.İkinci siqareti yandıranda hətta əllərinin titrədiyini də gördü…Arvadına yazığı gəlirdi,amma özü-öz gözündə daha yazıq görünürdü.

… Tələbəliyi yadına düşdü.Gur,ipək kimi saçları çiyinlərinə tökülən bir qız,nazik,şivərək bir oğlan gəldi gözləri önünə.Dərsdən sonrakı gəzintilər,gecə yarı telefon danışıqları, yağış altında islanmaları,başqa nələri,nələri xatırladı.

…Arxadan səs gəldi:

-Evdən niyə soyumusan?Neçə gündür nə olub sənə?-arvadı belini qucaqlayıb üzünü kürəyinə söykədi.

-Heç nə,bu nə sözdür?-guya təəccübləndi arvadının bu gözlənilməz sualından.
-Yalan deyirsən,sənə nəsə olub.

Siqaretdən bir qullab vurdu.İstehza ilə gülümsədi.

-Qəribə adamsan vallah,adamı heç yerdən şərləyirsən.Sözə bax ha,evdən soyumusan!-istehza ilə gülməyə başladı.

- Elə bilirsən ki, axmağam,heç nə bilmirəm? Kimdir o qadın? Hər gün zəng edib baş beynimi aparır.

İldırım vurmuş kimi yerində qurudu.Qorxa-qorxa arvadının üzünə baxdı, amma özünü o yerə qoymadı.

- Dəlisən , nəsən? Nə qadın, nə zəng? –Kobud-kobud arvadının üzünə qabardı.

- Hə! Qadın,zəng.Hər gecə sən gəlməmiş zəng edib “ ərin mənim yanımdadır”deyir.Sən də hər gün gəlib bir yalan uydurursan.

Arvadı içini çəkə-çəkə ağlayırdı.

-O qadın məndən əzizdir sənə hə? Day niyə durmusan,get yaşa onunla.-arvadı boğula-boğula dedi bu sözləri.

Sonra balkonun qapısını çırpıb əsəbi addımlarla otağa keçdi.İçəridən hönkürtü eşidildi.
“ Deməli hər şeyi bilirmiş”-ürəyində fikirləşdi.

- “ Onu axmaq yerinə qoyurdum.Axmağın yekəsi özümüymüşəm.Hər gün üzünə pis-pis irişib ağ yalanlar uydurmuşam.Nə yaxşı ki,üzümə qabarmayıb,hay həşir salmayıb, hər şeyi bilə-bilə susub, səbr edib.Məni utandırmaq istəyib”.

- … Daha arvadının səsi eşidilmirdi,bəlkə də ağlamaqdan yorulub yuxuya getmişdi.İstədi gedib görsün arvadı yatıb yoxsa oyaqdır,amma üzü gəlmədi, utandı onun gözünə görünməkdən.

Yenidən siqaret yandırdı.Sanki tüstünü içinə çəkib titrəyən bədənini isitmək istəyirdi.Dalbadal çəkdiyi siqaret ağzını zəhər kimi edib ürəyini bulandırırdı.
Fikir -xəyal onu ailə qurduqları ilk illərə apardı.Toylarından sonra çəkdiyi əzab-əziyyət,məişət qayğıları,gün-güzaran çətinliklərini xatırladı.İndi qoz ağacından hazırlanmış ikinəfərlik bahalı çarpayıda təkbaşına,göz yaşları içində yuxuya gedən bu qadın nə qədər çətinlik çəksə də, bir dəfə bunu ərinin üzünə vurmamışdı.Hər şeydən əli üzülən anlarda da bilirdi ki, güvənəcəyi bir qadın var bu dünyada.İndi o varlanmış,mal-mülk düzəltmiş, beş kişinin biri olmuşdu.Arvadı isə heç dəyişməmişdi.” Mən- fikirləşdi-bəlkə də …ardını gətirmək istəmədi…Qupquru dodaqlarından elə bil kimsənin eşitməməsi üçün pıçıltı keçdi: bir qadıncan da yoxam…

… Arvadı elə pallı-paltarlıca yuxuya getmişdi.Ağlamaqdan gözlərinin altı şişmiş, rəngi qaralmışdı.Ehtiyatla ona yaxınlaşdı,gözləri üstünə dağınıq halda tökülən saçlarını əli ilə geri hamarladı,əyilib üzündən öpmək istəsə də, ürək eləmədi.Elə bil ki, bu qadın arvadı yox, yad birisiydi.

… Telefonun səsinə diksindi. “ Kimdir bu vaxt ?” fikirləşib gözucu saata baxdı: on ikiyə on dəqiqə qalırdı.Barmaqlarının ucunda telefona yaxınlaşdı.
- Allo…

- Papa…

Qızı idi.İki gün idi ki, nənəsigildə qalırdı.

