Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:26

Himayədə yaşamağa vərdiş edənlər və bolşevizm


KƏRAMƏT BÖYÜKÇÖL
(Qismətin gənc yazarların yaradıcılığından bəhs edən məruzəsi haqqında)

Adətən, bu cür yazılar yazan deyiləm.

Bir az səbirli, bir az da dözümlüyəm, ancaq içimdəki diri sözün və bir də ədəbi hirsimin ölümünə dözə bilmədim.

Ən böyük bəla içindəki hirsi öldürüb, ağsaqqallaşmaqdı.

Hirsini öldürən adamlar sonradan nə həyatda, nə də ədəbiyyatda hirslənə bilmirlər. Necə deyərlər, immunitet yaranır. Aman allah, belə müdriklikdən saxla məni.

Mən nə edim, necə edim, əfəndilər!

Özündən böyüyü tənqid edəndə (söhbət ədəbi tənqiddən gedir) deyirlər, ağsaqqaldı, olmaz!

Özündən kiçiyi tənqid edəndə, deyirlər, heç olmaz, çünki gəncdi.

Yaşıdını tənqid edəndə deyirlər, ümumiyyətlə bu, heç olmaz, mehriban olun. İlahi, belə mehribanlığı məndən kənar elə!

Düzü, bir qədər düşündüm, bəlkə yazmayım bu yazını? Elə hamı kimi mən də “yola” verim hər şeyi?

Bir tərəfdən də içimdəki diri söz, “bədii nervi” mənə deyir, durma, yaz!

Hər halda ictimai rəyə və oxucuların ədəbi vicdanına arxayın olub, bu yazını yazmağı məqbul sayıram.

AYB-nin Qisməti gənc yazarların yaradıcılığından etdiyi məruzə məndə dərin təəssüf hissi doğurdu. Bu hadisə barədə danışmaq çətindi.

Çünki hər kəsin içində azad olmaq hissi kifayət qədər deyil.

Ona görə də hələlik başa düşülməyəcəyimə əminəm.

Ağzıgöyçəklərin kefi durulmasın. Mən xalq yazıçısı Anarı, Fikrət Qocanı, Arif Əmrahoğlunu, Rəşad Məcidi, Elçin Hüseynbəylini, Səlim Babullaoğlunu, Qulu Ağsəsi və.s yüksək dəyərləndirirəm.

Hətta, AYB-nin koridorundakı radiatoru belə Əli Əkbərin külliyyatından çox istiyirəm.

Mən olmayan və olmasını arzuladığım ədəbi tənqiddən danışıram.

Qismətin pərakəndə məruzəsi özünün bəlağətlə dediyi “qələmə almaq” sözünün “kompyuterə almaq” la əvəzlənməsinin (guya bu böyük yenilikmiş) və adını məşhur türk
Qismət
serialının baş qəhrəmanı Polad Ələmdarın soyadından, soyadını isə böyük Cəfər Cabbarlının soyadından alan gənc şair Ələmdar Cabbarlı imzasının necə yaranmasını faktlarla sübuta (əhsən belə kəşfə) yetirilməyinin və kompyuterdə Caps Lock düyməsinin bədii kəşfinin üzərində quruldu.

Bu azmış kimi məqalə və köşə yazarlarının və özü də məhz çevrəsində olanların bəh-bəhlə şair və yazıçı kimi təriflənməsi çoxlarını məyus etdi. Əlbəttə, məruzə özü-özlüyündə xoş təsir bağışlaya bilər.

Lakin, məruzənin ədəbi ərazisinin məhdud olması, mahiyyətinin isə əsasən, dost-tanışın tərifi üzərində qurulması onun ədəbi-bədii kefiyyətini olduqca aşağı saldı.

Qismət yaddan çıxarımışdır ki, bu məruzə təkcə AYB üzvləri üçün deyil, bütövlükdə Azərbaycan gənc ədəbi nəsli üzün nəzərdə tutulub.

