Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:20

«WikiLeaks»: Misir hadisələrinin pərdəarxası


Müxalifətçi Qamal Mubarəkin plakatına şüar yapışdırır ki, "Misir senin üçün çox böyükdür"
Müxalifətçi Qamal Mubarəkin plakatına şüar yapışdırır ki, "Misir senin üçün çox böyükdür"

Misirdə nəinki müxalifətə söz deməyə imkan verilmir, hətta hakim partiyadan olanlar da 30 ildir ki, boş qalan vitse-prezident vəzifəsinə yaxın buraxılmırlar.

- “Hüsni Mübarək özünə vitse-prezident götürmür. Buna imkan verməyən şəxs - onun xanımı Suzan Mübarəkdir. Suzan Mübarək oğlu Qamala alternativ ola biləcək adamların hamısının qabağını alır”.

- “Qamalı prezidentliyə aparan başlıca qüvvə onun anası Suzan Mübarəkdir. Suzan Mübarəkin hakimiyyəti və nüfuzu Qamal üçün həlledici rol oynayır”.

Bunlar WikiLeaks saytının hələ dekabrda açıqladığı diplomatik məktublardandır.

Amerikanın Christian Science Monitor qəzeti yazır ki, bu diplomatik teleqramlar Misirdə baş verənləri başa düşməyə imkan verir.

Müxalifət şüarı: "Mübarək, oyun bitdi"



KİMƏ DAHA ÇOX ƏL ÇALIRLAR?

2006-cı ildə Misirdəki Amerika səfiri Frank Riccardione Vaşinqtona yazırdı:

“Prezident Hüsni Mübarəkin ətrafındakı köhnə qvardiya prezidentin varisi kimi ordudan çıxmış şəxsi görmək istərdi. Prezidentin oğlu Qamal isə investisiya-bank dairələrindəndir. Qamalın öz ətrafına yığdığı yeni komanda köhnə qvardiyanı sıxışdırıb çıxarmaq istəyir”.

Misirin o vaxtki turizm naziri, Qamalın yaxın ətrafına daxil olan Əhməd Məqribi Dik Çeyninin qızı Liz Çeyniyə deyib ki, “partiyanın qurultayında yeni qvardiyanın üzvlərinə daha güclü və daha çox əl çalırlar. Köhnə qvardiyanın üzvlərinə əl çalan azdır”.

QAMAL LİZ ÇEYNİYƏ DEYİB Kİ, SAXTAKARLIQ YOXDUR

2005-ci ildə Amerikanın o vaxtki vitse-prezidenti Dik Çeyninin qızı Liz Çeyni Dövlət Departamentində məsul vəzifə tuturdu. O, Yaxın Şərqdə demokratiyanın inkişafı məsələsinə cavabdeh idi.

Liz Çeyni prezidentliyə varis hesab olunan Qamal Mübarəklə də görüşüb.

Çeyni kütləvi saxtakarlıqlarla müşayət olunan son prezident seçkilərindən Qamal Mübarəkə narahatlıq bildirib.

Qamal Mübarək cavab verib ki, “saxtakarlıq aşkar olunmayıb.”

Çeyni xahiş edib ki, Misir növbəti seçkilərdə beynəlxalq müşahidəçilərin iştirakına icazə versin.

Ancaq növbəti seçkilərdə Misir beynəlxalq müşahidəçilərə icazə vermədi.

Liz Çeyni Qamal Mübarəkə təzyiq edib ki, gələcək seçkilərdə hansı sahələrdə irəliləyiş etmək olar, Misir hakimiyyəti bu sahələri müəyyən etsin.
Sonrakı seçkilər göstərdi ki, bu da cavabsız qalıb.

Tunisdə də hər şey belə başladı- prezident Ben Əli və xanımı Leyla


PREZIDENT ORDUYA BEL BAĞLAYA BİLMƏYƏCƏK

Misirdə indiki etirazlar dalğasında ordunun prezidentə dayaq olacağını düşünənlər var.

Ancaq WikiLeaks-in açıqladığı Amerika teleqramlarına görə, “ordunun orta və aşağı rütbəli zabitləri müdafiə nazirindən kəskin narazıdırlar. Zabitlər 30 il əvvəlki kimi elita hesab olunmurlar. Misirin müdafiə naziri o biri nazirlər kimi şəxsi sadiqliyi bilik və bacarıqdan yuxarı qoyulur”.

XS
SM
MD
LG