-Yatmışdın ,papa?

-Yox qızım,nə olub ki?

-Elə bildim yatmısınız.Mama harda?
-Yatıb.

-Niyə tez yatıb ki?

-Bilmirəm. Sən niyə yatmırsan?

-Yuxum gəlmir.Səsin niyə belə gəlir papa?Bir şey olub?

-Heç,yuxudan durmuşam,yəqin ondandı.Sən də get yat!

Qızın alındığı telefondaca hiss olundu,deyəsən incimişdi.Səsini bir qədər qaldırdı:
-Bəs deyirdin yatmamışdım?

Bilmədi qızın sualına nə cavab versin.

-Sabah gəl evə, yaxşı?

-Yaxşı.Nənə də gələcək.Hoşca kal.

Qızı “ hoşca kal”ı televizordan öyrənmişdi.Türk kanallarının dəlisiydi.Hərdən evdə də türkcə danışırdı.

…Təzədən arvadının yanına qayıtdı.Əvvəl istədi onun yanında elə pallı-paltarlıca yıxılıb yatsın.Amma onu öpməyə ürək eləmədiyi kimi buna da cəsarəti çatmadı.

Balıncı götürüb yerə-xalçanın üstünə atdı,nazik yorğanı döşək əvəzi altına sərdi,köynəyini çıxarıb səliqəsiz halda stulun başına keçirdi.İşığı söndürüb uzanmaq istəyirdi ki,telefon zəng çaldı.Amma bu dəfə mobil telefonu…Əsəbiləşdi. “ Hansı gicbəsərdi bu vaxt” dodağının altında mızıldanıb deyindi.Telefonun səsi adamın sinirlərinə işləyirdi.
-Allo…
Çatmısan evə ?-həmin qadın idi.Sualı da yersiziydi.
-…
-Nigaran qaldım.Axşam yuxumu qarışdırmışdım, dedim birdən başına bir iş gələr.Yata bilmirəm.Xahiş edirəm,dur gəl bura! Onsuz da arvadın yatmış olar indi.Səhər tezdən oyadacam qayıdarsan evinə.Gəlirsən?Danış də,nə olub sənə axı,niyə səsin çıxmır.Allo,allo !…

Telefonu söndürdü.Gəlib nazik yorğanın üstündə sərələndi.

Başının altı alçaq olduğundan balıncın yerini dəyişdi-divara söykəyib rahatlanmağa çalışdı…

* * *

… Restoranda oturub pivə içirdi.Birdən hardansa qadın peyda olur,onun dizlərini qucaqlayıb yalvarmağa başlayırdı.

O,pivənin gətirdiyi sərxoşluqdan ardı-arası kəsilmədən gülür,gülürdü…

Qadının gözləri böyüyür,bir anın içindəcə üzü dəyişir,qorxunc ,dəhşətli bir ifadə alırdı.

Sonra qadın üzünü musiqiçilərə tutub nəsə sifariş verir,əllərini onun çiyininə qoyur,başını sinəsinə söykəyir,boynunu ehtiraslı öpüşlərə qərq edirdi.

Qadının qaynar dodaqlarının istisi bütün vücuduna yayılır,gözlərini yumur,yalnız ikisinə məxsus bir aləmin dərinliklərinə qərq olurdu.

Birdən bu hay-küyün, isti damlalar kimi üz-gözünə səpilən öpüşlərin,hərarətli sarılmaların içindəcə qəfildən boğazına elə bil ki,kimsə iynə batırırdı.

Kəskin ağrıdan gözlərini açdı,qadın əvəzinə qarşısında quyruğu üstünə qalxmış bir ilan gördü.İlan sual işarəsinə oxşayan başını yuxarı qaldırmış,buz kimi soyuq,domba,hərəkətsiz gözlərini düz onun gözlərinin içinə zilləmişdi!..Artıq hər şey bitmişdi!

Cınqırını çəkməyə də qorxurdu,kiçik bir hərəkətin belə nə ilə nəticələnəcəyini bilirdi.Yerdənmi, göydənmi gəldiyi bilinməyən , qulaqbatıran bir səs eşidildi,ürəklənib gücü gəldikcə qışqırdı və öz səsinə dik atıldı.

Qorxu,həyəcan hələ çəkilib getməmiş bütün gördüklərinin yuxu olduğunu başa düşməkdən doğan bir sevinc bürüdü onu və təpədən-dırnağa qədər tər içində olduğunu yalnız indi hiss etdi…

…Yerinin içində oturub qorxudan böyüyən gözləri ilə key-key yan-yörəsinə baxdı.Hələ də nə baş verdiyini dərk etməyib səsin ikinci-üçüncü dəfə də təkrar olunacağını qorxa-qorxa gözlədi.
Ayağa durub işığı yandırdı.