Əsəd Cahangirin reaktiv barmağına tuş gəlmiş bu uğursuz məruzə Qisməti uğursuzluğa uğratdı. Əvvəla ona görə ki, bu qədər himayədə yaşamaq olmaz. Yazıçı özü də yeriməlidi.

Məruzədə Əsəd Cahangirdən gətirilən süni, şişirdilmiş sitatlar söhbətin nədən getdiyini hərdən adamlara unutdururdu. Amma adamlar bölgələrdə və Cənubi Azərbaycanda yaşayan çoxlu sayda istedadlı gənclərin məruzədən kənarda qalmasını unutmurdu.

O da unudulmurdu ki, Əsəd Cahangirdən gətirilən sitatların heç olmasa birinin yerinə xalq şairi Fikrət Qocanın Cənubi Azərbaycan gəncləri haqqında (Sayman Aruz, Nigar Xiyavi və Məlihə Əzizpur) yazdığı məqalədən sitat gətirilməliydi. Seyran Səxavətin, Nəriman Həsənzadənin, Musa Yaqubun, Söhrab Tahirin təqdim etdiyi gənclərdən nümunə göstərilməliydi. Məhdud şəkildə olan bu məruzə Qismətin öz çerçivəsindən bir addım da kənara çıxmadı.

Lənkəranda yaşayan istedadlı gənc şairlər Anar Həbiboğlunun, Cavidanın, Tərlanın və.s adlarının belə çəkilməməsi məruzəni AYB-nin binasından kənara çıxara bilməməyinin təzahürü idi.

Ən dəhşətli hal isə orasındadır ki, məruzəçi “Ən yeni ədəbiyyat” seriyasından kitabları çıxan müəlliflər – Aqşin Yeniseyin, Nərmin Kamalın, Günel Mövludun, Kənan Hacının,
Əli Əkbərin və Əsəd Qaraqaplanın kitablarına, ümumi şəkildə, bir cümlə ilə toxunaraq, bütün bunları maraqlı ədəbiyyat nümunəsi kimi qiymətləndirmədi, xırda və uğursuz bir cəhd adlandırdı.

Gənc yazarların əsərlərini kitab şəklində təmənnasız çap edən fədəkar naşir Şahbaz Xuduoğlunun və Milli Kitab Mükafatının təsisçisi Nigar xanım Köçərilinin (Elxan Qaraqan bu müsabiqədə yer tutub) əməyi isə heç bir cümlə ilə də nəzərə çatdırılmadı.

Məruzədən bir neçə gün əvvəl Qismətlə görüşüb, ona xatırlatdım ki, mənim “Çöl” romanım haqqında xalq yazıçısı Əkrəm Əylislinin “Kaspi” və “Şərq” qəzetlərində dəyərli fikirləri yer alıb.

Yazıçı Rafiq Tağı və Vaqif Bayatlı Odər “Alma” qəzetində və ayrı-ayrı mətbuat orqanlarında dəfələrlə maraqlı fikirlər söyləyiblər. Qismət qaşlarını çatıb ciddi bir görkəm aldı və hamısını oxumuşam dedi, ancaq məruzədə bunları deyə bilmərəm.

Səbəbini soruşanda Qismət dedi:

- Onların Yazıçılar Birliyi ilə arası yoxdur, birdən Anar müəllimin xətrinə dəyər.

Mən siyasiləşmiş və himayədə yaşamağa vərdiş etmiş şair yaşıdımdan dərhal uzaqlaşdım, onun ürəyindəki ədəbiyyat hissinin yerində bərqərar olmuş bolşevizmə nifrət elədim.

P.S. Qismət, səhv edirsən, əslində sən Anar müəllimin xətrini yox, ədəbiyyatın xətrini nəzərə alsaydın, Anar müəllimin xətri daha xoş olardı və sənin məruzənin obyektivliyinə inanardı.
XS
SM
MD
LG