İşıqdan acışan gözlərini qıyıb otağı nəzərdən keçirdi.Arvadının yatdığı taxt boşuydu. “O gedib ?”. Ağlına gələn bu fikidən ürəyi sıxıldı.Elə bil ki,hər gün yatıb-durduğu , girib-çıxdığı,hər əşyasına bələd olduğu evində yox,yad bir planetdəydi,özü də tək-tənha…Saata baxdı.Birə on dəqiqə qalırdı.Inanmadı gecənin bu vaxtı arvadının getməsinə.Mətbəxə keçdi,sonra balkona çıxdı,o biri otaqlara baxdı… O yoxuydu!…

“ Gedib,gedib,gedib!”-stulun üstünə atdığı şalvar-köynəyini tələsik geyinə-geyinə fikirəşdi. “Məni yuxudan qapının səsi oyadıb”

Bloka çıxıb liftin düyməsini əlləri əsə-əsə, hirslə 2-3 dəfə basdı.Aşağı mərtəbələrin hansındasa yatan lift yuxusuna haram qatılmış adamlar kimi ağır-ağır üzü yuxarı qalxmağa başladı.

Liftdən çıxıb dörd bir tərəfində maşınlar dayanan həyətin hansı tərəfinə gedəcəyini bilmirdi.Əvvəl sağa-binanın arxasındakı ensiz,dar küçəyə çıxmaq istədi,sonra fikrini dəyişib geri qayıtdı.Binanın həyətindəki maşınlara qarovulçuluq edən qoca kişinin balaca taxta daxmasına yaxınlaşıb açıq qapıdan içəri boylandı.

-Hidayət dayı! –tövşüyə-tövşüyə,həyacanla çağırdı.

Oturduğu yerdəcə mürgü vuran qarovulçu diksinib cəld ayağa qalxdı.
-Beş-on dəqiqə əvvəl bizim blokdan çıxan bir adam görməmisən?-tələsik soruşdu.
-Helə hindicə o mağazinə tərəf bir zənən xeylağı ağlaya-ağlaya gedürdü.İstədim soruşam …

Qulaq asmadı qoca qarovulçuya.Binanın baş tərəfindəki “Super Market”ə tərəf qaçmağa başladı.

Yolun o biri tərəfindəki avtobus dayanacağında narahatlıqla var-gəl edən adamı tanıdı. Arvadı idi.Marşrut gözləyirdi.Yanında 3 nəfər kişi gördü.Kişilərdən ikisi sərxoş olan üçüncünün qollarından tutub aparmaq istəyirdilər.Sərxoş arvadına sataşırdı.Sözləri açıq-aydın eşitdi:

-Yox e, bu gecə saat 2-də nə gəzir bu yolda.

-Bəsdir, camaatla işin yoxdur.Gedək.-Sərxoşun qollarından tutanlar dedilər.
-Yox getməyəcəm.Mən bilməliyəm bu kimdir.Bax e,lap ceyran kimidir.Məndən yaxşısı onu …
Enli qoşayolu qaça-qaça,bir nəfəsə keçdi.Sərxoşun yaxasından yapışıb sərt bir hərəkətlə özünə tərəf çəkdi.

Arxadan arvadının narahat səsini eşitdi:
-Lazım deyil,işin yoxdur.

Sərxoşun üz-gözünü əyə-əyə dediyi bu sözlərdən ürəkbulandıran araq qoxusu gəlirdi.
Bütün gücünü yumruğuna toplayıb onun sağ sifətindən tutuzdurdu.Sərxoş müvazinətini saxlaya bilməyib səntirlədi və birdən-birə dəryazlanmış ot kimi böyrü üstə yerə yıxıldı.Yəqin ki,zərbənin gözlənilməzliyi yoldaşlarına onu tutub saxlamağa imkan vermədi.

Dalbadal sifətindən yumruq,qarnından dəyən təpik zərbələrindən özünü itirsə də, yıxılmamağa çalışırdı.Ağlı gözlənilməz bir çevikliklə işləyir,adi vaxtlarda olduğundan qat-qat güclü olduğunu hiss edirdi.Elə bil ona hardansa güc gəlmişdi.Atdığı yumruqlardan biri iki rəqibindən birinin qarnından dəydi və o,ağrıdan qarnını qucaqlayıb yarımbükülü vəziyyətdə inildədi.Qalırdı bir nəfər…Amma o, harasa yoxa çıxmışdı.

Arvadının arxadan qışqırtısı eşidildi:
-Vurdu!

Çiynindən dəyən bıçaq zərbəsi onsuz da yorğun olan bədəninin taqətini çəkdi.Kürəyində küt ağrı hiss elədi,isti bir şey beli ilə üzü aşağı axmağa başladı,dizi üstə yerə çökdü.

Qorxudan böyüyən gözləri ilə bir-birinə,sonra da qanlı bıçağa baxan üç nəfər pərən-pərən olub hərəsi bir tərəfə götürüldülər.

Arvadı ağlaya-ağlaya onu qaldırmaq istəyir ,amma gücü çatmırdı.Ayağa durmağa taqəti yox idi.İsti,bir az da qatı bir şey ağır-ağır kürəyindən üzü aşağı axır,gücü getdikcə tükənirdi.

… Dayanacaqda dayanan marşrutdan düşən 2 nəfər cavan oğlan tələsik onu yerdən qaldırdılar. Çətinliklə marşrutun oturacağında oturdub yıxılmaması üçün əllərilə bərk-bərk tutdular.

Marşrut yerindən tərpənəndə arvadı dodaqları əsə-əsə, hıçqırtıyla:
-Yalvarıram,bərk sürün,-dedi.

* * *

-Aç gözlərini,aç.

Arvadının tanış,doğma səsini eşitdi.Sonra onun əllərinin istisini üz-gözündə,ilıq nəfəsini boyun-boğazında hiss etdi.

Gözlərini açdı.Arvadının xeyli solğun,qayğılı sifətini,dağınıq,səliqəsiz saçlarını gördü.
Sonra qızını,anasını,qaynanasını,ağ xalatlı, qıvrım saçlı tibb bacısını gördü.Tibb bacısının gözləri gülürdü.Qızı nənəsinin qucağına sığınıb içini çəkə-çəkə ağlayırdı.Anasının, qaynanasının yorğun,narahat baxışlarını öz üstündə hiss edəndə nədənsə dəfələrlə axşamkı hadisəni xatırladı, gözləri önünə gətirdi.Onularını baxışlarındakı qəribə,oxuya bilmədiyi ifadələrdən utandı.

Tibba bacısı-cavan,qıvrımsaç,suyuşirin qız mehribanlıqla halını soruşdu:
-Necə hiss edirsiniz özünüzü?

Gözlərinin qapaqlarını halsız-halsız endirib qaldırdı.Yəni ki,yaxşıyam.

…Arvadı ilə palatada tək idilər.Özünü yaxşı hiss edirdi.Arvadı əlindəki yaylıqla tərini sildi.Telefonun səsi eşidildi.Ürəyinə gəldi ki,birdən həmin qadın olar.Sonra inanmadı onun zəng vurmasına.

-Allo-zəif,xırıltılı səslə cavab verdi.

-Qurban olum ,kömək elə mənə-Fikirləşməkdə yanılmamaşdı.Həmin qadının səsi idi.Ölmüşəm gəl yerdən götür.Eşidirsən,binamızın arvadları polis gətiriblər üstümə.Məni evdən çıxarırlar.Hər şeyimi pəncərədən bayıra atıblar həyasızlar.Gəl kömək elə qurban olum.Ümidim sənədir.Gəlirsən?

Cavab vermədi qadına.Telefonu söndürüb arvadının üzünə baxdı…Arvadı bu baxışlardan utandı,nədisə ayağa durub küncdə qoyulmuş tumbanın üstündəki televizoru yandırdı.Kanalları çevirməyə başladı.

…Qıza axşayan, üzünü makiyaj elədiyi aydın görünən bir məxluq kişi və qadın səsinin qarışığından ibarət əcayib səslə məhşur aktrisadan soruşurdu.

-Heç ürəyinizdə qalan,oynamaq istədiyiniz rol olubmu?

-Olub,özü də iki rol.Hüseyn Cavidin “ İblis”ində İblis,və Şekspirin “Hamlet”ində Hamlet…

O biri kanalı çevirdi:

Boris Moiseyev gur işıq seli içərisində ,güclü bir musiqinin müşayiəti ilə əlində tutduğu tül kimi nazik yaylığı başı üstündə yellədərək səhnənin önünə tərəf qaçırdı.Tez kanalı çevirdi…

Fantastik bir film göstərirdilər.Adlar,sujetlər ona tanış gəlirdi.Amma nə qədər fikirləşsə də,yadına sala bilmədi.Kişi və qadın əl-ələ tutub onları təqib edən əjdahalardan qaçır,qaranlıq bir labirintdən keçirdilər.Kişi qabaqda gedirdi…

Kanalı çevirmədi…Bir də hara çevirəydi ki? O biri kanallarda onsuz da bir şey yox idi…

kultaz.com
XS
SM
MD
LG